Icma.az
close
up
RU
Oqtay Qasımov: “Hər kəs sülh tortundan pay almağa çalışır”

Oqtay Qasımov: “Hər kəs sülh tortundan pay almağa çalışır”

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

“Çünki Azərbaycan və Ermənistan arasında sülh danışıqları irəliləyir və mühüm nəticələr əldə olunur”


"Sanki Ermənistanın arzularına uyğun bəyanatlar səsləndirilir. Kənar güclər məsələnin mahiyyətini tam dərk etmədən sülh sazişinin imzalanmasına çağırış edirlər. Azərbaycan da sülhün əldə olunmasını istəyir, amma vasitəçiləri qəbul etmir"

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan hökumətinin Azərbaycanla sülh gündəliyinə sadiqliyini vurğulayıb. Monteneqro baş nazirinin xarici və Avropa məsələləri üzrə müavini Filip İvanoviçi qəbul edən Paşinyan onunla Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsinin razılaşdırılması barədə danışıb. Öz növbəsində, F.İvanoviç Monteneqronun regionda sülh və sabitliyin təmin edilməsi səylərinə dəstəyini ifadə edib. 

Ermənistan baş naziri ilə ABŞ Dövlət katibi Marko Rubio arasında da telefon danışığı olub. Həmsöhbətlər Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıqla yanaşı, sülh prosesini də müzakirə ediblər. Baş nazir vurğulayıb ki, saziş layihəsi imzalanmağı gözləyir. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts sosial şəbəkə hesabında belə yazıb: "Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinə razılıqdan məmnunuq. Sülh sazişini indi yekunlaşdırmalıyıq". Görünən odur ki, Azərbaycan-Ermənistan sülh sazişi mətninin razılaşdırılması Cənubi Qafqazda maraqlı qüvvələri hərəkətə gətirib. Müxtəlif ölkələrdən verilən açıqlamalar əsasən razılaşmanın "alqışlanması", "sazişin tezliklə imzalanması" yönündədir. İndiki məqamda Almaniya prezidentinin Ermənistan və Azərbaycana səfərləri də diqqətçəkəndir. Bununla yanaşı, İran rəsmisi də sülh sazişinin tezliklə imzalanması barədə tərəflərə çağırış ünvanlayıb. 


Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini "Sherg.az"adəyərləndirən politoloq Oqtay Qasımov yaxın dövrdə müqavilənin imzalanma ehtimalının az olduğunu söyləyib. Siyasi şərhçinin qənaətincə, Bakının tələbləri yerinə yetirilmədən hər hansı sənədə imza atılması mümkünsüzdür..


 - Oqtay bəy, Ermənistan hökuməti sülh sazişinin imzalanması yönündə israrını davam etdirir. Sənəddə yer alan 17 maddənin razılaşdırılması müqavilənin tezliklə imzalanmasına gətirib çıxaracaqmı? 

 - Razılaşdırılmış 17 bənd çərçivəsində sülh sazişinin imzalanması mümkün deyil. Sülh sazişinin imzalanması ona görə lazımdır ki, bölgədə birmənalı sülh və əmin-amanlıq təmin olunsun. Bunun üçün Azərbaycan tərəfinə təminatlar verilməlidir. Nə qədər ki, Ermənistanın qanunvericilik aktlarında, Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur, o halda imzalanmış sənədin xüsusi əhəmiyyəti olmayacaq. İmza atılmış sənəd müvəqqəti xarakter daşıyacaq. Azərbaycan istəyir ki, Ermənistanla əsaslı və dayanıqlı sülhə töhfə verə biləcək bir sənəd imzalasın. Ermənistan cəmiyyətinin rəyi məlum olmalıdır. Bilməliyik ki, erməni cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarını davam etdirməkdə qərarlıdır, yoxsa bundan imtina edir? İctimai rəyi yoxlamağın yolu isə Konstitusiyada dəyişikliklərin həyata keçirilməsidir. Paşinyan israrla bundan yayınmağa çalışır. İrəvan hökuməti nə qədər iddia etsə, şifahi bəyan etsə də ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bunun hüquqi əsası yoxdur. 2010-cu ildə imzalanmış Sürix protokollarının aqibətini unutmamalıyıq. Xatırlayırsızsa, o zaman ABŞ, Avropa İttifaqı, Fransa və Rusiyanın təklif və təkidi ilə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı protokol imzalandı. Ardınca, həmin sənəd Ermənistan Konstitusiya Məhkəməsinə göndərildi. Konstitusiya Məhkəməsi bu sənədin ölkə Konstitusiyasına zidd olduğunu bəyan edərək protokolu geri çevirdi. Çünki Ermənistan Konstitusiyasında 1915-ci il qondarma erməni "soyqırımı" və onun beynəlxalq aləmdə tanınması ilə bağlı müddəa var. Bunu əsas gətirərək həmin protokollar ratifikasiya olunmadı. Azərbaycan məhz bu prosesin təkrar olunmaması üçün işini bəri başdan sağlama almaq istəyir. 


 - Paşinyan hökumətinin 17 maddəyə əsaslanan sazişə imza atmaq yönündəki davamlı israrı nəyə hesablanıb? 


 - 17 maddə ilə bağlı Ermənistanın manipulyasiyası ona yönəlib ki, Konstitusiya dəyişikliyinə getmədən, ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciət etmədən, Zəngəzur dəhlizini, ümumiyyətlə, kommunikasiyaları açmadan, şərti sərhədlərdə üçüncü qüvvələri çıxarmadan, Qərbi Azərbaycanla bağlı məsələni müzakirə etmədən yarımçıq sənəd imzalasın. İrəvan hökumətinin davamlı şəkildə sülh yönündə açıqlamaları buna hesablanıb. Digər ölkələrdən də "sülh çağırışları" formasında dəstək almaqla Azərbaycana qarşı təzyiq kampaniyası apararaq, istəyinə nail olmaq istəyir. Sülh bəyanatları ilə paralel həm də şərti sərhədlərdə təxribatların, atəşkəsin pozulması hallarının şahidi oluruq. Sürətli silahlanmanı görürük və bunlar ciddi problemlərdir. Bu məsələlər həllini tapmadan hansısa sənədin imzalanması mümkün deyil. Bakı İrəvanın niyyətlərinin fərqindədir. Şərti sərhədlərdə gərginliyin artırılmasının məqsədlərindən biri beynəlxalq güclərin diqqətini yenidən Cənubi Qafqaza yönəltməkdir. Əlbəttə, Azərbaycan Ermənistana, onun havadarlarının təzyiqlərinə boyun əyməyəcək. Bizim mövqeyimiz bəllidir. Konkret tələblərimiz həllini tapmadan sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Bizə qeyri-müəyyən və yarımçıq yox, daimi və dayanıqlı sabitlik mühitinə imkan yaradacaq sülh sazişi lazımdır. 

 - İrəvan hökumətinin ümumi yanaşması belədir ki, ilkin çərçivə sənədi imzalansa, digər məsələlər mərhələli şəkildə çözüləcək. Ermənistana bel bağlamaq olarmı? 


 - Ermənistanın yüz il öncəki, həmçinin 35 il ərzindəki siyasətinə baxdıqda görürük ki, heç zaman verdiyi vədlərə əməl etməyib, öhdəlikləri yerinə yetirməyib. İrəvanın şifahi, yaxud yazılı sözlərinə etimad olmadığı üçün Azərbaycan məsələni vaxtında və konkret həll etməyi planlaşdırır. İşimizi sağlama almaq istəyirik. 44 günlük müharibədən 5 ilə yaxın zaman ötsə də, Ermənistan üzərinə götürdüyü öhdəlikləri bugünədək yerinə yetirməyib. 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda əsas məsələdən biri qısa müddətdə Zəngəzur dəhlizinin açılması idi. Hətta 2021-ci ildə liderlər arasında kommunikasiyaların açılması yenidən müzakirə olundu. Lakin İrəvan 4 ildir ki, bu məsələni yubadır, manipulyasiyalarla məşğul olur, absurd iddialar ortaya atır. Ermənistana etimadımız yoxdur. İndiki şəraitdə hansısa sənəd imzalanandan sonra kim bizə təminat verəcək ki, Ermənistan hökuməti ardıcıl şəkildə digər öhdəlikləri icra edəcək? Şəxsən məndə belə bir əminlik yoxdur. 

 - Ermənistanın təxribatları intensiv hal alıb. Adətən, atəşkəs pozuntularını Paşinyan hökumətinin "ayağına" yazmırlar, kənar qüvvələrin üzərinə atırlar. İrəvan hökuməti bu təxribatların harasındadır? 


 - Kimsə erməni təxribatlarına görə kənar qüvvələri, Rusiyaya bağlı zabitləri, Köçəryan-Sərkisyan cütlüyünü suçlayır, şərti sərhədlərdə atəşkəsin pozulmasını İrəvan hökuməti ilə əlaqələndirmirsə, bunu ciddi qəbul etmirəm. Nəzərə almaq lazımdır ki, Nikol Paşinyan 7 illik hakimiyyəti dövründə ordu üzərində nəzarəti təmin edib. Hətta 3 il öncə Paşinyana qarşı generalların qiyamı olmuşdu. 40-dan artıq general hökumətə ultimatum vermişdi. Ancaq heç bir nəticəsi olmadı. Müharibədən məğlub çıxmış Paşinyan generalitetin təzyiqlərini neytrallaşdırdı, öhdəsindən gəldi. Həmin şəxslər ordudan kənarlaşdırıldı. Bu gün ordu tam şəkildə Paşinyana tabedir. Şərti sərhədlərin yaxınlığında terrorçu təşkilatların yerləşdirilməsi də birbaşa Paşinyanın razılığı ilədir. "Yerkrapa" terror təşkilatının on minə yaxın qüvvəsi şərti sərhədlərdədir. Təşkilatın rəhbəri Paşinyanın yaxın silahdaşlarından biridir. Ona görə də düşünmürəm ki, şərti sərhədlərdə Paşinyan hökumətinin razılığı və xəbəri olmadan hansısa addımlar atılsın. 

 - Almaniya prezidenti Ermənistana və ardınca Azərbaycana səfər etdi. Görüşlərdə sülhlə bağlı açıqlamalar, bəyanatlar verildi. Almaniyanın sülh prosesində yer almaq təşəbbüslərini necə şərh edərdiniz? 


 - Almaniya prezidentinin Cənubi Qafqazın iki ölkəsinə - Ermənistan və Azərbaycana səfəri Avropanın regiondakı marağından xəbər verir. Almaniya Cənubi Qafqazda aktiv rol oynamaq üçün müəyyən fəallıq göstərir. Nəzərə alaq ki, Almaniya Avropanın aparıcı ölkələrindən biridir və artıq müstəqil oyunçu kimi çıxış etmək niyyətindədir. Almaniyanın əvvəlki mövqeyi kifayət qədər konstruktiv idi və beynəlxalq hüquqa söykənirdi. Əfsuslar ki, son bir neçə ildə Almaniyanın bəzi rəsmilərindən Azərbaycan əleyhinə bəyanatlar eşidirik. Ötən gün yaşanan skandal da Azərbaycan ictimaiyyətində məyusluq doğurdu. Baxmayaraq ki, Azərbaycan Prezidentinin Almaniya səfərləri olmuş, konstruktiv görüşlər keçirilmişdi. Azərbaycan sülh prosesində artıq vasitəçi istəmir. Amma prosesə müsbət yöndə təsir edə biləcək bütün tərəflərlə müzakirələrə açığıq. Yetər ki, onların mövqeyi qərəzsiz və beynəlxalq hüquqlara adekvat olsun. Əfsuslar ki, Qərb dövlətlərindən əksər hallarda ədalətsiz yanaşmanın şahidi olmuşuq. 

 - ABŞ rəsmiləri tərəfindən sülh çağırışlarına da eyni kontekstdən baxmalıyıq, yoxsa Ağ Evin başqa bölgədə maraqları var? 

 - ABŞ da istəyir ki, Cənibi Qafqazdakı proseslərdə rol alsın. Hər kəs bu tortdan pay almağa çalışır. Çünki Azərbaycan və Ermənistan arasında sülh danışıqları irəliləyir və mühüm nəticələr əldə olunur. Lakin məsələ ondadır ki, ABŞ və Avropa ölkələrinin, o cümlədən qonşu dövlətlərin sülh çağırışlarında tələskənlik açıq hiss olunur. Sanki Ermənistanın arzularına uyğun bəyanatlar səsləndirilir. Kənar güclər məsələnin mahiyyətini tam dərk etmədən sülh sazişinin imzalanmasına çağırış edirlər. Azərbaycan da sülhün əldə olunmasını istəyir, amma vasitəçiləri qəbul etmir. Hazırda əldə olunmuş nəticələr birbaşa ikitərəfli danışıqlar sayəsində mümkün olub. Vasitəçilər prosesi müəyyən yerə qədər gətirsələr də, sonradan öz maraqlarını ön plana qoyurlar ki, bu da prosesin əngəllənməsi ilə nəticələnir. Çox hallarda verilən bəyanatlarla əməllər üst-üstə düşmür. Sülh danışıqlarının ikitərəfli qaydada getməsi daha faydalıdır. 2023-cü ilin noyabrından etibarən tərəflər birbaşa danışıqları davam etdirir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Aprel 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri