Ötən onilliklərin solmayan kinolentləri
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çəkilişlərindən 55 il ötən, lakin ictimai-siyasi formasiyalar dəyişsə də, Azərbaycan kinematoqrafiyasının inciləri sırasında yer alan 3 film bu gün də maraqla baxılır. Bunlar “Axırıncı aşırım”, “Ən vacib müsahibə” və “Ulduzlar sönmür” adlı ekran əsərləridir.
“Axırıncı aşırım” rejissor Kamil Rüstəmbəyovun ən parlaq kino əsəri sayılır. Daha öncə Azərbaycan televiziyasında çalışaraq maraqlı verilişlər çəkmiş, “Aygün” və “Zəncirlənmiş adam” filmlərini yaratmış istedadlı sənətçi 1966-cı ildən kinostudiyada rejissorluq fəaliyyətini davam etdirib. Burada “Dağlarda döyüş”, “Dərviş Parisi partladır”, “Gözlə məni” kimi bədii filmlərinə quruluş verib.
Rejissorun 55 yaşlı kinoromanında Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyətinin qurulduğu ilk illərin hadisələri əks olunub. Film yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanı əsasında çəkilib. Kinolentdə əsərin adı ona görə dəyişdirilib ki, romanın adı saxlansaydı, onda gərək epizodlar qışda, qarlı günlərdə çəkiləydi. Bu isə xeyli vaxt aparacaq, texniki baxımdan çətinliklər yaradacaqdı.
Ekran əsərinin qəhrəmanları real həyatda yaşamış Abbasqulu bəy Şadlinski, Kərbəlayı İsmayıl və Qəmlodur. Konflikt varlı mülkiyyətçi Kərbəlayı İsmayılın taxılının əlindən alınaraq şəhərdəki aclara göndərilməsinə etirazı üzərində qurulub. O, yeni kolxozun sədri İmanın şəxsində sovet hakimiyyətinə qarşı çıxır və öz dəstəsi ilə hakimiyyətə dirəniş göstərmək üçün Vedibasardakı Qarabağlar kəndini məskən seçir. Qarşıdurma vizual hadisələrin bolluğu ilə yadda qalır.
Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov, Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov canlandırıblar. Ekran əsərinə böyük şöhrət qazandıran bir cəhət də burada ünlü aktyorların bir araya gətirilməsidir.
...Etirazçının üstünə silahlı dəstə ilə deyil, 3 nəfərlik silahsız heyətlə gedən Abbasqulu bəy onu yola gətirməyə çalışır. O, aralarında olan keçmiş xətir-hörmətə görə belə bir risk edir. Söhbət bir nəticə verməsə də, “qonaqlar” oradan sağ-salamat çıxırlar. Amma onları gözü götürməyən Qəmlo Abbasqulubəygilin ardınca çaparaq yolda haqlayır və ölüm-dirim atışması başlayır. Bu zaman Abbasqulu bəy yaralanıb ölür. Kərbəlayı isə bundan qəzəblənərək Qəmlonun ölümünə fərman verir. Abbasqulu bəyin nəşini rəiyyətdən alıb layiqincə dəfn etmək istəyən Kərbəlayının meydanda tək qalması o dövrün reallığını göstərir...
Qeyd edək ki, “Axırıncı aşırım” kinoromanı 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında nümayiş etdirilib, aktyorlardan Adil İsgəndərov (Kərbəlayı İsmayıl) və Həsən Məmmədov (Abbasqulu bəy) “Ən yaxşı kişi rollarının ifasına görə” mükafata layiq görülüblər. Bəzi mənbələrə görə Adil İsgəndərov ona verilən mükafatdan imtina edərək deyib: “Bu mükafat Məlik Dadaşova düşür, Qəmlonu yaratdığına görə”.
“Ən vacib müsahibə” və “Ulduzlar sönmür” bədii filmləri də 1971-ci ildə çəkilib. Dram janrına aid olan 1-ci filmin rejissoru Eldar Quliyev, ssenari müəllifi Maqsud İbrahimbəyov, quruluşçu operatoru Rasim Ocaqovdur. Kinopovestdə analitik səpkidə jurnalist mənəviyyatından bəhs olunur.
Filmin əsas ideyası budur ki, jurnalistin vicdanı, mənəviyyatı təmiz olmalıdır. Filmin qəhrəmanı Zaur (Hacı Murad Yegizarov) radio jurnalistidir və belə bir suala cavab axtarır: “Həyatın mənası nədədir və mən insanlar üçün nə edə bilmişəm?” Lakin cavabı tapmaqda çətinlik çəkir, həyatın mürəkkəb təzadları onu çaşdırır.
Əsas rollarda Səyavuş Şəfiyev (Altay), Müxlis Cənizadə (Ənvər müəllim), Ariadna Şengelaya (Səidə), Tofiq Mirzəyev (əcnəbi müğənni), Rza Təhmasib (Cəbrayıl) və başqalarının çəkildiyi “Ən vacib müsahibə” 55 ildir ki, ekranlarda nümayiş olunur, geniş tamaşaçı auditoriyası tərəfindən maraqla izlənir insan mənəviyyatını tədqiq, təhlil etdiyinə, ünsiyyətin ən vacib vasitəsi olan nəcib, ülvi hisslərin tərənnümşçüsü olduğuna görə sevilir, baxılır...
Xalq artisti, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi, rejisor Əjdər İbrahimov “Ulduzlar sönmür” bədii filmini özünün və İsa Hüseynovun ssenari müəlifliyi ilə hasilə gətirib. Tarixi-bioqrafik kinolent görkəmli dövlət xadimi, yazıçı, dramaturq və həkim Nəriman Nərimanovun həyat və çoxsahəli fəaliyyətinə həsr edilib.
“Mosfilm” və “Azərbaycanfilm” kinostudiyalarının müştərək istehsalı olan film sovet dövrünün sərt senzura çərçivələrinə rəğmən, milli kinomuzun ən cəsarətli nümunələrindən biri kimi qəbul edilir. Müəlliflərin birgə səyləri sayəsində film sadəcə sovet ideologiyasını tərənnüm edən bir xronika olmayıb. Nərimanovun daxili çırpıntıları, Şərq dünyasını cəhalətdən qurtarmaq istəyən bir ziyalının fərdi dramı ön plana çıxarıla bilib.
Film bir neçə novelladan ibarətdir. Həmin novellalarda Nəriman Nərimanovun həyatının ən parlaq səhifələri öz əksini tapıb (onu da deyək ki, mərhum yazıçı-jurnalist Nurəddin Babayevin də “Ulduzlar sönmür” adlı povesti var, amma bu əsər Azərbaycan xalqının qəhrəman oğlu Gəray Əsədovun haqqındadır). Şərqin sönməyən ulduzu Nəriman Nərimanova həsr olunan film isə tammetrajlı bədii, epik ekran əsəridir.
Ekran əsərində Vladimir Samoylov (Nərimanov), Yevgeni Samoylov (Çiçerin), İsmayıl Osmanlı (Hacı Zeynalabdin Tağıyev), Adil İsgəndərov (Nəsib bəy), Müxlis Cənizadə (Mustafa), Ağasadıq Gəraybəyli (jandarm), Zemfira Sadıqova (Firuzə) və başqaları rol alıblar.
“Ulduzlar sönmür” Nərimanovun həyatının ən müxtəlif dönəmlərini – onun gənclik illərini, Bakıdakı həkimlik və maarifçilik fəaliyyətini, Həştərxan sürgününü, Moskvada Leninlə apardığı çətin siyasi müzakirələri və Şərq xalqlarının azadlığı uğrunda apardığı mübarizəni əhatə edir. Bu film də zamanın sınağından çıxmış unudulmaz bir ekran incisidir.
Əli NƏCƏFXANLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 25 Sentyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















