Döyüşə... Zemfira Məhərrəmli gedir Elmira Axundova yazır
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Elmira AXUNDOVA
Xalq yazıçısı
Yazıçılığa, ümumən yaradıcılığa müxtəlif yollarla gəlirlər. Bəziləri üçün bu yol öncədən, çox gənc yaşlarından müəyyən edilib. Məşhur yazarların ailəsində doğulmuş, zəngin mənəvi mühitdə formalaşmış, özlərini ədəbiyyatdan kənarda təsəvvür edə bilməyən korifey sənətkarlarımız Anar, Elçin, Vaqif Səmədoğlu və Yusif Səmədoğlu kimi. Digərləri yaradıcılığa jurnalistikadan gəlir. Mediada çalışarkən qazanılan böyük təcrübə, qarşılaşdıqları insan taleləri və real həyat hadisələri bədii yaradıcılığa qədəm qoymaq üçün münbit zəmin, stimul yaradır. Üçüncü qisim qələm əhli isə ahıl yaşlarında özündə həvəs, təpər tapıb, yaradıcılığa başlayır.
İnsanlarda hələ qədim zamanlardan bəri rəsmlər, mətnlər, melodiyalar vasitəsilə özlərini ifadə etmək cəhdləri olub. Bundan ötrü Qobustan qayaüstü rəsmlərinə baxmaq kifayətdir.
Bəziləri üçün yazıçılıq bir hobbi, digərləri üçün özünüifadə, yaxud başqalarından fərqlənmək, ad qazanmaq vasitəsidir. Kimlərsə yalnız özü üçün yazır və ərsəyə gətirdiyi əsəri ictimaiyyətə çatdırmaq üçün cəhd göstərmir. Amma mənə elə gəlir ki, yazıçının əsas missiyası insanları anlamaq, başa düşmək, halına yanmaqdır. Əsl ədəbiyyat insan ruhu ilə bağlı gerçəkliyi əks etdirməli, güclü hisslər oyatmalı və oxucuya həyatın mənasını anlamaqda kömək göstərməlidir. Tanınmış jurnalist və nasir, povestlər, çoxsaylı hekayə və hətta pyeslər müəllifi Zemfira Məhərrəmlinin bir sıra əsərləri məni belə söyləməyə sövq etdi.
Bir il bundan öncə mən Z.Məhərrəmlinin yaradıcılığı barədə məlumatsız idim (o, Azərbaycan dilində yazır, bəzi əsərləri rus, türk və ingilis dillərinə tərcümə olunub). Eynilə o da mənim kitablarım haqqında eşitmişdi, lakin bu əsərlərlə tanış deyildi. Yeri gəlmişkən, bu, müasir ədəbi prosesin ciddi problemidir: azərbaycandilli müəlliflər öz kitablarını əsasən ana dilində, rusdillilər isə daha çox rus dilində nəşr etdirirlər. Sanki onları görünməz divar ayırır. Əvvəllər xeyli əsər dövlət hesabına hər iki dilə çevrilirdi. Bu gün kitab çap etdirən yazıçılar çətin durumdadır, necə deyərlər, qələm adamları öz ixtiyarlarına buraxılıb. Əsərlərinin ana dilində kiçik tirajla nəşrinə nail olsalar da, tərcümə üçün lazımi vəsait çatışmır.
Zemfira xanıma gəldikdə isə onun həyat yolu hələ Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində oxuyarkən müəyyənləşmişdi. Ona dərs demiş ustad jurnalist, əfsanəvi Nəsir İmanquliyevin rəhbərlik etdiyi, o dövrün oxucu kütləsi arasında olduqca populyar olan "Bakı" və "Baku" qəzetlərində 1978-ci ildən işə başlamışdı. Bu mətbuat nümunələri hələ Sovet dönəmində oxucu kütləsinin, akademikdən tutmuş sadə evdar qadınlaradək ən çox sevdiyi qəzetlər idi.
Mən Nəsir İmanquliyevi şəxsən tanıımırdım, amma jurnalist həmkarlarımdan, ədəbiyyatçı dostlarımdan onun bütün həyatını həsr etdiyi mühüm işə - qəzetçilik fəaliyyətinə necə vurğunluqla bağlandığını eşitmişdim. Onun bu xüsusiyyəti, həqiqətən, heyranlıq doğururdu, rəhbərlik etdiyi qəzetlər mətbuat üzərində senzura təzyiqləri olan dövrdə kifayət qədər riskli tənqidi yazıları dərc edirdi. O, ədəbi-bədii jurnallarda maneələrlə qarşılaşan, çap olunmaq üçün məhdudiyyətlərlə üzləşən gənc qələm sahiblərinin həmin dönəmdə novatorluq sayılan nəzm və nəsr nümunələrinə "Bakı" və "Baku"nun səhifələrində geniş yer verməklə, Qlavlitin sualtı riflərini və aysberqlərini məharətlə ötüb keçə bilirdi. Bu qəzetlərin öz dəst-xətti, üslubu, mövqeyi vardı, ona görə də bakılıların tezliklə rəğbətini qazanmışdı. Yaxşı yadımdadır, yeniyetmə çağlarımda böyük qardaşım ya da atam mənə bu qəzetləri almağı tapşırardı. Mən isə yamanca deyinir, narazılığımı bildirirdim, çünki bu axşam qəzetlərinin yeni sayını almaq üçün həvəslə, uzun-uzadı növbəyə düzülən adamlara qoşulmalıydım.
Jurnalistika fakültəsini yenicə bitirmiş Zemfira Məhərrəmli "Bakı" qəzetində peşəkar məktəb keçdi, sıravi müxbirlikdən Elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifəsinədək yüksəldi. "Bakı"da çalışdığı 25 il ərzində Zemfira xanım elm və təhsil, o cümlədən sosial-mənəvi problemlər mövzusunda yazdığı çoxsaylı yazıları ilə tanındı və oxucu marağı qazandı. Onun publisistika sahəsində istedadı 90-cı illərdə, hərbi mövzuda yazdığı dövrdə daha çox diqqəti cəlb etdi. Z.Məhərrəmli tez-tez qaynar nöqtələrə səfər edir, hərbi səhra hospitallarında yaralılara baş çəkir, qanlı savaşın nəticəsi olaraq, öz doğma yurd yerlərindən didərgin düşmüş, çadır şəhərciklərində ağır şəraitdə yaşayan soydaşlarımızla görüşür, silsilə yazılar yazırdı. Onun cəbhə reportajlarında, habelə yazdığı korrespondensiyalarda, daha sonra bədii-publisistik oçerklərində Qarabağ müharibəsinin dəhşətlərindən, qanlı savaşla üz-üzə qalmış yurddaşlarımızın faciəli taleyindən, döyüş meydanlarında düşmənə qan udduran oğul və qızlarımızın rəşadətindən söz açılırdı. Zemfira xanım rahatlıq və dinclik bilmədən öz qələm nümunələrində müharibə qurbanlarının, işğal dövründə erməni əsirliyində işgəncələrə məruz qalan, vaxtından əvvəl böyümüş uşaqların ("Qırxqızın qırxbirincisi" povestinin kiçik qəhrəmanı Nurlana kimi) acı taleyini əks etdirmiş, gənc övladı torpaq uğrunda canından keçmiş şəhid anaları, saçlarına vaxtsız dən düşmüş şəhid xanımları ilə birlikdə kədərlənmiş, eyni zamanda qürur hissi keçirmişdir.
"Qırxqızın qırxbirincisi" povestinin əsas qəhrəmanı, heysiyyətini, şərəfini hər şeydən üstün tutan Səma ölümü əsirlikdə yaşamaqdan əfzəl bilir, saçlarına taxdığı sancağı vena damarına batıraraq intihar edir. Arakel adlı erməni qulduru onun iki yaşlı qızı Nurlananı avtomatın qundağı ilə boyun nahiyəsinə qəddarcasına zərbələr endirərək görmə qabiliyyətindən məhrum edir. Zemfira xanımın yazıçı olaraq yaradıcılıq saxlancında belə faciəli hadisələrdən söz açan sənədli hekayələr çoxluğu təşkil edir. Bu qələm nümunələri sonradan müəllifin "Döyüşə qızlar gedir", "Qarabağda savaş var", "Qırx qız dastanı", "Qarabağ müharibəsi: zərif talelər", "Zəfər yolçuları" və ona populyarlıq qazandıran digər kitablarının ərsəyə gəlməsinə səbəb olmuşdur.
Z.Məhərrəmli yaradıcılıq uğurlarına görə "Həsən bəy Zərdabi", "Qızıl qələm" mükafatlarına layiq görülmüşdür. O, "Araz" Ali Ədəbi diplomunun, Azərbaycan Yazıçılar Birliyinin Rəsul Rza mükafatının, habelə Mahmud Kaşğari və Şahmar Əkbərzadə ödüllərinin sahibidir.
