Icma.az
close
up
RU
“Nərimanovçuluğ”un yurdsevər mahiyyəti və faciəsi sonluğu

“Nərimanovçuluğ”un yurdsevər mahiyyəti və faciəsi sonluğu

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Siyasət girdabına düşmüş doktorun daşnak tör-töküntüsü ilə barışmaz mübarizəsi

Görkəmli ictimai-siyasi xadim, tarixdə 70 il mövcud olmuş Sovet Azərbaycanının ilk lideri, milli maraqlar uğrunda ardıcıl mübariz, maarifçi ədib və humanist kəkim Nəriman Nərimanovun anadan olmasından 155 il keçir. Onun həyat və fəaliyyətinin ən çətin, mürəkkəb və faciəli dövrü bolşevik işğalından sonra Azərbaycanda kommunist cildinə girmiş daşnak tör-töküntü və Kreml diktaturası ilə kəskin qarşıdurmada keçmişdir. Bu mübarizə yurdsevər soydaşımıza həyatı bahasına başa gəlmişdir.

1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra respublikada real hakimiyyət Rusiya bolşevik partiyasının tərkib hissəsi olan AK(b)P Mərkəzi Komitəsinin əlində cəmləşmişdi. Bu orqanın tərkibində ədib və doktor Nəriman Nərimanovun başçılıq etdiyi Azərbaycan kommunistləri gürcü-erməni çoxluğuna nisbətdə azlıq təşkil edirdi.

Belə bir vəziyyətin yaranması Moskvanın yerli müsəlman kadrlarına müəyyən inamsızlığının nəticəsi idi. Bu fakt Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri N. Solovyovun 1920-ci ildə sovet lideri V. Leninə ünvanladığı “Çevrilişdən sonra iki ay (may-iyun) ərzində Azərbaycanda siyasətimiz” adlı məktubunda xüsusilə qeyd olunurdu. O, Azərbaycan İnqilab Komitəsinin azərbaycanlılardan ibarət olduğunu müsbət qiymətləndirərək, eyni zamanda, qeyd edirdi ki, “heç kimə sirr deyil ki, rəhbər rol gürcü-erməni qrupu üstün olduğu AzKP MK-yə məxsusdur”.

Milli işlər komissarı İ.Stalin N.Solovyovun məktubu ilə tanış olduqdan sonra 17 sentyabr 1920-ci ildə V. Leninə qaytararaq belə bir qeyd etmişdir: “Məncə, ümumiyyətlə, düzdür. Bir çox səbəblərə görə gürcülər və ermənilər açıq-aydın iyrənc oldular (mən işçilərdən danışıram), onları başqa millətlərin işçiləri ilə əvəz etmək lazımdır və sonunculara tatarların (azərbaycanlıların-İ.N.) təkcə maraqlarına deyil, həm də adətlərinə diqqətli olmaq haqqında direktiv vermək lazımdır”.

Azərbaycan SSR-də sovet hakimiyyətinin ilk illəri siyasi kursun daimi axtarışı və dəqiqləşdirilməsi ilə xarakterizə olunurdu. Respublikanın gələcək inkişaf yollarının seçilməsi ilə bağlı partiya rəhbərliyində davamlı qarşıdurmalar şəraitində köklü dəyişikliklər aparılmışdı. Nəticədə, siyasi rəhbərlikdə “sol” və “sağ” kommunistlərin iki qanadı meydana gəlmişdi.

N.Nərimanovun rəhbərlik etdiyi bir qrup kommunist hesab edirdi ki, respublikaya nisbətən geniş hüquqlar verilməlidir, dəyişikliklər həyata keçirilərkən yerli şərait, milli adət-ənənələr, dil və dini xüsusiyyətlər nəzərə alınmalı, respublikaya rəhbərliyi yerli millətdən olan kommunistlər həyata keçirməlidirlər. S. Sərkis, A. Mikoyan və digər “solçular”ın nümayəndələri daxili siyasətdə yeganə düzgün yolu sinfi düşmənlərə qarşı amansız mübarizədə, Rusiyada tətbiq olunan təcrübə və modelə uyğun “hərbi kommunizm” siyasətinin tətbiqində görürdülər.

Bu qruplaşmalar arasındakı aramsız mübahisələr, onun mərkəzində olan və inadkar “Qoca” adlandırılan Nərimanovun qəbul edilməməsi İ.Stalin və Q. Orconikidzenin səbr kasasını doldurmuşdu. Bundan əvvəl – 16 avqust 1919-cu ildə Sovet Rusiyasının Xalq Xarici işlər komissarı G.Çiçerinə ünvanladığı teleqramda İ. Stalin N. Nərimanovu geniş siyasi perspektivi olmayan “dekorasiya” adlandırmışdı. Hələ Azərbaycanın sovetləşməsi ərəfəsində israrla Moskvadan N. Nərimanovun Bakıya göndərilməsini xahiş edən Q. Orconikidze isə 20 sentyabr 1920-ci ildə RSFSR Xalq Komissarları Sovetinin sədri V. Leninə teleqramda açıq şəkildə yazırdı: “Qoca heç nəyə yaramır ...o, zibildir”.

N.Nərimanovun xalq arasında nüfuzu isə kifayət qədər böyük idi. Amma tezliklə onun Azərbaycandan təcrid olunması üçün rahat forma tapılmışdı. 1922-ci ilin yanvarında RK (b)K Mərkəzi Komitəsinin Siyasi Bürosu N. Nərimanovu Cənubi Qafqaz respublikalarının digər hökumət başçıları ilə birlikdə diplomatik danışıqlara təsir göstərməyəcəkləri və bəzən ümumiyyətlə, iştirak etməyəcəkləri Genuya konfransına gedən Sovet nümayəndə heyətinin tərkibinə daxil etdilər. Genuyadan qayıtdıqdan sonra N. Nərimanov Tiflisdə daimi iştirakını tələb edən ZSFSR Şurası Rəyasət Heyətinin üç sədrindən biri təyin edildi.

1923-cü ilin yanvarında RK (b)K Mərkəzi Komitəsinin Siyasi Bürosu N. Nərimanovu Tiflisdən geri çağırdı və Moskvada ali vəzifə vermək adı altında onu ən yüksək, lakin sovet standartlarına görə heç bir nüfuzu olmayan dövlət vəzifəsinə - Cənubi Qafqaz respublikalarını təmsil edən SSRİ MİK-nin həmsədri vəzifəsinə təyin etdi. Belə yerdəyişmələrlə Moskva N.Nərimanovu Azərbaycandan təcrid etməyə və onun Vətənə bağlayan bütün əlaqələrini qırmağa çalışırdı.

Lakin bunu başa düşən N. Nərimanov 1923-cü ilin iyun ayından etibarən RK (b)P Mərkəzi Komitəsinə gizli sənəd kimi Stalinin və surətləri L. D. Trotski və K. B. Radekin ünvanına məruzə göndərdi. Daha sonra – 24 dekabr 1923-cü ildə və 27 may 1924-cü ildə N. Nərimanov həmin məruzəyə daha iki yazı əlavə etdi. Görünür, məktubun əlyazması 1923-cü ilin aprel və ya may aylarında tərtib edilmişdir. Çünki həmin vaxt həbs olunmuş Rusiya türk kommunistlərinin liderlərindən biri olan Mirsəid Sultan-Qəliyevin dindirilməsi ilə bağlı istintaq sənədlərindən məlum olur ki, Nərimanovun məktubu artıq bir neçə həftədir müsəlman milli kommunistlər arasında dolaşırdı.

Nərimanovun məruzə forması daşıyan məktublarında bolşevik hakimiyyətinin partiya-dövlət və xarici siyasət münasibətləri məsələlərinə geniş yer verilmişdir. Məktublarda N.Nərimanov Azərbaycanda milli-dövlət quruculuğu və yerli şəraitin xüsusiyyətləri, ali partiya-dövlət orqanlarında kadr siyasəti, fəhlə-kəndli münasibətləri, milli münasibətlərdə əyintilər və s. kimi mühüm məsələlər barədə öz fikrini bildirmişdi. Məktublar yüksək emosional yükə malik idi, bu da onların məzmununda ardıcıllığın pozulması, fərdi mühakimələrin parçalanmasına səbəb olmuşdu.

Eyni zamanda, Nərimanovun məruzəsi partiya polemikası ilə zəngindir və 1920-ci illərin əvvəllərində Azərbaycan SSR-də partiyadaxili mübarizənin bütün kəskinliyini bizə çatdırır. Ola bilsin ki, N. Nərimanovun məruzəsində baş verən hadisələr və onlarda iştirak edən insanlar, Azərbaycanın ayrı-ayrı partiya rəhbərlərinin fəaliyyəti haqqında bir çox fikirləri subyektiv xarakter daşıyır və onun müəllifinin iddialılığı, partiya-dövlət rəhbərliyində mübahisə və şəxsi düşmənçilik mühiti yaratmağa çalışdığı təəssüratı yaradır. Lakin məruzədə bir çox acı həqiqətlər var ki, bu da, ilk növbədə, hakimiyyət sahibi olan, Azərbaycan xalqının hüquqlarını kobudcasına tapdalayan şəxslərin hərəkətlərinə və davranışlarına qarşı yönəldilmişdi.

N.Nərimanovun məruzəsində əsas tənqid obyektlərindən biri XX əsrin 20-ci illərində AK (b) P Bakı Komitəsinə ardıcıl olaraq rəhbərlik etmiş erməni kommunistləri – Anastas Mikoyan, Sərkis Sərkisov (Danilyan) və Levon Mirzəyan olmuşdular. Onların fəaliyyətinin ümumi xarakteristikasını verən Nərimanov, ilk növbədə, bu üçlüyün milli məsələnin həllində buraxdığı kobud səhvləri qeyd etmişdir. Onları Azərbaycanda kommunizm bayrağı altında daşnak siyasəti aparmaqda ittiham edən N. Nərimanov çevrilişdən 2,5 il sonra Mikoyan, Sərkisov və Mirzəyanın rəhbərlik etdikləri BK-nın işini yoxlamağa çağırırdı.

Hələ 1919-cu ilin fevralında N. Nərimanov yazırdı: “Daşnaklar otuz illik siyasi fəaliyyətlərində hər kəsə göstəriblər ki, “Böyük Ermənistan” arzularını həyata keçirmək üçün istənilən rəngi qəbul etməyə və istənilən maska taxmağa hazırdırlar. Əgər indi Qafqazda sovet sistemi qurulacaqsa, daşnaklar dərhal öz maskalarını dəyişəcəklər və bu dəfə kommunist olaraq yenidən Azərbaycanın başında olacaqlar”.

Buna görə də N.Nərimanov Azərbaycan SSR-də işlədiyi ilk günlərdən ermənilərin məsul vəzifələrə təyin olunmasına qarşı çıxış edirdi ki, 1918-ci ildə Azərbaycan ərazisində tam hakimiyyətə can atan S. Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin erməni bolşevik-daşnak birliyinin Azərbaycan əhalisinə qarşı törətdiyi soyqırımı təkrarlanmasın. Cənubi Qafqazın keçmişi, müsəlmanların yığıncaqlarında dəfələrlə edilən müraciətlər N. Nərimanovu bu nəticəyə gəlməyə məcbur etmişdir. Lakin N.Nərimanov yazdığı kimi, İ.Stalin və Q. Orconikidze Azərbaycan kommunistlərinə güvənmədən Azərbaycanın taleyini ermənilərə tapşırmışdılar.

Bolşeviklər Rusiyada hakimiyyətə gəldikdən sonra, Kreml liderləri Bakının və onun neft rayonunu Sovet Rusiyasının ərazisi elan etmişdilər. Azərbaycanın sovetləşməsinin ilk günlərindən Moskva əsasən qeyri-azərbaycanlılardan ibarət olan Bakı partiya təşkilatını özünün Azərbaycanda əsas dayağı hesab edirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə isə Bakıdan kənarda rəhbər orqan rolu ayrılmışdı. Eyni səbəbdən qeyd etmək olar ki, Azərbaycan Kommunist Partiyasının Bakı komitəsinin katibi vəzifəsini 1933-cü ilə qədər qeyri-azərbaycanlılar tuturdu.

N.Nərimanov Azərbaycanda sovet quruculuğunun nəticələri barədə 15 sentyabr 1921-ci il tarixli V. Leninə ünvanladığı məktubda qeyd edirdi ki, müsəlman kommunistlərin əksəriyyəti inqilabi dövrdə vaxtlarının çox hissəsini qəzalara (fəhlələri kəndlilərlə əlaqələndirmək üçün) sərf etdikləri üçün “Bakının fəhlə rayonları 1919-cu ilə qədər bizim üçün düşmən olan partiyaların sıralarında olan gənc kommunistlərin əlində idi”. N. Nərimanovun daha sonra qeyd etdiyi kimi, “bu şəxslər hadisələrin gedişatını yaxşı nəzərə aldılar və Müsavat hökumətinin dağılması və Bakıda Sovet hakimiyyətinin bərpası onlara aydın oldu. Nə etməli idilər? Cildlərini dəyişərək, gizli təşkilatımıza daxil oldular ki, Bakıda çevrilişdən sonra məlum rol oynasınlar”.

N.Nərimanov Mikoyanı da belə kommunistlərə aid edirdi: “O, bilirdi ki, mənim Azərbaycanda necə nüfuzum vardır. Çevriliş baş verdikdən sonra, bu asan hiss olunmağa başladı, həm də Mikoyan dedi: “Biz Nərimanovu İnqilab Komitəsinin sədri seçərik və onu elə mühasirəyə alarıq ki, o çox da öz nüfuzundan istifadə edə bilməsin... Nərimanovun təsirindən qorxmamalıyıq, çünki fəhlələr bizim əlimizdə olacaq, o isə görüntü üçün lazım olacaq”.

Nərimanovun yazdığı kimi, bu məqsədlə Bakı komitəsinin katibi olan “Mikoyan Bakı Komitəsinin şəxsində müxalifət yaradır ki, mənim fəaliyyətim millətçi təmayül olmasın”. Mikoyanın daşnak keçmişinə işarə edən N. Nərimanov onu 1918-ci il hadisələrinin səhvlərini təkrarlamaqda günahlandırırdı. Mikoyanın özü də 1918-ci ilin martında Bakı Sovetinin hərbi dəstələrinin tərkibində Bakıda müsəlman əhalisinin soyqırımında iştirakı faktını gizlətmirdi.

Bu qarşıdurmada N.Nərimanov və A.Mikoyan müxtəlif düşərgələrdə dayanırdılar. Fəhlələrin rəğbətini qazanmaq üçün Mikoyan böyük və kiçik burjuaziyaya ayrılmadan tam müsadirənin tərəfdarı idi. N.Nərimanov 1920-ci ilin sentyabrında B.Şahtaxtinskiyə yazırdı ki, bunun üçün “evlərə girmək, müsəlman qadınların paltarında brilyant axtarmaq, müsəlman qadınların qulaqlarından sırğaları qoparmaq lazım idi”.

N.Nərimanov yazırdı: “Maraqlı burasıdır ki, Mikoyandan sonra Sərkis nəyin bahasına olursa-olsun, BEKA-nın katibi olmaq istəyir, o, istədiyinə nail olub Mikoyanın xəttini davam etdirir”. 1920-ci ilin sentyabrında Mərkəz Mikoyanı geri çağırdı, lakin özündən sonra N. Nərimanovun yazdığı kimi, “yalnız cinayət demaqogiyası” hesabına irəli sürülən “Eçmiədzin daşnak seminariyasının şagirdi” adlandırdığı Sərkisi varis qoydu.

Bakı Komitəsinin kadr siyasətini tənqid edən N. Nərimanov Sərkisi günahlandırırdı ki, müsəlman fəhlələri rus və erməni fəhlələri kimi dövlət quruculuğunda iştirak etmirdilər. 1921-ci ilin sentyabrında V. Leninə yazdığı məktubda N. Nərimanov qeyd edirdi ki, müsəlman fəhlələr deyirlər “niyə bizi partiyadan çıxardılar və bizim yerimizə gənc, dünənki sosialist-inqilabçıları və möhtəkirləri, yəhudiləri və erməniləri oturdurlar. Lakin Sərkis bu işi susdurdu”.

AK(b)P-nin II qurultayında (16-23 oktyabr 1920) çıxış edən N.Nərimanov burjuaziyaya qarşı müsadirə aparılarkən müsəlman əhalinin adətlərinin və psixologiyasının nəzərə alınmasını təklif edirdi. Kişilərin kostyumlarını, qadınların zinət əşyalarını və hətta alt paltarlarını müsadirəsini tələb edən radikal düşüncəli yoldaşları tənqid etdi.

N.Nərimanovun yazdığı kimi: “Bütün bunlara göz yummaq olmazdı, təftiş təyin edildi. Nəticədə şeylərin düzgün bölüşdürülməməsi, təşkilatçıların hər şeydən qabaq özlərini yaddan çıxarmaması, əsas ilhamverici yol. Sərkisin himayədarlığı altında şeylərin itməsi və i.a. haqqında bir cild iş tərtib edilmiş oldu”. Sərkisi Bakı komitəsi rəhbərliyindən uzaqlaşdırmaq üçün N.Nərimanov ona kommunistlərə ehtiyacı olan Ermənistana getməyi təklif etdi, lakin bu rədd edildi.

Moskvada Sərkisin Azərbaycandan qəti şəkildə geri çağırılması məsələsinin həlli üçün N.Nərimanov 21 fevral 1921-ci il tarixli məktubunda Azərbaycan SSR-in Sovet Rusiyasındakı səlahiyyətli nümayəndəsi B. Şahtaxtinskiyə də müraciət etmişdir. Lakin Stalinin himayəsi sayəsində Sərkis 1921-ci il iyun ayının ortalarına qədər BK katibi vəzifəsinə qayıtmağı bacardı. N. Nərimanov 1921-ci ilin sentyabrında V. Leninə yazırdı: “Azərbaycanda mövcud vəziyyət 18-ci il hadisələrinə gətirib çıxarda bilər".

Nəhayət, Sərkisi onun həmyerlisi şuşalı erməni L.Mirzəyan əvəz edir. 1922-ci ilin yanvarında L.Mirzəyan AK(b)P BK-nın katibi, 1926-cı ilin yanvarında AK(b)P MK-nın katibi (A.Qarayev və Q.Ağaverdiyevlə birlikdə-İ. N.) seçilir və bu vəzifəni 1929-cu ilin iyuluna qədər tutur. Mirzəyanın siyasi tərcümeyi-halında, Mikoyanda olduğu kimi, kifayət qədər qaranlıq səhifələr tapa bilərik.

Mirzəyanın işinin daxili məzmunu Sərkisin işindən heç də fərqlənmirdi. N.Nərimanov bu barədə yazırdı: “Azərbaycanın taleyini maneəsiz müəyyən edən mirzəyanlar Azərbaycanın düşmənlərinə təxribat üçün ən zəngin qida verir. Həqiqətən, görəsən hal-hazırda Azərbaycanda Azərbaycanı təmsil edən partiya vardırmı. Mən təsdiq edirəm: belə bir partiya yoxdur və mirzoyanlar öz iyrənc siyasətlərindən, Azərbaycanı simasızlaşdırmaq siyasətindən əl çəkməyənə qədər də olmayacaqdır”.

N.Nərimanov daha sonra yazır: “Dağlıq Qarabağ Mirzəyanın güclü təsiri altında Muxtar Vilayət elan edilmişdir. Mənim vaxtımda bu mümkün olmamışdı”. N. Nərimanov xəbərdarlıq etmişdi ki, Dağlıq Qarabağ Ermənistana verildiyi halda Azərbaycan SSR hökumətinin başçısı vəzifəsindən istefa edəcək. N. Nərimanovun qəti mövqeyi 5 iyul 1921-ci il tarixli RK(b)P Mərkəzi Komitəsinin Qafqaz Bürosu Plenumunun qərarının qəbul edilməsində, yəni Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibində qalmasında həlledici oldu. Dağlıq Qarabağın muxtariyyəti məsələsinin yekun həlli Nərimanov artıq Azərbaycandan getdikdən sonra, 1923-cü ildə baş verdi.

N.Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı məruzəsi SSRİ-nin ali rəhbərliyində əsl partlayışa səbəb oldu. Azərbaycanlıların sıxışdırılması, müsəlman fəhlələrin səbəbsiz olaraq partiyadan kənarlaşdırılması, Azərbaycanın müstəqilliyinin əlindən alınması, Azərbaycan neftinə sovet Rusiyasının tam sahiblik etməsi, Q.Orconikidzenin “canişinlik” siyasəti, hakimiyyətin süngü gücünə saxlandığı kimi məsələlərə düşmən qüvvələr öz etirazlarını bildirmişdilər. Müzakirə zamanı N.Nərimanovun ittiham etdiyi şəxslər onu millətçilikdə, müsavatçıları ətrafına toplamaqda, hətta mahiyyətcə müsavatçı olmaqda günahlandırırdılar.

RK (b)P Mərkəzi Nəzarət Komissiyasının yoxlamasından sonra partiya dilində milli sapınçılığı ifadə edən uzun siyahıda yenisi – “nərimanovçuluq” ifadəsi ortaya çıxmışdır. Bu ifadə uzun illər ərzində milli nomenklatura kadrları üzərində “Damokl qılıncı” kimi asılaraq, mərkəzi rəhbərlikdə onların siyasi sadiqliyinə şübhənin və inamsızlığın olduğunu ifadə edirdi.

Artıq milliyyətçilik mənasını daşıyan “nərimanovçuluq” ifadəsi, daha sonra, 1930-cu illərin “Böyük terroru” illərində Azərbaycanın partiya və dövlət rəhbərlərinə qarşı məhkəmə ittihamlarında istifadə edilmişdi. Vəziyyətin faciəsi onda idi ki, hətta Nərimanovun yerli əleyhdarları da həmin proseslər zamanı bu cür ittihamların qurbanına çevrilmişdilər.

İlqar NİFTƏLİYEV,
AMEA Tarix və Etnologiya İnstitutunun direktor müavini, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see184

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see137

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see129

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see127

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see125

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see123

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see122

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see122

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see119

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see119

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see118

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see118

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see118

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see114

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see114

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see112

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see111

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri