Naxçıvan Qanlı Yanvar günlərində
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qədim diyar erməni işğalından necə xilas edilmişdi?
1990-cı ildə Bakıda törədilmiş Qanlı Yanvar cinayəti Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizə tarixində ən böyük imtahanı idi. Bu hadisələr xalqımızın bir tərəfdən azadlıq və müstəqillik uğrunda mübarizəsini yenidəcə boğmaq istəyi idisə, digər tərəfdən, ölkəmizin ərazi bütövlüyünə uzanan çirkin əllərin işğalçılıq siyasətinin reallaşmasına hesablanmışdı.
Yanvarın 18-də SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndinin ermənilər tərəfindən işğal olunması, bir gün sonra isə həmin SSRİ ordusunun müxtəlif silahlı birləşmələri tərəfindən Bakıda qanlı faciələr törədilməsi bunu bir daha sübut edir.
Yanvar faciəsindən bir gün əvvəl (yanvarın 18-də Kərki işğal olunub, 19-dan 20-nə keçən gecə isə Bakıda kütləvi qırğın törədilib – S.H) Kərki kəndinin işğal edilməsi Sədərək vasitəsilə Naxçıvana hücumların yolunu acırdı. Kərkinin Naxçıvandan aralı düşməsi, Naxçıvanın isə Azərbaycanın əsas ərazilərindən aralı düşməsi işğalçıları bu mənfur planı həyata keçirməsinə şirnikləşdirmişdi. Əslində isə bu xain plan hələ illər öncə cızılmışdı və Kərki kəndinin muxtar respublika ərazilərindən aralı düşməsi bunun göstəricisi idi.
Vaxtı ilə Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli qərarına görə, Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kvadratkilometr və ya 65,7 min hektar torpaq sahəsi Ermənistana verilmişdir. 9 kəndin (Kərçivan, Qurdqulaq, Goradiz, Ağbin, Ağxəç, Almalı, Sultanbəy, İtqıran və Kilit kəndinin bir hissəsi) Ermənistan ərazisinə qatılması o zaman yerli əhali tərəfindən etirazla qarşılansa da, sakinlər həmin əraziləri tərk etməyə məcbur edilmiş və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə çevrilmişdir.
Sonrakı dövrdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi Ermənistana verilmişdir. Beləliklə, kənd Azərbaycandan (Naxçıvan MR ərazisindən) tam təcrid olunaraq ada şəklinə düşmüşdür. Yerli əhali arasında narazılıqların yaranmasının qarşısını almaq, həmçinin sakinlərin hamısının azərbaycanlı olması nəzərə alınaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsində yerləşmiş ermənilər təkcə Kərki kəndinin yerləşdiyi çox kiçik bir ərazini Azərbaycanın tərkibində saxlamaqla kənd ətrafındakı 900 hektardan artıq bir ərazini saxta sənədlərlə rəsmiləşdirmişdilər. Sədərəklə Kərkini dağ yolu birləşdirdiyindən ermənilərin növbəti hiyləsi Kərki ərazisindən yol salmaq olmuşdur.
Əslən Sədərək rayonundan olan mərhum tarixçi alim Vaqif Məmmədov ermənilərin bu planı haqqında “Kərkinin taleyi” adlı kitabında yazır: “Əsas məqsəd Sisyan–Cermuk yoluna kəsə yol qazanmaq olursa, digər tərəfdən Kərkini tədricən yerli əhalidən, təmizləmək, “Kərkinin düzü” adlı sahəni ələ keçirmək və Kərki ilə Sədərək arasında əlaqələri kəsmək olur. Beləliklə, Arazdəyən–Cermuk şosesi Kərkinin düzü adlanan ərazidən salınır. Kərki Sədərək üçün böyük dayaq sayılırdı. Sədərəkdən yaylağa gedən 40-dan artıq obanın adamlarının, sürüsünün yolu Kərkidən, Kərkinin düzündən keçərdi”.
Müəlif daha sonra qeyd edir ki, 1960-cı illərin əvvəllərində İrəvandakı Eçmiədzin kilsəsinin keşişinin qardaşı oğlu, erməni şairi Paruyr Sevak Kərki düzü adlı ərazidə maşın qəzasında ölür. Fürsəti dəyərləndirən ermənilər qəza yerində xatirə kimi rəmzi qəbir düzəldirlər: “15–20 il ərzində həmin daş lövhə böyük bir sahəni “işğal” edir, kiçik qonaq evi, restoran, otel, nəhayət, qəsəbə salınır – Sevakavan. Sonradan bu qəsəbə Kərkini işğal etmək və kərkililəri sıxışdırmaq baxımından ermənilər üçün əhəmiyyətli olur”.
Qeyd edək ki, Sədərək rayonundan 8–10 kilometr məsafədə yerləşən Kərki kəndi əvvəllər Şərur rayonunun, 1990-cı ildən sonra isə yeni yaradılan Sədərək rayonunun inzibati ərazi dairəsinə daxil edilib. 1988-ci ildə hadisələr başlayan zaman Kərki artıq ermənilərin hədəfində idi və 1989-cu ildə əhali burada sıxışdırılmağa məruz qalmışdı. Ermənilər Sədərəkdən Kərkiyə gedən avtomobil yolunu kəsdiyindən gecələr Sədərəkdən Kərkiyə yük maşını ilə, bəzən də piyada 30–40 könüllü müdafiəçi gedir, gecəni səhərədək kərkililərlə birlikdə kəndin keşiyini çəkirdilər. Sonralar həmin könüllülərə muxtar respublikanın digər bölgələrindən gələnlər də qoşuldular.
Çox keçmədi ki, Kərki ilə Sədərək arasında əlaqə tamamilə kəsildi, Kərkinin müdafiəçilərinə ərzaq və silah-sursat çatdırmaq da problemə çevrildi. Lakin bu kəndin müdafiəçiləri qəhrəmanlıqla vuruşub son ana qədər düşmənə ciddi müqavimət göstərdilər. Son günə qədər kəndi tərk etməyən kərkililər 1990-cı il yanvarın 15-də rus hərbçilərinin təkidli tələbi ilə axşam saat 6-7 radələrində doğma yurdu tərk etmək məcburiyyətində qaldılar.
1990-cı il yanvarın 18-də isə 3-ü polis əməkdaşı olmaqla, kəndi müdafiə edən 30-dək sakin, artıq silah-sursatları bitdiyindən Kərkini tamamilə tərk etməyə məcbur oldular. Beləliklə, Kərki kəndi ermənilər tərəfindən işğal olundu. Eyni zamanda, 1989-cu ilin sonlarında ermənilərin Sədərəyə də hücumları artmışdı. Təbii ki, məqsəd Sədərəyi ələ keçirməklə muxtar respublikanı işğal etmək, burada kütləvi qırğınlar törətməklə əhalini Araz çayı üzərindən İrana qovmaqla Naxçıvana tam sahiblənmək idi. Və bütün bu proseslər hələ sovetlər birliyinin hakim olduğu dövrdə baş verirdi.
Acınacaqlı vəziyyət bu idi ki, Naxçıvan əhalisi heç kimdən, xüsusilə, mərkəzi hakimiyyətdən heç bir kömək gözləmədən öz başının çarəsinə baxmalı idi. Beləliklə, 1990-cı il yanvarın 18-də Kərki kəndi işğal olunur, Sədərək güclü hücumlara məruz qalır, ermənilər muxtar respublikanın digər sərhədyanı yaşayış məntəqələrini aramsız atəşə tutur, hətta Bakıdakı faicədən də naxçıvanlılar gec xəbər tutur. Məhz belə bir vaxtda Naxçıvan özünün taleyüklü qərarını verməli olur: 1990-cı il yanvarın 19-da Naxçıvan MSSR Ali Sovetində fövqəladə sessiya çağırılır.
Ali sovet muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edir. Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından çıxmaq barədə qərar qəbul edən ilk siyasi-inzibati vahid olur.
Bu qərar qəbul edildikdən sonra muxtar respublikanın müstəqilliyinin tanınması üçün dərhal Türkiyə və İrana nümayəndə heyəti göndərilir. DTK tərəfindən Türkiyəyə keçmək cəhdinin qarşısı alınır, İrana göndərilən 5 nəfərlik heyət isə sonradan əliboş geri qayıdır. Həmin vaxt “Sovet Naxçıvanı” qəzeti müstəqilliklə bağlı qərarı dərc edir, eyni zamanda, Naxçıvan televiziyası xəbərləri bir neçə əcnəbi dildə verir.
Yanvarın 27-də isə Moskva və Bakıdan Naxçıvana xüsusi qrup göndərilir və muxtar respublikaya güc tətbiq ediləcəyi ilə bağlı hədələr səsləndirilir. SSRİ kimi nəhəng imperiyanın ən ucqar nöqtəsində kiçik bir muxtar respublikanın ittifaq tərkibindən çıxmaq istəyi o dövrdə Moskvada şok effekti yaradır.
Həmin qərarı imzalamış Naxçıvan MSSR Ali Sovetinin sədri Səkinə Əliyeva bu hadisələr haqqında sonralar belə demişdi: “Axşam sərhəd məntəqələrindən həyəcanlı xəbərlər gələndə, vəziyyət gərginləşib son həddə çatanda, vilayət partiya komitəsində işıqlar söndürüldü. Öz taleyinə sahiblik etməli olan əhali Ali Sovetin binasına daxil oldu”.
Ali Soveti sədri fikirlərinə davam edərək deyir: “Hamı bildirdi ki, məhv olma təhlükəsi qarşısında səsimizə hay verməyən, ermənilərin Naxçıvanı tutmasına, əslində, göz yuman bir ölkənin tərkibində qalmaq ölümə bərabərdir. Səsimizi dünyaya çatdırmaq, dolayı yolla SSRİ rəhbərliyini də silkələmək üçün Qars müqaviləsinin şərtlərinə istinadən, bütün naxçıvanlıların iradəsini ifadə edən bir qərar hazırladıq. İki saata muxtar respublika Ali Sovetinin əlimiz yetən deputatlarını topladıq. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin Naxçıvandan olan deputatları da iştirak etməklə, gecəyarısı fövqəladə sessiya keçirdik.
Yekdilliklə Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul etdik. Sessiya qurtaran kimi, gecə saat 4-də yerli teleradio ilə çıxış edib bu qərarı bəyan etdim. Həyəcanlanmış əhali nisbətən sakitləşib evlərinə getdi. Kişilər, rayon rəhbərləri, qeyrətli adamlar isə sərhədlərin möhkəmləndirilməsinə yollandılar... Bu o dəqiqələr imiş ki, Bakı od tutub yanırmış... Biz bunlardan səhərisi gün Türkiyə radiosu ilə xəbər tutmuşduq. Həmin gecə teleradio ilə çıxışım qonşu dövlətlərdə tutulmuş, səsimiz dünyaya çatmışdı”.
Səkinə Əliyeva bildirmişdi ki, yanvarın 19-da onun Moskvaya Baş katib M.Qorbaçovun telefonuna vurduğu zəngin xəbəri aprelin 20-də çıxıb. Oradan kimsə zəng vurub soruşub: “Hə, indi Naxçıvanda vəziyyət necədir?”
Yeri gəlmişkən, o zaman şəhidlərin qanı üstündən vəzifə pilləsində irələləyiş qazanmış Azərbaycanın yeni rəhbərliyi az sonra Moskvanın tələbi ilə “Naxçıvan MSSR-in SSRİ-dən çıxmaq” barədə qərarını “Azərbaycan SSR və SSRİ Konstitusiyalarına zidd sənəd” elan edərək qüvvədən salmışdılar. Amma bu qərar ürəklərdən və tarixdən silinməmişdir.
1996-cı ildə ümummilli lider, müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyev Naxçıvan şəhərində Hüseyn Cavid məqbərəsinin açılış mərasimində o müdhiş gecədə naxçıvanlıların müstəsna bir ayıqlıq və iradə ilə atdıqları cəsarətli addımı yada salaraq demişdi: “Mən Moskvada olarkən, Azərbaycana qarşı edilən bu cinayətə etiraz səsimi qaldırdım, xalqıma, millətimə həmrəy olduğumu bildirdim və orada olan imkanlarla Azərbaycan xalqının müdafiəsinə çalışdım. Orada eşitdim ki, naxçıvanlılar bu dəhşətli faciə ilə əlaqədar qalxıblar, hətta o vaxt cəsarətli bir qərar qəbul ediblər. Azərbaycana qarşı edilən cinayətə, təcavüzə görə Naxçıvan Muxtar Respublikasının Sovet İttifaqının tərkibindən çıxması haqqında qərar qəbul ediblər.
İndi Sovet İttifaqı dağıdılıb. O vaxtdan çox illər keçib, çox şeylər unudulub. Sovet İttifaqına mənsub olmuş ölkələr öz müstəqilliklərini əldə ediblər. Ancaq naxçıvanlıların bu cəsarətli addımı o vaxt Sovet İttifaqında yeganə bir addım idi. Bu xəbər bütün dünyaya yayıldı ki, Naxçıvan Muxtar Respublikası Sovet İttifaqından çıxmaq barədə qərar qəbul edib. Bu, naxçıvanlıların nə qədər cəsarətli, qeyrətli, nə qədər azadlıqsevər və müstəqilliyinə nə qədər bağlı olduqlarını dünyaya sübut etdi, nümayiş etdirdi”.
36 il bundan əvvəl baş vermiş 20 Yanvar və Naxçıvan hadisələrini müqayisə edərkən düşünürsən ki, əgər o vaxtkı Naxçıvan MSSR Ali Sovetinin, Bakının amansız bir hərbi təcavüzlə xarici aləmdən təcrid edildiyi saatlarda qəbul etdiyi qərar olmasaydı, köməksiz qalmış muxtar respublika erməni-sovet hərbi qüvvələrinin nəzarətinə keçəcəkdi. Qərbi Azərbaycandan sonra soydaşlarımız Naxçıvandan da qaçqın düşəcəkdilər. Ən pisi isə Naxçıvanın strateji imkanları işğalçıların əlinə keçəcək, bu gün fəxrlə bəhs etdiyimiz Türk dünyası layihəsi də reallaşmayacaqdı.
Bütün bu qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, 20 Yanvar hadisələri ilə Naxçıvana edilən hücumlar arasında bir paralellik var və bu hadisələr eyni planın tərkib hissəsi idi. Azərbaycan hakimiyyətinin başı Bakıdaki hadisələrə qarışmışkən, (halbuki həmin hakimiyyət Naxçıvanı çoxdan unutmuşdu) Naxçıvan da işğal olunmalı idi. Amma Naxçıvanın yalnız başına, heç bir yardım olmadan erməni işğalına qarşı qətiyyətli dirənişi, bu qədim türk yurdunun düşmən əlinə keçməsinə imkan vermədi.
Həmin zaman Moskvada 20 Yanvar faciəsini çox kəskin şəkildə pisləyən ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışından sonra isə naxçıvanlıların bu qərarı reallığa çevrildi. Görkəmli dövlət xadiminin rəhbərliyi və dəmir iradəsi ilə 1990-cı il noyabrın 17-də keçirilən Ali Məclisin sessiyasında “Naxçıvan MSSR” ifadəsindən “sovet sosialist” sözləri çıxarılmış, üçrəngli milli bayrağımız ilk dəfə Naxçıvanda yüksəldilmişdi.
Beləliklə, 1990-cı ildə xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi ilə bağlı hadisələr, qəhrəmanlıq və şərəf tariximizə həm də Naxçıvanın erməni işğalına qarşı qətiyyətli dirənişi və xilası aktı kimi daxil olmuşdur.
Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 22 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