Zemfira Məhərrəmli Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2010-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalına, 6 mart 2021-ci il tarixli Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür.
lll
Son iyirmi il ərzində Zemfira Məhərrəmli bədii nəsr sahəsində uğurlar qazanmış, neçə-neçə povest və hekayələrinin toplandığı kitabları işıq üzü görmüşdür. Maraqlıdır ki, gerçək hadisələri və real insanları əks etdirən sənədli publisistika yazıçının nəsr əsərlərindəki bədiilik və belletristika ilə üzvi surətdə uzlaşır. Belə ki, müəllifin əsərlərində bu iki janr bir-biri ilə qaynayıb-qarışaraq maraqlı sintez yaradır. Məsələn, mən Gülər və Salehin nakam məhəbbətinin faciəli tarixçəsi haqqında yazdığı hekayəni ("Sevgimi neylədin, Daşaltı dərəsi?") oxuyarkən Zemfira xanıma "Bu sənədli, yoxsa bədii əsərdir" sualını verərkən "Bədii əsərdir" cavabını aldım. Yəqin ki, həmin üslub onun jurnalistlik fəaliyyətindən, sənədli hekayələr və portret oçerklərindən irəli gəlir, həm də bu tərz onun yazılarının orijinallığının sübutudur.
Nasir süjet qurmağı məharətlə bacarır, povest və romanının sonunadək oxucunu gərginlikdə saxlayır. Mən onun iki irihəcmli əsərini - "Oyuncaq" povestini və "Arabadakı adam" romanını maraqla oxudum. Zənnimcə, obrazlarının sayı qismən məhdud olan əsəri povest də hesab etmək olar.
"Oyuncaq" povesti Rəsul və Nərgizin saf və təmiz sevgisindən bəhs edir. Rəsul məhəbbətinin nişanəsi olan oyuncağı - ağ ayı balasını Nərgizə hədiyyə edir. Lakin əvvəlcə Nərgizin valideynləri, sonra isə Rəsul özü bu məhəbbəti xoşbəxtliyə aparan yolda maneəyə çevirir. Az sonra Rəsul vərəm xəstəliyinə yoluxaraq dispanserdə müalicəyə başlayır, burada narkotik aludəçisi olan Zulya adlı pasiyentlə tanış olur. Bu tanışlıq həmin gənci məhvə doğru sürükləyir, o, "ağ ölüm"ün qurbanlarından birinə çevrilir. Müəllif həmin mövzunu "Ümid işığı" pyesində bir qədər də inkişaf etdirir, pozğun əxlaqlı, narkoman Zulyanın əvəzində səhnəyə sərxoşluq edən, küçə dostları ilə kef məclisləri quran yüngül xasiyyətli Zulyanı çıxarır. Zulya sevgilisindən ayrı düşən, iztirab içində çabalayan bir gənci küçə çalğıçılarının, sərsəm musiqinin və insanı təbii halından çıxaran şərabın hökm sürdüyü əyyaşlıq dünyasına cəlb edir.
Bu dramatik əsərləri oxuyarkən fikirləşirsən: bizim real həyatımızda küçələrdə dolaşan, ləyaqətli qızlarımızı sevdiyindən ayıran, gözəl ailələri dağıdan neçə-neçə Zulyalar var. Bədəninin təbii formasını silikonla dəyişən, dodaqlarını şişirdərək eybəcər ördəkləri, sanki bir-birinin təkrarı olan əkiz bacıları xatırladan belələri ilə hər gün qarşılaşırıq. Beləliklə, Z.Məhərrəmli adı çəkilən povestdə bizə bəlli olan müasir həyatın reallıqlarını əks etdirir. Bəlkə kimlərsə oxuyub utanar, nəticə çıxarar. Buna inanmaq istəyirsən. Halbuki əhlikef oğlan və qızlar hikmətli kitabları oxumurlar, onlar İnternet və sosial şəbəkə uşaqlarıdır. Bu vəziyyət isə elə də ürəkaçan deyil.
Z.Məhərrəmlinin bədii əsərləri ənənəvi üslubda yazılıb, fantastikadan və modernist axtarışlardan uzaqdır. Eyni zamanda onun nəsri bütünlüklə qadın nəsridir. Halbuki o, adətən, birinci şəxsin dilindən, həm də çox vaxt kişi obrazların dilindən danışır. Müəllifin nəsri lirizmi və pozitiv ruhu ilə fərqlidir. Onun hər hansı əsərini oxuyarkən bu bədii mətnləri məhz qadın yazıçının yazdığına inanırsan. Düşünürəm ki, zərif cinsə ünvanlanan, ana və bacılarımızı çətin situasiyalarda müdafiə edən, onlara gələcəyə ümid və inam aşılayan qadın nəsri olduqca əhəmiyyətlidir. Zemfira Məhərrəmlinin nəsr əsərlərinin böyük əksəriyyəti məhz bu ruhdadır.
Məsələn, "Arabadakı adam" romanı dramatik, hətta faciəvi əsərdir. Bu romanda qanlı müharibə ilə, həyatın çətinlikləri, sevdiklərinin xəyanəti ilə üzləşən insanların taleyindən bəhs olunur. Əsərin, nağıllarda olduğu kimi, xoşbəxt sonluqla bitməsinə, ilk öncə, inanmaq istəmirsən. Üzücü hadisələrlə göz-gözə qalan Seymur onun həyatını yaxşılığa doğru bütünlüklə dəyişən, özündən yaşca böyük, lakin müdrik bir insanla ? 44 günlük Zəfər savaşımızın qaliblərindən olan, cəbhədə bir ayağını itirmiş qazi Kənanla qarşılaşır. Onun bacısı, könül verdiyi gənc tərəfindən aldadılan, namusuna təcavüz edilən Ləman heysiyyətini, şərəfini hər şeydən üstün tutaraq həmin şəxsi qətlə yetirdiyi üçün on il çəkən məhbəs həyatını başa vuraraq azadlığa çıxır. Sonra isə ona evlilik təklif edən həmin qazi ilə ailə həyatı qurur. Bir-birini əvəz edən xoşbəxt hadisələr Seymurun həyata inamını artırır. Əsərdə cəmiyyətin qadın zümrəsinin arzusunda olduğu əsl melodramla qarşılaşırıq.
Bu bədii mətni Zemfira, dediyim kimi, gözəl sonluqla bitirib, amma təəssüf ki, həyatda çox vaxt belə olmur. Çətinliklərlə üzləşənləri daha çox dramatik sonluq gözləyir. Əsəri oxuduqdan sonra adam özünü yüngül və rahat hiss edir. Adını çəkdiyim romanla tanışlıq oxucularda yaşamaq və maneələrlə mübarizə aparmaq şövqü, əzmi yaradacaq.
Görünür, Zemfira Məhərrəmli müharibə zamanı qadınların, əsirlikdə olan ana və bacılarımızın faciəli taleləri haqqında o qədər çox yazıb ki, indi oxucularına heç olmasa, bir az ümid, işıq və sevinc bəxş etmək istəyib. Və buna da nail olub.
Onun hekayələrinin dili olduqca sadə və şəffafdır, asanlıqla oxunur. Zemfira aydın və hər bir oxucu üçün anlaşılan dildə yazır, süni bəzək-düzəkdən, ağır, uzun, mürəkkəb cümlələrdən qaçır. Belə yazı tərzi onun jurnalist keçmişindən qalan "irs"dir, nişanədir. Axı, redaksiyalarda bizə qısa və sadə yazmağı öyrədirdilər ki, aktual məqalə mümkün qədər çox oxucuya çatsın və rahat qavranılsın. Çünki Zemfira xanımın, elə mənim də o vaxtlar çalışdığım qəzetlər böyük tirajla çıxırdı, bu mətbuat nümunələrini həm ziyalılar, həm də sadə fəhlələr oxuyurdu. Elə buna uyğun olaraq, əksər hallarda Zemfiranın sevimli qəhrəmanları da sadə peşə adamlarıdır. Onlar doğma torpaq, Vətən üçün çətin anlarda, nə qədər pafoslu səslənsə də, sağlamlıqlarını, çox vaxt isə gənc həyatlarını qurban verərək həqiqi qəhrəmanlığa ucalan insanlardır. Məhz bu insanlar, sevimli qəhrəmanları naminə əlində avtomat yox, qələm olan Zemfira Məhərrəmli yenidən növbəti döyüşə... atılır.
Əlamətdar yubileyi münasibətilə mən Zemfiraya ? bu mehriban, gülərüz xanıma möhkəm cansağlığı, ailə səadəti və yeni yaradıcılıq üfüqləri arzulayıram. Yubileyin mübarək, əziz həmkarım!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 19 Dekabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















