Icma.az
close
up
RU
Nərminə Abdolova: Söhbət insanların və planetin gələcəyindən gedirsə, biz şüurlu seçim etməyə borcluyuq MÜSAHİBƏ

Nərminə Abdolova: Söhbət insanların və planetin gələcəyindən gedirsə, biz şüurlu seçim etməyə borcluyuq MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Stokholm, 22 aprel, Nərgiz Cəfərli, AZƏRTAC

Bütün dünyada gənc və istedadlı azərbaycanlıların adları getdikcə daha çox tanınır; xaricdə yaşayan bu soydaşlarımız təkcə ilham mənbəyi deyil, həm də peşəkarlıq və bu dünyanı daha yaxşı bir yerə çevirmək üçün səmimi səylərin örnəyidirlər. Belə şəxsiyyətlərdən biri də Nərminə Abdolovadır. Onun həyat hekayəsi uşaqlıqda ədalət məsələlərinə olan maraqdan davamlı innovasiya və qadın sahibkarlığında şüurlu liderliyə doğru aparan yoldan ibarətdir. Bu gün Nərminə “Eco8” şirkətinə rəhbərlik edir.

O, AZƏRTAC-a müsahibəsində şəxsi missiyası və harada yaşamasından asılı olmayaraq, öz kökləri ilə əlaqəni qoruyub saxlamaq barədə düşüncələrini bölüşüb.

- Nərminə, siz İsveçin “Eco8” innovasiya şirkətinin təsisçisi və baş direktorusunuz. Zəhmət olmasa, şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verərdiniz.

- “Eco8” mikroplastiklər və qazıntı xammallardan tamamilə təmizlənmiş müasir ekoloji cəhətdən təmiz qablaşdırma həlləri təklif edir. Kənd təsərrüfatı tullantıları, yeyilməz bitkilər və nişasta kimi bərpaolunan xammaldan hazırlanmış bu innovativ qablaşdırma həlləri yüksək möhkəmliyi və etibarlılığı qorumaqla yanaşı, ənənəvi plastiklə müqayisədə karbon emissiyalarını 92 faizə qədər azaldır. Bu, təkcə ətraf mühiti qoruyan deyil, həm də qadınların sağlamlığını və ümumi rifahını möhkəmləndirən bir məhsuldur. Qablaşdırma 180 gün ərzində kompostlaşma prosesi ilə 99,8 faiz zərərsiz komponentlərə parçalanır. “Eco8”in qablaşdırma və birdəfəlik istifadə olunan məhsulları “TUV Austria” məhsulun təhlükəsizliyinə nəzarət təşkilatı tərəfindən sertifikatlaşdırılıb və sınaqdan keçirilib, Aİ standartlarına uyğundur.

Qazıntı xammalı komponentləri olmayan qablaşdırma bir çox insanın düşündüyündən daha vacib bir məsələdir. Adi plastik istehsalı üçün məhsulun çəkisindən demək olar ki, iki dəfə çox neft tələb olunur və onun insanlara, heyvanlara və ekosistemlərə zərəri göz qabağındadır. Söhbət, həmçinin təbii ehtiyatlardan məsuliyyətli və müdrik istifadədən gedir. “Eco8” həlləri kimi davamlı və innovativ alternativlərimiz olduqda, biz şüurlu seçimlər etməyə borcluyuq. Son nəticədə, söhbət həm insanların, həm də planetin tərəqqi edə biləcəyi bir gələcək qurmaqdan gedir.

Qeyd etmək istərdim ki, işim bu yaxınlarda Stokholmda keçirilən “Women in Business” biznes-mükafatında tanınıb və orada finalçılar sırasına daxil oldum.

- Siz həm də “Plaza Kvinna” jurnalının (“kvinna” İsveç dilində “qadın” deməkdir) menecer tərəfdaşısınız. İndicə dediyiniz kimi, siz “Women in Business” mükafatının finalçısısınız. Qablaşdırmadan danışarkən, qadın sağlamlığı mövzusunu xüsusilə qeyd etdiniz. Burada feminizm ruhu var...

- Bəli, düzgün qeyd etdiniz. Siyasi elm və dövlət idarəçiliyi üzrə təhsil aldığım Linçyöpinq Universitetində oxuyarkən “Nordea” bankında işlədim və orada iqtisadiyyat, əmanət və mülkiyyət hüquqları sahəsində biliklər əldə etdim. Məhz orada mən kişilər və qadınlar arasındakı iqtisadi bərabərsizliyin – əməkhaqqı fərqindən tutmuş əmlaka, miras, karyera imkanlarına və boşanma zamanı hüquqi müdafiəyə qeyri-bərabər çıxışa qədər fərqləri kəskin surətdə anladım.

Təhsilimi başa vuraraq Stokholma qayıtdıqdan sonra həm ictimai həyatda, həm də peşəkar sahədə qadınların hüquqlarının və səlahiyyətlərinin artırılması ilə daha dərindən məşğul oldum. Maneələrə baxmayaraq, cəsarətlə öz arzularının arxasınca gedən qadınlardan ilham aldım. Bu müsbət dəyişikliklərə töhfə vermək istədiyimi başa düşdüm.

“Mäktiga Kvinnor” (“Nüfuzlu qadınlar”) podkastı belə yarandı. Mən İsveçdə və xaricdə yaşayan həm isveçli, həm də əcnəbiəsilli tanınmış qadınlardan: sahibkarlar, siyasətçilər, biznes liderləri və ictimai xadimlərdən müsahibələr aldım. Onlar uğura aparan yolda öz təcrübələrini bölüşüblər.

Podkast dinləyicilərinin sayı bütün gözləntilərimi üstələdi və bir neçə ay ərzində o, İsveçdə ilk onluğa daxil oldu. Zaman keçdikcə, bu layihə böyüdü və sadəcə bir media platformasından daha çox məzmun kəsb etdi. Qadınlar üçün ruhlandırıcı mühazirələr dinləyə biləcəkləri tədbirlər təşkil etməyə başladıq. Mən nəsillər və mədəniyyətlər arasında körpü qurmaq məqsədi ilə mütəxəssisləri və onların yetirmələrini birləşdirən mentorluq proqramına başladım. Paralel olaraq, məsləhətçi və kreativ mütəxəssis qismində tanınmış şirkətlərlə əməkdaşlıq etdim, xüsusilə kişilərin ənənəvi olaraq üstünlük təşkil etdiyi sahələrdə və sənayelərdə strateji marketinq və brend inkişafı da daxil olmaqla, qadın auditoriya ilə effektiv dialoqun qurulmasına kömək etdim.

Mənim fəaliyyətim beynəlxalq səviyyədə də diqqət çəkib. Mən İsveçi “Dubay - Expo 2020”da “Connecting Minds, Creating the Future” (“Ağılları birləşdirir, gələcək yaradırıq”) devizi altında Ümumdünya sərgisində təmsil etmək şərəfinə nail oldum, burada dünyanın hər yerindən olan ölkələr qlobal problemlərin həllinə dair yanaşmaları, innovasiya və mədəniyyətləri paylaşırdı.

Məhz orada, “Expo” sərgisində mən bəşəriyyətin üzləşdiyi ekoloji problemlərin miqyasından təfsilatı ilə xəbərdar oldum. Elə oradaca dayanıqlı inkişaf mövzusuna maraq oyandı və “Eco8”in qurulması ideyası yarandı. Başa düşdüm ki, real dəyişiklik təkcə yenilik deyil, həm də cəsarət tələb edir. Davamlı qablaşdırma həlləri ətraf mühitə zərərli təsirləri azaltmaq üçün əsas vasitələrdən biri ola bilər.

- Yenidən “Eco8”dən söhbət düşmüşkən, şirkətlə işlər necə gedir? Məhsullarınızı sata bilirsinizmi?

- Bu gün “Eco8” şirkəti B2B (“business to business”) modeli üzrə fəaliyyət göstərir, sahibkarlara və şirkətlərə ekoloji təmiz qablaşdırma təmin edir. Tərəfdaşlar arasında qida tullantılarını azaltmaq üçün məhsulların endirimli qiymətlərlə satışı üzrə ixtisaslaşmış “Matsmart”, habelə ətriyyat və kosmetika təklif edən “Parfym” kimi onlayn mağazalar var.

Yeni məhsulun bazara çıxarılması təkcə satış deyil, hər şeydən əvvəl, maarifləndirmə prosesidir. Bizim nümunəmizdə bir çox insanın hələ də düşünmədiyi bir reallığa diqqət çəkməkdən danışırıq. Plastik bizi hər yerdə əhatə edir. Sadəcə ətrafa baxın və çox güman ki, tərkibində plastik olan ən azı on əşya tapacaqsınız.

Müasir araşdırmalar göstərir ki, adi insan gündəlik olaraq bir bank kartına bərabər miqdarda mikroplastik qəbul edir. Bu, artıq təkcə ekoloji təhlükə deyil, həm də ictimai sağlamlıq böhranıdır. Alimlər mikroplastika ilə bir sıra ciddi xəstəliklərin, o cümlədən xərçəngin inkişafı arasında əlaqəni aşkar ediblər.

Şirkətin qurulmasına sıfırdan başlamaq kənardan göründüyü qədər cazibədar deyil. Pərdə arxasında davamlı problemlər, çevik qərarlar və hər dəfə çətin vəziyyətlərdən çıxış yolu tapmaq ehtiyacı ilə dolu gündəlik reallıq dayanır. Sahibkar olmaq böhranların öhdəsindən gəlmək deməkdir: çatdırılma pozulduğu təqdirdə son anda saxlama yeri tapmaq, müştərinin ehtiyaclarını dəqiq başa düşmək, eləcə də ideyadan hazır məhsula qədər bütün logistika zəncirinə nəzarət etmək. İlkin mərhələdə, bir qayda olaraq, komandanı işə götürmək üçün kifayət qədər resurslar yoxdur və bir çox rolları birləşdirib, müstəqil şəkildə hər şeyin öhdəsindən özünüz gəlməlisiniz.

- Etnik isveçli olmadan İsveçdə uğur qazanmaq nə qədər çətindir? Sizcə, bu, İsveçdə karyera imkanlarına nə dərəcədə təsir edir?

- Yad əsilli insanlar çox vaxt iki dəfə çox işləməli olurlar. Niyə? İlk baxışda səbəb sadə görünsə də, əslində çox dərindir. Qərar verənlər arasında oxşar mənşəli insanlar az olduqda, mühüm rollar üçün təbii namizəd kimi görünmə ehtimalınız azalır.

Bir çox insanlar peşəkarlığı, mədəni keçmişi və ya xarici görünüşü ilə bağlı incə və bəzən açıq qərəzli mühakimələrlə üzləşirlər. Bu, insanı öz dəyərini dönə-dönə sübut etməyə məcbur edir.

Çox vaxt karyera imkanları qeyri-rəsmi olaraq yaranır. Yəni, belə demək mümkünsə, xarici kökləri olan qadınların çıxışı olmayan əlaqələr vasitəsilə. Bəlkə də ən çətini odur ki, onlar çox vaxt yaxşı olmaqdan daha çox mükəmməl görünməlidirlər. Onlar ciddi qəbul edilmək üçün qüsursuz olmalıdırlar.

- Şirkət rəhbərinin gündəlik həyatı necədir?

- Asudə vaxtlarımda mütaliə etməyi xoşlayıram, xüsusən də fəlsəfə, mənəvi təcrübələr və psixologiyaya aid kitabları. Psixologiya mənim qəlbimdə həmişə xüsusi yer tutub. Gələcəkdə, bəlkə də universitetdə onu daha dərindən öyrənmək istərdim. İnsan şüurunun, davranışının və duyğularının mürəkkəbliyi məni həqiqətən cəzb edir.

Biliklərə marağımla yanaşı, yaradıcı və aktiv tərəfim də var. Bu illər ərzində mən baçata və boksdan tutmuş rəssamlığa qədər çox şeyi sınamışam. Mənim üçün təkcə zehni deyil, həm də fiziki cəhətdən inkişaf etmək vacibdir. Hobbilərim həyatı bütün müxtəlifliyi ilə araşdırmaq istəyimin təbii davamıdır.

- Azərbaycan sizin üçün nə deməkdir?

- Tarixi vətəninizdən uzaqlarda böyümək və yaşamaq bütün ömrü boyu “ev” hissi axtarmaq deməkdir. Bu hiss ikili şəxsiyyəti olan bir çox insana tanışdır: sanki eyni anda həm evdə, həm də uzaqdasan. Hələ səkkiz yaşım olanda, ailəmlə İsveçə köçməyimizə və bütün yetkin həyatımı burada keçirməyimə baxmayaraq, doğma yurduma olan daxili həsrətim zaman keçdikcə, Azərbaycan mədəniyyətinə – onun poeziyasına, musiqisinə və adət-ənənələrinə həqiqi marağa çevrildi. Muğam - onun dərinliyi, səsi, ruhu məni xüsusilə cəlb etdi. Mən İmadəddin Nəsiminin və Alim Qasımovun yaradıcılığına ürəkdən heyranam. Tez-tez oxuduğum bir çox Azərbaycan mahnılarını əzbər bilirəm. Dünyanın ən yaxşı səsi məndə olmaya bilər (gülür), amma bütün qəlbimlə oxuyuram. Mən də əllərimlə stolun üstündə ənənəvi Azərbaycan ritmini döyməyi çox sevirəm – bunu atam öyrədib.

Evimizdə dil həmişə xüsusi məna kəsb edib. Kiçik bacımla mənim seçimimiz yox idi, biz uşaqlıqdan həm azərbaycanca, həm də rusca danışırdıq və zaman keçdikcə, İsveç və ingilis dillərini mükəmməl öyrəndik. Ailəmlə birlikdə həmişə bayramlarımızı - Novruz və Ramazan bayramlarını qeyd edirik. Hər il öz köklərimi daha dərindən tanımaq istəyi tədricən təbii, demək olar ki, ruhumun ayrılmaz bir hissəsinə çevrildi.

Ancaq köklərinizi tapmaq yalnız dil və ya ənənələrlə bağlı deyil. Bu, həm də uşaqlıq melodiyalarına, ailə zarafatlarına, oynadığımız oyunlara - nərd, lotoya daxili həvəsdir. Mədəniyyəti həqiqətən canlı edən o incə, görünməz vasitələrə olan həvəs. Həqiqətən də inanıram ki, genlərimizdə xatirələr var və bəzən onlar bizə evə gedən yolu göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri