Nobel və Oskar mükafatlarına sahib yeganə yazıçı O, müsahibəsində Məhəmməd peyğəmbər haqqında nə demişdi?
Icma.az, Kulis.az saytına istinadən bildirir.
2 oktyabr irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bernard Şounun anım günüdür.
Kulis.az bu münasibətlə xarici mediaya istinadən ədibin həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.
Corc Bernard Şou 1856-cı ildə İrlandiyada - Dublində anadan olub. Kasıb bir ailə, alkoqol düşkünü bir ata və 15 yaşında yarımçıq qalan məktəb həyatı... Demək olar ki, hər bir dahi kimi Şou da məktəb həyatını lazımsız sayanlardan idi. Üç uşağın arasında tək oğlan idi. Bəlkə də qadın haqları müdafiəçisi olması buradan qaynaqlanır.
Bernard Şou uşaqlıq illərinin böyük hissəsini anası və atasının şiddətli mübahisələrinə şahid olaraq keçirib. Nəticədə anası başqa bir kişi ilə birlikdə Londona gedir. Şou atası ilə qalır və atası onu məktəbə getməyə məcbur etsə də, o, məktəbi tərk edib bir daşınmaz əmlak ofisində işləməyə başlayır.
1876-cı ildə bacılarından biri vəfat etdikdən sonra Şou anasının yanına, Londona getmək məcburiyyətində qalır. Londonda yaşasa da, ömrü boyu özünü irland hesab edəcəyini söyləyir. Yarımçıq qalmış təhsilini Britaniya Muzeyinin kitabxanasından istifadə edərək öz gücü ilə tamamlamağa çalışır.
Şounun İngiltərədəki ilk illəri məyusluq içində keçir. Bu dövrdə yazdığı beş roman uğursuz olur. Amma “Uğursuzluq uğurun açarıdır” sözünün sahibi də elə odur. 1885-ci ildə qəzetlərə kitab, musiqi və rəsm tənqidləri yazır. Əslində həmişə rəssam olmaq istəmişdi. Anasının vokal təhsili səbəbilə musiqiyə meyilli və istedadlı idi.
O, teatr təhsilini yazıçılardan çox Meyerber, Bethoven, Hendel, Vaqner, Verdi, amma xüsusilə Motsartdan aldığını söyləyirdi. 1892-ci ildə "Dul qadının evi" adlı ilk pyesini qələmə alır və əsərin səhnə taleyi uğurlu olmur.
1880-ci illərdə siyasətlə maraqlanmağa başlayan Şou, dəyişikliyin və islahatların zəruriliyinə inanaraq sosialist olur. Bu fikirlərin geniş kütlələrə çatdırılmasını təmin etmək üçün Fabian Cəmiyyətinə (“Fabian Society”) qoşulur. Şounun Fabian Cəmiyyətində tanış olduğu və sonradan yaxın dostuna çevrilən, ingilis sosializminin məşhur simalarından Bitris Vebb onun haqqında belə deyir:
“Çox yaxşı dost idi. Bir çox qadının heyran olduğu bir kişi idi. Doğuştan cazibədar bir şəxsiyyətə malik idi. Mavi gözləri ilə qadınları asanlıqla təsirləndirirdi. Hər şeydən əvvəl çox təsirli danışan, iti zəkalı, son dərəcə xoşsöhbət bir adam idi.”
1896-cı ilin yanvar ayında Bitris Vebb dostları Corc Şou və Şarlotta Peyn-Taunşendi evlərinə nahara dəvət edir. Şounun Şarlottadan çox xoşu gəlir. Hətta Şou, dostu Canet Açurça belə yazır: “Saat 10-da yatağa getməkdənsə, çölə çıxırıq, ağacların arasında bir az gəzirik. O da irland olduğu üçün laqeyd ingilis qadınları kimi deyil, sənətimə dözə bilir. Yenə də biz velosiped təmir edərkən, fəlsəfə və din haqqında danışarkən və ya zarafat edərkən daha yaxşı yola gedirik”.
Londona döndükdən sonra Şarlotta ona sevgi dolu bir məktub yazır. Şounun cavabı isə belə olur: “Aşiq olma. Mənə və ya başqasına aşiq olma - özün ol. Mən olmadan yaşaya bilmədiyin anda itərsən. Qorxma, bir-birimizi istəyiriksə, bunu öyrənərik. Tək bildiyim odur ki, payızı mənim üçün çox xoşbəxt bir mövsüm etdin və buna görə səni həmişə sevəcəyəm”.
1897-ci ilin iyulunda Şarlotta Şouya evlilik təklifi edir. Şou bu təklifi rədd edir, çünki özü kasıb, Şarlotta isə zəngin idi. 1898-ci ilin aprelində Şou qəza keçirir. Şarlotta xəbəri alar-almaz gəlib onu ziyarət edir. Elə həmin il Şou və Şarlotta evlənirlər. 45 il evli qalırlar, lakin övladları olmur. Müxtəlif mənbələrə görə, onların evliliyi cinsi yaxınlıqdan uzaq olub. Əksər mənbələrin ortaq fikri — bu evliliyin heç vaxt tam mənada mükəmməl olmadığıdır.
1894-cü ildə səhnələşdirilən “Kandid” onun ilk pyeslərindən biri olsa da, bir şah əsər hesab olunur. Burada Şou məhəbbət, evlilik və qadının ərindən gözləntilərini siyasi mövzularla birlikdə təqdim edir.
Şekspirdən sonra ən böyük dramaturq sayılan Bernard Şou təxminən 60 pyes yazıb. Onun teatr repertuarı mənbələrdə “fikir komediyası” kimi adlandırılır. Yazarın burjuaziya, ingilis əxlaqı və ictimai sinif fərqləri ilə bağlı fikirləri həm personajlarda, həm də dialoqlarda öz əksini tapır.
Şounun “Piqmalion” pyesi ilk dəfə 1912-ci ildə Londonda səhnələşdirilib və qısa zamanda ən sevilən əsərlərindən birinə çevrilib. Əsərin mövzusu yunan mifologiyasındakı Piqmalion əfsanəsindən qaynaqlanır.
Əfsanəyə görə, Kiprli heykəltəraş Piqmalion fil sümüyündən bir qadın heykəli düzəldir. Afrodita bayramında tanrıçadan heykəlinə bənzər bir qadın diləyir və daha sonra heykəlin canlanaraq qadına çevrildiyini görür. Bu əfsanə Qərb ədəbiyyatında bir çox yazara ilham mənbəyi olub.
Şouya əsəri musiqiləşdirmək istəyən Alan Cey Lerner müraciət edəndə, o belə cavab verir: “Nəyə gərək var? Mənim sözlərimin musiqisi sizə kifayət etmir?” Əsərin musiqili versiyası olan “Mənim gözəl ledim” yalnız Şounun ölümündən sonra, onun varislərinin icazəsi ilə səhnəyə qoyulur.
O, zəkasına uyğun qeyri-adi bir həyat tərzinə sahib idi. Qadın haqları müdafiəçisi və sosialist kimi tanınan Bernard Şou həm də ciddi bir vegeterian və İslam dininə simpatiya bəsləyən bir şəxs idi.
Şou həm Nobel, həm də Oskar mükafatı qazanan ilk və yeganə insandır. 1925-ci ildə Nobel Ədəbiyyat Mükafatını, 1938-ci ildə isə “Piqmalion” əsəri ilə Oskar mükafatını alaraq bu iki mükafatı birləşdirən ilk şəxs olub.
Corc Bernard Şou laureatlara verilən medalı qəbul etsə də, "Nobel"in pul mükafatından imtina edib. (Sonralar bu addımı Boris Pasternak və Jan-Pol Sartr da atmışlar).
XX əsrin “Şekspiri” adlandırılan Şou, vegeterian olmaqla yanaşı, içki və siqaretdən də uzaq durub. 94 yaşınadək yaşamasını bəlkə də bu sağlam həyat tərzinə borcludur.
“Dəmir yolu uşaqları” kitabının müəllifi Edit Nesbit bir dostuna Şounu belə təsvir edir: “Bəzən narahat edici olsa da, heç vaxt müqavimət göstərilə bilməyən irland zarafatcıllığına və yumor hissinə sahibdir. Ağıllı bir yazıçı və natiqdir. Həyatımda gördüyüm ən cəsarətli şəkildə kompliment edən kişidir. Tamamilə etibarsızdır. Eşitdiyi hər şeyi təkrar edir - həm də yalnız öz başa düşdüyü şəkildə: yarımçıq və səhv. Ölü kimi ağ dərisi, bir az xoşagəlməz təsir bağışlayan dağınıq saqqalı var”.
Sosialist olan Şounun evində xidmətçilərin olması onun ideyaları ilə ziddiyyət təşkil etsə də, heç vaxt evdəki zənglərə basmaz, bir istəyi olanda mətbəxə enib özü söyləyərdi.
Başqa maraqlı bir rəvayətə görə, ona “Ser” unvanı vermək istəyən kraliçaya “Corc Bernard Şou olmaq mənim üçün kifayət qədər şərəfdir” cavabını verərək imtina edib. “Mənim səviyyəmdə bir beynin qidası inəklərdən gəlmir - mən vegeterianam,” - deyirdi.
Mənbələrə görə, İslamiyyətə qarşı hörmətini gizlətməyən Bernard Şou ölümündən az əvvəl dünya səyahətinə çıxır. Bombeydən keçərkən “The Light” qəzeti üçün İslam haqqında fikirlərini bölüşür. Hz. Məhəmmədin dininə əvvəldən yüksək hörmət bəslədiyini bildirir. “Müşkülün müşkül üstünə, problemin problem üstünə yığıldığı günümüzdə, bütün problemləri bir fincan qəhvə içmək rahatlığıyla həll edən Hz. Məhəmmədə bəşəriyyətin çox ehtiyacı vardır” - sözləri də ona aiddir.
Şou 2 noyabr 1950-ci ildə ağac budayarkən pilləkəndən yıxılıb aldığı yaralardan vəfat edib. Vəsiyyətinə görə, cənazəsi yandırılıb, külləri yeddi il əvvəl vəfat etmiş həyat yoldaşı Şarlotta Peyn-Taunşendin külləri ilə qarışdırılaraq Ayot Sent Lorens kəndindəki evinin bağçasına səpilir.
Şou dünyanın bir sıra ölkələrində, o cümlədən keçmiş SSRİ-də olub, Stalinlə görüşüb. Bəzi Qərb intellektualları kimi o da sovet rejiminin mahiyyətinə varmadan SSRİ-nin müdafiəçisi kimi çıxış etmişdi.
Şou yaradıcılığının mühüm hissəsini müəllifin epistolyar irsi təşkil edir. O, uzun və məhsuldar həyatı boyu 250 mindən çox məktub yazmışdı. Bu məktublarda ciddi ictimai-siyasi məsələlərə, ölkə və dünya miqyasında gedən proseslərə, ədəbiyyat, teatr və sənət məsələlərinə münasibət öz əksini tapıb.
Bernard Şou yalnız fiziki deyil, əqli uzunömürlülüyü ilə də özünəməxsus rekord qazanmışdı. O, son səhnə əsərini - "Bayandın milyardları" pyesini 92 yaşında tamamlamışdı.
Bu yorulmaz irlandiyalı ömrünün sonunadək bəzən əndazəsini aşan yumor hissini, iti ağlını, ən gözlənilməz fikir və mülahizələrə dərhal və hazırcavablıqla reaksiya vermək bacarığını qoruyub saxlamışdı.
Məhkəmə Fatih Altaylını həbsdə saxladı “Mənim sehrli dünyam” filmi beynəlxalq festivalda Ənvər Həsənovun qızı: "Nazirlik atamın qəbirüstü abidəsinin hazırlanmasından imtina etdi"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 02 Noyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















