Icma.az
close
up
RU
Orta Dəhlizin gələcəyi Cənubi Qafqazda sabitlikdən keçir

Orta Dəhlizin gələcəyi Cənubi Qafqazda sabitlikdən keçir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalianın Türkiyədə təşkil edilən IX İstanbul Vasitəçilik Konfransında səsləndirdiyi bəyanatlar Cənubi Qafqazın geosiyasi təhlükəsizlik arxitekturasında Orta Dəhlizin strateji mövqeyini ən yüksək diplomatik müstəvidə gündəmə gətirdi.

“Sülhə ortaq öhdəlik: təcrübələr və perspektivlər” adlı panel müzakirədə səsləndirilən fikirlər Asiya ilə Avropanı birləşdirən quru marşrutunun Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlığın strateji dayağı olduğunu bir daha ortaya qoydu. Münaqişələrin həllində dialoqun, qarşılıqlı hörmətin və beynəlxalq hüququn təməl prinsiplərinin vacibliyinin vurğulanması regionda davamlı sülhün suverenliyə və sərhədlərin toxunulmazlığına hörmət əsasında mümkünlüyünü göstərdi. Gürcüstan rəsmisinin diqqətə çatdırdığı bu yanaşma Cənubi Qafqazın gələcəyinin kənar güc mərkəzlərinin diktəsi ilə deyil, region dövlətlərinin siyasi iradəsi və ortaq maraqları əsasında formalaşdırılmasına yönəlmiş praqmatik dövlətçilik xəttini əks etdirir.

Laşa Darsalianın səsləndirdiyi mülahizələr beynəlxalq münasibətlər sistemində artan qeyri-müəyyənliklər şəraitində kiçik və orta dövlətlərin suveren hüquqlarının qorunması zərurətindən qaynaqlanır. Münaqişələrin sülh yolu ilə həlli prosesində tərəflər arasında vasitəsiz dialoqun bərqərar olması, güc tətbiqindən və hədələrdən imtina edilməsi sabitliyin əsas şərtidir. Gürcüstanın qonşuluq siyasətində tətbiq etdiyi təcrübə göstərir ki, ortaq maraqlara söykənən əməkdaşlıq xarici təzyiqləri dəf etməyin etibarlı strukturudur. Tbilisinin Cənubi Qafqaz ölkələri arasında etimad mühitinin yaradılmasına yönələn səyləri Azərbaycanın formalaşdırdığı regional sülh gündəliyi ilə həmahənglik təşkil edir.

Orta Dəhliz anlayışının siyasi mahiyyəti onun dövlətlərin xarici siyasət müstəqilliyini təmin edən alternativsiz qarant rolunu oynamasından ibarətdir. Ənənəvi Şimal və Cənub marşrutlarının kəskin geosiyasi böhranlar səbəbindən etibarsız hala gəldiyi şəraitdə Xəzər və Qara dəniz hövzələrini əhatə edən xətt qlobal güclərin rəqabətindən kənar təhlükəsizlik zolağı təqdim edir. Həmin dəhliz təkcə yüklərin hərəkətini təmin etmir, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya respublikalarının beynəlxalq arenadakı diplomatik manevr imkanlarını qat-qat artırır. Asiya ilə Avropa arasında strateji körpüyə çevrilən Azərbaycan və Gürcüstan qlobal qərar qəbuletmə proseslərində həlledici nüfuz qazanırlar. Xarici hegemon mərkəzlərdən asılılığın aradan qaldırılması region dövlətlərinə milli maraqlara tam cavab verən suveren qərarlar qəbul etmək imkanı qazandırır.

***

Cənubi Qafqazda davamlı sabitlik beynəlxalq hüququn prinsiplərinə, xüsusilə suverenlik və ərazi bütövlüyünə hörmətlə sıx bağlıdır. Azərbaycanın 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regionda yeni geosiyasi reallıqlar formalaşdırdı. Bu dəyişikliklər Orta Dəhlizin təhlükəsizliyi və regional kommunikasiyaların inkişafı baxımından yeni imkanlar yaratdı. Laşa Darsalianın beynəlxalq hüquqa riayət olunması ilə bağlı çağırışı regionda sülhün hüquq və qarşılıqlı öhdəliklər əsasında qurulmasının əhəmiyyətini önə çəkir.

Gürcüstanın Azərbaycan və Ermənistan arasında dialoqu təşviq etmək təşəbbüsləri regional problemlərin birbaşa danışıqlar yolu ilə həllinə töhfə vermək məqsədi daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü 3+3 əməkdaşlıq formatı da Cənubi Qafqaz və ətraf region ölkələri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsini nəzərdə tutur. İstanbul konfransında səsləndirilən sülhə ortaq öhdəlik yanaşması Bakı, Tbilisi və Ankara arasında əməkdaşlığın, eləcə də regional dialoqun əhəmiyyətini bir daha gündəmə gətirir. Gürcüstanın vasitəçilik təşəbbüsləri və balanslaşdırılmış diplomatik mövqeyi isə regionda etimadın möhkəmləndirilməsi üçün əlavə imkanlar yaradır.

Türkiyənin təşkil etdiyi IX İstanbul Vasitəçilik Konfransı qlobal diplomatiyada münaqişələrin həlli və sülhyaratma proseslərinin müzakirəsi baxımından mühüm platformadır. Ankaranın Qara dəniz və Xəzər hövzələrində yürütdüyü siyasət Azərbaycan və Gürcüstanla regional əməkdaşlığın inkişafına təsir göstərir. Azərbaycan–Türkiyə münasibətləri və Gürcüstanla mövcud strateji tərəfdaşlıq üç ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın əsasını təşkil edir. Üçtərəfli əməkdaşlıq Orta Dəhlizin təhlükəsizliyinin gücləndirilməsi və regional sabitliyin qorunması baxımından əhəmiyyət daşıyır.

Orta Dəhliz boyunca yerləşən ölkələrin siyasi etimadı və koordinasiyalı fəaliyyəti onların beynəlxalq platformalardakı mövqelərini gücləndirir. Avropa İttifaqının enerji təchizatı və nəqliyyat əlaqələrinin şaxələndirilməsində Cənubi Qafqazın artan rolu region dövlətləri ilə əməkdaşlığı daha da aktuallaşdırır. Azərbaycan, Gürcüstan və Türkiyənin beynəlxalq təşkilatlarda qarşılıqlı məsləhətləşmələri və ortaq maraqlar ətrafında əməkdaşlığı xarici çağırışlara cavab vermək, milli suverenliyi qorumaq və regionda davamlı sülhə töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir.

***

Regionda kommunikasiyaların bərpası Ermənistanın qonşu dövlətlərlə münasibətlərini beynəlxalq hüquq və qarşılıqlı hörmət prinsipləri əsasında qurmasını tələb edir. Zəngəzur dəhlizinin açılması və Naxçıvanla maneəsiz quru əlaqəsinin təmin olunması Orta Dəhlizin imkanlarını genişləndirməklə yanaşı, Ermənistan üçün də regional iqtisadi əməkdaşlığa qoşulmaq imkanı yarada bilər. Laşa Darsalianın ortaq maraqlara əsaslanan əməkdaşlıq yanaşması Cənubi Qafqazda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini önə çıxarır. Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq münasibətləri isə regional əməkdaşlığın inkişafı üçün əhəmiyyətli zəmin yaradır.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında xarici siyasət qurumlarının müntəzəm məsləhətləşmələri və parlamentlərarası əlaqələr siyasi dialoqun davamlılığını təmin edir. Beynəlxalq platformalarda koordinasiyanın gücləndirilməsi üç ölkəyə ortaq maraqlarını ifadə etmək və regional məsələlərdə əməkdaşlığı genişləndirmək imkanı verir. Bu dialoq Cənubi Qafqazda sabitliyin qorunması və mümkün geosiyasi risklərin idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Rəsmi Bakının irəli sürdüyü regional əməkdaşlıq təşəbbüsləri Gürcüstan və Türkiyə tərəfindən tam dəstəklənir. Üç tərəfdaş ölkənin ortaq səyləri nəticəsində Orta Dəhliz qlobal təlatümlər dövründə etibarlı sülh və təhlükəsizlik arteriyası statusunu qazandı. Göstərilən strateji ittifaq Avrasiyada ədalətli, çoxqütblü və beynəlxalq hüquqa söykənən yeni təhlükəsizlik sisteminin formalaşmasına fundamental töhfələr verməkdə davam edir.

Orta Dəhliz layihəsi regional dövlətlərin suverenliyini möhkəmləndirən, xarici təhdidləri neytrallaşdıran və Cənubi Qafqazı beynəlxalq münasibətlər sisteminin müstəqil subyektinə çevirən tarixi platformadır. Sülhə ortaq sadiqlik nümayiş etdirən Bakı, Tbilisi və Ankara qlobal arenada cərəyan edən qarşıdurmalara baxmayaraq, regionun təhlükəsiz gələcəyini inamla inşa edir, Avrasiyanın siyasi xəritəsində sabitliyin və tərəqqinin pozulmaz bünövrəsini qoyur.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri