Icma.az
close
up
RU
Onsuz illərdə çox mübariz olmağı, haqlarımı tələb etməyi öyrəndim

Onsuz illərdə çox mübariz olmağı, haqlarımı tələb etməyi öyrəndim

Icma.az bildirir, 525.az portalına istinadən.

Hər dəfə incəsənətin musiqi sahəsindən yazmaq lazım gələndə Seyid Əzimin məşhur "Guş qıl, ey ki bilirsən özüvi vaqifi-kar" qəzəlindən bir misra yadıma düşür: "Fəhm qıl, gör ki, nədir musiqiyü müsiqar". Əsrlərlə yol gələn Azərbaycan musiqisi zamanı adlaya-adlaya, özəlliyini qoruya-qoruya, dahi musiqiçilər yetirə-yetirə elə bir zirvəyə çatıb ki, bu gün onun muğamı UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezertativ Siyahısına daxil edilib. Musiqi ilə bağlı olan insanlarla söhbətlərimiz az olmayıb. Amma bu gün növbəti yazıya başlamaq istəyəndə, birdən düşündüm ki, indiyə qədər musiqiyə verilən tərifi heç araşdırmamışam. Lakin: "Yanlış da bir naxışdır" deyib səhvi düzəltməyə cəhd etdim. Deməli: "Musiqi səsli, bədii obrazların gerçəklikdə əks etdirən, insanın psixikasına fəal təsir edən incəsənətin növlərindən biridir. Musiqi forma, harmoniya, ritm və ya başqa cür ifadəli məzmunun birləşməsidir". Bu, musiqinin elmi tərifidir. Yaradıcılıq baxımından yanaşsaq, musiqi ruhun səsi, hisslərin dilidir. Musiqidə sevinci də, kədəri də, sevgini də, həsrəti də, ümidi də tapmaq olar. Bəzən bir baxışın, bir yaddaşın, ani bir məqamın davamıdır musiqi. İnsanı həm ağladar, həm də sağaldar.

Hər bir məktəbdə olduğu kimi musiqi sahəsi də əlifbadan başlayır. Bu əlifbada yer alan cəmi yeddi səsin harmoniyası elə möcüzələr yaradır ki, dünyanı vəcdə gətirir, irqindən, dilindən, mənsubiyyətindən asılı olmayaraq bəşəriyyəti ovsunlaya bilir.

Bu dəfə uşaqlarımızın musiqi zövqünün, duyumunun əsasını qoyan bir mədəni ocağın qapısını döymək istədik. Gəldiyimiz ünvan Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi oldu. Müsahibimiz isə şəhid hərbçi pilot polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı, məktəbin direktoru, pianoçu-bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynovadır.

- "Yaşa xalqım, canım, qanım, Bölünməzsən Azərbaycan". Vətənpərvərlik silsiləsindən olan bir bəstənizə yazdığınız şeirin iki misrasıdır. Zənnimcə ilk addımlardan başlasaq, yerinə düşər...    

- Bir yaşım olanda atam evimizə fortepiano alıb və anamın dediyinə görə, ayaq tutub yeriməyə başlayandan bu alət məni özünə cəlb edib. Tez-tez ona yaxınlaşıb dilləri səsləndirərmişəm. Artıq 4-5 yaşım olanda televizor və radioda eşitdiyim musiqiləri yavaş-yavaş çalmağa başlamışam. Beləcə, evdə musiqiyə olan marağımı hiss edib beş yaşlı balaca qızı musiqi məktəbinin hazırlıq sinfinə verdilər və notlarla tanışlığım başladı. Məktəb yaşım çatanda evimizə yaxın 1 saylı ümumtəhsil məktəbində də artıq yerlər dolduğundan anamın məsləhətilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gətirdilər məni. Amma həmin məktəbə qəbul üçün uşaqlar dörd qabiliyyət mərhələsi keçməli idi. Anam buna tam arxayın olmasa da, həmin imtahanlara qatıldım və yüksək balla məktəbə qəbul oldum. Peşəkar müəllimlərdən dərs aldım. Fənn müəllimlərim məni humanitar sahələrə yönəltmək istəsələr də, ixtisas müəllimlərimin mənə sərf etdiyi zəhməti daha çox dəyərləndirdiyimdən elə bu yolun axırı ilə getməyə qərar verdim. Əslində özlüyümdə uğur qazanacağıma əmin idim və zaman göstərdi ki, bunda heç yanılmamışam da. Məktəbi fərqlənmə ilə bitirdim, yüksək balla Bakı Musiqi Akademiyasına daxil oldum. Akademiyadan sonra aspirantura pilləsi gəldi və hamısını əlimdə fərqlənmə diplomu ilə başa vurdum, vaxtından əvvəl müdafiə də etdim. Həyatımın musiqili dinamikası məni bugünkü mərhələyə gətirib çıxardı.

- Sizin üçün ata, ictimaiyyət üçün tanınmış sima Qabil Hüseynli...

- Deyərdim ki, təhsilimizlə bağlı həm mənə, həm qardaşıma qarşı atamın tələbkarlığının sərhədi olmayıb. Evdə elə bir ciddi mühit yaratmışdı ki, onun yanında televizorda hansısa bir proqrama baxmağa çəkinirdik. O gələndə əlimizdə ya kitab olmalı idi, ya da dərslərimizlə məşğul olmalı idik. Zamanında bu, içimizdə narazılıqlara səbəb olsa da, indi hər ikimiz atamıza çox minnətdarıq. Aspirantura təhsili dönəmində hər günüm nəzarət altında idi. Tapşırıq verirdi ki, məqalənin bir hissəsi bu gün yazılmalıdı və sonra onu məndən tələb edirdi. Musiqi ilə əlaqəsi olmasa belə, yazdıqlarıma göz gəzdirirdi, tapşırdığı işin yerinə yetirildiyini görəndən sonra razılığını bildirirdi. Bilirsiniz, musiqi elə bir sahədir ki, burada valideynin ciddi nəzarəti mütləq olmalıdır. Həm yaşın elə bir dönəmi, həm bu sənətin elə çətin məqamları var ki, təhsilin ilk pillərində təhsildən uzaqlaşmaq kimi bir fikir də əmələ gəlir. Cansıxıcı məşğələlər, mükəmməl çala bilməmək, evdə gərgin hazırlıqlar fikir çaşqınlığı yarada bilir. Bu nöqteyi-nəzərdən atama çox borcluyam.

- Adınızın qarşısında şəhid xanımı kimi ağır olduğu qədər şərəfli kəlmə var. Kiçik ailənin qısa ömrünün tarixçəsinə üz tutaq. Qurulan hər yuva tanışlıqdan başlayır...

- Həyatımın ən böyük xoşbəxtliyi Rəşadla tanışlığım və iki övladımızdır. Tanışlığımız 2010-cu ilin isti avqust günlərinin birində olub. Rəşad və onun xalasının Gəncədə həkim işləyən bibimqızı ilə ailəvi dostluqları vardı. Əvvəldən həkim-pasiyent kimi başlayan münasibət sonda yaxın dost münasibətinə çevrilib. Məni görüb, bəyənib, haqqımda məlumat topladıqdan sonra bibim qızının vasitəsilə Rəşadla tanış olduq. Səkkiz aydan sonra ailə qurduq və səkkiz il çox gözəl bir həyat yaşadıq.

- Gözəl həyat yaşadığınız Rəşad Atakişiyev...

- Sevgi dolu bir insan idi Rəşad. Həm sənətimdə, həm bir xanım kimi mənə böyük dəyər verirdi. Ailəsinin üzərində bir qoruyucu mələk idi. Çalışardı ki, boş vaxtlarını ailəsilə keçirsin. Qayğısı ilə uşaqları elə əhatə edə bilmişdi ki, işdən yorğun gəldiyini belə, hiss etdirmirdi. O məşum hadisədən bir gün əvvəl bizim ailəvi bir gəzintimiz oldu, gözəl bir gün keçirdik. Heç demə, bu, son vida gəzintimiz imiş.

- Tanışlığa qədər onun hərbçi-pilot olduğunu bilirdiniz...

- Etiraf edim ki, o haqda artıq məlumatım olanda hardasa narahatlıq özünü göstərə bilmişdi. Bununla belə, bu, məni onunla görüşməkdən çəkindirmədi. Tanışlığımızdan sonra isə həmin hissin mənim üçün heç bir əhəmiyyəti olmadı. Rəşadın mədəniyyəti, mənəvi zənginliyi, əxlaqı, etik davranışı o qədər mükəmməl idi ki, özüm belə mat qalmışdım. Həmin bu münasibəti bu gün onun ata-anası, yaxın qohumlarından da görürəm. Bizi o qədər isti, səmimi qayğı ilə əhatə ediblər ki, bu bağların Rəşadsız davam etdiyinə çox üzülürəm. Bəzən deyirlər ki, ideal deyə, bir anlayış yoxdur. Amma onların timsalında əminliklə deyə bilirəm ki, ideal ailə var.

- Hərbçi xarakterində sərtlikdən qaçmaq olmur. Bununla belə, onlar həm də isti bir ocağın başçısıdır...

- Təbiət etibarilə Rəşad çox mülayim insan idi. Bunu özü də vurğulayırdı ki, işdə mən tamam başqayam. Ciddiliklə yanaşı, əsgərlərinə qarşı çox diqqətcil, həssas idi. Kimin nəyə ehtiyacı olduğunu həmişə müşahidə edər və sıxıntı çəkməsinə imkan verməzdi. Bununla belə, evdə iş söhbətlərinə heç vaxt yer ayırmazdı. Çox təvazökar biri idi. 2019-cu ilin əvvəlində Rəşada polkovnik-leytenant rütbəsi verildi. Evdə bu haqda heç söz də açmamışdı ki, bir xəbərimiz olsun. Böyük oğlum çox diqqətcildi. Səhər mayor paqonu ilə işə gedən Rəşad axşam evə gələndə Turqut dərhal dedi ki, ata, paqonun dəyişib. Rütbə ilə yanaşı, onun vəzifəsi də artırılmışdı. Çox sevindik, onu təbrik etdik və dedim ki, bunu qeyd etməliyik. İsrarla dedi ki, qətiyyən belə bir iş görməyin, bu, mənim işimdir, dövlətin mənə göstərdiyi etimaddır və bunu nümayiş etdirməyə ehtiyac yoxdur.

- İnsan həyatı "kaş ki" demədən ötmür. Kaş ki Rəşad hərbçi olmazdı...

- Mən Rəşadla həmişə qürur duymuşam və inanırdım ki, general rütbəsinə qədər yüksələcək. Yalnız bu qəza baş verəndən sonra dedim ki, kaş ki Rəşad təqaüdə çıxa biləydi, çünki özü onu gözləyirdi. Amma hərbçi olduğuna heç vaxt təəssüflənməmişdim, çünki onu həyatıma elə qəbul etmişdim. İndi isə Rəşadın şücaətilə fəxr hissi duyuram. Kiçik yaşlarından onda həkim olmaq həvəsi olub. Lakin tale elə gətirib ki, C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub və oranı müvəffəqiyyətlə bitirib. Daha sonra pilot kimi H.Əliyev adına Hərbi İnstitutda təhsilini davam etdirib. Rəşad həmin institutu uğurla bitirən və seçilən beş pilotdan biri olub. Çünki oranı bitirən hər hərbçi məzun pilot ola bilmir. Pilot olmaq üçün müəyyən meyarlar var ki, onlar Rəşadda yüksək dərəcədə olub. Azərbaycan Ordusunun 100 illiyilə bağlı paradda Rəşad Atakişiyev səmada məharətlə bacarığını nümayiş etdirib. "Turaz Qartalı" devizi altında Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə keçirdiyi təlimlərdə iştirak edib. Konyadakı hərbi təlimlərə Azərbaycandan Türkiyəyə uçan hərbçilərin sırasında Rəşadın təyyarəsi həmişə öndə gedib.

- Rəşad Atakişiyev Aprel döyüşlərinin də iştirakçısı olub...

- Bəli, olub, lakin biz bunu döyüşlər bitəndən sonra bilmişik. Dedi ki, işdə olacağam, biz də onun hərbi hissəsində olduğunu zənn etdik. Yalnız qayıdandan sonra məsələni bizə söylədi.

- Sizin nəzərinizdə onun xarakterinə uyğun başqa bir səhə...

- Rəşad gözəl rəsmlər çəkə bilirdi, riyazi bilgisi çox güclü idi və ondan mükəmməl riyaziyyatçı olardı. Dülgərliyi bacarırdı, evdə hansısa bir əşyaya təmir lazım olsaydı, öhdəsindən mütləq şəkildə gələ bilirdi.

- Və həmin acı gün...

- Həmin gün Rəşadı anası yola saldı. Bir həftə idi ki, onu Gəncədən gətirmişdik ki, bir qədər bizimlə olsun. Planımız belə idi ki, Qəbələyə gedək, həm oradakı festivalda iştirak edək, həm də bir neçə gün gəzək. Lakin çox keçmədən bir telefon zəngi bir anın içində həyatımızı dəyişdi. Xəbər sürətlə bütün ölkəyə yayıldı. Son ana qədər Rəşadın sağ qalma ehtimalına ümidim vardı, baxmayaraq ki, hərbçi yoldaşları bunun mümkün olmadığını söyləmişdilər. Hadisənin səhəri günü Rəşadın anası və mən qəza yerinə getdik. Beş barmaq dağı ilə üzbəüz ərazi idi. İki qadın böyük bir ərazidə Rəşadı axtarırdıq. Kiçik bir ehtimalın olmayacağını bilə-bilə, yenə də düşünürdük ki, bəlkə rastımıza nəsə bir iz çıxar. Dənizə düşən təyarədən nə iz tapmaq olardı ki... 27 gün çəkən axtarışlarda ən çətin dönəmi yaşadıq. Nəşi tapılandan bir gün sonra Rəşad II Fəxri xiyabanda dəfn edildi.

- O zaman Turqutun yeddi, Qalibin iki yaşı vardı...

- Axtarışlar gedən dönəmdə çox gərgin günlər yaşayırdıq. Bu baxımdan Turqutu müəyyən bir vaxta yaxınlarımızın evinə göndərdik. Bir müddət bunu ondan gizlədərək atasının döyüşlərdə olduğunu dedik. Dəfndən sonra bir həftə ailə dostlarımızın qayğısı altında qaldı. Evə qayıdandan sonra telefonda qarşısına Rəşadın dəfn mərasimindən görüntülər çıxıb. Cənazənin önündə onun şəklini görəndə elə dəhşətlə qışqırdı ki, o səs hələ də qulaqlarımdadır: "Ana, bu mənim atamdır?" Onu sakitləşdirmək üçün dedim ki, yox, bu atanın geyimləridir, özü döyüşlərdə şəhid olub. Şəhidlər isə heç zaman ölmür. Sən böyüyəndə o qayıdacaq. Bir il yarıma kimi onu buna inandırmağa çalışdım. Turqut ciddi xarakterə malik, hər şeyi içində saxlayan uşaqdır, bəlkə də onda olanları anlamışdı. Bir dəfə ikilikdə Rəşadla bağlı xatirələri yada salırdıq. Üzünü mənə tutub dedi: "Ana, sən elə bilirsən dediklərinə inanmışam? Ata heç vaxt qayıtmayacaq, mən bunu bilirəm". Onun bu sözlərindən sonra bir daha Turquta söylədiklərimin üstünə qayıtmadım. Bir hadisəni də unuda bilmirəm. Əhvalımın çox pis vaxtı idi. Mənə yaxınlaşıb belə dedi: "Elə bilirsən ki, sən ağlayanda mən yaxşı oluram? Bəyəm mən onu istəmirəm? Sadəcə istəyimi büruzə vermirəm". Rəşadın bütün xüsusiyyətləri Turqutda cəmlənib. Kiçik oğlum isə başlanğıcda atasını çox soruşurdu. Ona da atasının uzaqda döyüşlərdə olduğunu deyirdim. Bir müddətdən sonra niyə gəlmədiyini soruşdu. İndi isə artıq heç nə soruşmur, yəqin onun yoxluğuna bəlkə də alışıb.

- Rəşadsız illərdə həyatda öyrəndikləriniz...

- Çox mübariz və güclü oldum. Daha əzmli, daha möhkəm olaraq daxilən başqa bir insana çevrildim, haqlarımı tələb etməyi öyrəndim. Kənardan baxanlar mənə: "Nə qədər möhkəm, əzmli, zərif çiyinlərinizdə ağır yük daşımaq gücündəsiniz" deyəndə, düşünürəm ki, kaş əvvəlki tək zərif bir xanım olaraq qalardım. Təəssüf ki, həyat belə gətirdi...

- Amma bu əzmkarlıq sizin vətənpərvər ruhunuzu daha da gücləndirdi...

- 44 günlük müharibənin gətirdiyi qələbə mənə güclü təkan verdi. Sənətindən, peşəsindən asılı olmayaraq, hər bir azərbaycanlının illərlə aşağı dikilən başı qalxdı və dünya gördü ki, həqiqətən də haqq incəlsə də, üzülməz. Mən bir sənət adamı kimi öz sahəm üzrə layihələrə qoşulmağa qərar verdim. "Zəfər" Şəhid ailələrinə dəstək İctimai Birliyinin rəhbəri, Sevinc Orucovanın dəstəyilə ilk layihəmə birlikdə imza atdıq. Uzağa getmədən son layihəmizi vurğulamaq istərdim. Layihə "Şəhid övladlarının incəsənət akademiyası" adlanırdı. Bu layihədə uşaqlar musiqi və rəssamlıq sahələri üzrə təlimlərə qoşularaq üç ay müddətində müəllimlərdən dərs aldılar. Həmin müəllimlərin sırasında mən də vardım. Artıq neçənci layihədir ki, bu balalara musiqi sahəsində öz köməyimi ürəklə göstərirəm. Həmin uşaqlar üçün mahnılar bəstələyirəm və bizim musiqiçilərimiz, texniki heyət böyük məmnuniyyətlə, təmənnasız olaraq bu əmanətlərin yanında olur. Xalq artistlərimizdən tutmuş digər görkəmli sənət adamları bu uşaqlarla birlikdə konsertlərdə çıxış edir. Məhz bu layihələr musiqi sahəsində şəhid övladlarının cəmiyyətdə tanınmasında böyük rol oynayır.

- Yəqin ki, azad Qarabağla bağlı layihələr olmamış deyil...

- Üç il əvvəl Şuşada bir layihəmiz həyata keçdi. Hələ orada konsertlər yeni-yeni başlanğıc alanda biz Şuşada bir saat yarımlıq konsert proqramı ilə çıxış etdik. O uşaqlarla birlikdə vətənpərvərlik ruhunda 15 mahnı hazırlamışdıq, pianoda onları özüm müşayiət edirdim.

- Bildiyim qədər mahnıların müəllifi də özünüzsünüz...

- Şəhidlərimizin xatirəsinə həsr etdiyim xeyli sayda bəstələrin müəllifiyəm. İlk mahnımın qəribə bir tarixçəsi var. Həmin mahnını gömrük orqanlarının yeganə şəhidi Ülvi Hacıyevə həsr etmişdim. Ülvinin nəşi uzun müddət tapılmadığından bu mənə Rəşadın axtarışlarını xatırlatdığı üçün çox təsirləndim. Beləcə, sözləri Vahid Əzizə məxsus olan "Şəhidlik zirvəsində" mahnısı ərsəyə gəldi. Təsadüf isə elə gətirdi ki, mahnını onun döyüş yoldaşı ifa etdi. Ülvi həmin döyüş yoldaşının gözləri qarşısında şəhid olmuşdu. Mahnı Akademik Opera və Balet Teatrının solisti, qazi Atəş Qarayevin ifasında səsləndi.

- Yəni bu, bir təsadüf idi...

- Bəli, sırf təsadüf... Hər ikisi bir-birini tanımadan eyni manqada döyüşüb. Mahnının ifası üçün Xalq artisti Fidan Hacıyeva məni Atəş Qarayevlə tanış etdi. Mahnının kimə həsr edildiyini biləndə Atəş haldan-hala düşdü və dedi ki, on iki nəfər döyüş yoldaşlarımın içində yeganə onun şəhid olduğunun şahidi olmuşam. Təsadüfdən əlavə, mən  ruhların hər an biz insanları izlədiyinə əminəm və onu da bilirəm ki, kainatda hərlənib-fırlanan nə varsa, sonunda öz nöqtəsinə çatır. Bax, beləcə şəhidlərin xatirəsinə həsr olunan mahnılar yaranmağa başladı. Hər birinin ailəsilə isti, səmimi münasibətlərimiz yarandı. Onlarla birlikdə çox layihələrdə oluruq. Elə biri ötən ilin avqust aynda Türkiyədə baş tutdu, cənab Rəcəb Tayib Ərdoğanla görüşümüz oldu. Yəni bu səpkili layihələr şəhidlərimizin ruhuma ehtiramla yanaşı, onların əbədi yaşarlığı deməkdir.

- Könül Hüseynova həm pianoçu-pedaqoqdur, həm də musiqişünas...

- Elədir, ilk layihəyə qədər işim yalnız bu idi. Ölkəmizdə və xaricdə nəşr olunan 40-dan artıq elmi məqalələrin, monoqrafiyaların müəllifiyəm. Dissertasiya işim əsasında yazılan "Musiqimizin Fərhadı" kitabı "Humay" mükafatına layiq görülüb. Bu yaxınlarda "Robert Şumanın yaradıcılıq nümunələrinin ifaçılıq və təfsir xüsusiyyətlərinin özəlliklərinə dair" dərs vəsaitim işıq üzü görüb. Elmi fəaliyyətimi də davam etdirirəm. Əslində bəstələrim elə tələbəlik dövründən yaranmağa başlayıb. Lakin bunu üzə çıxarmadan müəllimlərimə göstərirdim. Onlardan mənə tövsiyələr gəlsə də, mən əsas peşəmin pianoçu olduğundan bir növ çəkinirdim və bu bəstələr artıq hobbiyə çevrilmişdi. Lakin Rəşadın itkisi, ardınca müharibə içimdəki hisslərin notlara çevrilərək insanlara çatdırılmasına sövq etdi. Sevinc Orucova "Yenilməzsən Azərbaycan" mahnısını dinlədikdən sonra çox bəyəndi və məni ruhlandırdı. Mahnı Xalq artistlər Fidan Hacıyeva və Samir Cəfərovun ifasında səsləndi, bəyənildi. Bununla da həyatımda yeni bir yaradıcılıq səhifəsi açmış oldum. "Şəhidlik zirvəsində", "Murov qartalı", "Şuşam mənim", "Zəfər", "Qoruyaq dünyamızı", "Azərbaycan əsgəri" və digər mahnılar səslənməyə başladı. Bir çox mahnılarımın sözləri Xalq şairi Vahid Əzizə məxsusdur, onunla yaradıcılığımız davam edir. "Vətən övladları" adlanan son mahnı şəhid balarının bizə onlardan qalan əmanət olduğu ehtiva edir.

- Bəstələriniz içində Rəşad Atakişiyevə həsr etdiyiniz mahnı yəqin ki var...

- "Yenilməzsən Azərbaycan" mahnısında da belə bir misra var: "Rəşadətli Rəşadların, Raquf ruhlu qartalların". Ümumiyyətlə, yaradıcılığımda vətənpərvərlik motivlərimin əsas hissəsini Rəşad tutur, onun qələbəmizi görmədiyinə çox üzülürəm. Bütün şəhidlərimizin bu tarixi zəfəri görməyə haqqı vardı.

- Həyatda itirdiklərimizlə yanaşı, qazandıqlarımız da olur...

- Hər bir kəs adını da, hörmətini də, dəyərini də özü qazanır. Azdan-çoxdan buna nail olmuşam. Lakin mən şəhid xanımı adını da daşıyıram. Bu şərəfli ad mənə Rəşad Atakişiyev kimi bir vətənpərvər insanın sayəsində nəsib olub. Acı həqiqət də olsa, qazandığım budur. Və bu adı şərəflə, ləyaqətlə daşımaq Rəşadın və övladlarımızın qarşısında ali borcumdur.

SÖZARDI: Nədənsə mənə elə gəlir ki, şəhid ruhları narahat yox, daha çox nigaran olur. Onlardan geridə qalan yarımçıq ailəyə görə daha çox nigarandır onlar. Həyat bütün ağrısı-acısı, sevinci, xoş günlərilə ömrümüzə düşən bir paydır. İnsan yıxıldığı kimi qalxmağı, ağladığı kimi göz yaşını silməyi, üzüldüyü kimi ruhdan düşmməyi də bacaran bir varlıqdır. Və bu gün biz bunları şəhid xanımlarının timsalında görürüksə, deməli ki, yenilməzsən, Azərbaycan!

Tamilla M-ZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see144

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see143

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see134

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see133

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see129

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see129

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see126

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see120

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see116

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see115

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see112

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see111

Orlando hava limanında təyyarə yanıb, 300 nəfər təxliyə edilib

22 Aprel 2025 07:59see108

Aysel Vaynşteynin xanımı ilə Foto

22 Aprel 2025 11:05see108

Zaur Kamal efirdə oğlunu belə PƏRT ETDİ

22 Aprel 2025 10:10see108

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see108

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see108

Bu qidalar sizin üçün təhlükə ola bilər

22 Aprel 2025 09:55see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri