“Neft sənayesinin rəqəmsal transformasiyası daha sistemli və sürətli addımlar tələb edir” MÜSAHİBƏ
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Geofizika və geodinamikanın müxtəlif sahələrinə mühüm elmi töhfələr vermiş, bu sahədə beynəlxalq miqyasda tanınan alimlərdən biri, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun baş direktoru, Geologiya və Geofizika İnstitutunun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirov Azərbaycanda neft-qaz elmləri, geofizika və geodinamika sahəsində görülən işlər və əldə edilən nəticələr barədə suallarımızı cavablandırıb. Müsahibədə o, son illərdə aparılan tədqiqatların prioritet istiqamətlərindən, beynəlxalq əməkdaşlıq əlaqələrindən, müasir texnologiyaların elmi fəaliyyətə inteqrasiyasından, eləcə də Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində çıxışı zamanı Azərbaycan elminin qarşısına qoyulan vəzifələr, yeni hədəf və çağırışlardan danışıb.
- Hörmətli Fəxrəddin müəllim, son illər ölkəmizdə geofizika və geodinamika sahəsində innovativ yanaşmalar, 4D modelləşdirmə kimi istiqamətlər prioritetə çevrilib. Neft və Qaz İnstitutu müasir tədqiqatlarda hansı yeni elmi metodlardan, texnologiyalardan istifadə edir?
– Ölkəmizdə geofizika və geodinamika sahələrinin müasir tələblərə uyğun inkişafı üçün yeni nəslin fundamental elmi biliklərə sahib olması xüsusi əhəmiyyət kəsb edir. Son illərdə geofizika və geodinamika sahəsində qlobal elmi tendensiyalar, xüsusilə 4D modelləşdirmə, süni intellekt tətbiqləri, yüksək dəqiqlikli peyk texnologiyaları və rəqəmsal geoloji modellər elmi tədqiqatların səviyyəsini tamamilə yeni mərhələyə çıxarıb. Azərbaycanda da bu çağırışlara uyğun olaraq Neft və Qaz İnstitutu tədqiqat strategiyasını yeniləyir, ən müasir analitik yanaşmaları, yeni texnologiyaları elmi araşdırmalara inteqrasiya edir.
Misal olaraq qeyd etmək istərdim ki, görkəmli alimlər – AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin kafedra müdiri, professor Vaqif Kərimov və Neft və Qaz İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru Namaz Yusubov “hövzə” xüsusiyyətlərinin nəzərə alınması əsasında Azərbaycanın neft və qaz üzrə geoloji rayonlaşdırılmasına dair yeni elmi-nəzəri baza formalaşdırmış və müasir xəritə hazırlamışlar. Onların təklif etdikləri bu rayonlaşdırma sxeminin əsas yeniliyi karbohidrogen sistemlərinin iyerarxik səviyyələrinin dəqiq müəyyən edilməsidir. Bu yanaşma ölkənin neft-qaz potensialının daha dəqiq qiymətləndirilməsi və proqnozlaşdırılmasına geniş imkan yaradır.
Neft və qaz yataqlarının işlənilməsinə dair hidro-termo-qazdinamiki məsələlərin həlli bu gün artıq 3D geoloji modellər əsasında, zaman amili də daxil edilməklə 4D hidrodinamiki modelləşdirmənin ən müasir üsulları vasitəsilə aparılır. AMEA-nın müxbir üzvü Qərib Cəlalov və professor Mahir Rəsulovun iştirakı ilə klassik riyazi fizika tənliklərinin yeni analitik və ədədi həll metodları işlənib hazırlanıb və bu modelləşdirmə prosesinə uğurla tətbiq edilib. Bu yanaşma yataqların dinamik davranışını daha dolğun qiymətləndirməyə və hasilatın optimallaşdırılmasına imkan verir.
Neft və qaz yataqları Yer qabığının dərin strukturları ilə birbaşa bağlıdır və Moho sərhədinin həndəsəsi, həmçinin onun fiziki xüsusiyyətləri karbohidrogenlərin paylanmasına ciddi təsir göstərir. Bu baxımdan, Cənubi Xəzər hövzəsində Moho səthinin dəyişkənliyi ilə karbohidrogen hövzələrinin geodinamik təkamülü arasındakı əlaqə ilk dəfə olaraq peyk qravitasiya məlumatları əsasında mənim tərəfimdən araşdırılıb. Bu tədqiqatlar gələcək karbohidrogen resurslarının yerləşmə ehtimallarının proqnozlaşdırılması baxımından son dərəcə mühüm nəticələr verib. İnstitutumuzda tətbiq etdiyimiz yeni elmi yanaşmalar və müasir tədqiqat metodları sayəsində əldə olunan nəticələr yüksək impakt faktorlu beynəlxalq jurnallarda dərc olunub. Bu mənbələrdə aparılan araşdırmaların detalları və əldə edilən elmi yeniliklərlə bağlı həmin jurnallardan daha ətraflı məlumat əldə etmək mümkündür.
– İnstitutda son zamanlar əldə edilmiş mühüm elmi nailiyyətlər barədə də məlumat verməyinizi istərdik.
– Son ildə əldə edilmiş mühüm elmi nəticələrdən birini qeyd etmək istərdim. Cənubi Xəzər neftli-qazlı hövzəsində karbohidrogen sistemlərinin təhlili və rəqəmsal modelləşdirilməsi nəticəsində üç klassik — Eosen-Pliosen, Oliqosen-Miosen-Pliosen və Miosen-Pliosen, həmçinin üç qeyri-ənənəvi (şistli) — Eosen, Maykop və Diatom yüksək generasiya potensialına malik karbohidrogen sistemi müəyyən edilib. Cənubi Xəzər hövzəsində neft və qaz mənbəyi təbəqələrinin generasiya potensialının qiymətləndirilməsi pirolitik, izotop-geokimyəvi və xromatoqrafik-kütləvi spektrometrik tədqiqatların nəticələrinə əsaslanır və bu nəticələr göstərir ki, Pliosen rezervuarının nefti Eosen, Oliqosen-Miosen (Maykop) və Miosen (Tarxan-Çokrak və Diatom) yaşlı müxtəlif neft mənbəyi təbəqələrinin qarışığından ibarətdir. Bu mənbə komplekslərinin hər birinin rolu konkret geoloji şəraitdən asılı olaraq dəyişir.
Professor Vaqif Kərimovun apardığı modelləşdirmə nəticələri Cənubi Xəzər hövzəsində generasiya olunmuş karbohidrogenlərin ümumi həcminin 175,35 milyard ton olduğunu göstərir ki, bu da hövzənin böyük sənaye perspektivlərinə malik olduğunu bir daha təsdiqləyir.
– Geodinamikanın neft-qaz yataqlarının davranışının proqnozlaşdırılmasında tətbiqi Azərbaycanın mövcud və perspektiv yataqlarında hasilatın səmərəliliyinə necə təsir göstərir?
– Ümumiyyətlə, geodinamikanın neft-qaz yataqlarının davranışının proqnozlaşdırılmasına inteqrasiyası bu gün Azərbaycanın mövcud və perspektiv yataqlarında hasilatın səmərəliliyini birbaşa artıran əsas elmi-tətbiqi istiqamətlərdən biridir. Regional və lokal gərginlik sahələrinin, tektonik blokların hərəkətinin, çat-sistemlərinin və süxurların mexaniki xüsusiyyətlərinin dərindən öyrənilməsi yataqların uzunmüddətli dinamikasını yüksək dəqiqliklə modelləşdirməyə imkan verir. Bu yanaşma kollektorun sıxılması, süxurların əyilməsi, dəniz dibinin və sahil zonalarının çökməsi, fay xətlərinin aktivləşməsi, eləcə də maye və qazın miqrasiya yollarının əvvəlcədən proqnozlaşdırılmasını mümkün edir.
Hazırlanan geodinamik modellər quyu şəbəkəsinin daha rasional layihələndirilməsi, lay təzyiqinin səmərəli idarə olunması, su və qazvurmanın optimal sxemlərinin seçilməsi, həmçinin seysmik risklərin və texnogen deformasiya nəticəsində platformalar, kəmərlər və terminallar kimi infrastruktur obyektlərinə düşən gərginliklərin minimuma endirilməsi baxımından böyük üstünlüklər yaradır. Belə kompleks yanaşma həm çıxarıla bilən ehtiyatların həcmini artırır, həm də hasilatın pik dövrünü daha uzun müddət qorumağa imkan verir, bununla yanaşı, qəza riski və əlavə əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır.
Xüsusən, Xəzər akvatoriyası və Abşeron hövzəsində InSAR, GNSS və 4D seysmik məlumatların geodinamik analizlə birgə tətbiqi yataqların təkcə “bugünkü vəziyyətini” deyil, həm də onların onilliklər ərzində davranışını proqnozlaşdırmağa imkan verir. Bu isə Azərbaycanın neft-qaz strategiyasının daha elmi əsaslı, uzunmüddətli və davamlı şəkildə formalaşdırılmasına ciddi töhfə verir.
– Fəxrdəddin müəllim, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı fundamental elmlərin daha da inkişaf etdirilməsinin zəruri olduğunu bildirdi. Bu çağırışlar kontekstində Neft və Qaz İnstitutunun elmi prioritetləri necə dəyişməli və hansı yeni istiqamətlər formalaşmalıdır?
– Məlum olduğu kimi, tətbiqi tədqiqatların inkişafı üçün fundamental elmin rolu son dərəcə vacibdir. Fundamental tədqiqatlar elmdə bilik və anlayış baxımından yeni qanunauyğunluqları müəyyənləşdirir, gələcək elmi nailiyyətlər üçün möhkəm baza yaradır. Fundamental elmdə əldə olunan nəticələr həm tətbiqi tədqiqatlar, həm də onların praktik həyata keçirilməsi üçün möhkəm elmi təməl rolunu oynayır. Bu biliklər gələcək elmi tərəqqinin istiqamətini müəyyənləşdirir, böyük verilənlər bazasının genişləndirilməsinə xidmət edir və süni intellekt texnologiyalarının təkmilləşdirilməsində mühüm yer tutur.
Əlbəttə, Cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində səsləndirdiyi fikirlər, xüsusilə fundamental elmlərin daha da inkişaf etdirilməsinin vacibliyi barədə çağırışı bizim üçün strateji istiqaməti müəyyən edən mühüm mesajdır, institut üçün yeni mərhələnin başlanğıcıdır. Prezidentin bu yanaşması bir daha göstərir ki, ölkəmizin innovativ inkişaf modeli yalnız tətbiqi deyil, məhz güclü fundamental elmi bazaya söykənməlidir. Bu baxımdan Neft və Qaz İnstitutunun elmi prioritetlərinin yenilənməsi obyektiv bir zərurətdir.
Bu çağırışlar fonunda institutumuz fundamental elmi istiqamətləri dərinləşdirməklə yanaşı, onların praktiki sferaya keçid mexanizmlərini də gücləndirməyi qarşısına məqsəd qoyub. Bu istiqamətdə geodinamikanın enerji sistemlərinə inteqrasiyası, yeni nəsil rəqəmsal modellərin hazırlanması, süni intellekt əsaslı analizlərin genişləndirilməsi, həmçinin strateji xarakterli fundamental tədqiqat layihələrinin icrası prioritet kimi müəyyənləşdirilib. Bu addımlar həm elmi nəticələrin qlobal səviyyədə tanınmasına, həm də ölkəmizin enerji siyasətinin elmi baxımdan dəstəklənməsinə real töhfə verəcək.
Bundan başqa, geodinamika, geofizika, seysmik təhlükəsizlik, dərin quruluş tədqiqatları, neft-qaz sistemlərinin fundamental əsasları kimi istiqamətlər daha da gücləndirilməlidir. Bu sahələr həm enerji təhlükəsizliyi, həm də ölkəmizin geostrateji maraqları baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki fundamental elmlərin inkişafı bizə geoloji proseslərin fizikasını daha dərindən anlamağa, neft-qaz yataqlarının təkamül mexanizmlərini daha dəqiq modelləşdirməyə və nəticə etibarilə ölkənin enerji strategiyasını elmi əsaslarla dəstəkləməyə imkan verəcək.
– Dövlət başçısının süni intellektin inkişafı, rəqəmsallaşdırma siyasəti və yüksək texnologiyaların inkişaf etdirilməsi ilə bağlı çağırışları fonunda ölkəmizdə neft hasilatı sahəsində innovasiyaların tətbiqi vəziyyətini necə qiymətləndirirsiniz?
– Cənab Prezidentin də qeyd etdiyi kimi, bu gün süni intellekt artıq ictimai həyatın bütün sferalarına, o cümlədən neft-qaz sənayesinə güclü təsir göstərməkdədir. Son 10 ildə süni intellektə əsaslanan yanaşmalar da daxil olmaqla, ağıllı metodların inkişafı əhəmiyyətli irəliləyişlərə səbəb olub. Bu texnologiyalar geoelm, fizika, kimya, kompüter elmləri, elektrik və kompüter mühəndisliyi, mexaniki və mülki mühəndislik kimi çoxsaylı sahələrdə geniş tətbiq olunaraq elmi araşdırmaların keyfiyyətini yüksəldib.
Son illərdə dərin öyrənmə və maşın öyrənməsi (ML) kimi ağıllı və yumşaq hesablama metodlarına maraq geofizika və neft geologiyası sahələrində, xüsusən də seysmik məlumatların emalında kəskin şəkildə artıb. Bu gün artıq süni intellekt və rəqəmsal texnologiyalar neft sənayesinin inkişafı üçün güclü bir alətə çevrilib. Süni intellekt böyük həcmdə geoloji məlumatların təhlilini sürətləndirir, yataqların daha dəqiq müəyyənləşdirilməsinə imkan verir və maşın öyrənməsi alqoritmləri neft və qaz ehtiyatlarının yerinin təyin edilməsində dəqiqliyi əhəmiyyətli dərəcədə artırır.
Bununla yanaşı, süni intellekt, rəqəmsallaşdırma və yüksək texnologiyaların inkişafına dair çağırışlar fonunda neft hasilatı sahəsində innovasiyaların tətbiqində müəyyən irəliləyişlər əldə edilsə də, mövcud potensial hələ tam reallaşmayıb. Son illərdə quyuların monitorinqi, hasilatın optimallaşdırılması, korroziya nəzarəti və geofiziki məlumatların emalı sahələrində rəqəmsal həllərin tətbiqi artsa da, inkişaf etmiş ölkələrlə müqayisədə bu proses hələ ilkin mərhələdədir. Əsas məhdudiyyət ondan ibarətdir ki, süni intellekt, böyük verilənlər analitikası, peyk məlumatları, InSAR monitorinqi və ağıllı hasilat sistemləri neft sənayesinə hələ geniş və kompleks şəkildə inteqrasiya olunmayıb.
Əlavə olaraq qeyd edim ki, bu innovasiyaların sürətləndirilməsi üçün məlumat infrastrukturunun gücləndirilməsi, elmi institutlarla sənaye müəssisələri arasında real əməkdaşlığın genişləndirilməsi və müasir texnoloji platformaların tətbiqi zəruridir. Başqa sözlə, neft sənayesinin rəqəmsal transformasiyası daha sistemli və sürətli addımlar tələb edir.
Təbii ki, neft və qaz sahəsində süni intellektin effektiv tətbiqi və səmərəli nəticələrin əldə olunması üçün həm geologiyanı, həm texnologiyanı, həm də bütövlükdə neft-qaz sənayesinin iş prinsiplərini dərindən bilən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına böyük ehtiyac vardır. Bu baxımdan, universitetlərdə dərin öyrənmə, maşın öyrənməsi və ümumilikdə “ağıllı hesablama” metodlarının tədrisinin genişləndirilməsi son dərəcə vacibdir. Əminəm ki, bu, həm elmi tədqiqatların keyfiyyətini artıracaq, həm də sənayenin rəqəmsal transformasiyasına ciddi töhfə verəcək.
- Sizcə, ölkəmizdə elm və təhsil müəssisələri arasında daha səmərəli əməkdaşlığın qurulması üçün hansı addımlar atılmalıdır? AMEA-nın və Elm və Təhsil Nazirliyinin üzərinə bu istiqamətdə hansı vəzifələr düşür?
Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi elm və təhsil müəssisələri arasında daha səmərəli əməkdaşlığın qurulması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir və bu sahədə görkəmli alimlərlə mütəmadi fikir mübadiləsi aparır. Nazirliyin fəaliyyəti dövründə bu istiqamətdə bir sıra əhəmiyyətli nailiyyətlər əldə olunub.
Fikrimcə, ölkəmizdə elm və təhsil müəssisələri arasında səmərəli əməkdaşlığın qurulması üçün ilk növbədə bu iki sistemin institusional inteqrasiyası daha da gücləndirilməlidir. Ali məktəblər və elmi-tədqiqat institutları arasında birgə tədqiqat proqramlarının hazırlanması, laboratoriyaların yaradılması və konsorsium əsaslı qrant mexanizmlərinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, magistratura və doktorantura təhsilinin real elmi mühitlə daha sıx əlaqələndirilməsi də prioritet istiqamətlərdən biridir.
İlk növbədə, tələbələrin tədqiqat prosesinə erkən mərhələdən cəlb edilməsi, elmi avadanlıq və infrastrukturdan vahid şəkildə istifadə imkanlarının yaradılması, eləcə də kadr mobilliyinin genişləndirilməsi vacibdir. AMEA-nın həqiqi və müxbir üzvlərinin, görkəmli alimlərin universitetlərdə mühazirələr oxuması, akademik heyətin institutlarda elmi araşdırmalar aparmasının təşviqi həm elmi mühitin keyfiyyətini artıracaq, həm də bilik və təcrübə mübadiləsini daha da gücləndirəcəkdir.
Bu kontekstdə AMEA-nın və Elm və Təhsil Nazirliyinin əsas vəzifəsi elmi qurumları daha açıq, çevik və beynəlxalq standartlara uyğun fəaliyyət göstərən tədqiqat mərkəzlərinə çevirməkdən ibarətdir. Eyni zamanda, elmi prioritetlərin düzgün müəyyənləşdirilməsində koordinasiyaedici rolun gücləndirilməsi, doktorantura sistemində keyfiyyət meyarlarının sərtləşdirilməsi və əldə olunan elmi nəticələrin həm təhsil, həm də tətbiqi sahələrə effektiv inteqrasiyasının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə atılacaq sistemli addımlar elm–təhsil mühitində rəqabətqabiliyyətli, innovasiya yönümlü və davamlı inkişaf modelinin formalaşmasına ciddi təkan verəcək.
– Fəxrəddin müəllim, elm və təhsilin effektiv inteqrasiyası üçün sizin konkret təklifləriniz nələrdir?
– Burada bir məqamı xüsusi vurğulamaq istərdim. Elmi-tədqiqat institutlarında fəaliyyət göstərən və beynəlxalq səviyyədə tanınan laboratoriyaların ikili razılaşmalar əsasında universitetlərdə analoji elmi bazasının yaradılması elm və təhsilin inteqrasiyasını əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Belə ki, 2013-cü ildən etibarən Bakı Dövlət Universitetində Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən “Seysmologiya və Yer təkinin fizikası” baza kafedrası mühüm nailiyyətlər əldə edib. Bu əməkdaşlığın səmərəliliyi illər ərzində özünü tam şəkildə doğruldub. Elmi rəhbəri olduğum tələbələrdən Rafiq Səfərov 2014-cü ildə Gənclər üçün Prezident mükafatına layiq görülüb. Digər tələbəm Bəhruz Əhədov isə Çin Milli Elmlər Akademiyasının Şanxay Astronomiya Rəsədxanasında doktorantura təhsilini uğurla başa vurub, daha sonra ABŞ-da NASA-nın Reaktiv Hərəkət Laboratoriyasında (JPL) fəaliyyət göstərib.
Bu iki gənc alim artıq dünya elmi məkanına inteqrasiya olunub, tədqiqatları beynəlxalq miqyasda maraq doğuran və istinad edilən mütəxəssislərdir. Hazırda Geologiya və Geofizika İnstitutunda rəhbərlik etdiyim Müasir geodinamika və kosmik geodeziya şöbəsi NASA–JPL və Massaçusets Texnologiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində kosmik geodeziya üsulları — GPS və InSAR texnologiyaları vasitəsilə Qafqaz-Xəzər regionunda müasir geodinamik prosesləri araşdırır. Bu tədqiqatlar həm elmi əhəmiyyətinə, həm də praktiki nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyində irəli sürdüyü hədəflərlə, dünya elminin çağırışları ilə tam uzlaşır və ölkəmizdə fundamental elmin inkişafına töhfə verir.
Bu elmi tədqiqatlardan biri Xəzər dənizinin səviyyə probleminin öyrənilməsində xüsusi yer tutur. Belə ki, Qızılağac ərazisində Xəzərin səviyyə dəyişmələrinin sahil dinamikasına təsirini qiymətləndirmək məqsədilə yüksək dəqiqlikli peyk məlumatları əsasında monitorinq aparılıb. 2014-2024-cü illər ərzində sahil xəttinin geri çəkilməsi və yeni quru sahələrinin formalaşması dəqiqliklə müəyyən edilib.
Əldə edilən nəticələr göstərir ki, Xəzər dənizinin səviyyəsinin enməsi təkcə iqlim amilləri ilə bağlı deyil, eyni zamanda regionun geodinamik proseslərinin təsiri altında baş verir. Bu dəyişikliklər sahil xəttinin strukturunda transformasiyalara, laguna sistemlərinin təkamülündə dəyişikliklərə və sahil dinamikasının ümumi istiqamətində nəzərəçarpan modifikasiyalara səbəb olur. Aparılan tədqiqatlar Xəzər sahilində uzunmüddətli dəyişikliklərin izlənməsi və sahil dinamikasının gələcək proqnozlaşdırılması üçün mühüm baza məlumatı yaradır və bu sahədə qərarların elmi əsaslandırılmasına ciddi töhfə verir.
Bu elmi tədqiqatlar tələbəm Bəhruz Əhədov tərəfindən aparılıb və nəticələr Avstriyanın Vyana şəhərində keçirilən Avropa Geoloji Elmlər İttifaqının Baş Assambleyasının (General Assembly of the European Geosciences Union - EGU2024) konfransında böyük maraqla qarşılanıb. Tədqiqatın elmi yeniliyi və regional əhəmiyyətinə görə iş, həmçinin nüfuzlu Amerika Geofizika İttifaqının elmi xəbər platforması olan Earth & Space Science News-da (EOS) (https://eos.org/articles/as-the-caspian-sea-recedes-tectonics-may-help-shape-its-coastline) işıqlandırılıb. Buradakı təqdimat sahənin aparıcı mütəxəssislərinin diqqətini cəlb edib və yüksək qiymətləndirilib.
– Son dövrlərdə bu istiqamətdə aparılmış hansı tədqiqatları, layihələri, mühüm nəticələri xüsusi qeyd etmək istərdiniz?
– Son ilin mühüm elmi nəticələrindən biri fəza cismləri üzrə fəlsəfə doktoru Bəhruz Əhədov tərəfindən Fulbrayt qrantı çərçivəsində ABŞ-da, NASA Jet Propulsion Laboratory (JPL) ilə əməkdaşlıq mühitində (Eric Fielding, F.Qədirov) həyata keçirilmiş tədqiqat işidir. Bu araşdırma zamanı 2023-cü ilin fevralında baş vermiş Kahramanmaraş zəlzələlərinin (M7.8 / M7.6) təqribən 1100 km məsafədə yerləşən Azərbaycan ərazisində yer səthinin deformasiya proseslərinə və palçıq vulkanlarının fəallaşmasına təsiri ilk dəfə çoxsensorlu peyk məlumatları əsasında hərtərəfli şəkildə təhlil edilib.
Əldə olunan nəticələr göstərir ki, zəlzələ zamanı litosfer boyunca yayılan dinamik deformasiya dalğaları Azərbaycanın cənub-şərqində yerləşən, tektonik baxımdan həssas, lakin nisbətən sakit qırılmalar boyunca gözlənilməz aktivləşməyə və bir sıra palçıq vulkanlarının fəallaşmasına səbəb olub. Bu fakt region üçün uzaq sahədə dinamik tətiklənmənin peyk texnologiyaları vasitəsilə elmi şəkildə təsdiqləndiyi ilk nümunə olmaqla yanaşı, Azərbaycanın geodinamik təhlükələrinin qiymətləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Tədqiqat, həmçinin qlobal miqyasda böyük zəlzələlərin uzaq məsafələrdə yaratdığı təsirlərin peyk müşahidələri vasitəsilə öyrənilməsi istiqamətində yeni elmi yanaşma təqdim edərək beynəlxalq elmi ictimaiyyət üçün də dəyərli töhfə kimi qiymətləndirilir.
Mühüm tədqiqat işlərimizdən biri çoxillik peyk müşahidələri əsasında Qarabağ regionunun, xüsusən də Zəngilan rayonunun monitorinqinə həsr olunub. Bu araşdırmada 32 illik dövr ərzində torpaqdan istifadə və torpaq örtüyündə baş verən dəyişikliklər çoxsensorlu peyk məlumatları vasitəsilə təhlil edilib. Tədqiqatın nəticələri göstərib ki, işğal dövründə genişmiqyaslı meşə qırılmaları, kənd təsərrüfatının tamamilə zəifləməsi, torpaqların şoranlaşmasının sürətlənməsi və ümumi torpaq deqradasiyası baş verib. Azad edildikdən sonra isə ərazidə ilkin müsbət dəyişikliklərin müşahidə olunması bərpa prosesinin başlandığını təsdiqləyir.
Bu tədqiqat Zəngilan rayonunda landşaft dəyişikliyinin ilk dəfə çoxsensorlu və uzunmüddətli peyk məlumatları əsasında sistemli şəkildə qiymətləndirilməsi baxımından böyük elmi və praktiki əhəmiyyətə malikdir. Araşdırma nəticələri regionun bərpası, davamlı torpaq idarəçiliyi və gələcək ekoloji monitorinqlər üçün etibarlı baza məlumatı formalaşdırır.
Ümumiyyətlə, Azərbaycanda elmin inkişafının başlıca istiqamətlərindən biri dünya elminə geniş inteqrasiyadır. Bu məqsədlə elmi müəssisələrimizin və universitetlərimizin yüksək reytinqli xarici universitetlərlə birgə tədqiqat əməkdaşlıqları qurması xüsusi önəm daşıyır və ölkənin elmi potensialının yüksəldilməsinə ciddi töhfə verir.
– Geologiya və Geofizika İnstitutunun son dövrlərdə hansı uğurlu beynəlxalq əməkdaşlıq əlaqələrini qeyd edə bilərsiniz?
–ETN Geologiya və Geofizika İnstitutu 1998-ci ildən etibarən dünyanın aparıcı elmi tədqiqat mərkəzlərindən biri olan ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MIT) ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq Azərbaycanın milli GPS şəbəkəsi yaradılıb. Hazırda bu şəbəkəyə 30-a yaxın GPS ölçü məntəqəsi və 8 daimi stansiya daxildir. Bu infrastruktur vasitəsilə artıq 27 ildir ki, ölkə ərazisinin müasir geodinamik vəziyyətinin davamlı müşahidəsi və təhlili aparılır.
Qeyd etməliyəm ki, MIT ilə əməkdaşlığın nəticəsi olaraq Azərbaycan alimləri “Şərqi Aralıq dənizi və Qafqazın aktiv geodinamikası” adlı, 24 ölkənin aparıcı elmi mərkəzlərini birləşdirən beynəlxalq konsorsiuma qoşulublar. Bu platforma genişmiqyaslı müasir geodinamik tədqiqatların həyata keçirilməsi üçün unikal imkan yaradır.
Aparılan elmi tədqiqatların nəticələri mütəmadi olaraq beynəlxalq elmi seminarlarda təqdim edilir və yüksək impakt faktorlu jurnallarda dərc olunur. Xüsusilə 2006-cı ildə nəşr olunmuş ilkin nəticələrə dünyada 3000-ə yaxın elmi iş tərəfindən istinad edilməsi bu tədqiqatların yüksək elmi dəyərini və beynəlxalq miqyasda qəbulunu göstərir.
2011-ci ildən etibarən Yaponiyanın Naqoya Universitetinin Zəlzələ və Vulkanların Tədqiqi Mərkəzi ilə əməkdaşlıq edirik. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan və ümumilikdə Qafqaz regionunda yer qabığı deformasiyalarının öyrənilməsi, onların seysmikliklə qarşılıqlı əlaqəsinin araşdırılması istiqamətində kompleks tədqiqatlar aparılır.
2025-ci ildə İtaliyanın Milan-Bikokka Universiteti və İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu ilə birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Bu əməkdaşlıq çərçivəsində Qafqaz regionunda yer qabığında mövcud olan aktiv qırılmaların müəyyən edilməsi, tarixi zəlzələlərin tədqiqi, müasir seysmik hadisələrin təhlükə və risk qiymətləndirilməsi, həmçinin yer qabığının kinematikası və blok quruluşunun öyrənilməsi istiqamətində geniş tədqiqatlar aparılır. Bu məqsədlə GPS, InSAR, kosmik qravimetriya və digər müasir geodinamik metodlardan kompleks şəkildə istifadə olunur.
Onu da vurğulayım ki, müasir dövrdə elmi tədqiqatlarımızın dünya elminin tələblərinə və yeni çağırışlara cavab verə bilməsi üçün maddi-texniki bazanın təkmilləşdirilməsi ilə yanaşı, beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi zəruridir. Bu prosesdə xüsusilə kadr hazırlığı, gənc tədqiqatçıların və mütəxəssislərin yetişdirilməsi məsələləri mühüm əhəmiyyət daşıyır. Çünki müasir elmi nəticələrə nail olmağın əsas şərtlərindən biri də elmi məktəblərin davamlılığını təmin edən yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 09 Dekabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















