Icma.az
close
up
RU
Ölülər həyat xilas edə bilər orqan transplantasiyası: qorxu, tərəddüd və inanclar ARAŞDIRMA

Ölülər həyat xilas edə bilər orqan transplantasiyası: qorxu, tərəddüd və inanclar ARAŞDIRMA

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Orqan transplantasiyası müasir tibbin insan həyatını xilas edən ən mühüm nailiyyətlərindən biridir. Eyni zamanda, bu məsələ həm tibbi, həm hüquqi, həm də mənəvi baxımdan çox müzakirə olunur. Dünyanın bir çox ölkəsində orqan donorluğu və transplantasiya ilə bağlı geniş təcrübə formalaşsa da, Azərbaycanda bu prosesin inkişafı hələ bir sıra çətinliklərlə üz-üzədir. Donor çatışmazlığı, cəmiyyətin dini və mental baxışları, qanunvericilikdəki boşluqlar, eləcə də ictimai məlumatsızlıq bu mövzunun aktuallığını daha da artırır.

Orqan transplantasiyası beynəlxalq təcrübədə

Türkiyə təcrübəsində hazırda "opt-in" modeli ("optional in" - seçim əsasında daxil olmaq, razılıq vermək - red.) istifadə edilir. Bu o deməkdir ki, yalnız şəxsin könüllü şəkildə razılığı olduqda və ya ailə üzvləri razılıq verdikdə donorluq mümkündür. Buna baxmayaraq, ölkədə donor kartı sistemi və geniş maarifləndirmə kampaniyaları prosesi xeyli gücləndirib. Dövlət və özəl mərkəzlərin inkişafı, donor ailələrinə sosial dəstək proqramlarının mövcudluğu ictimai qəbul səviyyəsini artırıb.

ABŞ-də də "opt-in" sistemi mövcuddur, amma donor qeydiyyatı və uyğunluq banklarının güclü olması, şəffaf növbə mexanizmi və donor ailələrinə psixoloji-hüquqi dəstəyin təmin edilməsi sistemi daha səmərəli edir.

İspaniya isə dünyanın ən uğurlu nümunəsi hesab olunur. Burada "opt-out" (optional-out - əvvəlcədən daxil olmaq, istəyə görə imtina - red.) sistemi tətbiq edilir: hər bir vətəndaş avtomatik olaraq donor sayılır, yalnız yazılı şəkildə imtina edənlər sistemdən çıxarılır. Güclü donor koordinasiya şəbəkəsi, şəffaflıq və ictimai dəstək bu ölkəni transplantasiya sahəsində lider edib.

Bəs Azərbaycanda vəziyyət necədir?

Azərbaycanda orqan transplantasiyası hazırda "opt-in" modeli ilə tənzimlənir. Lakin praktiki baxımdan donor bazasının zəifliyi, ictimai maarifləndirmənin azlığı və dini-sosial tərəddüdlər səbəbindən proses geniş yayılmayıb.

Moderator.az "Report"un mövzu ilə bağlı araşdırmasını təqdim edir.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci ilin ilk 8 ayında ölkədə 203 orqan köçürməsi icra olunub.

"Ən çox ehtiyac duyulan orqan böyrək olduğu üçün sözügedən dövrdə ümumilikdə 60 əməliyyat aparılıb. Onlardan ikisi uşaq, 58-i böyüklərdə icra olunub. Qaraciyər transplantasiyası üzrə ümumilikdə 36 əməliyyat aparılıb. Onlardan dördü uşaq, 32-si böyüklərdə icra olunub. Buynuz qişa transplantasiyası üzrə 85 əməliyyat aparılıb. Onlardan biri uşaq, 84-ü böyüklərdə icra olunub. Ən az icra olunan sümük iliyi transplantasiyası üzrə isə 22 əməliyyat baş tutub. Onlardan 21-i uşaq, biri isə böyüklərdə icra olunub", - Mərkəzdən qeyd edilib.

Bununla yanaşı, vurğulanıb ki, hazırda 1021 nəfər orqan transplantasiyası üçün növbədədir.

Bu statistikadan belə nəticəyə gəlirik ki, Azərbaycanda orqan transplantasiyası sahəsində müəyyən irəliləyişlər olsa da, donor çatışmazlığı hələ də əsas problemdir. Bundan başqa, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi fəaliyyətə başlayana qədər 1862 əməliyyat icra edilib. Mərkəzin fəaliyyətə başlamasından (2022-ci il) indiyədək isə 987 orqan transplantasiyası həyata keçirilib ki, bu əməliyyatlardan da 948-i uğurla nəticələnib. Yəni təxminən 96% uğur göstəricisi var. Bu, beynəlxalq standartlarla müqayisədə yaxşı göstərici hesab olunur. Lakin hazırda 1021 nəfərin orqan transplantasiyası üçün növbədə olması, bu əməliyyatların icra olunmasına baxmayaraq, donor çatışmazlığı probleminin hələ də ciddi olduğunu göstərir.

Qanun meyitdən orqan götürülməsinə imkan verir

Dörd il öncə donor olaraq böyrəyini könüllü verən Bakı sakini "Report"a bildirib ki, əməliyyatdan sonra heç bir çətinliklə rastlaşmayıb və bu onun müstəqil qərarı olub:

"Könüllü olaraq orqan köçürülməsində iştirak etmək mənim üçün ölüm deyil, amma ehtiyacı olana həmin an üçün orqanın tapılmaması ölümdür. Mən bir körpəyə qaraciyərimdən də vermək istəmişdim. Sadəcə, tibbi səbəblərdən alınmadı. Təəssüf ki, həmin körpə artıq həyatda deyil. Ölümümdən sonra meyit donorluğu barəsində isə tərəddüdlüyəm. Düşünürəm ki, buna razı olmaram".

Görünür, cəmiyyətdə meyit donor barədə qorxular, dini aspektli tərəddüdlər və məlumat azlığı mövcuddur. Lakin 2009-cu ildən bəri Azərbaycanda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanun meyitdən orqan götürülməsinə imkan verir. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən əldə etdiyimiz məlumata görə, həmin vaxtdan bəri ölümündən sonra könüllü donor kimi qeydiyyatdan keçib və orqanlarını bağışlamaq istəyənlərin sayı 544 nəfərə çatıb.

Əlbəttə ki, bu rəqəm çox kiçikdir. Çünki hazırda transplantasiya növbəsində mindən çox adam var. 10 milyondan çox əhali olan ölkədə cəmi 544 nəfərin qeydiyyatdan keçməsi meyit donorluğunun hələ də cəmiyyət tərəfindən çox da müsbət qəbul olunmadığını göstərir.

Bu arada, ölümündən sonra orqanlarını könüllü bağışlayan bir Bakı sakini ilə əlaqə yarada bildik. Onun sözlərinə görə, uzun illər bu barədə maraqlanıb və sonda belə bir qərarı verə bilib:

"Mən hər dəfə filmlərdə, Avropa ölkələrində ölümündən sonra orqanlarını ehtiyacı olan şəxslər üçün könüllü donor kimi vəsiyyət edən insanlar barədə məlumatlara rast gəlirdim. Düşünürdüm ki, ölkəmizdə də bu baş tutsa, mütləq orqanlarımı ölümümdən sonra ehtiyacı olanlar üçün vəsiyyət edəcəyəm. Məncə, bu, böyük yaxşılıqdır. Mümkün qədər insanları bu işə cəlb etmək zəruridir".

İnsanlar tərəddüd edir

Aydındır ki, həyatı təhlükə altında olan, sağalmaz xəstəliklərdən əziyyət çəkən və ya ölümünün qaçılmaz olduğunu anlayan insanlar orqanlarını başqalarına bağışlamaq qərarı verə bilirlər. Lakin insanların bu məsələyə münasibəti fərqlidir: bəziləri müsbət yanaşır, bəziləri isə tərəddüd edir.

Sosioloq Naib Niftəliyev "Report"a açıqlamasında bildirib ki, hazırda əhalinin təxminən 70%-i donor olmaq məsələsində ehtiyatlıdır və ya bunu etməyə hazır deyil:

"Sağ donor olmaq məsələsində ictimai rəydə müxtəlif mövqelər var. Əgər donorla xəstə arasında uyğun qan qrupu, genetik faktorlar və digər tibbi göstəricilər uyğun gəlirsə, böyrək və ya qaraciyər transplantasiyası mümkün olur. Amma təcrübə göstərir ki, Azərbaycanda belə hallara çox nadir rast gəlinir. Əksərən yaxın qohumlar – qardaş, bacı, valideyn və övladlar donor olurlar. Təxminən 30% isə müəyyən şərtlər daxilində donor ola bilər. Həqiqətən də, hər 100 nəfərdən 1-2-si, yəni 1-2% donor olmağa tam hazırdır".

Dini inanc və adətlərin orqan donorluğu məsələsinə təsiri

Sosioloq qeyd edib ki, insanların dini-mənəvi baxışları onların orqan donorluğu məsələsinə münasibətini müəyyən edir, lakin bu münasibət texnologiyanın və tibbin inkişafı ilə müəyyən dərəcədə yumşalır:

"Vəfat etmiş şəxslərin orqanlarının donor kimi istifadə olunmasında həm hüquqi, həm də mənəvi yanaşmalar var. Hüquqi baxımdan insan sağlığında öz razılığını veribsə və ya ölümündən sonra yaxınlarının razılığı əldə olunursa, orqanların istifadəsi qanuni sayılır. Amma insanların əksəriyyəti bu məsələyə həssas yanaşır, çox vaxt da razı olmur. Çünki hər kəs öz bədəninin ölümündən sonra toxunulmaz qalmasını istəyir. Lakin müasir dövrdə dini inancın və təhsilin birbaşa donor olmaq qərarına təsiri o qədər də böyük deyil. Məsələn, dindar şəxslər arasında da donor olanlar mövcuddur və burada din və tibbi inkişaf arasında ziddiyyət yoxdur".

Bəs İslam dini ölümündən sonra orqanları bağışlamağa icazə verirmi?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev "Report"a açıqlamasında bildirib ki, orqan transplantasiyası ilə bağlı məsələlərdə birmənalı qadağalar yoxdur, sadəcə müxtəlif yanaşmalar mövcuddur:

"Bəzi ölkələrdə məhdud icazələr tətbiq olunur, İslam ölkələrində isə bu məsələ dini baxımdan fərqli şərh edilir. Quranda buyurulur ki, bir insana həyat vermək bütün bəşəriyyətə həyat vermək, günahsız bir insanı öldürmək isə bütün bəşəriyyəti öldürmək kimidir. Bu yanaşmaya əsasən, İslam alimləri orqan bağışlanmasına müsbət münasibət bildiriblər".

Din xadimi deyib ki, əgər insan sağlığında vəsiyyət etsə ki, rəhmətə getdikdən sonra sağlam orqanları ehtiyacı olan xəstələrə verilsin, bunun varislər tərəfindən icra edilməsi din baxımından tam caizdir:

"Əgər insan vəsiyyət etməyibsə, lakin vəfat etdikdən sonra onun yaxınları sağlam orqanlarının ehtiyacı olan xəstəyə verilməsinə razılıq versələr, bu da İslam dini baxımından mümkündür. Burada əsas diqqət yetiriləcək məqam odur ki, İslam dini orqan satışına qətiyyən icazə vermir. Orqan müqabilində pul danışmaq haram və günah sayılır. Bir sözlə, İslam dini orqan bağışlanmasına icazə verir, lakin bunun şərti olaraq halal yolla, satışsız və yalnız həyat xilas etmək məqsədilə edilməsini tələb edir.  Bu mövzuda din xadimləri də cəmiyyət arasında maarifləndirici işlər aparır, insanlara izah edirlər ki, orqan bağışlanması icazəlidir və savabdır. Lakin gizli yollarla, qanunsuz şəkildə və xüsusilə, alğı-satqı yolu ilə bu işin görülməsi haramdır".

Azərbaycanda orqan transplantasiyasının intibah dövrünün başlanğıcı

Səhiyyə Nazirliyinin orqan transplantasiyası üzrə mütəxəssis eksperti Mircəlal Kazımi "Report"a açıqlamasında bildirib ki, ümumiyyətlə, orqan transplantasiyası əməliyyatları digər cərrahi əməliyyatlarla müqayisədə ən mürəkkəb və riskli əməliyyatlar qrupuna daxildir:

"Çünki burada təkcə əməliyyatın özü ilə bağlı məsələlər deyil, həm də əməliyyatdan sonrakı proses, xəstənin vəziyyəti, həkim heyətinin fəaliyyəti və ən əsası, orqanın orqanizmdə işləməsi birbaşa nəticəyə təsir göstərir. Xəstənin maariflənmiş olması, sosial və məişət şəraiti də prosesə təsir edir. Bu günədək Azərbaycan səhiyyəsində orqan transplantasiyası sahəsində mühüm irəliləyişlər yaşanıb. Bizim komandamız 2008-ci ilin 12 dekabrında Azərbaycanda və ümumiyyətlə, regionda ilk dəfə olaraq qaraciyər transplantasiyası həyata keçirib. Bu hadisə ölkəmizdə orqan transplantasiyasının intibah dövrünün başlanğıcı oldu. 2011-ci ildə isə biz Naxçıvanda ilk dəfə böyrək transplantasiyası icra etdik.

Bu günədək yalnız bizim komanda tərəfindən 1500-dən çox, ümumilikdə isə ölkə üzrə 2000-dən artıq orqan transplantasiyası əməliyyatı həyata keçirilib. Bu göstərici regionda ən yüksək nəticədir və Azərbaycan səhiyyəsinin mühüm uğuru hesab olunur".

Gələcəkdə donor donuzlar olacaq?

Mütəxəssis qeyd edib ki, əməliyyatların təxminən 99 faizi canlı donordan alınan orqanlar vasitəsilə icra olunub:

"2025-ci ilin 6 fevralında isə ilk dəfə beyin ölümü qeydə alınmış şəxslərin ailəsi tərəfindən orqanlar bağışlandı və  nəticədə qaraciyər, böyrək və gözün buynuz qişa transplantasiyalarını uğurla həyata keçirdik. Fevral ayından bu günədək beyin ölümü keçirmiş 3 vətəndaşın orqanlarının transplantasiya məqsədilə alınmasına ailəsi razılıq verib. Həmin orqanlardan qaraciyər, böyrək və gözün buynuz qişasının transplantasiyasında istifadə olunub".

M.Kazımi Azərbaycanda orqan transplantasiya əməliyyatlarının uğur faizinin dünya standartlarına uyğun olduğunu da vurğulayıb:

"Qaraciyər transplantasiyasından sonra xəstələrin 1 illik yaşama göstəricisi 90–91%, 3 illik göstəricisi 80–85%, 5 illik göstəricisi isə 70–71% təşkil edir. Böyrək transplantasiyasında isə bu rəqəmlər daha yüksəkdir – 1 illik yaşama faizi 95%-dən çoxdur".

Mütəxəssis onu da bildirib ki, 2022-ci ilin avqust ayına qədər orqan transplantasiyası əməliyyatları xəstələrin şəxsi hesabına, yəni ödənişli şəkildə icra olunurdu, lakin artıq bu əməliyyatlar İcbari Tibbi Sığorta Xidmətləri Paketinə daxil edilib:

"Beləliklə, artıq xəstələr transplantasiya əməliyyatlarını dövlət hesabına, tamamilə ödənişsiz şəkildə keçirə bilirlər. Bu günə qədər 300-ə yaxın insan icbari sığorta çərçivəsində pulsuz transplantasiya əməliyyatı olunub. Bu göstəricilərdən də aydın olur ki, orqan transplantasiyası sahəsi daim inkişaf edir".

Ekspert əlavə edib ki, gələcəkdə orqan transplantasiyasının əsas yolu məhz donuzlardan alınan genetik dəyişdirilmiş orqanların insanlara köçürülməsi olacaq:

"Tibdə hər gün yeniliklər, müasir texnologiyalar tətbiq olunur. Hazırda dünyanın müxtəlif ölkələrində – xüsusilə ABŞ və Çində genetik dəyişiklik edilmiş donuz orqanlarının insanlara köçürülməsi istiqamətində ciddi elmi araşdırmalar aparılır. Lakin hazırda bizim bu sahədə imkanlarımız yoxdur. Buna görə də transplantasiya əməliyyatlarımız yalnız canlı donorlardan və yeni başlanan meyit donorluq təcrübələri əsasında həyata keçirilir. Bu səbəbdən hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Bizim vəzifəmiz orqan bağışlanması ilə bağlı maarifləndirmə işlərini aparmaq, ictimaiyyətdə bu prosesə dəstək göstərməkdir. Mən öz adımdan hər kəsi orqan bağışlanmasına dəstək olmağa, həyatı xilas edən bu humanist addımı atmağa çağırıram".

Bəs donor, eləcə də onu gözləyənlərin psixoloji durumu necə olur?

"Bəzən bir insan böyük əziyyət və stress içində illərlə donor gözləyir. Digər tərəfdən, donor olan şəxslərin yaxınlarının da müəyyən qədər təsəlliyə ehtiyacı olur. Əgər donor dünyasını dəyişibsə, onun yaxınları üçün təsəlli verən məqam odur ki, sevdiklərinin hansısa orqanı başqa birisinə həyat verir. Bu onların acısını bir qədər yüngülləşdirir".

Bu sözləri "Report"a açıqlamasında psixoloq, psixoterapevt Elmir Əkbər deyib.

Psixoloq təklif edib ki, ayrıca bir xidmət qrupu yaradılmalı, dövlət qurumlarından birinin tərkibində transplantasiya gözləyən, əməliyyat keçirən şəxslərlə və donorların yaxınları ilə işləyən ayrıca bir psixoloji struktur formalaşdırılmalıdır.

Ölümündən sonra orqan donorluğu hüquqi müstəvidə

Azərbaycanda orqan transplantasiyasını birbaşa tənzimləyən əsas iki sənəd - "Əhalinin sağlamlığının qorunması haqqında" və "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanunlar var.

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev "Report"a bildirib ki, ölkə qanunvericiliyi əsas prinsiplər baxımından beynəlxalq normalara uyğundur:

"Amma praktiki mexanizmlər (donor reyestri, razılıq sistemi, prosedur dəqiqliyi, etik nəzarət) geridə qalır. Bu səbəbdən də ölkədə transplantasiya əməliyyatlarının sayı çox azdır və bəzən xəstələr müalicə üçün xaricə getməli olurlar".

Ə.Allahverdiyev əlavə edib ki, Azərbaycan qanunvericiliyinə əsasən canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər:

"Meyit donordan transplantasiya məqsədilə isə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər. Azərbaycanda ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) qadağandır".

Hüquqşünas vurğulayıb ki, qanuni donorluq mexanizmi zəif olduqda orqan alveri riski çoxalır:

"Donorluq mexanizminin zəifliyi səbəbindən donor sayı azalır, ehtiyaclıların isə sayı artır. Nəticədə orqan alveri və kölgə transplantasiya riski çoxalır. Yəni, bu iki proses birbaşa əks mütənasibdir: qanuni mexanizm güclü olduqca orqan alveri azalır, zəif olduqca artır".

Donorluğun təbliği istiqamətində hansı addımlar atıla bilər?

Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva "Report"a açıqlamasında təklif edib ki, Azərbaycanda insan orqanlarının və toxumalarının donorluğunun təbliği məqsədilə tibb müəssisələri və qeyri-hökumət təşkilatları tərəfindən sosial reklamlar nümayiş etdirilə bilər:

"Televiziya və ya ictimai nəqliyyatda qısa videoçarxlar yayımlana, eləcə də küçələrdə reklam lövhələri yerləşdirilə bilər. Orqanlarını və ya toxumalarını bağışlayan şəxslər bir deyil, bir neçə şəxsə həyat verə bilər. Bir çox hallarda ölkəmizdə və beynəlxalq təcrübədə, tanınmış, nüfuzlu cəmiyyət üzvlərinin orqanlarını bağışlamasının şahidi oluruq. Təbii ki, bu, cəmiyyətə bir mesajdır".

Deputat onu da vurğulayıb ki, qanunvericilikdə təbliğata icazə verilən hallarla bağlı nəzarət və monitorinq mexanizmləri daha da gücləndirilməlidir:

"Qanun insan orqan və toxumalarının satışını birbaşa qadağan edir. Bu, etik normalara və beynəlxalq konvensiyalara ziddir. Ancaq bəzi hallarda belə satış sosial şəbəkələrdə reklam olunur. Xüsusilə, son zamanlar müşahidə etdiyimiz sonsuzluğun müalicəsi ilə bağlı bəzi şirnikləndirici hallar cəmiyyəti çaşdıra bilər. Buna görə də düşünürəm ki, təbliğat mütləq qanunvericiliyə uyğun aparılmalıdır".

Göründüyü kimi, Azərbaycanda orqan transplantasiyası tibbi baxımdan mühüm nailiyyətlər əldə etsə də, donor çatışmazlığı, ictimai tərəddüdlər səbəbindən proses istənilən səviyyədə deyil. Statistika uğurlu əməliyyatların sayının artdığını göstərsə də, hələ də yüzlərlə insan donor gözləyir. Bu reallıq onu deməyə əsas verir ki, orqan bağışlanması yalnız tibbi məsələ deyil, həm də cəmiyyətin humanist seçimidir. Bu baxımdan, maarifləndirmə, güclü hüquqi mexanizm və sosial dəstək sisteminə ehtiyac var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see323

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see245

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see212

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see200

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see139

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see137

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see135

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see133

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see125

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see119

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see117

İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var?

03 Sentyabr 2025 15:58see116

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see114

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri