Oljas Süleymenovun dərk olunmuş qarşılıqlı asılılıq dünyası
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Elmira AXUNDOVA
Xalq yazıçısı
2025-ci ilin 17-19 dekabr tarixlərində Almatı şəhərində Avrasiya mədəniyyətlərinin yaxınlaşması üzrə VI Beynəlxalq Forum keçirildi. Alimlər, diplomatlar, yazıçılar görkəmli qazax şairi, ictimai xadimi Oljas Süleymenov tərəfindən vaxtilə irəli sürülən və dünyanın dərkində yeni sayılan modeli növbəti dəfə müzakirə etmək üçün bir araya gəlmişdilər. Sözügedən model səlis şəkildə bu cür ifadə olunur: "Müstəmləkə asılılığı çağlarından və müstəqillik dövründən adlamaqla, dərk olunmuş qarşılıqlı asılılıq epoxasına doğru". Həmin epoxa artıq gəlib çatıbdır, bu gün bizim təbii və texnogen fəlakətlər ucbatından dağılmaqda olan, bitib-tükənməyən konfliktlər üçün meydana çevrilən kövrək planetimiz bu fundamental formulun gerçəkləşdirilməsinə həmişəkindən daha artıq dərəcədə ehtiyac duyur.
Forumda Azərbaycanı təmsil edən xalq yazıçısı Elmira Axundova bu tədbirin işi və alınan qərarlar ilə bağlı öz təəssüratlarını oxucularımızla paylaşıbdır.
" - Əslinə qalanda, tədbirdə ölkəmizi təkcə mən təmsil etmirdim. Onlayn formatda iki azərbaycanlı alim də konfransa qoşulmuşdu. Onlardan biri tarix elmləri doktoru, professor, Azərbaycanda kulturologiya elminin banisi Fuad Məmmədov idi və o, plenar iclasda forum iştirakçılarını salamladı.
Digər alim isə fəlsəfə doktoru, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi Yeganə Əliyeva idi. Onu da vurğulamalıyam ki, azərbaycanlı alim və yazıçılar Oljas Süleymenovun rəhbəri olduğu, Qazaxıstanda fəaliyyət göstərən Mədəniyyətlərin Yaxınlaşması Mərkəzi ilə sıx və məhsuldar şəkildə əməkdaşlıq qurublar. Sözügedən Mərkəz son illər ərzində MDB məkanında nüfuzlu humanitar əməkdaşlıq platformasına çevrilibdir.
Oljas Süleymenovun formulunu yüksək qiymətləndirən Fuad Teyyub oğlu Məmmədov bildirdi ki, qeyri-maddi mədəni irsin dərki baxımından bu, həm fərqli bir yanaşmadır, həm də bəşəriyyətin mənəvi mədəniyyətinə innovativ xarakterli töhfədir. Yüksək mədəniyyətli insanı Yer üzünün yenilənə bilən strateji ehtiyatı adlandıran alim bütün ziyalıları bu insan tipini formalaşdırmaq naminə öz səylərini birləşdirməyə çağırdı. Yeri gəlmişkən, Fuad müəllimin özü də dəqiqliklə ifadə olunmuş iki formulun müəllifidir: "Dünyanı yüksək mədəniyyətə malik insanlara xas gözəllik xilas edəcək!" və "Dünya mədəniyyətin müdafiəsinə qalxarsa, mədəniyyət də dünyanı xilas edər". Cəmiyyətimizdə təbliğ yoluyla bu həqiqətlərin dərkinə çalışan alim həm unikal ensiklopedik kitablar yazır, həm də qaynar elmi və ictimai fəaliyyətlə məşğul olur. Bu çoxşahəli fəaliyyət bir çox xarici ölkədə öz yüksək qiymətini almışdır.
Yeganə xanım Əliyeva maraqla qarşılanan məruzəsində bildirdi ki, həm Azərbaycan, həm də Qazaxıstan etnik və dinlərarası dialoqların mərkəzi kimi tanınır. Adıçəkilən mövzularla yanaşı, mədəniyyət üzrə dialoq aparmaqdan ötrü isə ölkədə həqiqi tolerantlıq mühiti bərqərar olmalıdır. Alim vurğuladı ki, dərk olunmuş qarşılıqlı asılılıq milli şüurun təməlində dayanır. Yeganə xanım onu da bildirdi ki, Oljas Süleymenovun gələcəyə aparan yolun formulu sayılan ideyası ətrafında elmi müzakirələrdən bu ideyanı real həyatda gerçəkləşdirməyin vaxtı çoxdan çatıbdır. Bu ideya ilə planetimizin bütün xalqlarının tanış olması vacibdir.
Plenar iclasın sonunda yaddaqalan hadisə baş verdi: İstanbuldan gələn həmkarlarımız Türk Ədəbiyyat Vəqfinin ən yüksək ödülü sayılan "Yaşayan Dede Qorqud" medalını Oljas Süleymenova təqdim etdilər. Maraqlıdır ki, Türk dünyasında ilk dəfə bu medala 2018-ci ilin martında bizim məşhur yazıçımız Anar layiq görülmüşdü. İndi türkdilli ədəbiyyatların bu iki canlı klassiki sözügedən nüfuzlu mükafatın sahibidirlər. Anar ilə Oljas isə təkcə qələm adamı kimi həmkar deyillər, onlar həm də uzun illərdən bəri dostluq edirlər. Şəxsən mən onların Bakıda mehribancasına görüşlərinin, dost süfrəsi arxasında səmimi söhbətlərinin dəfələrlə şahidi olmuşam. Bu ilin yazında isə Yazıçılar Birliyinin katibi, tanınmış şair və tərcüməçi Səlim Babullaoğlu "Az i ya" kitabının işıq üzü görməsinin 50 illiyi münasibətilə Almatıda keçirilən yubiley tədbirində iştirak edərkən "Füzuli" medalının ilk nüsxəsini Oljas Omar oğluna təqdim eləmişdi ki, bu faktın özü də yetərincə simvolik bir məna daşıyır!
Konfutsiçilik və dərk olunmuş qarşılıqlı asılılıqlar
Forumun ilk sessiyası bu cür adlanırdı. Nə gizlədim, seçilən mövzu əvvəlcə məni bir qədər təəccübləndirdı: eramızdan bir neçə əsr əvvəl yaşamış qədim Çin müdriki və filosofu hara, Oljas Süleymenovun dərk olunmuş qarşlıqlı asılılıq formulunu müzakirəyə çıxaran müasir alimlər hara?! Ancaq ilk sessiyada oxunan məruzələrdən sonra vəziyyət mənim üçün bir qədər aydınlaşdı. Yeri gəlmişkən, məruzəçilər arasında Şandun Pedaqoji Universitetini (Çinin Şandun şəhəri nəzərdə tutulur) təmsil edən iki alim də var idi.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktor müavini, tarix elmləri doktoru Valentin Qolovaçyovun çıxışı mənə xüsusi təəssürat bağışladı. Rusiyada və xarici ölkələrdə tanınan bu çinşünas alim bildirdi ki, çox vaxt tarix xalqları adətən inzivaya çəkilən, amma sözün həqiqi mənasında misilsiz zəka sahiblərinin uzun əsrlər, hətta bəzən minillər öncədən gördüyü və dilə gətirdiyi yollara yönəldir.
Konfutsi öldükdən sonra onun tələbələri ustadla bağlı xatirələrini "Lun-yuy" (sıraya düzülmüş nitqlər) adlı kitabda toplayıblar. Həmin kitabda dahi filosof bildirir ki, onun təliminə vahid bir yanaşma hakimdir və bu, həyatın istənilən məqamına tətbiq olunmalıdır. Bunun hərfi mənası belədir: "Mən Vahid olanı ötürürəm ki, zamanla bu, ənənə halını alsın".
Valentin Qolovaçyov vurğulayır ki, "Lun yuy"un ümumi kontekstinə baxanda biz Konfutsinin o "Vahid" adlandırdığı məfhumla əslində "mənəviyyatın qızıl qaydası"nı kəşf etdiyinin fərqinə varırıq və o, bu qənaətini (göründüyü kimi, dünyada ilk dəfə) xeyli sadə bir şəkildə ifadə edibdir: "Özünə rəva bilmədiyin şeyi başqalarına da rəva görmə". Əslində bu qədim fikir öz məğzi etibariylə "qarşılıqlı asılılığın dərk olunması"nı bariz şəkildə ifadə etməkdədir! Vacib məqam da odur ki, bu hikmətli öyüd "qarşılıqlı asılılıqların dərk olunması"nın təkcə məğzini yox, ona nail olmağın yolunu da bizlərə göstərir.
Alimin sözlərinə görə, "bugünkü gün bəşəriyyətin özünü intihara sürükləməsi necə dərin və aşkar bir xarakter daşıyırsa, girdikləri dalandan, yaxud gözgörəsi məhvdən qurtulmağa can atan insanlar indi daha çox qədim əyyamların müdrik təcrübəsindən faydalanmağa məcburdurlar... Bu yanaşmanı biz bir sıra Avrasiya dövlətləri liderlərinin, o cümlədən çağdaş Çin rəhbərliyinin rəsmi ritorikasında da sezə bilərik".
Təəssüflər olsun ki, rusiyalı alimin gəldiyi qənaətlər çox da nikbin sayılmaz: "Öz məğzi etibarilə bütün bu qlobal təşəbbüslər də əslində "dərk olunmuş qarşılıqlı asılılığın" aşkar ifadəsidir, çünki onlar insanların dünyasını fiziki, mənəvi və ya intellektual ölümdən qorumaq məqsədi güdürlər, onlar yeni "çoxqütblü sivilizasiya"nı məhz yeni, amma ədalətli və şüurlu dünya nizamına əsasən qurmaq niyyətindədirlər. Əsas məsələ də ondadır ki, bəs bu məqsədə necə çatmalı?
Qeyd etdiyim kimi, Konfutsi "sivilləşmiş mədəniyyət"ə aparan ən dəqiq yolları və onun yaradılmasının sirlərini insanlara göstərsə də, son 2500 il ərzində bəşəriyyət bu müdrikin ifadə etdiyi prinsipi hələ də gerçəkləşdirə bilməyibdir. Ümumiyyətlə, bəşəriyyət buna nail ola biləcəkmi? Bir tarixçi kimi şəxsən mən bundan əmin deyiləm. Ya da sırf bunu etmək üçün biz əngin zəkaya malik və kənar qüvvə sayılan, məsələn, Süni intellektin (Sİ) köməyindən yararlanmağa məcbur qalacağıq".
Forumda bu barədə fikir yürüdən digər natiqlər də bildirdilər ki, sözügedən böhranların öhdəsindən gəlməkdən ötrü dünyadakı bütün intellektualların gərgin səylər göstərməsi tələb olunur. Oljas Süleymenovun dərk olunmuş qarşılıqlı bağlar barədə formulu məhz bu məsələdə onların dadına çatacaqdır. Necə deyərlər, qulağı olan eşidəcəkdir!
Çokan Valixanovun bilgi mədəniyyəti
Forumun ikinci sessiyası görkəmli qazax alimi və maarifçisi Şokan Ualixanova (rus transkripsiyasına görə, o, daha çox Çokan Valixanov kimi tanınmaqdadır) həsr olunmuşdu. Həmin sessiyada əsasən Mərkəzi Asiyanı təmsil edən alimlər - Taldıkurqandan gələn tanınmış çokanşünas Baqdat Akılbekov, Bişkekdəki Amerika Universitetinin professoru Çolpon Turdaliyeva, Özbəkistandakı Dünya Dilləri Dövlət Universitetinin professoru Gulnoz Xalliyeva və başqaları çıxış etdilər. Bu natiqləri dinləyərkən öz-özlüyümdə düşündüm ki, bir-birimiz haqda biz necə də az şey bilirmişik.
Cəmi 30 il ömür sürməsinə rəğmən, qazax xalqının tarixinə öz adını əbədilik yazmağı bacaran Şokan Ualixanovun həyat yolu və taleyi - əslində unudulmayacaq fəlsəfi və mədəni bir mirasdır. Həm də Şokan Ualixanovun biliklərin və azadlığın qarşılıqlı əlaqəsi barədə ideyaları Oljas Süleymenovun fəlsəfi postulatları ilə birbaşa səsləşir. Çıxışçılardan birinin "Oljas - XXI əsrin Çokanıdır" şəklində açıqlaması da təsadüfi deyildi.
Forumun materialları arasında Oljasın erkən dövr yaradıcılığına aid olan onun 1965-ci ildə yazdığı "Mənim Çokanım" başlıqlı məqalə diqqətimi cəlb elədi. Uzaq keçmişdə qalan bu dahinin ona nə dərəcədə əziz olduğunu da məhz onda anladım. Həmin yazıdan iki abzası burada diqqətinizə çatdırmaq istərdim:
"O, hərtərəfli istedada malik birisiydi. Tarixçi, coğrafiyaçı, söz adamı, dilçi və hərbçi istedadlarını öz varlığında cəmləşdirmişdi. Bənzərinə az rastlanan dərin cazibəsi ona dəyanətli dostlar qazanmışdı. Düşdüyü istənilən mühitdə - bir kasıbın çadırında da, ağsaqqallar məclisində də, peterburqlu məşhur şairlərin əhatəsində də, əsgər Fyodor Dostoyevskinin qaldığı darısqal otaqda da, hətta Sankt-Peterburqun Qış sarayında da öz misilsiz insan ləyaqətini qoruyan bu insan qarşı tərəflə bərabərhüquqlu davranırdı, yekəxanalıq qədər alçalmağı da özünə əsla rəva bilmirdi. Adətən belə insanlar barədə deyirlər ki, o, öz istedadının heç onca faizini də gerçəkləşdirmədən bizləri tərk etdi. Dahilər isə ömürlərini sonuncu anına qədər öz xalqlarına qurban verməyi uyğun görürlər. Təəssüf ki, belələrinə bəxş olunan ömür də son dərəcə qısa olur...
O da vur-tut 30 il yaşayıb (1835-1865). Amma həyatı qazax xalqının tarixində ayrıca bir mərhələ sayılır, çünki bütün həyatı simvolik bir məzmuna bürünübdür. Ömrü ümmandan bir damla olsa belə, həmin o damlaya ümmanın bütün məğzi sığıbdır. Öz oğullarına xeyir-dua verən analar vaxtilə deyirmişlər: "Kaş Tanrı sənə onun ağlını və gözəlliyini bəxş eləsin, amma onun aqibətini əsla yaşamayasan". Biz də Çokana müraciətlə deyirik: "Sənin həyatını bu gün biz davam etdiririk, buna görə ölümün də artıq keçmişdə qalıbdır!"
Forumda yekun qətnaməni qəbul edən iştirakçılar 2026-2035-ci illər dövrünün "Şokan Ualixanov onilliyi" elan olunması və onun keçirilməsi ilə bağlı ayrıca proqram hazırlanması, o cümlədən Almatı şəhərinin tarixi mərkəzində Ş.Ualixanovun memorial kompleksinin tikilməsi barədə ideyaların dəstəklənməsi təklifləriylə Qazaxıstan hökumətinə müraciət etdilər. İnanıram ki, nüfuzlu alimlərin bu təklifləri cavabsız qalmayacaqdır.
Gələcəyə aparan yol barədə Oljas Süleymenovun formulu
Üçüncü sessiyada digər natiqlərlə yanaşı, bu sətirlərin müəllifi də çıxış elədi. Məruzəm belə adlanırdı: "Xalqlar və mədəniyyətlər arasında (keçmişdən gələcəyə) qarşılıqlı asılılıqların dərkinə münbit zəmin yaradan bir amil kimi ədəbi əlaqlərin dirçəldilməsi".
Sovet dövründəki ədəbiyyat və mədəniyyət sahəsindəki qarşılıqlı əlaqələrin durumundan, 1990-2000-ci illərdə mədəni sahədəki qırılmalar söz açdıqdan sonra mən son onillikdə bu sahədə yaranan vəziyyətdən bəhs elədim:
"Sözügedən dövrdə uzaq və yaxın xarici ölkələrdə yaşayan qələm sahibləri ilə əlaqələr yeni təkan qazandı. Buna ilk növbədə, mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai təşkilatlar, ayrı-ayrı sponsorlar və təşəbbüskar şəxslər şərait yaradırlar. Bir dövlət qurumu kimi ədəbi jurnalların nəşrini, beynəlxalq miqyaslı kitab sərgilərinin keçirilməsini, milli kitabxanalar arasında kitab mübadiləsinin, habelə xarici ölkələrdə Mədəniyyət və incəsənət günlərinin təşkilini maliyyələşdirən Azərbaycan Mədəniyyət Nazirliyinin əhəmiyyətli rolu da, təbii ki, danılmazdır.
Azərbaycan Yazıçılar Birliyi nəzdində də həm "Dünya ədəbiyyatı" jurnalı dərc olunur, həm də Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi fəaliyyət göstərir. Ötən 2024-cü il Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinin sistemli inkişafında xüsusi bir il sayıla bilər. Azərbaycan Yazıçılar Birliyi ilə "Mereken Baspalar Evi" arasında imzalanan memoranduma əsasən, qarşıdakı 5 il ərzində azərbaycanlı yazarların kitablarının qazax dilində nəşri nəzərdə tutulubdur. Bundan əlavə, Qazaxıstan YB-nin təşəbbüsü ilə "Tan Şolpan" jurnalı 2024-cü ili Azərbaycan ədəbiyyatı ili" elan edibdir və bu mətbu orqanın ötən il boyu işıq üzü görən 6 sayında Azərbaycan ədəbiyyatından nümunələrə yer verilibdir.
Yuxarıda sadalanan və bir sıra başqa layihələrin təşəbbüsçüsü və koordinatoru qismində Azərbaycan tərəfindən Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Qazaxıstan tərəfindən isə bu ölkənin Yazıçılar İttifaqının məsul əməkdaşı Didar Kulkenov çıxış edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın mövqeyinə görə, "bədii söz adamlarının bugünkü gün ən başlıca vəzifəsi - oxucuları təkrar Kitaba və Sözə qovuşdurmaqdır. Türk dünyasına gəldikdə isə, ən vacib vəzifələr sırasına tərcümə yoluyla bir-birimizi daha çox təbliğ eləmək, daha sıx ünsiyyət qurmaq daxildir, çünki məhz tərcümə və ünsiyyət sayəsində mədəniyyətlərimiz bir-biriylə həm yaxınlaşa, həm də qaynaşa bilərlər".
İndi bizim Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Mədəniyyəti və İrsi Fondu kimi bütün türk xalqlarını birləşdirən, mədəniyyətlərimizin daha da yaxınlaşması yönündə sanballı işlər görən təqdirəlayiq təşkilatlarımız var. Daha bir əlamətdar hal isə odur ki, Azərbaycanı təmsil edən Günay Əfəndiyeva adıçəkilən Fondun ilk sədri seçilib və illər uzunu quruma rəhbərlik edib. Bu gün isə həmin nüfuzlu təşkilatın sədri Qazaxıstanın təmsilçisi, professor Aktotı Raimkulovadır.
Başqa sözlə desək, yetmiş il boyu ideoloji diktatın təzyiqindən, bəzən məcburiyyətdən, bəzən isə könülsüz asılılıqdan və "yuxarıların" göstərişinə əsasən yanaşmalardan, bunun ardınca müstəqillik dövründəki otuz il boyu mədəni sahədə əlaqələrin yoxluğundan sonra biz qarşılıqı əlaqələrimizdə artıq şüurlu bir mərhələyə qədəm qoymuşuq. Bu mərhələ isə humanitar və mədəniyyətlərarası dialoq, multikultural dəyərlər, sosial-mədəni inteqrasiya əsasında ədalətli və sülhsevər birliklərin qurulmasında son dərəcə önəmli bir amilə çevrilibdir.
Oljas Süleymenovun təklif etdiyi və bəşəriyyəti gələcəyə aparan yol formulunun təməlindəki dahiyanə məğz də elə bundan ibarətdir.
lll
Forumun yekun qətnaməsinin sonluğunda deyilirdi ki, "tədbir iştirakçıları 2026-cı il mayın 18-də dahi şair və dərk olunmuş qarşılıqlı asılılıqlar fəlsəfəsinin banisi Oljas Süleymenovun 90 illik yubileyinə hazırlıqla əlaqədar dünyanın bu məsələyə maraq duyan bütün elm və mədəniyyət qurumlarının iştirakını vacib sayır, həmçinin onları şairin Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsi üzrə beynəlxalq təşkilat komitəsinin yaradılmasında və bu qurumun fəaliyyətinin təşkilinə yardım göstərməyə çağırırlar". Yaşıllar partiyası "Baytar"ın bu təşəbbüsü bizim hamımızda dərin məmnunluq hissi oyatdı, çünki XX yüzilin 90-cı illərindən bəri Oljas Süleymenovun adı nüvə təhlükəsinə qarşı müqavimətin bariz simvoluna çevrilmişdi.
Nüvə silahı əleyhdarı sayılan "Nevada - Semipalatinsk" hərəkatında onun misilsiz səyləri hələ də çoxlarının xatirindədir. Məhz bu hərəkatın təzyiqləri ucbatından SSRİ hökuməti 1989-cu ildə Semipalatinsk poliqonunda keçirilən nüvə sınaqlarını dayandırmağa məcbur qalmışdı. 1991-ci ildə isə Nazarbayev artıq fəaliyyətsiz qalan həmin poliqonun tamamən bağlanması barədə fərman imzalayacaqdı.
Təəssüf ki, hazırkı dövrdə nüvə silahının tətbiqi yenidən reallığa çevrilibdir. Bu səbəbdən də müdrik ağsaqqal, planet səviyyəli bir insan və Azərbaycan xalqının böyük dostu Oljas Omar oğlu Süleymenovun çağırışı daha da gurlaşmaqla, dünyanın bütün xalqlarını bu bəlaya qarşı dirənişə səsləyir.
Redaksiyadan: Öz tərəfimizdən vurğulamaq istərdik ki, Xalq yazıçısı Elmira Axundova O.Süleymenovun Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsi üzrə təşkilat komitəsinin üzvü seçilib. Forum öz işini yekunlaşdırandan sonra ona "Avrasiya" Mədəniyyət Fondunun təsis etdiyi "Oljas Süleymenov" medalı təqdim olunub. Hazırda bu tanınmış soydaşımız həmin medaldan əlavə, qardaş Qazaxıstanın "Dostıq" ordeninə və publisistika sahəsində göstərdiyi xidmətlərə görə Qazaxıstan Respublikası Jurnalistika Akademiyasının Oljas Süleymenov adına Beynəlxalq mükafatına layiq görülüb. Bu mükafatlar münasibətiylə Elmira xanımı təbrik edir, Azərbaycan və Qazaxıstan xalqlarını daha da yaxınlaşdırmaq yolunda ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Tərcümə etdi: Azad YAŞAR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 30 Dekabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















