Naxçıvandan dünyaya... Elmira Axundova yazır
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Elmira AXUNDOVA
Xalq yazıçısı
Vilayət Quliyevin yeni kitabının doğurduğu publisistik düşüncələr
Bu yaxınlarda dövri mətbuatdan öyrəndim ki, uzun illərdən bəri dostluq etdiyim yazıçı-publisist həmkarım, tanınmış diplomat və ədəbiyyatşünas alim Vilayət Quliyev hələ də çoxlarına ekzotik görünən bəhai dini və onun əslən Naxçıvandan olan tərəfdarları, 150 illik tarixə malik Məmmədxanov-Naxçıvanilər ailəsi haqda kitab yazır. Kitabın bəzi hissələri "525-ci qəzet"də çap edilib və geniş oxucu marağına səbəb olub.
Mənim xahişimlə Vilayət Quliyev "Naxçıvandan dünyaya... Bir bəhai ailəsinin tarixçəsi" kitabının artıq nəşriyyata təqdim etdiyi əlyazmasını göndərdi. Araşdırma orijinallığı, fakt zənginliyi və insan talelərinin müxtəlifliyi ilə diqqətimi çəkdi. Təəssüratımı rusdilli oxucu ilə bölüşməyi qərara aldım. Vilayət Quliyevə bəri başdan tövsiyə edərdim ki, əsərinin rus və ingilis dillərinə tərcümə və çapına nail olsun. Çünki orada həm dünya miqyasında 5-7 milyon nəfər davamçısı olan bəhai dininin özü, həm də onun Qafqazdakı görkəmli nümayəndələri haqqında əvəzsiz və sistemli məlumatlar var.
Vilayət Quliyevin yeni kitabında ümumdünya bəhai hərəkatının əslən Azərbaycanın Naxçıvan bölgəsindən - Ordubaddan olan üç görkəmli simasının ömür yolundan bəhs edilib. Kitabda Əbdül-Bəhanın şagirdi Mirzə Əli Əkbər Naxçıvani (1865-1919), onun oğlu, 40 ildən artıq bəhailərin Hayfadakı (İsrail) Ümumdünya Ədalət Evinin 9 üzvündən biri olmuş Əli Naxçıvani (1920-2019) və nəvəsi, hazırda Fransada yaşayan yazıçı-alim Bəhiyyə Naxçıvaninin (1947) dolğun portretləri yaradılıb, bu ailənin bir əsrdən çox davam edən mənəvi-humanitar fəaliyyəti, bəşəri missiyası haqda geniş məlumat verilib.
İdeya və məzmununun bir çox cəhətlərdən yeniliyi, gözlənilməzliyi ilə seçilən əsərdə ehtiva edilən zəngin məlumatlar əsasında hətta bəhai dini barədə heç bir bilgisi olmayan oxucu da bu dinin yaranma tarixi, baniləri, onların həyat və mübarizə yolları, nəhayət, təlimin mahiyyəti haqqında çox şey öyrənə bilər. Müəllif Naxçıvanilərin ailə saqası əsasında XIX əsrin ortalarındakı tarixi reallıqları, Qacar dövləti ilə həmsərhəd ərazidə bəhailiyin yayılmasını şərtləndirən amilləri diqqətlə təhlil etmişdir. Maraqlıdır ki, Bəhai dininə marağın yaranmasında və sonradan ailənin bütün üzvlərinin bu təlimin səmimi davamçılarına çevrilmələrində Mirzə Əli Əkbər Naxçıvaninin anası - Məsumə xanım xüsusi rol oynamışdır. Sonradan Əli Əkbərin oğlu Əli Naxçıvani atası haqda kitabında bu barədə yazırdı:
"Mənim ata tərəfdən nənəm Palantuman Məsumə (orijinalda Balan Duman şəklində verilib - V.Q.) Molla Sadıqla Seyid Əbdül Kərimin (Ordubad bölgəsində bəhailik təlimin yayan tanınmış din xadimləri) ilk davamçılarından idi. Çox fəal, hərəkətli qadın olan nənəm ailəmizdə şeyxilik təlimi ilə birincilər sırasında maraqlanmışdı. Sonra isə Bab və Bəhaullahın vəhylərini qəbul edərək Ordubad camaatı arasında ilk bəhailərdən biri kimi tanınmışdı. Onun təlqinləri nəticəsində bir müddətdən sonra ailə üzvlərindən çoxu bəhailik çətiri altında toplanmışdı. Zamanın adət-ənənə və şərtlərinə rəğmən, ərinin köməyinə arxalanmadan, cahil kütlənin münasibətindən qorxmadan övladlarını seçdiyi yolla aparmaq, yeni dinin davamçıları kimi böyütmək kifayət qədər cəsarət tələb edən qeyri-adi addım idi. Bu hadisə nənəmin güclü ağlından və ürəyitəmizliyindən, eləcə də babamın onun seçiminə liberal münasibətindən xəbər verməkdədir".
Kitab müəllifinin fikrincə, bu, əsla təəccüblü deyildi; çünki Bəhai təlimində qadınlarla kişilər arasında heç bir fərq qoyulmurdu. Əksinə, dinin baniləri həmişə gender bərabərliyini təbliğ edir, qadınların hüquq və azadlıqlarını müdafiə edirdilər. Nə qədər qəribə görünsə də, bəhailər bu məsələdə hətta Avropa cəmiyyətlərinin çoxunu qabaqlaya bilmişdilər.
Oxucuları bəhai dininin mahiyyəti və "dinin üç sütununu təşkil edən Bab, Bəhaullah və Əbdül-Bəhanın" həyat yolu ilə hərtərəfli tanış etdikdən sonra müəllif XIX əsrin sonu və XX əsrin ilk rübündə bəhai təliminin lideri Əbdül-Bəhanın ən sədaqətli şagird və məsləkdaşlarından olmuş Əli Əkbər Məmmədxanov-Naxçıvani haqda hekayətə keçir. Rusiya imperiyasının ucqar guşəsində - feodal İranı ilə həmsərhəd bölgədə doğulan gənc mənəvi buxovları cəsarətlə qıraraq yeni dünyaya ayaq basmağı bacarmışdı. Tezliklə bəhai icmasının zəngin biliyə, geniş mədəniyyətə malik nümayəndəsi kimi Əbdül-Bəhanın diqqəti cəlb edə bilmişdi. Əli Əkbər Naxçıvaninin dillərə bələdliyini, ağlını və zəkasını yüksək qiymətləndirən bəhai lideri onu yalnız Bakıda, Azərbaycanda deyil, bütün Qafqazda, hətta Rusiya imperiyasında inanılmış şəxs sayırdı. Bu səbəbdən də böyük rus mütəfəkkiri, hələ gənc yaşlarından "ümumdünya dini" yaratmaq arzusu ilə yaşayan Lev Tolstoyla məktublaşmaq, böyük yazıçını bəhaliyin əsas ehkam və prinsipləri ilə tanış etmək vəzifəsini gənc Əli Əkbərin üzərinə qoymuşdu. Kitabda nümunə kimi gətirilən məktublar azərbaycanlı gəncin necə deyərlər, "nəhənglər meydanında" bu çətin vəzifənin öhdəsindən uğurla gəldiyini göstərməkdədir.
Təsadüfi deyil ki, Əli Əkbər Naxçıvani həmin dövrdə Cənubi Qafqazın ən mühüm təhsil müəssisəsi sayılan Qori müəllimlər seminariyasında dahi ədib Cəlil Məmmədquluzadə ilə birlikdə təhsil almağa başlamışdı. Daha çox maddi səbəblərə görə seminariya kursunu başa vura bilməsə də, mütəmadi şəkildə öz üzərində çalışmaqla dövrünün yüksək intellektə malik insanlarından birinə çevrilmişdi. Ali texniki təhsil almasına baxmayaraq, ədəbiyyatı da gözəl bilmiş, Azərbaycan dilinin yayılması uğrunda çalışmış, hətta qələmini bədii yaradıcılıqda da sınamışdı.
Kitabın "Mirzə Əli Əkbər Məmmədxanov və İzabella Qrinevskaya" adlı ikinci fəsli xüsusilə maraqlıdır və Azərbaycan ədəbiyyatşünaslığında, ədəbi əlaqələr tarixində faktiki olaraq öyrənilməmiş bir mövzuya həsr edilib. Bu fəsildə Mirzə Əli Əkbərin tanınmış rus yazıçısı, dramaturq və publisist, sonralar bəhai dininin ardıcıllarından biri olmuş İzabella Arkadyevna Qrinevskaya ilə tanışlıq və əməkdaşlığından bəhs olunur. Vilayət Quliyev iki həmfikir şəxsin Akkaya, Bəhai lideri Əbdül Bəhanın görüşünə getmələrini çox maraqlı üslubda təsvir edir. Bunun üçün alim o dövrün tədqiqatçılarından bizə miras qalmış müxtəlif mənbələrdən, xüsusilə də İ.Qrinevskayanın özünün "Günəşli diyara səyahət" kitabından, habelə onunla Əli Əkbər Naxçıvaninin on ilə yaxın davam edən yazışmasından istifadə edir. Rus yazıçısının bəhailik mövzusunda qələmə aldığı "Bab" və "Bəhaullah" tarixi dramlarının dini təlimlə bağlı məsələləri dəqiq əks etdirməsi baxımından yazıçının azərbaycanlı dostunun göstərdiyi böyük köməyi, verdiyi qiymətli məsləhətləri, fars dilindən tərcümələri konkret şəkildə ortaya qoyur.
Üçüncü fəsil eyni dərəcədə maraqlı mövzuya - Əli Əkbərlə böyük rus yazıçısı Lev Tolstoy arasındakı münasibətlərə həsr olunub. Məlumdur ki, rus ədəbiyyatının dahisi Tolstoy həm də dövrünün görkəmli filosofu kimi tanınırdı və yeganə həqiqi dini təlim axtarışlarında bir çox xalqların dini inanc və baxışlarına, xüsusən də İslam dininə müraciət edib. Vilayət Quliyev Tolstoyun İran, Misir, Türkiyə və Suriyanın ictimai və din xadimləri ilə intensiv yazışmalarını, buddizm, konfutsiçilik və brahmanizmin müqəddəs kitabları ilə tanışlığını xatırladır. Təbii ki, XIX əsrin ikinci yarısında meydana çıxan və tezliklə geniş bir coğrafiyada yayılan bəhailik cərəyanı da onun diqqətindən kənarda qala bilməzdi.
Lev Nikolayeviç Babilik və Bəhai məzhəblərinin banilərinin əsərləri ilə tanış olub və bu mövzuda müəyyən qeydlər aparıb. Vilayət müəllim müxtəlif mənbələrə və araşdırmalara əsaslanaraq qraf Tolstoyun Azərbaycan ziyalılarının görkəmli nümayəndələri ilə, o cümlədən Tolstoyun əsərlərinin Azərbaycan dilinə tərcüməçisi Abbas ağa Qayıbov, maarifpərvər yazıçı Sultan Məcid Qənizadə ilə yazışmalarına dair sübutlar gətirir. Bundan əlavə, Tolstoy Bakı məktəblərindən birinin müəllimi Ağəli Qasımovla, İranın Rusiyadakı səfiri, etnik azərbaycanlı Mirzə Rza xan Ərfəüddövlə, Moskvadakı Lazarev İnstitutunun tələbəsi Firidun xan Bədəlbəyov və başqaları ilə bəhailik haqqında fikir mübadiləsi aparırdı.
Bu baxımdan, böyük rus yazıçısının Əli Əkbər Məmmədxanov-Naxçıvani ilə münasibəti xüsusi maraq doğurur: Tolstoy həyatının son iki ilində onun vasitəsilə bəhai lideri Əbdül-Bəha ilə əlaqə saxlayırdı. Əli Əkbər mütəmadi olaraq Lev Nikolayeviçi xüsusi ədəbiyyatla təmin edir, Ustadının çıxışlarını və nitqlərini rus dilinə tərcümə edib Yasnaya Polyanaya göndərir və hər dəfə Tolstoydan müsbət cavablar alırdı. Vilayət Quliyevin fikrincə, "iki görkəmli mütəfəkkir - Lev Tolstoy və Əbdül-Bəha arasında körpü rolunu oynamaq, onların virtual əlaqəsini təmin etmək böyük məsuliyyət və mühüm mədəni-mənəvi komponent idi. Və gənc Mirzə Əli Əkbər bu vəzifənin öhdəsindən uğurla gəlib".
Növbəti fəsildə Vilayət Quliyev Ustadla Şagirdin - Bəhai təliminin rəhbəri Əbdül-Bəha ilə Mirzə Əli Əkbərin qarşılıqlı münasibətlərini ilkin mənbələr əsasında ətraflı şəkildə nəzərdən keçirir. Ustad azərbaycanlı həmkarını yüksək qiymətləndirir, bəhai təliminin Qafqazda və bütün Rusiya imperiyasında yayılmasında onun xidmətlərinə yüksək dəyər verir, xarici ölkələrə dinin təbliği məqsədi ilə uzunmüddətli səfərlərə, (məsələn, Şimali Amerika və Kanadaya səkkiz ay davam edən təbliğat turu buna yaxşı nümunə ola bilər) özü ilə aparırdı. Əli Əkbər Naxçıvani də ilbəil Bəhai təliminin daha nüfuzlu və fəal təbliğatçısına çevrilməklə, Oksford Universitetinin professoru, dünya dinləri tarixinə dair 30 sanballı kitabın müəllifi Tomas Kelli Çeyn kimi görkəmli şəxsiyyətləri bəhailiyə cəlb etməklə Əbdül-Bəha da daxil icma üzvlərinin inamını doğruldurdu. Çeyn bəhailiyi əsasən Mirzə Əli Əkbər Naxçıvaninin təsiri altında qəbul etmişdi.
Maraqlıdır ki, Əbdül Bəha hətta Əli Əkbərin məsləhəti ilə böyük Babın İsrailin Hayfa şəhərindəki məzarı üzərindəki ilk məqbərənin tikintisini iki bakılı azərbaycanlıya: Usta Əli Əşrəfə və Usta Balaya həvalə etmişdi. Bundan başqa, Əbdül-Bəhanın təkidi və xeyir-duası ilə Əli Əkbər Naxçıvani bəhailiyin ən sədaqətli davamçılarından olan Mirzə Ələsgər Təbrizinin nəvəsi ilə evlənmişdi. Sonra o, gənc xanımı ilə birlikdə Hayfadan Bakıya qayıtmışdı: çünki yalnız Qafqazda deyil, Mərkəzi Asiya ölkələrində də təlimin yayılması üçün müəyyən məsuliyyət daşıyırdı. Amma Ustadla mənəvi əlaqələr heç vaxt kəsilməmişdi; əksinə, daha da güclənərək möhkəmlənmişdi. Əli Əkbərin özü isə sonda bu gənc, lakin dünyada sürətlə yayılan dinin iyerarxiyasında hörmətli simalardan birinə çevrildi...
Əli Əkbər Naxçıvani 1919-cu ildə Bakıda vəfat etdi. Ailəsinə isə artıq Əbdül-Bəhanın nəvəsi, onun vəsiyyəti ilə dinin Mühafizi səlahiyyətinə yiyələnmiş Şövqü Əfəndi sahib çıxdı. Bəhai icması onun dul xanımını və iki oğlunu Hayfaya gətirdi. Naxçıvanilər ailəsinin tarixində yeni səhifə başladı.
Mirzə Əli Əkbərin sonralar dünya bəhai hərəkatının görkəmli simaları kimi tanınan hər iki oğlu Bakıda, daha doğrusu, şəhər ətrafındakı Şüvəlan kəndində doğulmuşdu. Şövqü Əfəndinin "On illik təbliğ planına" birincilər sırasında qoşulan Cəlal Naxçıvani Afrika qitəsində bəhailiyin yayılmasının təməlini qoyanlardan biri olmuşdu. Atasının ölümündən üç ay sonra dünyaya gələn Əli Naxçıvani isə Ümumdünya Ədalət Evinin - dünya bəhai icmasının bütün işlərini idarə edən ali kollegial orqanın doqquz üzvündən biri olmuş, bu məsul vəzifəyə 8 dəfə dalbadal seçilərək görkəmli və nüfuzlu bəhai liderlərindən biri kimi tanınmışdı.
Hər iki qardaş Beyrut Amerika Universitetində yaxşı təhsil almışdılar. Fars, ərəb, fransız və ingilis dillərini mükəmməl bilirdilər. Təhsillərini başa vurduqdan sonra isə bütün həyatlarını bəhailik ideallarına xidmətə həsr etmişdilər. Dünyanın müxtəlif ölkələrində, xüsusən də Qara qitədə (yerli inancların bir-birindən ayrı saldığı tayfaların bir din ətrafında birləşib vahid qüvvəyə çevrilməsi yolunda bəhailik həqiqətən də pozitiv rol oynamışdı) bəşəriyyətin gələcəyinə təmənnasız xidmət nümunəsi göstərmişdilər.
Cəlal Naxçıvani Afrikada keçirdiyi təhlükə və macəralarla dolu 17 ildən sonra Qərbi Almaniyaya köçmüş, həyatının son illərini isə Kanadada, qızı Monanın yanında yaşamışdı. Onun təşəbbüsü ilə Almaniyada, ardınca həm də Kanadada Bəhai Dini Məclisləri yaradılmışdı. O, ana vətəni ziyarət etmək arzusuna çatmadan 1982-ci ildə Kanadada vəfat etmiş, orada da torpağa tapşırılmışdı.
Cəlal bəyin kiçik qardaşına gəlincə, Əli Naxçıvani də Şövqi Əfəndinin tövsiyəsi ilə 1939-cu ildə İrana köçüb, orada Tehran, Təbriz, Şiraz kimi böyük şəhərlərdə uğurlu fəaliyyət göstərib. Vilayət Quliyev yazır ki, İranda bəhai məzhəbinin yayılması riskli iş idi, ona görə də Şövqi Əfəndi İran Bəhai Məclisinə xüsusi məktub göndərərək tərəfdarlarına Naxçıvani qardaşlarına hər cür yardım göstərməyi və dəstək verməyi tapşırıb. Əli bəy İranda bəhailiyi qəbul etmiş nüfuzlu İran yəhudisi Musa Bananinin qızı Violetta ilə evlənib. Bəhailiyin təbliği işində əri ilə çiyin-çiyinə çalışan Violetta Naxçıvani özündən sonra bir neçə kitab və çoxlu sayda məqalə qoyaraq 2011-ci ildə vəfat edib. Bu nikahdan həm də onların oğlu Mehran və qızı, tanınmış yazıçı Bəhiyyə Naxçıvanilər doğulub.
Əli Bəyin Qərbi Afrikada qaradərili yoxsul əhalini Bəhai məzhəbinə döndərmək üçün coşqun missionerlik fəaliyyəti yerli qəbilələrin təhsilə, həyat tərzində müsbət dəyişikliklərə marağının artmasına və müasir reallıqlara inteqrasiyasına töhfə verib. Vilayət müəllim yazır ki, 2003-cü ildə Kamerunun paytaxtı Yaundedə ilk bəhai icmaları yaradılmasının 50 illiyi təntənəli şəkildə qeyd olunanda Əli və Violetta Naxçıvanilər şərəf qonağı kimi Konqres Sarayında fəxri Rəyasət heyətində oturmuşdular.
Bəhai dininin sonuncu Mühafizi Şövqi Əfəndinin vəfatından sonra Ümumdünya Ədalət Evi adlanan kollegial orqan yaradıldı. Doqquz nəfərdən ibarət olan bu orqanın üzvləri arasında Əli Naxçıvani də var idi. Səkkiz dəfə Ümumdünya Ədalət Evi üzvlüyünə seçilən Əli Naxçıvani Vilayət Quliyevin yazdığına görə, planetin beş qitəsində, iki yüzdən artıq ölkədə yayılan dünya bəhai icmasının rəhbərlərindən birinə çevrildi. Dalbadal səkkiz dəfə eyni vəzifəyə seçilərək qırx il fasiləsiz Ümumdünya Ədalət Evinin rəhbərliyində təmsil olundu. 2005-ci ildən sonra o, həyatının sonuna qədər elmi, ictimai fəaliyyətlə və bəhai gəncləri arasında maarifçilik fəaliyyəti ilə məşğul olub.
Vilayət Quliyevin Cəlal və Əli Naxçıvani qardaşlarının həyatından bəhs edən kitabını oxuyanda bu qeyri-adi insanların ruhunun gücünə, enerjisinə, əməksevərliyinə heyran olmamaq mümkün deyil. Məhz bu keyfiyyətlər sayəsində onlar tərəfdarlarının sayı-hesabı olmayan dünya dinlərindən birində iyerarxiyanın zirvəsinə ucalmağa, adlarını onun tarixinə əbədi həkk etməyə nail olublar.
Mirzə Əli Əkbərin varisləri yalnız Hayfaya gedəndən 70 il sonra ata-baba yurdunu ziyarət edə bildi. 1995-ci ildə Əli Naxçıvani, həyat yoldaşı Violetta və onların qızı Bəhiyyə xanım ilk dəfə Azərbaycana səfər ediblər (müəllif bu səfəri Əlavədə ətraflı təsvir edir). Onlar Bəhai Mərkəzində, ata-baba yurdları Naxçıvanda və Ordubadda olub, bu nəslin sağ qalan üzvləri ilə görüşüblər.
Əli bəyin Bakıya ikinci və sonuncu səfəri 2006-cı ilin payızında oldu. O, beynəlxalq konfransda geniş məruzə ilə çıxış etdi, dünyanın gələcəyi, fitnə-fəsadların aradan qaldırılması, yer üzündə Vahid Allahın Ucalığının bərpa olunması haqqında həyəcanla, eyni zamanda nikbinliklə danışdı. Utopiyadırmı? - deyə soruşan Əli bəy bu suala özü cavab verdi: "Bəlkə də. Amma biz həmişə buna inanacağıq".
Həyat yoldaşı Violettanın ölümündən sonra Əli həyatının son illərini Strasburqdan 30 kilometr aralıda yerləşən Molsiem adlı kiçik şəhərdə keçirib. Ölümündən bir il əvvəl o, atası haqqında bir kitab nəşr etdirib və 99 yaşında, tam aydın təfəkkürə və sağlam düşüncəyə malik bir vəziyyətdə vəfat edib. Bəhai saytlarında onun haqqında geniş ədəbiyyat var və maraqlanan hər kəs həmin ədəbiyyatla tanış ola bilər. Vilayət Quliyev bu ibrətamiz həyat hekayəsini çox gözəl və emosional tərzdə qələmə alıb, buna görə ona səmimi təşəkkürümü bildirirəm.
Kitabın sonuncu fəsli Naxçıvani ailəsinin hələlik sonuncu tanınmış nümayəndəsi olan yazıçı-publisist, universitet professoru Bəhiyyə xanım Naxçıvaniyə həsr olunub. Müəllifin yazdığına görə, bütünlükdə 150 illik tarixə malik ailə ocağına mənsub olanların üçüncü və dördüncü nəslinin nümayəndələrinin hamısı mükəmməl təhsil alıb, cəmiyyətdə və bəhai icmasında mühüm yer tuturlar. Amma bununla birlikdə nəslin təmsilçisi, yaxud sözçüsü tam əsasla Bəhiyyə xanım sayıla bilər.
Bəhiyyə xanım Naxçıvani uşaqlıq və yeniyetməlik illərini valideynləri ilə birlikdə əvvəlcə Tehranda, sonra Uqandanın paytaxtı Kampala şəhərində keçirib. Böyük Britaniyada, Doktor Uilyams Məktəbində, sonra isə ABŞ-də Massaçusets Universitetində təhsil alıb. Lyej Universitetinin (Belçika) tanınmış professorudur, geniş elmi-pedaqoji fəaliyyətlə məşğul olur. Onun kitabları dünyada məşhurdur, ABŞ-də, Avropa və Afrikada bəhai dini haqqında mühazirələr oxuyub. Bu fəsildə Vilayət müəllim Bəhiyyə xanımın oxuduğu kitablara, internet mənbələrinə (bu istedadlı yazıçı haqqında geniş ədəbiyyat var), çoxsaylı söhbət və müsahibələrinə əsasən onun yaradıcılığının ümumi mənzərəsini canlandırır.
Maraqlıdır ki, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi də bu ilin mart ayında Strasburqda səfərdə olarkən Bəhiyyə xanımla görüşüb. Özünün də etiraf etdiyi kimi, Solmaz xanım Vilayət Quliyevin "525-ci qəzet"də dərc olunmuş silsilə yazıları vasitəsilə Naxçıvanilər ailəsinin tarixi ilə tanış idi, ona görə də, eyni qəzetdə bölüşdüyü səfər təəssüratlarında yazdığı kimi, "bu görüşə tam hazır" hiss edirdi. Söhbət zamanı alim Bəhiyyə xanıma özünü "hansı milli kimlikdə hiss etməsi barəsində" maraqlı və prinsipial bir sual da vermişdi.
Solmaz xanım daha sonra yazır: "Oh, nə gözəl sual!" - deyə Bəhiyyə xanım emosional cavab verir. Sonra birdən ciddiləşir və fikrə gedir. Araya bir sükut çökür... Söhbətimizin əvvəlində İrandan, xaricdəki iranlılardan və s. xeyli danışmışdıq. Əgər indi "iranlı" desə, heç təəccüb etmərik. Amma nə eşidirik? Bir qədər tərəddüdlə: "Yəqin ki, azəri..." - deyir... "Mən doğulduğum İrandan 3 yaşında çıxmışam. Ailə münasibətlərindən irəli gələrək fars dilini saxlasam da, bu ölkə ilə heç bir bağlılıq hiss etmirəm. Bəlkə də müxtəlif ölkələrdə yaşadığım, işlədiyim üçün, eləcə də ardıcılı olduğum dinin məziyyətlərinə görə özümü dünya vətəndaşı saya bilərdim. Amma yox... Mən axı bilirəm ailəmin kökləri hansı torpağa bağlıdır. Atam da məni o torpağa, Azərbaycana, Naxçıvana, Ordubada aparıb axı... Mən bu bağları hiss edirəm axı..."
Necə deyərlər, şərhə ehtiyac yoxdur.
Yazıçının publisistikasına, xüsusən də ingilis dilində yazdığı üç romanına gəlincə, onlar Avropada və ABŞ-də geniş tanınır və bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Lakin onlar hələ istər rus dilinə, istərsə də Azərbaycan dilinə tərcümə olunmayıb. Hesab edirəm ki, bədii tərcümə ilə məşğul olan gənc yazarlarımız mövcud boşluqları doldurmalıdırlar. Vilayət Quliyevin araşdırması isə bu məsələdə onlar üçün yaxşı bir bələdçi, nəcib işə sanballı töhfə ola bilərdi.
Sonda kitabın müəllifi bildirir ki, o, Bəhai təlimini təbliğ etmək və ya əksinə, tənqid etmək niyyətində olmayıb. Onun məqsədi kökləri ilə Azərbaycana bağlı olan və sonradan bu təlimin yayılmasına mühüm töhfə verən, qanları və genləri ilə Azərbaycana bağlı olan və bunu heç zaman inkar etməyən bir ailənin hekayəsini danışmaq idi. Müəllif yazır ki, bu gün senzura və qadağan edilmiş mövzular yoxdur; əsas odur ki, təqdim edilən məlumatlar obyektiv, dəqiq və həqiqi olsun.
Filologiya elmləri doktoru, professor, diplomat Vilayət Quliyevin kitabları məhz bu məziyyətləri ilə seçilir. Bu əsərlər, əlbəttə ki, elmi araşdırmaların məhsuludur. Lakin eyni zamanda onlar o qədər canlı üslubda yazılıb, həyati təfərrüatlar, səmimi və insani detallarla o qədər zəngindir ki, elmiliklə bir sırada bəzən canlı publisistik notları ilə seçilir, bəzən isə hətta belletristika təsir bağışlayırlar. Bu, Vilayət müəllimin əsərlərini sovet ədəbiyyatşünaslığının ən pis ənənələri ruhunda yazılmış çoxsaylı ağır, çətin "həzm olunan" elmi traktatlardan yaxşı mənada fərqləndirir.
Tarixi keçmişimizlə bağlı bu qədər mürəkkəb mövzu üzərində işləyərkən nə qədər elmi və bioqrafik ədəbiyyat tapmaq və araşdırmaq lazım olduğunu təsəvvür edirəm, özü də bu ədəbiyyatın çox hissəsi ingilis dilindədir, bu isə geniş sitatların tərcümə olunmasını tələb edir. Üstəlik, kitabın qəhrəmanlarının doğmaları və yaxınları, dostları və həmkarları ilə ünsiyyət qurmağa ehtiyac yaranıb və bununla da onları həm bir-biri ilə, həm bəhai ideyaları və də tarixi vətənlə bağlayan telləri araşdırmağa geniş imkan yaradıb.
Vilayət müəllimin tədqiqatlarında həmişə yaxşı mənada alim vasvasılığı və təfərrüata varılması ilə seçilən çoxsaylı mənbələrə istinad edilir. Bu, həm də müəyyən mövzuya bizim müəllifdən əvvəl müraciət edənlərə hörmət və ehtiram nümunəsidir. Hətta cəmi bir sətir və ya bir neçə söz sitat gətirilibsə, həmişə mütləq orijinal mənbəyə istinad edilir, ilkin qaynaq göstərilir.
Vilayət Quliyevin kitab, məqalə, oçerk və publisistik esselərində tarixin ruhu, müəllifin Azərbaycanın bu və ya digər görkəmli şəxsiyyəti haqqında mümkün qədər əhatəli məlumat vermək istəyi həmişə diqqəti çəkir. Yaxın keçmişimizdə, xüsusən Azərbaycanda qüdrətli maarifçilik hərəkatının başladığı XIX əsrin ikinci yarısından sonra belə məsuliyyətli, zəhmətkeş və vətənpərvər maarifçi-alimlərimiz az olmayıb. Bəli, bu gün biz Əziz Mirəhmədov, İsa Həbibbəyli, Rafael Hüseynov və b. kimi fədakar elm xadimlərinin, ədəbiyyat tarixçilərinin sayəsində ədəbiyyatımızın və mədəniyyətimizin dünəni, keçmişi haqqında daha çox şey bilirik, çox şey öyrənmişik. Lakin hələ tədqiq edilməmiş məsələlər çoxdur; xalqımızın təhsilinə və maariflənməsinə, milli şüurun oyanmasına mühüm töhfələr vermiş bir çox görkəmli soydaşlarımız hələ də geniş ictimaiyyətə kifayət qədər yaxşı məlum deyil. Buna görə də doyunca yatmağı, istirahət etməyi çoxdan unutmuş Vilayət Quliyev tutduğu məsul vəzifələrdə işindən sonra qalan bütün asudə vaxtını tariximizdəki boşluqları doldurmağa həsr edir. Və bu missiyanın öhdəsindən çox uğurla gəlir.
Təkcə son iki-üç ildə Vilayət Quliyevin "Əlimərdan bəy Topçubaşov ərməğanı", "Bəkir Çobanzadə. Budapeşt illəri", "Yorulmaz Əkinçi. Həsən bəy Zərdabi" kimi irihəcmli, başdan-başa axtarış ruhu ilə dolu, elmi və ictimai fikir tariximizi zənginləşdirən kitabları çapdan çıxıb, eləcə də yeni kitabları çapa hazırlanır. Haqqında bəhs etdiyimiz və hazırda nəşr prosesində olan "Naxçıvandan dünyaya. Bir bəhai ailəsinin tarixçəsi" əsərinin də onların arasında xüsusi yeri var.
Əziz dostum və həmkarım, bu çətin, lakin nəcib axtarışlarında sənə uğurlar arzu edirəm. Bütün bu qiymətli əsərlər "Çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixi" adlanan əzəmətli abidənin qızıl kərpiclərinə çevriləcək.
"525"DƏN: 5 noyabr görkəmli alim, dövlət xadimi və diplomat professor Vilayət Quliyevin doğum günüdür. Təxminən yarım əsrdən bəri Azərbaycan filoloji elmində, müstəqillik dövrü boyunca isə ölkəmizin həm də ictimai-siyasi həyatında Vilayət Quliyevin xüsusi yeri və olduqca dəyərli rolu var.
Bütün bu yüksək cəhətləri ilə yanaşı, Vilayət müəllim, xeyli müddətdir ki, "525-ci qəzet"in ən ardıcıl və çox arzulanan müəlliflərindən biri kimi də bizim üçün son dərəcə əzizdir. Diplomatik sahədəki işlərinin çoxluğuna rəğmən, Vilayət müəllim elmi və publisistik fəaliyyətinə bu gün də əsla ara vermir. Ədəbiyyat və tarixlə bağlı müxtəlif mövzuları davamlı şəkildə araşdırır, şövqlə yazıb-yaradır, onun tədqiqatlarını istər elmi, istərsə də ictimai mühitimiz, oxucu auditoriyası böyük maraqla izləyir.
Əzizimiz professor Vilayət Quliyevi yaxındakı növbəti doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq, yeni nailiyyətlər arzulayır, tükənməz yaradıcılıq enerjisi, sonsuz öyrənib-öyrətmək eşqi diləyirik!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 03 Noyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















