Icma.az
close
up
RU
Orxan Fikrətoğlunun hekayələrinə ədəbi fəlsəfi və struktural yanaşma

Orxan Fikrətoğlunun hekayələrinə ədəbi fəlsəfi və struktural yanaşma

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Strukturalizmə görə, ədəbi mətnin mənası onun daxili strukturundan — mətndəki elementlərin bir-biri ilə qurduğu sistemli əlaqədən yaranır. Bu yanaşmada müəllifin həyatı və niyyəti ikinci plandadır; əsas diqqət mətnin özünə və onun necə işlədiyinə yönəlir. Fransız antropoloq və etnoloq, eyni zamanda strukturalizm cərəyanının araşdırmaçılarından olan Klod Levi-Stross mətni insan düşüncəsinin və mədəniyyətin strukturlaşmış təzahürü kimi dəyərləndirirdi. O, xüsusilə mifləri binar qarşıdurmalar (məsələn, həyat-ölüm, təbiət-mədəniyyət) üzərindən analiz edirdi.

Strukturalizm simvolizmlə də yaxından kəsişir, çünki hər iki yanaşma mətnin səthi qatının altında gizli mənaları araşdırır. Strukturalistlər simvolları — obrazlar, əşyalar, hadisələr — məna daşıyan sistemli vahidlər kimi görürdülər. Fransız filosofu Rolan Bartla Levi-Stross bu simvolları kodlar və qarşıdurmalar sistemi kimi təhlil edirdilər. Beləliklə, strukturalizm simvolları ayrı-ayrılıqda deyil, mətnin bütöv strukturunda bir-biri ilə əlaqəli şəkildə təhlil edir və bu əlaqələrdən ortaya çıxan mənanı müəyyənləşdirir.

Qeyd edilən struktrualist yanaşmanı Orxan Fikrətoğlunun yaradıcılığında müşahidə edirik. Ümumiyyətlə, onun əsərlərində hər hansısa bir detal xüsusi nəzərəçarpacaq xüsusiyyət kimi qabarıqdır. Təbii ki, bu əsərləri intellektli oxucu ehtiyatla oxumaq məcburiyyətindədir. “Vaxt” hekayəsində “tilov”, “quşlar”, “qaya”, “balıq” kimi elementlər simvolik çərçivədə mətni daşıyan əsas dayaqlardır. “Tilov atmaq” şans axtarışında olmaq, qaya isə bəzən sarsılmazlıq, möhkəmlik, dəyanət simvolunun daşıyıcısıdır. Tanınmış Fransız filosof və ədəbi tənqidçi Qaston Başelard (1884–1962) zamanın yalnız fiziki və saatla ölçülən bir reallıq olmadığını, əksinə, onun insanın daxili aləmi ilə sıx bağlı olduğunu iddia edirdi. Onun fikrincə, zamanı insanın ruhu və təxəyyülü formalaşdırır. Başelard bu ideyasını xüsusilə “La dialectique de la durée” (Vaxtın dialektikası) və “Poetics of Reverie” (Xəyalın poetikası) adlı əsərlərində inkişaf etdirir. Başelarda görə, zamanın əsas təzahürü insanın daxilində baş verir – o, hiss olunur, xatırlanır, gözlənilir. Bu zaman, hissi fiziki reallıqdan çox, psixoloji və emosional bir hadisədir. İnsan üçün vaxt darıxdıqca uzanır, həyəcanlananda sürətlənir, gözləntilərlə isə dərinləşir. Bu mənada o, daha qısa tezislə fikrini təsəvvürün hər bölməsində instalyasiya edirdi: “Zaman saatın səsi ilə yox, ruhun sükutu ilə ölçülür.” Başelard zamanın şeir və düşüncə anlarında necə “dayandığını”, “uzandığını” və ya “qısa göründüyünü” vurğulayır. Onun fikrincə, tənhalıq, xəyala qapılmaq, sükut insanın zamanla bağını daha incə və emosional şəkildə qurur.

Orxan Fikrətoğlunun “Vaxt” hekayəsində də zaman fiziki olaraq axmır, yəni saatla, tarixlə ölçülmür. Əvəzində, zaman qəhrəmanın daxili təlatümləri, sükutları, köks ötürmələri, balıqçının səssizliyi ilə ölçülür. Məsələn: “Dəniz sakit və ləpəsizdir”, “Ağır-ağır köksümü ötürürəm”, “Beynim bir dəqiqə də olsun sakitləşmir” və s. Bu kimi ifadələr Başelardın “zamanın subyektiv və ruhla bağlı olduğu” fikrini dəstəkləyir. Hekayədə qəhrəmanın zamanla bağlı təcrübəsi təbii səslər, baxışlar, susqunluq və düşüncə axını üzərindən verilir – bu isə məhz Başelardın zamanın poetikası anlayışına tam uyğun gəlir.

Görkəmli Fransız filosofu Paul Rikyör isə hesab edirdi ki, zaman ancaq nəql olunduqda mənalı olur. Yəni zamanın özü deyil, onun hekayəsi insana zaman təcrübəsi qazandırır. Bu baxımdan, Orxan Fikrətoğlunun qəhrəmanı da zamanın axışını hekayə vasitəsilə yaşayır. Hadisə azdır, amma düşüncə və hissin axını zamanı formalaşdırır. Yəni hekayənin özü – zamanın təsviri – zamanın mənasıdır.

Qeyd etmək vacibdir ki, hekayədə balıqçının “gözləri içindədir” ifadəsi, onun daxilində gizli olan vəziyyətini, zamanla münasibətini göstərir. Hekayədə məkan statikdir – qayalıq, sahil, dəniz – lakin bu statiklik insanın içindəki hərəkətliliyi ön plana çıxarır. Zaman burada həm fəlsəfi, həm də hissi anlamda axıcıdır.

Jan Pol Sartr və Alber Kamyü kimi ekzistensialistlərin fikrincə, insan dünyada tək başına buraxılmış varlıqdır və mənanı öz gücünə yaratmağı bacarmalıdır. “Vaxt” hekayəsindəki əsas personaj – mən danışan – dənizə, səssizliyə, sakitliyə baxaraq öz mənasını aramağa çalışır. Balıqçı ilə olan dialoqlar – “Darıxırsan?” sualı, “ayağın torpağa dəymədiyi yerdə vaxt gec keçir” kimi ifadələr – insanın dünyadakı qərarsızlığını və zamanın ağırlığını ifadə edir. Balıqçının sakitliyi, suya atılan tilov kimi bənzətmələr zamanla varlıq arasında əlaqə yaratmağa yönəlmiş maraqlı jestlərdir.

Hekayədə psixoanalitik yanaşma diqqət çəkir Ziqmund Freyd və Jak Lakanın psixoanalizində dəniz tez-tez şüuraltının metaforu kimi çıxış edir. Hekayədə dənizin “sakit və ləpəsiz” olması qəhrəmanın daxili vəziyyətinin xarici təcəssümüdür. Onun “ağır–ağır köksümü ötürürəm” ifadəsi dərin bir psixoloji yüklənmədən xəbər verir. Balıqçı obrazını, həm də patriarxal simvol kimi qəbul edə bilərik – sakit, müşahidəçi və yön verən. Bu cümləni daha aydın və sadə şəkildə belə ifadə etmək olar: Əsərin sonunda qəhrəmanın ayağa qalxaraq “bəlkə mən də ‘ya baxt’ dənizinə bir tilov atım?” deməsi onun daxilən dəyişimini göstərir. Bu, qəhrəmanın əvvəlki passiv müşahidəçi mövqeyindən çıxaraq artıq həyatda aktiv rol almağa, taleyində dəyişikliyə cəhd etməyə qərar verirdiyini göstərir. Bu da onun düşüncələrindən əmələ keçməyə doğru bir keçid yaşadığını bildirir.

Orxan Fikrətoğlunun dili sadə görünsə də, çoxqatlı metaforlarla yüklüdür. “Günəş gedir”, “gözə oxşayır”, “qaya süd kimi dənizə dolur” kimi ifadələr həm poetikdir, həm də hekayənin ritmini və atmosferini müəyyənləşdirməyə kömək edir. Bu üslub T.S. Eliotun “hissin obyektiv korrelativlə ifadəsi” nəzəriyyəsini xatırladır: hekayənin duyğusu hadisələrlə deyil, təsvirlərlə çatdırılır. Oxucu qəhrəmanın daxili vəziyyətini təbiətə, səssizliyə və detalların simvolikasına əsaslanaraq anlayır. Əsas mahiyyət isə oxucu düşünməyə təhrik olunmalıdır, analitik düşüncə bacarığı mərkəzə gəlməlidir.

Orxan Fikrətoğlunun hekayə yaradıcılığının müasir hekayə standartlarına transformasiyasını müşahidə etmək üçün, şübhəsizdir ki, onun digər hekayələrinə də nəzər yetirmək vacibdir. Yazıçının digər əsəri olan “Nahar” hekayəsində isə təəssüf ki, tamamilə fərqli bir mövzu ilə qarşılaşa bilmirik. Burada gündəlik həyatın səthi sadəliyi arxasında gizlənmiş ağrı, gərginlik və psixoloji böhran incə bir ustalıqla təsvir olunur. Kənd həyatı fonunda bir qadının ailə içi psixoloji zorakılığa, cismani alçaldılmaya və mənəvi təklənməyə məruz qalması realistik, soyuq, emosional və bir qədər şişirdilmiş məzmunda təqdim edilir. Hekayənin hadisələri cəmi bir neçə saatlıq zaman kəsiyində cərəyan edir. Kənardan adi görünən bir “nahar hazırlığı” prosesi, əslində qadının illərlə yaşadığı travmanın səssiz bir ifadəsi kimi oxucunun qarşısına çıxır. Qadın obrazı ərinin qarşısında daim çəkingən, qorxu içində və itaətkar şəkildə təsvir edilir. Onun dili ilə deyil, susqunluğu və bədən dili ilə danışması, oxucuda dərin psixoloji sarsıntı təəssüratı yaradır. Ər obrazı isə maço, zorakı, həssaslıqdan uzaq, yalnız fiziki ehtiyaclarını təmin etməyi düşünən biri kimi təqdim olunur. Onun qadına münasibəti istismar, zor və tabeetmə üzərində qurulub. Bu təsvir, post-sovet məkanında bəzi sosial təbəqələrdə(yazıçıya görə) hələ də mövcud olan patriarxal ailə münasibətlərinə tənqidi baxış kimi görünə bilər.

Orxan Fikrətoğlunun “Nahar” hekayəsini müəyyən məqamlarda Afaq Məsudun “İzdiham”, “Sərçələr”, “Qəza” hekayələri ilə müqayisə etmək olar. Hər iki müəllifin əsərlərində qadınlar sosial təcrid, introversiya, psixoloji təlatüm və depressiv hallarla üz-üzə qalırlar. Bu hekayə qadın taleyinin patriarxal cəmiyyət içindəki məhkumluğunu göstərən, həm struktur, həm də fəlsəfi baxımdan dərin mənalı bir mətn kimi çıxış edir. Hadisələr gündəlik həyatın sadə səhnələri fonunda baş verir: həyət, tikinti sahəsi, ev – bu üç məkan arasında hərəkət edən qadın sonda yenə başlanğıc nöqtəsinə – evə qayıdır. Bu çevrəvi struktur onun həyatının qapalı və qurtuluşsuz dövranını simvolizə edir. Hərəkət var, amma nəticə yoxdur. Qadının həyatı bu çevrənin içində tükənir.

Mətnin əşyaları – sökülmüş çəpər, açıq gözləri ilə teştə atılmış toyuq, papiros kötükləri, suvaq – sadəcə detal deyil, simvoldur. Çəpər ailə münasibətlərinin, mənəvi dayaq nöqtələrinin çöküşünü, toyuğun açıq gözləri qadının taleyinə şahidlik edən, amma səsini çıxara bilməyən ruhunu ifadə edir. Suvaq həm fiziki, həm də mənəvi “örtülməni” bildirir; qadının içindəki səsi, istəyi, arzusu sanki bu suvağın altında qalıb.Fəlsəfi baxımdan hekayə varlığın mənasızlığını və azadlığın mümkünsüzlüyünü göstərir. Qadın bu hekayədə bir “özlük” kimi deyil, “başqası üçün varlıq” kimi təqdim olunur. O, ərinin, atasının, cəmiyyətin hökmü altındadır. Ərinin “səni istəyirəm, soyun” sözləri qadının cismani varlığını bir növ obyektə çevirir. Onun nə seçimi, nə istəyi, nə də müqavimət imkanı var. Beləliklə, mətn ekzistensial fəlsəfə kontekstində azadlığını itirmiş insanın hekayəsinə çevrilir.

Hekayədəki gender aspekti də əsas təbəqələrdən biridir. Qadın üzərindəki kişi hakimiyyəti burada təkcə ər obrazında deyil, həm də dədə fiqurunda özünü göstərir. “Razılığını dədəsi vermişdi” cümləsi patriarxal ənənənin nəsildən-nəslə ötürülən zorakı sistem olduğunu nümayiş etdirir. Qadın həm ailə, həm də cəmiyyət səviyyəsində ikili əsarət altındadır.

Dil və üslub baxımından mətn minimalist xarakter daşıyır. Yazıçı artıq bədii təsvirlərdən qaçaraq qısa, kəsik, yüklü cümlələrlə hadisələrin gərginliyini, qadının daxili boşluğunu ifadə edir. Kişi dilinin kobudluğu və məişət detallarının kəskin realizmi mətnə həm sosioloji, həm də psixoloji dərinlik qazandırır.

Nəticə etibarilə, bu hekayə sadəcə bir ailə dramı deyil, müasir insanın mənəvi və sosial tənəzzülünün aynasıdır. Burada qadının sükutu yalnız qorxunun deyil, həm də cəmiyyətin laqeydliyinin ifadəsidir. Struktural baxımdan qapalı kompozisiya, fəlsəfi baxımdan varlığın mənasızlığı, sosial baxımdan isə gender diskriminasiyası bu hekayəni müasir Azərbaycan nəsrinin ən tipik problematikalarından biri kimi dəyərləndirməyə əsas verir.

Yazıçı “Adilin itirdiyi hekayə” adlı əsərində isə ev simvolu üzərindən insanın yaddaşı, kök saldığı məkan və ailə dəyərləri kimi mövzuları işıqlandırır. Evin satılması yalnız fiziki bir dəyişikliyi deyil, həm də mənəvi bağlılıqların itməsi, nostalji və itki hissi kimi dərin psixoloji qatları əks etdirir. Evin bütün üzvlər üçün canlı bir varlıq kimi təsviri (evin beli bükülməsi, gözlərinin tutulması və s.) əsərdə insan-məkan münasibətinin poetik gücünü göstərir. Mətn şəxsi itkini kollektiv hissə çevirir və oxucuda empatiya hissi yaradır. Orxan Fikrətoğlunun “Adilin itirdiyi hekayə”si və Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanında məkan təkcə fiziki yer deyil, həm də yaddaş, kimlik və mənəvi bağların daşıyıcısı sayılır. Bu baxımdan, Orxan Fikrətoğlu və Çingiz Aytmatov öz əsərlərində doğma məkanın itirilməsi mövzusunu emosional və fəlsəfi çalarda işləyiblər. “Adilin itirdiyi hekayə”də ata evini satır və bu hadisə ailə üzvlərində dərin psixoloji sarsıntı doğurur. Evin təsviri canlı varlıq kimidir: “öskürən”, “gözləri tutulmuş”, “beli bükülmüş qoca”. Yeni ev yad və soyuq görünür, ailə oraya sığmır. Qəhrəmanın uşaq vaxtı yazdığı yazını xatırlaması, ananın hər gün köhnə evə baş çəkməsi göstərir ki, ev həm də şəxsi və ailəvi yaddaşın məkanıdır. Aytmatovun romanında isə Boranlı kəndi qəhrəmanın kimliyinin və mədəni irsin simvoludur. Sovet modernləşməsi bu məkana yad kosmodrom tikərək kəndi mənasızlaşdırır. Yedigey isə bu mədəni yadlaşmaya qarşı çıxır, amma sonda məğlub olur. Beləliklə, kəndin itkisi xalq yaddaşının silinməsi anlamına gəlir. Hər iki əsərdə ana obrazı məkanla mənəvi bağların qoruyucusu kimi çıxış edir. Ana evə sığınır, onunla danışır, evin “gözləri tutuldu” deyə onun ruhunun da itirildiyini hiss etdirir. Məkanın yadlaşması və ailə üzvlərinin kökdən qopması paralel şəkildə təqdim olunur. İstər kəndin texnokratik təzyiqlə sıradan çıxması, istərsə də evin satılması, insanın öz kimliyindən uzaqlaşmasını simvollaşdırır. Nəticə olaraq, bu iki əsər göstərir ki, məkanın itkisi həm yaddaşın, həm də mənəvi varlığın itkisidir. Ev və torpaq sadəcə fiziki obyekt deyil, insanın ruhuna bağlı canlı bir varlıqdır.

İnsanların öz məkanlarına bağlılığı – topofiliyasına Azərbaycan ədəbiyyatında bir sıra müəlliflərin əsərlərində rast gəlmək mümkündür. Hüseyn Abbaszadənin “Çəmbərəkənd balladası” hekayəsi və Vaqif Sultanlının “Ölüm yuxusu” romanında insanların mədəni-məkan identikliyi diqqətçəkən detallarla oxucu təsəvvüründə canlandırılır. Doğma məkanın mədəni, mənəvi və zehni təfəkkürlə sıx bağlılığı vurğulanır. Ümumiyyətlə isə bu tip mövzuları dünya ədəbiyyatında Con Steynbek(Qəzəb salxımları), Qabriel Qarsiya Markes(Yüz ilin tənhalığı) və başqa müəlliflərin əsərlərində müşahidə etmək mümkündür.

Başqa bir əsər – “Qırmızı Köynək” hekayəsi də məxsusi mövzusu ilə diqqət çəkir. Belə ki, əsərdə uşaq gözü ilə ölüm, itki və kədər poetik dildə təqdim edilir. Belə ki, Qırmızı köynək simvolik obrazdır — bir tərəfdən uşağın sevincini, digər tərəfdən isə nənənin ölümü ilə bağlılıq yaradan xatirə əşyasına çevrilir. Müəllifin uşaq qəhrəmanı nənəsinin ölümünü yetkinlik və qəhrəmanlıq duyğusu ilə qarşılamağa çalışır. Hekayədə qürur, ağrı və uşaq saflığı vəhdətdədir. Sonda qırmızı köynək nənənin ölümü uşaq üçün həm itki hissinin, həm də fərqli bir həyatın simvoluna çevrilir. Əsər məhrəm atmosferi, dərin emosional təsiri və simvolik məzmunu ilə seçilir.

Orxan Fikrətoğlunun hekayələri, romanları ədəbiyyatşünasılıq üçün ciddi araşdırma mənbəyidir. Onun hekayələrindəki minimalizm müasir hekayəçilik standartları ilə yaxınlıq təşkil edir. Müasir hekayə yığcam, ideya baxımından dərin və realist olmalıdır. Tənqidçi Susan Lohafer “Coming to Terms with the Sort Story” əsərində qeyd edir ki, müasir hekayənin gücü onun sıxlıq və fokus xüsusiyyətindədir. Ədəbiyyatşünas Cavanşir Yusifli və tənqidçi Aydın Talıbzadə isə müasir nəsrdə hekayənin semantik qatları və sükut estetikasından bəhs edirlər. Orxan Fikrətoğlunun nəsr əsərlərinin bu parametrlərə uyğun olduğunu nəzərə alsaq, onun əsərlərində(xüsusən hekayələrində) hadisədən çox daxili vəziyyəti, emosiyanı və mənəvi ziddiyyətləri görmək bir o qədər çətin deyil. Ən fərəhləndirici tərəf isə onun yaradıcılığının qulağı dəlmə-deşik edən şablon mövzulardan, yorucu uzunçuluqdan, əsasən, uzaq olmasıdır

Elmir Həsənov,

Ədəbi tənqidçi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Dekabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see367

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see154

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri