Nigeriyalı Nikin Qarabağ sevgisi
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Artıq uzun illərdir Azərbaycanda yaşayan nigeriyalı Nik Nvolisanın “Mənim Qarabağa səfərim” (“My trip to Karabakh”) əsərini “TEAS Press” Nəşriyyatı 2025-ci ilin payızında ingilis dilində nəşr etməklə doğma Qarabağımıza bu dəfə də bir xarici vətəndaşın gözü ilə baxmağımıza imkan yaratmış oldu. Kitabın 30 oktyabr 2025-ci il tarixində “LIBRAFF” kitab evində Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin katibi Rəşad Məcidin rəhbərliyi ilə keçirilən təqdimatı haqlı olaraq ədəbi, ictimai-siyasi cəmiyyətimizin diqqət mərkəzinə çevrildi. Görkəmli yazıçılarımız, millət vəkillərimiz, tədqiqatçılarımız və jurnalistlərimiz Nikin kitabını yüksək dəyərləndirdilər, kitabın tezliklə Azərbaycan dilinə və digər dillərə tərcümə edilib yayılmasını arzuladılar.
İndi isə qısaca kitab haqqında. Müəllif kitabının cildində kitabın adının altında “Azərbaycan XXI əsr miqrantının gözü ilə” yazmaqla bütünlüklə ölkəmiz barəsində hiss və duyğularını səmimi təqdim edir. Kitabın ön sözündə qeyd edir ki, bu əsəri 2020-ci ilin əvvəllərində yazmağa başlamış, Qarabağ müharibəsindən sonra isə azad edilmiş bölgələrə səfər edib öz müşahidələri, görüşləri ilə tədqiqatını canlı təcrübə əsasında qurmağı hədəfləmişdir. Qərblilərin baxışlarından fərqli olaraq müəllif öz əsərində həm Azərbaycanın Qarabağ torpağında illərlə baş vermiş hadisələri, həm də mövcud reallığı və qarşıdakı perspektivləri əhatə edən mülahizə və təəssüratlarını maraqlı dildə ifadə edir, “Mən Füzulidən bu gözəl regiona daxil olan gündən Qarabağa aşiq oldum”, – deyir. O, belə füsunkar və zəngin təbiətə malik bölgənin ermənilər tərəfindən viranəyə çevrildiyinə təəssüf edir. Nik yazır: “Təkcə bu gözəl məkanın tezliklə bərpa edilməsini deyil, həm də əhalisinin başına gətirilənləri dünyanın bilməsini istədim, dünyaya, Qərbə bir afrikalı səsi ilə səslənmək istədim. İstədim ki, bilsinlər ki, bu, bir dini, islam-xristianlıq qarşıdurması deyil, bu torpaq, kimlik və qayıdış haqqı məsələsidir”.
Müəllif kitabını maraqlı bölmələrə ayırmışdır: Şuşa, Füzuli, Xocalı, Umud, Tərtər, Ağdam, “Qarabağ Azərbaycandır!” və Qələbə Günü. Bölmələrdən birinin Umud adlandırılması təsadüfi deyil, bu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təsisçisi və rəhbəri Umud Mirzəyevin Azərbaycan həqiqətlərini beynəlxalq təşkilatlara çatdırmaq, Qarabağı və Azərbaycanın haqlı davasını dünya ictimaiyyətinə və mediasına tanıtmaq və qəbul etdirmək yolunda illərlə çalışan bir Vətən oğlunun, qarabağlının taleyinin doğma torpaqlarla ayrılmaz bağlılığına işarədir. Nik sovet dövründə Umud Mirzəyevin jurnalist kimi çalışdığını, sonra isə yaşadığı Füzulinin Aşağı Əbdülrəhmanlı kəndini məcburi köçkün kimi tərk etməyə məcbur qaldığını xatırladır.
Umud Mirzəyevin Birinci Qarabağ müharibəsi zamanı – 1992-ci ildə təsis etdiyi BAMF-ın həm Qarabağ həqiqətlərinin dünyada tanıdılmasına, həm də məcburi köçkünlərlə əlaqədar bir sıra layihələrin həyata keçirilməsinə dəstək verdiyini, tanınmış xarici jurnalistlərin Qarabağ bölgəsinə səfərlərinin təşkil etdiyini, eyni zamanda, cəbhəboyu ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işində yaxından iştirak etdiyini geniş şərh edir. Mina qurbanlarının həyatını yüngülləşdirmək üçün dövlətə dəstək verən bu qeyri-hökumət təşkilatının fəaliyyətini yüksək qiymətləndirir. Qeyd edilməlidir ki, BAMF bizim regionun yeganə qeyri-hökumət təşkilatıdır ki, BMT-nin İqtisadi və Sosial Şurasının Əsas Məsləhətçi statusuna malikdir və BMT-nin Cenevrə, Nyu-York və Vyana nümayəndəliklərində keçirilən müvafiq iclaslarda iştirak etmək haqqına sahibdir.
Birinci Qarabağ müharibəsində yüzdən çox xarici jurnalistin ölkəmizə dəvət edilməsi faktı onu göstərir ki, bir neçə fəaliyyət istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə fəal dəstək verən BAMF hələ 2002-ci ildən etibarən mina təmizləmə əməliyyatlarında ANAMA ilə əməkdaşlıqda öz dəstəyini verməyə başlamışdı və bu fəaliyyət bu gün də davam edir. Umud Mirzəyevin mətbuata bildirdiyinə görə, bu günə qədər BAMF könüllüləri tərəfindən 16 min 274 hektar ərazinin 2118 piyada əleyhinə, 1841 tank əleyhinə minalardan, 17 min 869 partlamamış döyüş sursatlarından təmizlənməsi, eyni zamanda, mina qurbanlarına beynəlxalq təşkilatlarının dəstəyinin cəlb edilməsi bu qurumun səmərəli fəaliyyətindən xəbər verir.
Qeyd edilməlidir ki, Nikin 10 mart 2006-cı ildən – Azərbaycana gəldiyi gündən ölkəni, xüsusən Qarabağı öyrənməsi, BAMF-in prezidenti Umud Mirzəyevin yaxından dəstəyilə Xəzər Universitetində, sonra Bakı Slavyan Universitetində, ardınca ADA Universitetində təhsil alması onu bir qeyri-hökumət təşkilatı üzvü kimi inkişaf etdirmiş, dünyagörüşünü xeyli zənginləşdirmiş, get-gedə pənah gətirdiyi Azərbaycana bağlamışdır. İlk gündən BAMF tərəfindən himayə olunan və ictimai fəaliyyətə cəlb edilən, bununla əlaqədar qaçqın və köçkünlərin problemlərini öyrənməyə başlayan Nik bu illər ərzində təcrübəli təhsil, iqtisadiyyat və müdiriyyət üzrə qlobal iş təcrübəsi olan mütəxəssis kimi yetişmişdir.
BAMF prezidenti Umud Mirzəyevin xeyirxah və işgüzar münasibəti onu bir Qarabağ sevdalısına çevirmişdir. O, fəal iştirak etdiyi qeyri-hökumət təşkilatlarında Azərbaycanın qaçqın-köçkün problemini qaldırmış, bunu görməzlikdən gələn bir sıra beynəlxalq təşkilatları haqlı tənqid etmiş, BAMF-in beynəlxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində ABŞ-da, Pakistanda, Türkiyədə, Avropa qurumlarında etdiyi çıxışlarında o, Qarabağ münaqişəsinin bir dini münaqişə olmadığını, Ermənistanın aşkar təcavüzkarlıq etdiyini, etnik təmizləmə siyasəti həyata keçirdiyini, əraziləri minaladığını, minlərlə insanın həlak olmasına və ağır xəsarət almasına səbəb olduğunu vurğulamışdır. Nik yazır ki, Ermənistan Rusiyanın hərbi dəstəyilə Azərbaycan torpaqlarını işğal etmiş, çoxsaylı məcburi köçkünün Qarabağı tərk etməsinə səbəb olmuşdu. Azərbaycan öz əhalisinin məcburi köçkün sayına görə dünyada ən başda gələn ölkəyə çevrilmişdi.
Nik yazır ki, o, hələ 2007-ci ildə, azı 15 il əvvəl köçkün düşən adamlarla söhbətində onun şahidi olmuşdu ki, heç kim geri, doğma yurda dönəcəyinə inamını itirməmişdi və onu düşündürürdü ki, bu inamın mənbəyi nə idi? Sonralar bu sualın cavabı ona aydın olmuşdu – onların dövlətə və dövlət başçısına sarsılmaz inamı.
Əsərin “Füzuli” bölməsində keçmiş Qarabulağın Azərbaycanın böyük şairi Məhəmməd Füzulinin adı ilə adlandırılması, Araz boyunca yerləşən bu şəhərə 2007-ci ildən Nikin Umud Mirzəyevlə etdiyi səfərlər, orada köçkünlərlə əlaqədar görülən işlər maraqlı bir dildə təsvir edilir. O, yazır: “Azərbaycanın bu gözəl bölgəsinə daxil olduğum gündən Füzuliyə, Qarabağa aşiq oldum... indi də, az qala 20 il sonra məndən, haralı olduğumu soruşanlara “Füzulidənəm”, - deyirəm. Bəlkə də, buna haqlıyam, həyat yoldaşım Lalə ilə də orada tanış olmuşam”.
Qeyd etmək lazımdır ki, ölkəsindəki radikal dini cərəyanlardan və tez-tez törədilən dəhşətli terror aktlarından fərqli olaraq Azərbaycanın çoxinanclılığı və dini xoşrəftarlılığı Niki daha da ölkəmizə bağlamışdır. O, xristian olmasının Azərbaycan mühitində ona hansısa çətinlik, ya fərqli münasibət doğurmadığını məmnunluqla vurğulayır. Nik yazır ki, o, Nigeriyanın İqbo tayfasının mənsubu kimi görür ki, ölkəsinin 1960-cı ildə Britaniya müstəmləkəçiliyindən azad olduğuna baxmayaraq, xalqı hələ də bu müstəmləkəçiliyin acı nəticələrindən əzab çəkir. Vətəndaş müharibəsinin, tayfa və dini qarşıdurmaların 60 ildən sonra da fəsadlarının davam etdiyini təəssüflə qeyd edir.
Nik əsərində Azərbaycan hökumətinin məcburi köçkünlərə qayğısından geniş söz açır, Azərbaycan xalqının qonaqpərvərliyindən, Novruz bayramının onda doğurduğu təəssüratlardan bəhs edir. O, qaradərili olmağının azərbaycanlılarda hansısa mənfi münasibət doğurmadığını, əksinə, “Qarabala” kimi əzizləndiyini məmnunluqla qeyd edir. Hələ ölkəmizə təzə gəldiyi vaxtlarda Qarabağa, ya ölkənin digər bölgələrinə səfərlərində bildiyi sözlərdən, məsələn, “qardaş, sağ ol, nə var- nə yox?” istifadə etdiyinin necə xoş qarşılandığını yada salır.
Əsərin “Umud” fəslində Nik Umud Mirzəyevin Bakıda təhsil alan beynəlxalq tələbələrlə geniş iş apardığını, onları müharibə qurbanlarının övladları ilə görüşdürdüyünü, onlara həm qayğı göstərdiyini, həm də rəhbərlik etdiyi Fondun qaçqın və köçkünlərlə əlaqədar layihələrinə cəlb etdiyini qələmə almaqla köçkünlərin problemlərini beynəlmilləşdirmək yolunda fəal çalışdığını, özünün də iştirakı ilə beynəlxalq təşkilatlarla fəal işlədiyini vurğulayır. O yazır ki, 1992-ci ildə Moskva Lomonosov Universitetinin məzunu Umud Mirzəyev tərəfindən əsası qoyulan BAMF BMT-nin müxtəlif təşkilatlarının Azərbaycan qaçqın və köçkünlərinin vəziyyətinə münasibətlərinin dəyişməsinə davamlı səy göstərmişdir.
Nikin ilk səfəri də BAMF nümayəndəsi kimi Vyanaya, sonra ABŞ-a bu məqsədi daşımış, o, Beynəlxalq Mətbuat İnstitutunda (BMİ), BMT Baş Məclisinin iclasında Umud Mirzəyevlə bərabər iştirak etmiş, Fondun fəaliyyətinin beynəlxalq çərçivədə tanıdılmasında yaxından iştirak etmişdir. O, Azərbaycan rəsmi orqanları nümayəndələrinin, xüsusən Azay Quliyevin, Qənirə Paşayevanın (rəhmətlik), Əflatun Amaşovun, Qurban Sadıqovun və başqalarının fəaliyyətinə yüksək dəyər verir, eyni zamanda, Fondun Proqram direktoru olaraq bir çox rəsmi və qeyri-hökumət təşkilatları ilə əlaqəli çalışmaları şərh edir. BAMF-in milli mina təmizləmə agentliyi – ANAMA ilə sıx əməkdaşlıq etdiyini bildirir.
Nik qeyd edir ki, onun BAMF-in ABŞ Dövlət Departamenti ilə danışıqları mina qurbanları və onların ailələri üçün Tərtərdə Peşə Təlim Mərkəzinin (Vocational Training Centre) açılmasına şərait yaradıb. BAMF ABŞ-ın “Journal on Mine Action” jurnalının nümayəndəsinin Tərtərə səfərini təşkil edib. ABŞ hökumətinin dəstəyi ilə Azərbaycanda qurulan ANAMA ilə BAMF-in səmərəli əməkdaşlıq etdiyini, özünün yuxarıda adı keçən jurnala ətraflı məqalə yazıb mövzunu geniş beynəlxalq auditoriyaya çıxardığını vurğulayır. Peşə Təlim Mərkəzinə Azərbaycan hökumətinin önəm verdiyini qeyd edən Nik Qarabağ bölgəsində Azərbaycan hökumətinin köçkünlər üçün hərtərəfli sosial-iqtisadi tədbirlər həyata keçirdiyini, bu sahədə çalışan qeyri-hökumət qurumlarına da dəstək verdiyini işıqlandırır.
Nik 2011-ci ildə artıq Peşə Təlim Mərkəzinin təmsilçisi olaraq ABŞ-a səfər edib BMT İqtisadi və Sosial Şurasının sessiyasında iştirak edir, ardınca Cenevrədə, sonra Düşənbədə mina qurbanlarına dəstək seminarlarında çıxışlar edir. Çıxışlarında Ermənistanın mina terroru ilə yanaşı, ekoloji terrorunu anladır, gölləri, çayları çirkləndirdiyini, işğal olunmamış Qarabağ bölgəsində bir çox yerlərdə su qıtlığı yaratdığını, bunun da həmin bölgədə müvəqqəti yaşayan məcburi köçkünlərin həyat şəraitini daha da ağırlaşdırdığını şərh edir.
Nik BAMF-in UNİSEF-i və digər beynəlxalq qurumları Azərbaycanın Tərtər bölgəsində həyata keçirilən layihələrə cəlb etdiyini vurğulayır. BAMF-in Bakı Beynəlxalq Tələbə Klubu yaratdığını, tələbələrin Füzuli, Ağdam, Tərtər, Goranboy bölgələrinə səfərlərini təşkil etdiyini, Azərbaycanın dövlət orqanlarının dəstəyilə Azərbaycan Gənclərə Dəstək Layihəsi (Azerbaijan Youth Advocacy Project - AYAP) təsis edildiyini, xüsusən Bərdədə AYAP lideri Ülviyyə Babayevanın “BBC World”da çıxış edib məcburi köçkünlərin problemləri, müharibənin ağır nəticələri barəsində ətraflı məlumat verdiyini qeyd edir.
Əsərin “Ağdam” bölümündə Nik Umud Mirzəyevlə bərabər dəfələrlə bu bölgədə olduğunu, Umud Mirzəyevin həm də Beynəlxalq Mətbuat İnstitutu Milli Komitəsinin (İPİ) rəhbəri olaraq Azərbaycan Mətbuat Şurası ilə birgə fəaliyyətinin əhəmiyyətli olduğunu yazır. O, İPİ-nin Vyanada yerləşən Baş ofisi ilə sıx əməkdaşlıq, Azərbaycan jurnalisti Azər Həsrətin bu qurumla fəal iş birliyinin, digər jurnalistlərin bu sahədə çalışmalarını qeyd etmişdir. O, həmçinin o zaman jurnalist Eynulla Fətullayevin və digərlərinin Prezident İlham Əliyev tərəfindən əfv edilməsinin əhəmiyyətini vurğulayır.
Nik əsərində Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycana gələn Rza Deqatinin Birinci Qarabağ müharibəsinə dair fotolarından, onun fotojurnalist kimi səmərəli fəaliyyətindən söz açır. Onun Cənubi Azərbaycandan olduğunu, Fransaya mühacirət edib orada yaşadığını, dünyanın qaynar nöqtələrindən çəkdiyi fotoları ilə yaxşı tanındığını, onunla ilk dəfə Qarabağ səfərində tanış olduğunu qeyd edir. “Qarabağ: Azərbaycan və Ermənistan Sülh və Müharibə yolu ilə” (“Black Garden: Armenia and Azerbaijan Through Peace and War”) əsərinin müəllifi Thomas de Waal və “Azərbaycan Gündəliyi: Neftlə zəngin, müharibənin dağıtdığı postsovet respublikasında fırıldaqçı müxbirin macəraları” (“Azerbaijan Diary: A Rogue Reporter’s Adventures in an Oil-Rich, War-Torn, Post-Soviet Republic”) əsərinin yazarı Thomas Golts ilə Qarabağda tanışlıqlarını təsvir edir.
Nikin kitabının son fəsli “Qarabağ Azərbaycandır” adlanır. O, ümummilli lider Heydər Əliyevin siyasəti ilə Azərbaycanın sabit, asayişli ölkəyə çevrildiyini, 1994-cü ildə imzalanan neft sazişinin ölkənin inkişafında mühüm rol oynadığını, özünü təmin edən ölkəyə çevrildiyini təsvir edir və Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin noyabrında öz ərazilərini işğaldan azad etdiyini rəğbətlə şərh edir. Qələbədən az sonra 2021-ci ilin əvvəlində övladları Joel və Angel ilə birlikdə Qarabağa səfərini təsvir edir. Tərtərdə onları qarşılayan Oğuz Umud oğlunun ABŞ-da təhsilini başa vurub qayıdandan sonra atası ilə bərabər BAMF-də çalışıb doğma xalqına xidmət etdiyini yüksək dəyərləndirir.
Nik əsərində Azərbaycan ziyalılarına, o cümlədən ADA Universitetinin rektoru, professor Hafiz Paşayevə, prorektor, millət vəkili Fariz İsmayılzadəyə xüsusi ehtiramını ifadə edir, orada keçirilən beynəlxalq tədbirlərin mühüm əhəmiyyətindən bəhs edir.
Nik Azərbaycan hökumətinin media siyasətini yüksək təqdir edir. Prezident İlham Əliyevin insan kapitalının inkişafına verdiyi diqqəti vurğulayır, Asan Xidmət qurumlarının əhəmiyyətindən söz açır. Azərbaycanın çoxmədəniyyətlilik siyasətini alqışlayır, dövlətin gənclərə qayğısını vurğulayır. O, “Qarabağ” futbol klubunun azarkeşi olaraq ölkəmizin zəfərləri ilə fəxr edir.
Əsərdə Nik azad edilmiş torpaqlardakı quruculuğun miqyası, keyfiyyəti, müasirliyi və nümunəviliyinə diqqəti yönəldir. Azərbaycanın inkişafının bütün regiona müsbət təsir edəcəyini, hətta Ermənistanın da bundan faydalanacağına əminliyini bildirir.
Nik haqlı olaraq özünü BAMF ailəsinin üzvü hesab edir. Qarabağda həyata keçirilən təməlquruluş layihələrini heyranlıqla seyr edir. Azərbaycanın “yeni renessans” dövrünü yaşadığını bildirir, ölkənin 20 il əvvəl gəldiyi vaxtdan bəri nəhəng nailiyyətlərə çatdığını, Şərqlə Qərb mədəniyyətinin ortaq dəyərlərinə malik olduğunu, xalqda Torpaq, Vətən, Bayraq sevgisinin çox yüksək olduğunu vurğulayır. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışı üçün Prezident İlham Əliyevin siyasi, iqtisadi, sosial, mədəni siyasətinin uğurla həyata keçirildiyini yazır. O, qədim İpək Yolunun yeni həyatından bəhs edir, qaynar inkişaf dövrünü yaşayan Qarabağı bundan sonra da məmnuniyyətlə ziyarət edəcəyini bildirir.
Fikrimizcə, Nik Nvalisanın “Mənim Qarabağa səfərim” kitabının Azərbaycan dilinə tərcümə edilib nəşr olunması ölkəmizdə gənc nəslin vətən sevgisinin və xalqa xidmət arzusunun daha da yüksəlməsinə dəyərli töhfə olar.
Eynulla MƏDƏTLİ,
tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 30 Yanvar 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















