Icma.az
close
up
RU
Elçinin Gümüşü furqon u dayandı... Elmira Axundova yazır

Elçinin Gümüşü furqon u dayandı... Elmira Axundova yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Elmira AXUNDOVA
Xalq yazıçısı

Görkəmli Azərbaycan yazıçısı Elçin Əfəndiyevin xatirəsinə həsr olunur

... Biz onunla bütün həyatımız boyu dost olduq. O zaman gənc qızdım, Azərbaycan Yazıçılar İttifaqına, İmran Qasımovun köməkçisi işləməyə gəlmişdim. Həmin vaxt  çox cavan olan Elçin isə artıq tanınmış yazıçı və Yazıçılar İttifaqının rəhbərlərindən biri idi.

O, mənim peşəkar ədəbiyyatçı olmaq arzumu ürəkdən dəstəkləyirdi, "Literaturnıy Azerbaydjan"dakı ilk məqalələrimi oxuyur, bədii tərcümələrimi bəyənirdi. Mən gənc yazıçıların nəsr nümunələrindən ibarət ilk tərcümələrimi toplu halında nəşr etdirmək istəyəndə isə, Elçin ona ön söz yazdı. O, özündən on il sonra ədəbiyyata gələn gənc nəslə daim çox dəstək olurdu: təqdiredici resensiyalar, müqəddimələr yazır, ən istedadlı gəncləri Qorki adına Ədəbiyyat İnstitutuna oxumağa göndərirdi...

"Vətən" cəmiyyətinə rəhbərlik edərkən Elçin dəfələrlə mənə xaricdə yaşayan bu və ya digər soydaşımızın əzablı taleyindən maraqlı süjetlər "hədiyyə etmişdi". Sonradan onlardan bəziləri mənim ötən əsrin 90-cı illərində xüsusi müxbiri olduğum məşhur "Literaturka"da dərc olundu.

Elçin mənim çoxcildli "Heydər Əliyev. Şəxsiyyət və Zaman" araşdırma-romanımın ilk oxucularından idi. Bu böyük işi yekunlaşdırandan sonra isə o, romanın Dövlət Mükafatına təqdim olunmasının ən qızğın tərəfdarlarından biri kimi çıxış etdi. Öz növbəmdə, mən də artıq daha yetkin dövrümdə Elçinin nəsrinin və dramaturgiyasının əsrarəngiz dünyasını kəşf etdim. Bu və ya digər əsəri oxuyarkən hər dəfə ona ədəbi-tənqidi məqalə ilə münasibət bildirirdim. Nəticədə bu məqalələrdən "Elçinin fövqəlmissiyası" adlı bütöv bir toplu yarandı.

Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışarkən, elə müharibə illərində Elçinin sonuncu kitabının - "Baş" romanının Ukrayna dilinə tərcüməsini və nəşrini təşkil edə bildim. Və bu əsər Ukrayna oxucularının çox ciddi marağına səbəb oldu.

...Son zamanlar Elçin xəstəlikdən əziyyət çəkirdi, özünü yaxşı hiss etmirdi, amma biz yenə də onunla telefonda tez-tez və uzun-uzadı danışırdıq. Mən onun Ümummilli lider Heydər Əliyevlə tanışlığı və birgə işlədiyi illər barədə söhbətimizin ilkin versiyasını təqdim edəndə bütün işlərini kənara qoyub, xəstəliyinə güc gəldi və iki-üç günə əlyazmaya düzəliş və əlavələr elədi. Müsahibə "525-ci qəzet"də çap olunandan sonra isə mənə zəng vurdu və birgə işimizə görə təşəkkürünü bildirdi, xoş sözlər dedi. Təəssüf ki, bu, bizim sonuncu əməkdaşlığımız oldu...

Və bu gün mən XX əsrin ikinci yarısı-XXI əsrin ilk rübündəki Azərbaycan ədəbiyyatının ən məşhur və ən istedadlı təmsilçilərindən birinin zəngin yaradıcılığına həsr etdiyim essemi oxucuların ixtiyarına vermək istəyirəm.  

...Elçin XX əsrin 60 və 70-ci illərinin kəsişməsində "Abşeron hekayələri" adlanan silsiləsi ilə özünü parlaq şəkildə göstərərək, Azərbaycan ədəbiyyatına qasırğa kimi bir anın içində gəldi. Həmin vaxt Azərbaycan nəsrində artıq Anar, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Əkrəm Əylisli kimi mühüm imzalar meydana çıxmışdı. Onlar birlikdə Azərbaycanın əsrarəngiz "altmışıncılar" nəslini təşkil edirlər. Bu pleyada uzun onilliklər üçün Azərbaycan ədəbiyyatının vektorunu və onun inkişaf parametrlərini müəyyənləşdirdi. Elçin bu nəslin ən gənc nümayəndəsi idi...

O, 1943-cü ildə Bakıda, məşhur İlyas Əfəndiyevin - müasir Azərbaycan dramaturgiyasının banisinin, respublikanın Xalq yazıçısının - ailəsində dünyaya göz açmışdı. Elçinin qarşısında "nə etməli?" dilemması yox idi - hələ erkən yaşlarından onun bircə meyli vardı: Ədəbiyyat. Bu istək onu Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə, daha sonra isə Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına gətirdi. 1968-ci ildə Elçinin həyatında iki vacib hadisə birdən baş verdi: əvvəla, onu SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul etdilər, ikincisi, o, aspiranturanı bitirib, filologiya elmləri namizədi alimlik dərəcəsini qazandı. Bu iki fərqli ədəbi "sima" - alim-ədəbiyyatşünas, dəyərli elmi monoqrafiyalar və bədii-estetik araşdırmalar müəllifi və eyni zamanda parlaq nasir, dramaturq, esseist - bir-birini qarşılıqlı şəkildə tamamlayaraq, onun yaradıcı taleyində ahəngdar təşkildə qovuşacaqdı.

1975-ci ildə, Moskvanın "Molodaya qvardiya" nəşriyyatında Elçinin "Baladadaşın ilk məhəbbəti" adlı hekayələr toplusu işıq üzü gördü, kitaba Lev Anninski son söz yazmışdı, 1978-ci ildə "Yunost" jurnalında "Gümüşü furqon" povesti dərc olundu, tezliklə Moskvada Elçinin eyniadlı - sayca ikinci - kitabı nəşr edildi və qızğın əks-səda yaratdı, bu ədəbi hadisə hətta "Literaturnaya qazeta"da rusiyalı tənqidçilərin müzakirəsinə səbəb oldu. Gənc nasir gerçək məşhurluğu dadmağa başladı. Onu "impressionist", "qatı romantik" adlandırırdılar, Elçinin işıqlı, lirik hekayələrini məşhur rəssam Səttar Bəhlulzadənin akvarellərinə bənzədirdilər. Lev Anninski onun nəsrinə bir neçə geniş məqalə həsr etdi, gənc yazıçının ədəbi qəhrəmanlarını və xarakterlərini anlamağa cəhd göstərdi və bununla da gənc Azərbaycan nəsrinin özünəməxsusluğunu, onu Gürcüstan, Litva, Rusiya "altmışıncılarından" fərqləndirən özəlliyi çözməyə çalışdı.

Lev Anninski məqalələrindən birində yazırdı: "Elçin möcüzələri sevir, o, xoş və mehriban nağılçıdır, kədərli sehrbazdır, parlayıb sönən, qızılı və gümüşü rənglərə üstünlük verən impressionistdir... Onun nəsrinin öz gözəlliyi, öz cəlbedici gücü var. Orada ruhlanma, ilhamlanma, məişətdən arınma ilə qarşılaşırıq. Və bu nəsrdə poeziya da var - çoxsakinli məhəllələrin poeziyası, müharibədən sonra yetim qalmış bakılı uşaqlar həmin məhəllələrdə yarıac-yarıtox yaşayır, veyil-veyil dolaşırdılar - o uşaqlar ki indi artıq böyüyüblər..."

1977-ci ildə "Smena" jurnalında dərc olunmuş "Talvar" ("Naves") - "ilin ən yaxşı hekayəsi" adına, hazırkı dövr üçün fantastik görünən 235 min nüsxə ilə nəşr olunan "Toyuğun diri qalması" ("Smokovniüa") povest və hekayələr toplusu isə Sovet İttifaqında ən nüfuzlu mükafatlardan birinə - Lenin Komsomolu mükafatına layiq görüldü.

Nasir Elçinin istedadının çiçəkləndiyi dövr XX əsrin 80-ci illərinə təsadüf edir, o, "Mahmud və Məryəm" (1983), "Ağ dəvə" (1985), "Ölüm hökmü" (1989) kimi romanlar yazır, bu əsərlər bir çox əcnəbi dillərə tərcümə olunur və sonradan ekranlaşdırılır. Əxlaqi seçim, əsl insan azadlığı kimi mürəkkəb problemlər, xeyir və şər, sevgi, ölüm və ölməzlik kimi əbədi mövzular Elçinin diqqət mərkəzində idi, o, bu mövzuları romanlarında epik təhkiyə səviyyəsinə qaldırır.

80-ci illərin sonu - 90-cı illərin əvvəlləri Elçinin yaradıcılıq bioqrafiyası və mənəvi axtarışları üçün çətin dövr idi. Qarabağ münaqişəsinin başlaması, Ermənistandan qaçqın axını, "Qara Yanvar" faciəsi, böyük bir ölkənin süqutu, ictimai-siyasi formasiyaların dəyişməsi və postsovet məkanında ortaya çıxan hərc-mərclik - bütün bunlar, özünün də etiraf etdiyi kimi, yazıçının ürəyindən ağır yük kimi asılıb qalmışdı, o, özünü əlinə qələm almağa vadar edə bilmirdi. Ətrafındakı hər şey dayanıqsız, boş və mənasız görünürdü. Çox zaman olduğu kimi, onu kitablar və ədəbiyyat xilas etdi. Yeri gəlmişkən, gəlin Elçinin özünü dinləyək:

"Xüsusilə də ürəyimi sıxan ən qüssəli anlarımda nəsə məni kitab rəfinə çəkdi, özü də gəncliyimdə, yeniyetməliyimdə oxuduğum əsərlərə. "Robinzon Kruzo"nu yenidən oxudum. Sonra Molyerin cildliyini açdım. İlk baxışdan qəribə görünə bilər: Molyerin komediyaları hara, mən hara?.. Məzlum şəhərin ürək ağrıdan ab-havası, fövqəladə vəziyyət, cəmiyyətdəki qarşıdurma. Birdən, gözlənilmədən yazı makinasının arxasına keçdim və Molyerin pyeslərindən birini tərcümə etməyə başladım. Həmin anda o əsərin daha əvvəl Azərbaycan dilinə çevrilib-çevrilməməsi məni qətiyyən maraqlandırmırdı. Ümumiyyətlə bunu nə üçün etdiyimin də fərqində deyildim. Beləliklə, "Skapenin kələkləri"ni və "Jorj Danden"i "birnəfəsə" tərcümə elədim. Sonra Molyer barədə ədəbiyyatlara nəzər saldım, evdə nə vardısa, kitabxanalarda nəyi tapmaq olardısa - Bulqakovun pyesindən tutmuş Azərbaycan-Fransa ədəbi əlaqələrinə dair məqalələrə qədər - hamısını oxudum. Bütün bunlar sonradan yazıçı haqqında böyük bir esseyə, daha sonra isə mənim tərcümələrimlə və onlara böyük müqəddimə ilə birlikdə "Molyerin komediyaları" adlı kitaba çevrildi.

Bir sözlə, o zaman məşğul olduğum işlərlə ətrafımda baş verənlər arasındakı təzad heyrətləndirici idi və hələ də bunu özümə izah edə bilmirəm. Sonra sanki içimdə bir çevriliş hiss elədim. Hətta necəsə fərqli yazmağa başladım. II Şah İsmayıl haqqında romanımı, aşıq poeziyasına aid monoqrafiyanı bir kənara qoyub, mücərrəd-sürrealist təcrübələrə baş vurdum. Bütün bu xırda əsərləri "Hekayə-dialoqlar" adlandırdım... Tədricən həyat öz axarına qayıtdı. Yenidən yazı makinasının arxasına keçdim və həyatımda ilk dəfə (yenə də gözlənilmədən) komediya yazdım. İndi bu pyes "Ah, Paris, Paris!" adlanır. Ola bilsin ki, tərcümələr və komediya həmin ağır dövrü yaşamağa kömək edən çıxış yolu oldu".

Bəli, Elçin və onun personajları keçmişlə gülərək vidalaşmağı yaxşı bacarırlar. Düzdür, bu gülüş bəzən çox kədərli olur və onun bir çox komediyaları daha çox tragikomediyanı xatırladır, amma bu da başadüşüləndir: Elçin böyük ədəbi ənənələrin daşıyıcısıdır və buna görə də, öz pyeslərində düşüncəsiz gülüşün, gülüş, dilxoşluq və əyləncə xətrinə gülüşün səslənməsinə yol verə bilməz. Elə onun ən gülməli pyesləri də əslində sevincli mövzulardan bəhs etmir, komediyalarının əsası həyatın mənası, məhəbbət və məkr, əxlaq və əxlaqsızlıq, əbədi bəşəri dəyərlər və onların müasir dövrdə dəyərdən düşməsi haqqında düşüncələrdən ibarətdir. Elçinin "Salam, mən sizin dayınızam", "Mənim ərim dəlidir", "Mənim sevimli dəlim", "Şekspir", "Qatil" və başqa dram əsərləri - yazıçının özünün yaradıcılığında yeni söz olmaqla yanaşı, həm də müasir Azərbaycan dramaturgiyasında ciddi hadisəyə çevrildi. Yazıçının pyesləri Moskva və Sankt-Peterburq, Ankara, İstanbul və London teatrlarında uğurla tamaşaya qoyulur.

lll

... 1975-ci ildə Elçin Azərbaycan Yazıçılar Birliyinin katibi seçildi və bu təşkilatın bütün tarixi boyunca yaradıcı birliyin ən gənc rəhbəri oldu... 80-ci illərin sonlarında "Vətən" cəmiyyətinə rəhbərlik etdi, xaricdə yaşayan soydaşlarımızla mədəni-insani körpülərin qurulmasının önündə getdi. Elçin 1993-cü ildən 2018-ci ilə qədər (təxminən əsrin dörddə biri!) Nazirlər Kabinetində humanitar istiqamətə rəhbərlik etməklə gənc Azərbaycan dövlətçiliyinin qurulmasının bilavasitə və fəal iştirakçısı oldu. Bununla belə, o, əsl missiyasına - ədəbiyyata heç vaxt xəyanət etmədi. Elçin tez-tez müasir ədəbi prosesin problemlərinə dair konseptual məqalələrlə çıxış edirdi ki, onları bir neçə qalın cilddə toplamaq olar. O, yeni pyeslər yazırdı. Bir neçə il əvvəl isə o, azərbaycanlı kitabsevərlərə "Baş" adlı yeni romanını - bu dəfə tarixi mövzuda - təqdim etdi. Roman bu görkəmli Azərbaycan yazıçısının pərəstişkarları tərəfindən hərarətlə qarşılandı, xüsusən də bizim hamımızın ciddi bədii ədəbiyyat nümunələrinə həsrət qaldığımız vaxtda. Əsər hələ də ədəbi çevrələrdə mübahisə yaradır, mədəniyyət saytlarında müzakirə olunur, haqqında böyük araşdırmalar yazılır. Roman heç kəsi biganə qoymadı və bu, yazıçıların müasir cəmiyyətdə çoxdan düşüncə və dəb hökmdarı "taxtından" devrildiyi bir vaxtda əsl uğurun göstəricisidir.

Romanın formal süjeti XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Zaqafqaziyanın Rusiya imperiyası tərəfindən zəbt edilməsindən danışır. Əsərdə geniş geosiyasi fon mövcuddur, yəni: böyük dövlətlər Fransa və Böyük Britaniya, Rusiya və Osmanlı Türkiyəsi, eləcə də İran hökmdarları Qacarlar arasında nüfuz dairəsi uğrunda mübarizə və bununla paralel olaraq, Zaqafqaziyada kiçik gürcü çarlıqlarının və Azərbaycan xanlıqlarının sağ qalmaq uğrunda savaşı.

Ancaq bu, şəksiz ki, XX əsr realizminin ən yaxşı ənənələrində yaradılmış romanın formal, zahiri "örtüyüdür". Onun insan münasibətlərinin və duyğularının ən mürəkkəb və ziddiyyətli spektrini əks etdirən daxili kollizi yaları daha vacibdir. Romanda çoxlu maraqlı personajlar var, hər obraz öz ehtirasları, hissləri, bağlılıqları ilə bütöv bir dünyadır. Onlar sənin ruhuna nüfuz edir, yaddaşında qalır, romanı oxuyandan sonra da səni rahat buraxmırlar.

Elçin bu və digər böyük əsərlərində bəşəriyyəti xilas etmək üçün heç bir resept təklif etmir, heç bir dərs keçmir. Sadəcə olaraq bizə deyir ki, gələcəyimizi itirməmək üçün keçmişimizə daha diqqətlə nəzər salmaq, onu bilmək, yadda saxlamaq lazımdır...

Onun nəsri didaktik deyil, insan ruhlarını sağaltmağa hesablanmayıb. Onun məqsədi başqadır: insanı realist olmağa vadar etmək, dünyanı çəhrayı eynəksiz görməyə yardım göstərmək. Və eyni zamanda onu daim arzusunun arxasınca getməyə təşviq etmək. Axı əslində, Elçinin özünün də esselərinin birində yazdığı kimi, yazıçı təbiətcə ən böyük xəyalpərəstdir...

Xoşbəxtlikdən, bütün titulları və adlarına (Azərbaycanın Xalq Yazıçısı, "İstiqlal" ordeni kavaleri, Rusiyanın, Türkiyənin, Fransanın və s. saysız-hesabsız mükafat və təltifləri) rəğmən, Elçin "ədəbiyyat generalına" çevrilmədi, çünki o, daim axtarışda olan və tərəddüd edən adam olaraq qaldı. Həmişə özündən narazı və eyni zamanda çox xoşbəxt... Yəqin ona görə ki, 60 ilə yaxın səmimiyyət və fədakarlıqla xidmət etdiyi başlıca meyli - Ədəbiyyat bütün həyatı boyu onunla birgə addımlayırdı.

lll

"Bu çətin zamanda sizi hansı əxlaqi qaydalar ayaqda saxlayır?" -"Literaturka" üçün aldığım müsahibələrin birində Elçindən soruşmuşdum.

"Bəzən bu barədə düşünəndə bədbinliyə qapılıram, hətta təşvişə belə düşürəm, - yazıçı cavab vermişdi. - Ədəbiyyat ən qədim zamanlardan ağıllı, xeyirxah, əbədi olanın toxumlarını səpib. Xeyir və şər arasında permanent mübarizədə yazıçı, təbii ki, xeyrin tərəfdarıdır. Dünya ədəbiyyatı Homer, Şekspir, Füzuli, Höte, Tolstoy kimi nəhəngləri yaradıb. Siz soruşacaqsınız ki, bəs mən niyə təşvişə düşürəm? Axı bu dünyada heç bir şey dəyişməyib. Xeyirlə şərin mübarizəsinin də sonu görünmür. Ədəbiyyat özlüyündə dünyada və ya insan təbiətində heç nəyi dəyişə biləcək durumda deyil. Bu, məni ruhdan salır. Digər tərəfdən, bir anlıq təsəvvür edin ki, Homer, Nizami, Şekspir yoxdur. Onda nə olacaq? Qaranlıq, boşluq, uçurum! Bilirsiniz, həyatımın ən ağır anlarında niyəsə Don Kixotu xatırlayıram. Bu, mənə yüngüllük gətirir. Bəli, ədəbiyyat dünyanı xilas edəcək gücdə deyil, amma o, bir nəfərə kömək edə bilər. Gəlin razılaşaq ki, bunun özü də az şey deyil".

Mən əziz dostuma və həmkarıma "sirli ehtiras"ına (Vasili Aksenov ədəbiyyata gerçək xidməti belə adlandırırdı), altmışıncı illərin ideallarına uzun illər davam edən sədaqətinə, Sözə təmənnasız xidmətinə görə hədsiz hörmət bəsləyirəm... Belə bir Söz isə, məlum olduğu kimi, əbədi yaşayacaq!

Allah Sizə rəhmət eləsin, əziz dostum!

Sizin üçün çox darıxacağıq...

Tərcümə Rəbiqə Nazimqızınındır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see205

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see175

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see172

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see150

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see144

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see138

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see134

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see134

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see134

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see133

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see132

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see130

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see129

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see127

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see125

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see125

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see124

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see122

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see122

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri