Icma.az
close
up
RU
Oradan qorxulu səslər gəlir... Bakıda zirzəmisində cəsədlər olan məsciddən reportaj

Oradan qorxulu səslər gəlir... Bakıda zirzəmisində cəsədlər olan məsciddən reportaj

Kulis.az Rəhman Mirzəlizadənin Nizaməddin məscidindən reportajını təqdim edir.

Fotoqrafımız İlkinlə Əmircan qəsəbəsinə, həmin bu məscidə yollanırıq. Qəsəbənin xırda daşlardan salınmış dar yolları və qədim evləri İçərişəhəri xatırladır. Divarında Səttar Bəhlulzadənin barelyefi olan ev diqqətimi çəkir. Böyük rəssamın yaşadığı bu ev hazırda mədəniyyət evi kimi fəaliyyət göstərir. Təkcə Səttar Bəhlulzadə deyil, Ramiz Rövşən, Ələkbər Muradov, Murtuza Muxtarov, Albert Aqarunov, Şəmsi Əsədullayev, Abbasqulu ağa Bakıxanov və bir çox tanınmış şəxsiyyət bu qəsəbədən çıxıb. Evi bir reportaj mövzusu kimi yadda saxlayıb yoluma davam edirəm.

Nəhayət, Nizaməddin, digər adıyla, Nizam əd-Dima məscidinə çatırıq. 2020-ci ildə restavrasiya edilən bu qədim abidənin 700 yaşı olsa da, bayırdan olduqca təmirli görünür.

Məscid yonulmuş əhəng daşından tikilib. Məscidin düz yanında isə divarında Abbasqulu Ağa Bakıxanovun barelyefi olan evi görüb təəccüblənirəm – xırda bir qəsəbədən nə qədər dahi çıxıb…

Məscidə yaxınlaşıb qapıların kilidli olduğunu görürəm. Məhəllədə oynayan uşaqlar - Rafael və Mikayıl məni Bakı Abadlıq Xidməti əməkdaşının yanına aparırlar:

- Ələkbər əmidə oranın açarları var!

Ələkbər Əliyevlə salamlaşıb özümü təqdim edirəm. "Yuxarıya" edilən 1-2 zəngdən sonra reportajımız üçün icazə alırıq. Məscidə yollanırıq.

Balaca Rafael uşaq həyəcanı ilə soruşur:

- Əmi, skeletləri çəkməyə gəlmisiz?

Öyrəşmədiyim bu "Əmi" xitabını eşidən kimi boğazımı arıtlayıb, bir az da qalın səslə cavab verirəm:

- Hə, Rafael... Sən görmüsən cəsədləri?

- Yox, məni qoymurlar ki, balacasan. Anam deyir, gecələr oradan qorxulu səslər gəlir... Elə bil, kimsə ulayır. Səs gələn kimi itlər qorxub hürürlər...

Məscidə daxil oluruq. Ələkbər əmi işıqları yandırır. Əvvəllər dörd giriş qapısının üçünün üstündə daş kitabələr var idi. Ələkbər əmi deyir ki, restavrasiyadan sonra o kitabələri orada saxlamaq mümkün olmadı və onları məscidin içərisindəki pəncərənin qarşısına yerləşdiriblər.

Tarixçi Təranə Cəbiyevə yazır ki, kitabələrdən birində farsca belə bir beyt yazılıb:

"Dünya bir əyləncə, dəbdəbə, şan-şöhrət və iztirabdan başqa bir şey deyildir".

Yerə döşənmiş xalçalar olduqca toz-torpaqlı olduğundan içəri ayaqqabılı keçirik. Mehrabın üzərində ərəbcə sözlər yazılıb. Əski Azərbaycan yazısını bildiyimdən bir neçə yerdə "Allah" yazıldığını oxumaqda çətinlik çəkmirəm.

Məscid bir ümumi namaz qılınan yer və üç otaqdan ibarətdir. Əsas girişin qarşısından isə məscidin üstünə dar bir pilləkən qalxır.

Mehrabın qarşısında yerin altına açılan bir oyuq var. Deyəsən, bayaqdan səbirsizliklə gözlədiyim həmin o sirli-müəmmalı yeri tapdım... Ələkbər əmi düşüncələrimi təsdiqləyir:

- O oyuq isə skeletlərin olduğu zirzəmiyə aparır.

Yolda aldığım rezin əlcəkləri taxıb, kurtkamı çıxarıb zirzəmiyə düşürəm. Fotoqrafımız İlkin də ardımca gəlir. Zirzəminin hündürlüyü o qədər azdır ki, az qala ikiqat əyilib hərəkət edirik. İçəri zülmətdir. Telefonun işığını yandırıram. Zirzəminin boşluqlarından keçən külək vıyıltısı məşhur qorxu filmləri rejissoru Alfred Hiçkokun səhnələrindəki vahiməni xatırladır. Telefonun işığını içəridə gəzdirirəm. Yerin altında məni qədim və "gülərüz" kəllə sümüyü qarşılayır - onurğa, qabırğa, çanaq, omba sümüklərini də yanına yığıb ironik şəkildə "Buradayam, di dincəl!" deyirmiş kimi...

- İlkin, buradadır cəsədlər! - telefonun işığını skeletin üzərinə tuturam. İlkin fotolarını çəkir.

Bir az da irəliləyirəm. Gözüm başqa cəsədləri axtarır. Burada xeyli cəsəd var. Bəzilərini bütöv skeletləriylə, bəzilərini isə ətrafa dağılmış sümükləriylə görmək olur. Ətrafdakı şüşə qırıqları, butulka qapağı, siqaret paketinin kağızları və şprisdən də bilmək olur ki, buraya daha əvvəl giriblər, amma deyəsən, rəhmətliklərin ruhlarını narahat etmək üçün... Cəsədlərin bəziləri bütöv halda olmadığından saylarını dəqiq bilmək olmur, amma hər yerdə sümüklərə rast gəlmək mümkündür. Sümüklərin bir hissəsinin ovulduğundan onların çox uzun müddətdir burada olduğu bəlli olur.

Zirzəminin digər tərəfinə keçirəm. İki ədəd yerə basdırılmış ağac budağına bənzəyən nəsə var. Yaxınlaşıb toxunanda gözlərim bərəlir: Yarıya qədər yerə basdırılmış iki omba sümüyü... Anatomiya biliyimə güvənsəm, deyə bilərəm ki, sümüyün çöldə qalan qismi dizə birləşən hissəsidir. Buradan belə qənaətə gəlirəm ki, bəlkə də, onu yarıya qədər başıaşağı torpağa basdırıblar. Sonradan cəsəd çürüyəndə çöldə qalan digər hissələr ovulub düşüb. Çünki ətrafda başqa sümüklər də var. Rəhmətliyi narahat etməmək üçün sümüyü yerindən çıxarmıram...

Ağlımızda suallarla yerin altından yavaş-yavaş işıqlı "dirilər dünyasına" çıxırıq: Bu cəsədləri bura haçan və niyə atıblar? Bu haqda qəsəbədə gəzən müxtəlif rəvayətlər var. Əhalinin bir hissəsi düşünür ki, cəsədlər buraya Sovet işğalı dövründə atılıb:

Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları kitabxanalara çevirdi. Nizaməddin məscidi də ibadət üçün qadağan edilmişdi. Əmircan əhalisi isə dindar olub. Gecə vaxtı gəlib burada namaz qılırmışlar. Sovet casusları bu haqda "yuxarılara" məlumat verib və gecələrin birində gəlib məsciddə namaz qılan insanları elə oradaca öldürüb bu zirzəmiyə atıblar.

Digər versiya isə budur ki, yenə Sovet repressiya illərində Əmircanda bir qrup şəxs sistem əleyhinə təbliğatlar aparıb. Bundan xəbər tutan hakimiyyət onları məhkəməsiz öldürərək bu zirzəmiyə doldurub.

Digər rəvayətlər isə daha qədimlərə gedib çıxır. Qəsəbə camaatı bildirir ki, əvvəllər bu məscidin əhatəsi dəvə karvanlarının, Həcc ziyarətinə yollananların gediş-gəliş məntəqəsi olub. İnsanlar ziyarətə getmək üçün burada bir yerə yığışıb gedirmişlər. Onlar karvanda vəfat edən yaxınlarını burada saxlayırmışlar ki, ziyarətdən qayıdanda onların meyitlərini aparıb dəfn etsinlər. Lakin bəzi insanlar qayıdanda cəsədləri aparmayıblar.

Bəzi rəvayətlərə görə isə, qədimdə insanlar ölən yaxınlarının Məkkə, Mədinə kimi dini mərkəzlərdə dəfn olunması üçün tacirlərə pul verirdilər ki, cəsədləri aparıb o şəhərlərdə dəfn etsinlər. Tacirlər isə pulu alıb cəsədləri ya dənizə atır, ya da hansısa gözdən uzaq bir yerdə dəfn edirdilər. Məsciddəki cəsədləri də özüylə aparmamaq üçün bir tacir atıb.

Məscidin tarixi haqqında daha dəqiq məlumat almaq üçün həm Əmircan qəsəbəsi, həm də Nizaməddin məscidi haqqında kitablar yazmış rəssam Fərhad Muradovun evinə gedirik. Əvvəlcədən danışdığım üçün, Fərhad bəy bizi qapıda qarşılayır.

- Salam, Fərhad bəy. Necəsiz?

- Çox sağ olun, yaxşı olasız.

- Narahat etmədik ki?

- Etdiz, amma neynəyək, keçin... Xoş gəlmisiniz - səs tonundan və mimikasından ciddi, ya zarafatyana dediyini seçə bilməsəm də, içəri keçirik.

- Gözləyin, çay qoyum, gəlirəm - nə qədər çay istəmədiyimizi bildirsək də, heç bizə qulaq asmır.

Otaq boydan-boya Fərhad bəyin rəsmləri ilə bəzənib. Bu rəsmlərdən biri də Nizaməddin məscidinin rəsmidir.

Fərhad Muradov məscidin tarixi haqqında bildirir ki, Nizaməddin məscidi 1329-1330-cu illərdə Şirvanşahların hakimiyyəti dövründə Əmir Nizaməddin Kəsrani tərəfindən tikdirilib:

“Amma bura həmin dövrdən də əvvəl atəşpərəstlərin məbədi olub. Əmir Nizaməddinin buraya ezam edilməsinin səbəbi isə Məkkə, Mədinəyə gedən insanları təşkil etmək, onları bir araya toplamaq idi. Əmir Nizaməddin Kəsrani atəşpərəstlərin ibadət yerini söküb və hazırkı Nizaməddin məbədini tikdirib.

Deyirlər ki, bura məsciddir, amma əslində, məscid olmayıb. Bura Məkkə, Mədinəyə gedən insanların yığışdığı yer olub. Yığışıb burada bir neçə gün gözləyirdilər ki, digər ziyarətçilər də gəlsin. Əmir Nizaməddin buranı tikdirib ki, insanlar burada gecələsin, istirahət etsinlər. Məsələn, orada şam qoymaq, dincəlmək üçün yerlər, otaqlar var. Oranın mehrabı da sonradan tikilib. Məscidin ilk axundu isə anamın babası Turabi axund olub.

Orada qazıntı işləri apararkən qolu bağlı, qırmızı gildən düzəldilmiş, alnı böyük, dəhşətli bir üzə sahib qul heykəli tapılıb. Həmin qul heykəlindən Gəncədə də tapılmışdı. Hazırda o heykəl dünyanın ən zəngin muzeylərindən biri, Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajı muzeyindədir. Sovet dövründə Nizaməddin məscidində boyu 2 metrə çatan skeletlər tapılmışdı.

Mən birinci sinifdə oxuyanda ermənilər bu məscidi taxtabiti dərmanı düzəldən sex eləmişdilər. Qoxudan oraya yaxın durmaq mümkün deyildi. Orada olan kitabələri isə aparıblar Ermənistana. Bir nəfər də soruşmayıb ki, siz nə edirsiniz?”

Fərhad Muradov deyir ki, məscidin zirzəmisindəki skeletlərin tarixi eradan əvvələ qədər gedib çıxır:

“Gördükləriniz orada ibadət edən atəşpərəstlərin cəsədləridir”.

Ətraflı məlumat üçün Fərhad bəyə təşəkkür edib qalxırıq.

- Hara gedirsiz, bir stəkan çay için də…

- Təşəkkür edirəm, Fərhad bəy, sürücü bizi çöldə gözləyir.

- Sürücü də gəlsin də, bəyəm o adam deyil?...

...Nizaməddin məscidinə getməzdən əvvəl deyirdilər ki, oradakı cəsədlər gecə yuxuma girib məni narahat edəcək. Lakin məni cəsədlər deyil, bu cür tarixi əhəmiyyətli abidə haqqında dövlət səviyyəsində heç bir ciddi araşdırmanın olmaması narahat etdi. Ümid edirik ki, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi və digər aidiyyəti qurumlar bu cür tarixi əhəmiyyətli abidəni araşdırıb lazımi addımları atacaqlar.

Foto: İlkin Nəbiyev

Lent.az

Gənc Tamaşaçılar Teatrı "Xeyir xəbər"lə gəlir Almanların Rusiyadakı yeraltı şəhəri - Konyak şüşəsi, yoxsa ölüm mələyi? “Tənha insanın monoloqu” beynəlxalq yayımda
seeBaxış sayı:34
embedMənbə:https://kulis.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri