Icma.az
close
up
RU
Oljas Süleymenovun yaradıcılığına “Sözün Kodu” ilə Türkün kodu kontekstində baxış

Oljas Süleymenovun yaradıcılığına “Sözün Kodu” ilə Türkün kodu kontekstində baxış

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.


Nizami Məmmədov Tağısoy
professor

Bədii-poetik, etnoloji-paleoqrafik və özünün bütün komponentləri ilə qazax olub, elmi-fəlsəfi əsərlərini rus dilində yazıb-yaradan Oljas Ömər oğlu Süleymenov qazax xalqının yenilməz sənətkarı olduğunu yaradıcılığa başladığı ilk qələm təcrübələrindən sübut etmişdir. Erkən yaradıcılıq dövründən qazaxların mübariz oğlu orijinal şair-akın Məhəmbət Ütəmisovun poetik stixiyası onun bədii təfəkkürünə nəzərəçarpacaq təsir etmişdir. İlk şeirlər və poemalar təcrübəsi “Arqamaklar” (1961) tezliklə onun adını milli çərçivələrdən çıxarıb dünya çapına yaymışdır. O.Süleymenovun taleyi elə gətirmişdir ki, o, heç də milli mədəniyyət tarixinə şair kimi yox, həm də yazıçı, tədqiqatçı-alim və ictimai-siyasi xadim olaraq özünə möhtəşəm mövqe qazanmış planetar əhatəli şəxsiyyətlərdən olmuşdur.

O, 1954-1959-cu illərdə Qazax Universitetinin Geoloji Kəşfiyyat fakültəsində təhsil almışdır. Tezliklə 1961-ci ildən M.Qorki adına Moskvadakı Dünya Ədəbiyyatı İnstitutunda Poetik tərcümə şöbəsində ünlü sənətkarlardan ustad dərsləri almışdır. Dünya Ədəbiyyatı İnstitutunda təhsil aldığı zaman tələbələr arasında baş vermiş dava-dalaşa görə heç bir təqsiri olmadan oradan xaric edilmişdir. O.Süleymenov 1961-ci ildə Yuri Qaqarinin “Vostok-1” gəmisində kosmosa uçması ilə bağlı “Yer, insana əyil!” şeirini yazmaqla nəinki Qazaxıstanda, həm də Sovetlər İttifaqında, az keçməmiş isə bütün dünyada hamı ondan danışmağa başlamışdır. Bundan sonra Dünya Ədəbiyyatı İnstitutunun rəhbərliyi ona fərdi qaydada müraciət edib, İnstitutda təhsilini yenidən davam etdirməyi xahiş etmişdir.

Qazaxıstanda Oljasın vəzifə pillələri ilə irəliləyişi də çox sürətlə davam etmişdir. “Kazaxskaya pravda” qəzetində müxbir, sonra şöbə müdiri, “Kazaxfilm” kinostudiyasında ssenari şöbəsinin baş redaktoru, “Prostor” jurnalında Jurnalistika şöbəsinin müdiri, Qazaxıstan Yazıçılar İttifaqının İdarə Heyətində katib, Qazaxıstan SSR Dövlət Kinematoqrafiya Komitəsinin sədri, Asiya və Afrika ölkələri yazıçılarının Qazaxıstan Komitəsində sədr, daha sonralar Qazaxıstan Yazıçılar İttifaqı İdarə Heyətinin Birinci katibi və s. kimi vəzifələrdə çalışmışdır.

Oljas Süleymenov 1937-ci ildə repressiyaya məruz qalmış Ömər kişinin oğlu idi. Bu elə bir faciəvi və misli görünməmiş repressiya dövrü idi ki, o nəinki qazax xalqının ən ləyaqətli nümayəndələrinin, həm də bütün türklərin genofondunun məhvinə istiqamətlənmişdi. Uzun sürən belə çətin, üzücü bir dövrdə Süleymenov özünü böyük təfəkkür sahibi kimi təsdiqləyə bildikdən sonra nəinki qzzaxların, həm də bütün türklərin müdafiəsinə qalxa bilmişdir. Təsadüfi deyildir ki, tezliklə onun adı 60-70-ci illər sovet dövrü şair və yazıçılarının ən istedadlıları Y.Yevtuşenko, R.Rojdestvenski, A.Voznesenski, R.Rza, B.Vahabzadə, Anar, A.Alimcanov, T.Zülfüqarov, Ç.Aytmatov, F.İskəndər, Q.Quliyev, D.Kuqultinov, T.Kaipbergenov, İ.Yusupov və digərlərinin adı ilə bir sırada çəkilirdi. Oljasın əsərləri hansı mövzu və problemi özündə çevrələməsindən asılı olmayaraq oxucuların əksəriyyəti tərəfindən bəyənilir, qəbul edilirdi.

O.Süleymenovun 60-cı illərdə qələmə aldığı “Az i Ya” əsəri məzmun baxımından o qədər orijinal və fərdi möhürlü bir əsər olmuşdu ki, onun mahiyyət konsepsiyasına fərqli elmi, nəzəri, etnoloji, etnoqrafik ümumhumanitar, ədəbiyyatşünaslıq və dilşünaslıq baxımından yanaşmalar ortaya çıxırdı. Kitaba pozitiv münasibət rəsmi elm nümayəndələrindən başqa, həm də digər yüksək humanitar sferalar tərəfindən sərgilənirdi. Təkcə ukraynalı tənqidçi D.Pavlıçko “Mənim Oljasa sözüm” məqaləsində onun poeziyasını dərin, fəlsəfi və lirik adlandırmaqla, həm də onu etiraz kimi dəyərləndirərək yazırdı: “Oljas Süleymenov nəinki... sovet, həm də dünya poeziyasına Şərq Ruhunu gətirdi...”

Oljas Süleymenov nəinki qıpçaq, həm də oğuz türklərinin və türk etnosunun qədim köklərini dərindən araşdırmağa və onu olduğu kimi dəyərləndirməyə gərəyincə səy göstərən təfəkkür daşıyıcılarındandır. Onun fikrincə, hətta sayca lap azlıq təşkil edən xalq və millət öz tarixini digər xalqların tarixindən izolə və təcrid olunmuş şəkildə yox, digərləri ilə qarşılıqlı əlaqədə öyrənməlidir. Bəs belə yanaşma baxımdan necə həyata keçirilməlidir? O.Süleymenov yazırdı ki, mən 50-ci illərdə Alma-Atada məktəbdə oxuduğum dövrlərdə biz Yunanıstan, Roma, Qərbi Avropa, Amerika və, əlbəttə, Rusiyanın tarixini öyrənirdik. Lakin qazax tarixindən bir ad, yaxud hər hansı bir hadisə orada öz əksini tapmırdı... Bununla nəinki məktəbliləri, həm də tarixiçiləri öz əcdadlarının tarixini öyrənməkdən kənarlaşdırmışdılar... Mən “Az i Ya” kitabı üzərində işləyərkən çoxsaylı arxiv materiallarını, sənəd və mənbələrini Alma-Ata kitabxanasında oxudum, tozlu kitab saxlancları rəflərindən ilkin mənbələri taparkən onların xeyli səhifələrini cib darağının köməyi ilə kəsib, ortaya çıxardım. Elə bununla da O.Süleymenov bu tipli son dərəcə qiymətli kitabları ilk dəfə açdığını dilə gətirirdi. “Ravnovesie” (“Müvazinət”) şeirində məsələyə bu rakursdan diqqət yetirən şair yazırdı:

Daraqla vərəqləri kəs

gələcək əsrin romanların

onlar qaranlığı sevmir,

işığa da dözmürlər.

O səhifələrdən qorxma,

bomboş, ağappaq tarla kimi.

Vərəqlə, diqqətlə bax:

Bax həmin səhifələrdə

biz görüşək yenidən.

Ruhən, qəlbən, etnik kökən etibarı ilə qazax olan O.Süleymenov sanki həm dünyanın vətəndaşı və həm də sözün həqiqi mənasında beynələmiləlçisi idi. Buna görə də özünün “Az i Ya” kitabında o, türk-slavyan mədəni-tarixi birliyini bütün mətn boyu əsaslandıraraq inkişaf etdirirdi. Odur ki, Oljasın türk yazısı və qazax xalqının tarixi keçmişi ilə bağlı qələmə aldıqları son dərəcə yüksək elmi dəyər daşımaqdadır. Oljas Süleymenov Anar, Robert Rojdestvenski, Yevgeni Yevtuşenko, Timur Zülfiqarov, Bulat Okucava və b. bu kimi bədii fikir sahibləri ilə yanaşı, 60-cılar nəslinə mənsub olub, qazax ədəbiyyatında tarixi roman janrını İlyas Yesenberlin, Əbdicəmil Nurpeisov, Anuar Əlimcanov, Moris Simaşko və digərləri ilə birlikdə daha yüksək mövqelərə qaldıra bilmişdir. Türklərin özünəməxsus sivilizasiyasından bəhs etməklə o, qeyd edirdi ki, Türk xaqanlığı heç nə yaratmayıb, təkcə Orxon-Yenisey abidələrini ortaya qoymaları ilə dünya mədəniyyətində öz ləyaqətli yerini qorumaqdadırlar. O.Süleymenovun dünya maştablı bədii-poetik, elmi-nəzəri təfəkkürü onun əsil Avrasiyaçı olduğunu sübut etdirməkdədir. Bax, buna görə də təsdiq edirik ki, Oljas Süleymenov milli ilə dünya mədəniyyəti arasında birləşdirici, qovuşdurucu körpüdür. Məhz buna görə də onun Avrasiya məkanında xalqlar arasındakı rolu danılmazdır. Onda spontan olaraq dünyanı özünəməxsus hiss etmə və onu qavrama modeli formalaşmışdır.

Xeyli müddət sonralar nəşr etdirdiyi “Sözün Kodu” adlı yeni kitabında O.Süleymenov sözün genomeninin raşşifrovkasına, söz-işarələrinə, söz-simvollara xüsusi diqqət yetirərək insanları bəşər övladının ilk sözlərinin mənşəyinə diqqət yönəlttmək istəmişdir.

Belə yanaşma zamanı o, fonetik müvafiqlik metodunun məhdudluğuna nəzər salmaqla söz tarixinin yalnız üst laylarının öyrənilməsinin mümkünlüyünü qeyd etmişdir. Odur ki, Süleymenovun “Sözün Kodu” kitabında onun tərəfindən gələcək elmi araşdırmaların perspektivləri “Şümerdə Türklər”, “Qədim Misirdə Türklər”, “Etruriyada Türklər”, “Qədim Hindistanda Türklər”, “Qədim Çində Türklər” və s. mövzuların aktuallığı ortaya qoyulmuşdur. Süleymenov əminliklə bildirir ki, Sözü son dərəcə diqqətlə oxuyub, ona xüsusi məna verməyi bacarmaq lazımdır ki, o tarixə qədərki keçmişin şahidi olduğunu gərəyincə nümayiş etdirə bilsin.

Heç şübhəsiz ki, Oljas Süleymenovun poeziyası özündə avanqard poetikasını, çöl, səhra motivlərini və texnogen eranın kosmizmini, mədəniyyətlərin dialoqunu və dialektikasını əks etdirən qeyri-adi fenomen olmaqla şairin ədəbi və yaradıcılıq bioqrafiyasını uğurla birləşdirən qeyri-ordinar mədəni-poetik və fəlsəfi-estetik hadisədir. Şairin çeşidli yaradıcılığı şeir və poemaları Azərbaycan dili ilə yanaşı, ingilis, fransız, alman, ispan, çex, polyak, slovak, bolqar, macar, rus, monqol, qırğız, özbək, ukrayna, belarus, türk, çin, koreya və digər çoxsaylı dünya xalqlarının dillərinə tərcümə olunmuşdur. Bədii əsərləri ilə yanaşı, Oljas Süleymenovun elmi əsərləri də dünyada son dərəcədə populyardır. Onun bu müstəvidə qələmə aldığı əsərlərində qədim insanın dilinin universal qrammatikasının tarixi-linqvistik təhlili yer alır ki, o da bu və ya digər şəkildə müasir dillərdə öz funksionallığını qoruyub saxlamaqdadır. Süleymenov onların genezisini ilk heroqlrif qrafik yazının köməyi ilə raşşifrovkasını “Az i Ya” (1975), “Yazının dili” (1998), “Tarixəqədərki türklər” (2001), “Sözü Kodu” (2014), “Etimologiyaya giriş” (2019) və başqa bu kimi tədqiqatlarında bəşər övladının təkamülünün öyrənilməsindəki “ağ ləkələri” etimologiya, kulturologiya və paleolinvistikanın köməyi ilə görüb ortaya çıxarmağa müvəffəq olmuşdur.

Oljas Süleymenov poeziyası insanlara xalqının tarixi təşəkkülünü dərk etməyi öyrənib, bizləri əsrlərin dərinliyini və görməyə istiqamətləndirməklə qazaxların haradan gəlib, hara getdiyini, onlara dünyada öz yerini dərk etməyə və bilməyə sövq etməyə çalışmışdır. Buna görə də Oljasın şeirlərini bir qayda olaraq fikir dərinliyi, fəlsəfi interpretasiya, estetik duyum tərzi və birmənalı qəbul edilməyən polemik kontekst fərqləndirir.

Böyük mütəfəkkirin “Gil kitab” əsəri isə tarixi hadisələri yaddaşlarda canlandıran, əsrlərin dərinliklərində ilişib qalanları, olub-keçmişləri dövrümüzdə yenidən göz önunə gətirməyi hədəfləyən bir nümunə kimi maraqlıdır. Bu əsərdə şəkillərdən bəhs olunmaqla Assuriya çarı Assarxadonun salnaməsundə onlarla bağlı məlumatlar yer almışdır. E.ə. VII əsrdə işquzlar İşpakay adlı başçıları ilə birlikdə Xəzərin qərb sahillərindən Cənub səhralarından Assuriya və Babilistana hücüm edir və bu əraziləri bir neçə il ərzində idarə edir. Bununla O.Süleymenov “Vəhşi Səhra”da elmi axtarışlar aparılması üçün son dərəcə vacib və qiymətli nəticələrə imza atır ki, onları aşağıdakı kimi ümumiləşdirmək mümkündür:

a) Oğuz yazısının ən qədim abidələri bizim eradan Orxon-Yenisey abidələridir. Lakin O.Süleymenovun əsəri oğuzların tarixini e.ə. XI əsrə aid etməklə daha da qədimlərə aparır;

b) Skifşünasların çoxillik mübahisələrinə burada nöqtə qoyulur: skiflər Assuriyaya hücüm edən türklərdir, yoxsa iranlılar;

c) Skif adının özü bizim dövrə “iş-quz” kimi gəlib çatmaqla, həm də “iç- oğuz” (yaxud “iç-quz”) kimi səslənməkdə və tarixdə yer almaqdadır.

Bütün bu tipli yanaşmalar O.Süleymenovun tarixi-nəzəri baxışlarının məhsuludur. Azərbaycan dilində nəşr olunmuş “Tanrının təbəssümü” məcmuəsində isə əslində O.Süleymenovun elmi-tədqiqat xarakterli əsərləri “Az i Ya”, “Gil kitab”, “Sözün Kodu”, “Tarixəqədərki türklər” kitablarından nümunələr və “Tanrının təbəssümü” adı altında olar şeirlərdən seçmələr, o cümlədən Süleymenovun həyat və yaradıcılığından bəhs edən “Oljas fenomeni” adlı kitablardan nümunələr yer almışdır. Əslində Azərbaycan, türk və ingilis dillərinə çevrilib “TEAS Press Nəşriyyat evi” tərəfindən çap olunmuş bu əsərlər Oljas Süleymenovın 80-illiyi münasibəti ilə işıq üzü görməklə dahi mütəfəkkirin orijinal yaradıcılığının əksər aspektlərini əhatə etməkdədir.

Oljas Süleymenov əhatəli etnoloji, etnoqrafik, paleoqrafik, paleolinqvistik, tarixi, fəlsəfi, elmi, poetik, publisistik və s. tipli əsərləri ilə qazaxların və türk xalqlarının adını tarixinin yaddaşına bir dəfəlik həkk etmiş böyük TÜRKDÜR!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Aprel 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri