Icma.az
close
up
RU
SOLMAYAN MİLLİ ÇÖHRƏ Rafael Hüseynov yazır

SOLMAYAN MİLLİ ÇÖHRƏ Rafael Hüseynov yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rafael HÜSEYNOV
Akademik

O, Azərbaycan Radiosunun canlı rəmzlərindən biri və ən seçkini idi. 1970-ci illərin ortaları və ikinci yarısında - Azərbaycan Radiosunun artıq ömrünün yarım əsrini haqlayıb ikinci yarım əsrini başladığı zamanlarda hamının olan bu Səslər Evinin həm redaktorları, həm texniki işçiləri və həm də elə diktorları arasında köhnə stajlı, bu əziz məkana candan bağlı və adları çəkilincə elə radio düşünülənlər az deyildisə də, Soltan Nəcəfovun yeri başqa idi.

Həm də səbəb yalnız o deyildi ki, Soltan müəllim radionun ən köhnə işçisi idi və səsi 1928-ci ildən etibarən efirdən gəlirdi. Ondan xeyli cavan Aydın Qaradağlı və həyat yoldaşı Gültəkin Cabbarlının da, Ramiz Mustafayev və Fatma Cabbarovanın da, Sabutay Quliyev və Züleyxa Hacıyevanın da həm adları, həm səsləri bütün Azərbaycana tanışdı və onlar xatırlanınca dərhal radio ağla gəlirdi. Onlar hamısı və daha neçə-neçə fədakar həmkarlarının hər biri radiomuzun rəmzi sayılmağa layiq idi. Bu gün, artıq onların həyatda olmadığı çağlarda da belədir, elə sağlıqlarında da həmin cürdü. Lakin onların da hər biri Soltan Nəcəfova xüsusi ehtiramla yanaşır, onu köhnə radionun canlı ifadəsi kimi qəbul edirdilər.

Soltan Nəcəfovla mən ilk dəfə tələbə ikən - 1976-cı ildə tanış oldum və o ilk təmasımızın səs yadigarı da bugünədək qalmaqdadır (Həmin kompozisiyanı Aydın Qaradağlının oğlu Vüqar Qaradağlı Youtube kanalında da yerləşdirib). Həmin 20 dəqiqəlik verilişi 2 diktorun - mən yazan mətni Aydın Qaradağlının, aralıqlardakı Füzuli beytlərini Soltan Nəcəfovun oxumasını istəmişdim. Əslində bu balaca verilişçün bircə diktor da kifayət edirdi və nəzərə alsaq ki, Qaradağlı da əruzlu şeirin yaxşı qiraətçilərindəndi, ikinci səsə heç ehtiyac yoxdu. Üstəlik, bu verilişi təqdim edən musiqi redaksiyası üçün də sərfəli deyildi ki, çox da böyük olmayan mətnə görə bir yox, iki diktora qonorar yazsın. Ancaq israrla xahiş etmişdim ki, razıyam, mənə qələmhaqqı verilməsin, o məbləğ ikinci diktorçün hesablansın. Ancaq sağ olsunlar (minnətdarlıq mənasında deyirəm, heyiflər ki, hamısı gedib, biri də artıq sağ deyil), ricama biganə qalmamışdılar, arzuladığım hər iki diktora özlərinin də böyük məhəbbətləri olduğundan (onlar sevilməməsi mümkünsüz insanlar və sənətkarlardı) "hə" demişdilər, üçümüzə də qonorar yazmışdılar.

Ancaq Soltan müəllimlə qiyabi tanışlığım daha 6-7 il əvvəldən - məktəbli vaxtlarımdan başlanırdı. Həm də məharətlə oxuduğu bədii mətnlərdən yox, məzmunca xüsusi maraq kəsb etməyən, əksinə, bir az da darıxdırıcı olan, özü də hər söz, cümləsi bəzən təkrarlanaraq, hansısa məqamlarda höccələnərək çatdırılan teleqraf xəbərlərindən. İş ondadır ki, 1930-cu illərdən başlayaraq Azərbaycan rayonlarının hər birinin həftədə 3 dəfə səliqə ilə çıxan yerli qəzetləri vardı və 1960-70-ci illərdə bu qəzetlərin bölgələrdə nüfuzu, təsir gücü xeyli artmışdı. Həmin nəşrlərə kömək məqsədilə hər gün günortadan sonra Azərbaycan Radiosu axşam verilişlərinin başlanmasınadək fasiləyə çıxdığı saatlarda rayon qəzetləri üçün Sovet İttifaqı Teleqraf Agentliyinin (TASS - SİTA) və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (indiki AZƏRTAC) xəbərləri diktə edilərdi. Bu, təqribən, bir müəllimin şagirdlərə imla yazdırması kimi bir gedişat idi. Yanlışlıqlar olmasın, hər kəlmə aydın başa düşülsün deyə belə mətnləri təcrübəli diktorlar oxuyardılar. Ən çox da Soltan Nəcəfov. Zahirən sanki adi bir iş idi və burada bir diktorun digərindən fərqlənməsi çətindi. Ancaq Soltan Nəcəfovun ifası bir sıra məziyyətləri ilə elə seçilirdi ki, rayon qəzetlərində belə "diktant"ları qələmə almalı olan redaksiya əməkdaşları onun növbəsi olanda sevinirdilər. O dövr rayon qəzetləri işçilərindən həyatda olanlar varsa, bu qənaətimə şərik çıxar və mən də canlı şahidi olduğumu yazıram.

Kürdəmir rayonundakı "İrəli" qəzeti ilə məktəbli vaxtlarımdan əməkdaşlığım vardı və o cür mətnlərin diktə edildiyi saatlarda yolum redaksiyaya düşəndə indi də yaşayan, sinni 90-ı keçmiş Rəşid Fərəcovun Soltan Nəcəfovun oxuduğu mətnləri kağıza köçürərkən "Vallah, bu kişinin mətn oxuması əsl ləzzətdir, ən quru mətn də gözəlləşir, obiriləri bu cür şirin oxuya bilmir" deməsini dəfələrlə eşitmişəm.

Soltan Nəcəfov radio işinin, redaksiya fəaliyyətinin yüksək peşəkarı idi və yaxşı bilirdi ki, yayda sərinliyi, qışda istiliyi arzulanan səviyyədə olmayan rayon qəzetləri redaksiyalarında bir əməkdaşın başqa iş yoldaşları nahar fasiləsindəykən radionun böyründə tənha oturaraq belə mətnləri yazması necə yorucudur. Ona görə də həmin mətnlərin oxunuşunu adilikdən çıxarardı, kolxoz-fabrik həyatından olan ən quru məqalə və xəbərlərə də artıq bir söz demədən duz qatmağı bacarardı.

Bir dəfə ona irad tutmuşdular ki, rayon qəzetlərindən birində səhv gedib və mətni radiodan yazmış redaksiya əməkdaşı da özünü təmizə çıxarmaqçün deyib ki, günah məndə yox, mətni radiodan diktə edəndədir, necə deyibsə, o cür yazmışam.

Məsələ bundadır ki, yüksək partiya rəhbərlərindən birinin sözlərinin iqtibas edildiyi mətni oxuyarkən Soltan Nəcəfov "iki nöqtə" deyərək ardınca sitatı diktə edibmiş. Yetərincə savadlı olmayan redaksiya işçisi də elə eşitdiyi kimi "iki nöqtə"ni sözlə yazıbmış. Rayon qəzetlərinin Bakıdakı müzakirələrindən birində radiodan diktə edilən mətnlərdə hərdən tam aydın olmayan ifadələrin yer alması haqda naşı və haqsız iradların sorağı qulağına çatandan sonra Soltan Nəcəfov mətn diktə edib qoşa nöqtəyə çatanda şuxluqla deyərmiş ki, "iki nöqtə, biri altda, biri üstdə".

Soltan Nəcəfov zarafatla deyərdi ki, mən Bakıdakı 1 nömrəli Şura Zəhmət Məktəbini bitirmişəm, ona görə əmək sərf etməkdən, zəhmət çəkməkdən heç vaxt usanmıram.

O, 1928-ci ildə Bakıdakı məşhur Darülmüəllimini bitirəndə 17 yaşı vardı və radioya sevgi onun ürəyinə 2 il əvvəldən - elə ilk verilişlərin səsləndiyi gündən qonmuşdu. Çünki oxuduğu, dövrün güclü müəllimlərinin dərs verdiyi və mahiyyətcə gələcək Pedaqoji Universitetin babası olan Darülmüəllimin ovaxtkı Kommunist, indiki İstiqlaliyyət küçəsindəki yanaşı binalarda yerləşirdi. Ömrün payızında, artıq 1970-ci ilin sonlarında Soltan Nəcəfov həmin günləri xatırlayaraq belə yazırdı: "1926-cı ildə mən Bakı Darülmüəlliminində oxuyurdum. Bir gün dərs zamanı fizika müəllimimiz Soltan Murad Əlizadədən radio haqqında məlumat verməsini xahiş etdik. O, bizə radionun quruluşundan, onun ictimai həyatdakı əhəmiyyətindən ətraflı danışdı. Radio verilişləri bizim məktəblə yanaşı olan "İsmailliyə" binasının otaqlarından birindən aparılırdı. Studiya yeri türkmən xalıları ilə döşənmiş, divarları tünd-yaşıl rəngli məxmərlə örtülmüş bir otaqdan ibarət idi. Otağın yuxarı başında mizin üstünə kubşəkilli mikrofon qoyulmuşdu. Ortada royal, divarlar boyu isə stullar düzülmüşdü".

Soltan müəllim yada salırdı ki, Sabir bağında həmişə böyük izdiham olurdu. Skamyalarda oturmağa yer tapılmayanda çoxları ayaq üstə duraraq verilən konsertləri, müxtəlif verilişləri həvəslə dinləyərdilər.

"Əhali arasında böyük canlanma hiss olunurdu. Hamı bu ecaskar cihazın qüdrətinə həm sevinir, həm də heyrət edirdi ki, necə ola bilər kiçik bir otaqda çalınan musiqi, oxunan mahnı telsiz, dirəksiz ən uzaq məsafələrə yayılsın, hər bir mənzildə, şəhərdə, uzaq kəndlərdə belə eyni ahənglə səslənsin?

Getdikcə radionun səsi şəhərin ayrı-ayrı məhəllələrində, tək-tək evlərdə də eşidilməyə başladı. Bəzi radio həvəskarları evlərində batareya ilə işləyən kiçik radio cihazları qurdular. Hansı evdən radio səsi gəlsəydi, qonşular həmin evin pəncərəsinin qarşısına yığışıb radio verilişlərini dinləyərdilər.

Az vaxt içərisində şəhərdə və kəndlərdə radiolaşdırma işləri artmağa başladı. Ayrı-ayrı vətəndaşlar müxtəlif radio cihazları alır, şəhər radio şəbəkəsi vasitəsilə evlərinə radio xətti çəkdirirdilər".

Etiraf edirdi ki, radio işə başlayan ilk günlərdən ən böyük arzusu günlərin birində mikrofon qarşısında dayanmaq, diktorluq etmək olmuşdu.

Özü mənə söyləyirdi ki, hər gün dərsdən çıxıb evə gedəndə gözləri ixtiyarsız olaraq "İsmailiyyə"nin Sabir bağına baxan tərəfindəki reproduktora dikilər, axşamlar evdə qəzeti açıb güzgü qabağında oradakı xəbərləri ifadəli səslə, elə əsl diktormuş kimi oxuyar, arzulayarmış ki, kaş ona da haçansa heç olmazsa bircə dəfə mikrofon qarşısında durmaq nəsib olaydı.

1928-ci ildə Bakıya qonaq gələn məşhur rus yazıçısı Maksim Qorkinin şərəfinə "İsmailiyyə"də, sonralar Elmlər Akademiyasının iclaslar zalına çevriləcək salonda təşkil olunan görüş gecəsi elə o binanın həmin mərtəbəsindəcə yerləşən radio ilə translyasiya edilmişdi, Soltan tələbə yoldaşları ilə birgə bu mərasimdə çıxış edən Maksim Qorkinin səsini Sabir bağındakı reproduktordan eşitmiş, könlündəki radio sevgisi birəbeş artmışdı.

Ancaq 1928-ci ildə Darülmüəllimini bitirincə Xalq Maarif Komissarlığı gənc müəllim Soltan Nəcəfovu Şamaxı rayonunun Cəyirli kənd ibtidai məktəbinə direktor təyin etmişdi və sanki radioda diktor işləmək istəyinin yolu da birdəfəlik kəsilmişdi. Di gəl, məktəbdə işə başlamasından azacıq sonra rayon maarif şöbəsinin Cəyirli məktəbinə verdiyi batareya ilə işləyən radioqəbuledici onun ürəyindəki sevgini təzədən coşdurmuşdu.

"Bu hadisə bütün kənddə böyük maraq oyatmışdı. Kəndlilər radio aparatının ətrafına yığışıb verilişlərə qulaq asırdılar. Bir gün kəndin ağsaqqallarından Salman Məmməd oğlu istehza ilə gülüb dedi: "A kişilər, bu cavan müəllim bizi ələ salıb. Bir adam hündür bir təpənin üstə çıxıb nə qədər bərkdən qışqırsa, onun səsi bu kənddən o biri kəndə güclə gedib çatar. Heç Bakı kimi uzaq bir yerdən də bura simsiz, telsiz səs gəlib çıxar?"

Radio ilə qovuşmağa yollar arayan Soltançün radioya şəkk edənlərin sözləri münasib bəhanəyə çevrilir. Özü bir məktub hazırlayaraq kənd sakinlərindən bir neçə nəfərə də imzalatdırır. Məktubu götürüb gəlir rayon mərkəzinə, Maarif şöbəsində deyir ki, radio dövlətimizin siyasətinin gözəl nəticələrindən biridir, amma camaat arasında hələ də onun mahiyyətini lazımınca anlamayanlar var, icazə versəydiniz radio haqqında ayrıca bir veriliş hazırlanması haqda Cəyirli sakinlərinin xahişi əks olunan bu məktubu aparım Bakıya, radioya şəxsən çatdırım, indi orada mənim dostlarımdan işləyənlər var.

İcazə verilir və Soltan həyəcanla Bakıya, sevgilisi radio ilə ilk görüşə yola düşür.

"Azərbaycan Radio Mərkəzi Mərkəzi poçtun üst mərtəbəsində yerləşirdi. Yaxın yoldaşlarımdan Ənvər Həsənov, Hənifə Şəfiq, Əsgər Məsumzadə və Səməd Səmədov diktor işləyirdilər. Mən Səmədlə görüşdüm. O, mənə dedi ki, radioda işləməyə diktor lazımdır. Bu barədə elan da verilmişdi. Bu xəbərdən çox sevindim. Diktorları radionun ədəbi verilişlər rəhbəri, görkəmli yazıçı Məmməd Səid Ordubadi və bədii rəhbər, bəstəkar Müslüm Maqomayev yoxlayırdı. Səməd məni onlara təqdim edəndə həyəcandan az qala özümü itirmişdim. Əvvəlcə mənə qəzetdən kiçik bir xəbər oxutdular. Sonra Ordubadi bildiyim şeirlərdən birini əzbər söyləməyimi xahiş etdi. Mən M.Ə.Sabirin "Əkinçi" şeirindən bir neçə misra oxumuşdum ki, o, əliylə işarə edib məni yarımçıq saxladı. Sözün doğrusu, əvvəlcə bərk qorxdum. Elə bildim ki, oxumağım xoşlarına gəlməyib. Studiyadan çıxanda Ordubadi gülər üzlə mənə yaxınlaşdı və təbrik edərək dedi: "Sən əsl diktorsan. Yaz ərizəni".

Bu hadisə 1931-ci il iyul ayının 15-də baş vermişdi və Soltan müəllim zarafatla söylərdi ki, mənim bir doğum tarixim 1911-ci ilin 22 martıdırsa, ikinci təvəllüd tarixim də radioya biryolluq bağlandığım həmin gündür".

Radio millət ömrünün ayrılmaz parçasına çevriləcək böyük yolunu yenicə başlayırdı. Radionun xalqla təmasının əsas körpüsü diktorlar idi, sözü onlar çatdırırdılar və mikrofon qarşısında dayanan bu insanların səriştəliliyindən, qabiliyyətindən çox şey asılı idi. Radio ilə deyilən sözün bu qulaqdan girib o qulaqdan çıxmaması, ürəklərə, düşüncələrə nüfuz etməsi üçün başlanğıc mərhələdə əsas sima diktorlar olmalı idi. Ancaq nə diktorlar hazırlaycacaq məktəb, kurs vardı, nə də ki bu işin bizim mühitdə hansısa təcrübəsi. Diktorlar özləri özlərini yetişdirməliydilər. Necə ki, bunu vaxtilə səhnəyə vurğun teatr xadimlərimiz etmişdilər. Radio ayaq tutmağa başladığı 1920-ci illərin sonları, 1930-cu illərin əvvəllərində teatrımızın yaşı 60-a yaxınlaşırdı, artıq səhnəmizin mahir aktyorları onlarca idi. Bu da Məmməd Səid Ordubadi ilə Müslüm Maqomayevin təklifi olmuşdu ki, radionu xalqa yaxınlaşdırmaqçün musiqiylə yanaşı radio səhnələşdirmələrinə də geniş yer verilsin.

Bu, nəzərdə tutulan birbaşa faydasını verməkdən əlavə, teatr aktyorlarının radioya mütəmadi gedib-gəlmələrinə imkan yaradırdı ki, diktorlarçün də belə ünsiyyətlər göydəndüşmə təkmilləşmə, təcrübəyığma girəvəsi idi.

Soltan Nəcəfov o günləri belə xatırlayırdı: "Biz öz ixtisasımızı artırmaq üçün yollar axtarırkən üzümüzə ümid qapıları açıldı. İstedadlı səhnə ustaları mikrofonda tez-tez çıxış etməyə başladılar. Abbas Mirzə Şərifzadənin valeh edən təsirli ifadələri, Mirzağa Əliyevin yumorla dolu danışıq tərzi, Kazım Ziyanın klassik Şərq ədəbiyyatının nümunələrini məharətlə oxuması bizim gələcək inkişafımızda böyük rol oynadı".

Ancaq sadəcə baxıb-dinləyib öyrənməyə bel bağlamaq olmazdı. Ona görə də qət edilmişdi ki, radioda diktorlardan ibarət ayrıca bir dram qrupu təşkil edilsin. Peşəkar aktyorların ifasında təqdim edilən radiopyeslər öz yerində, bəzi xırda səhnəcikləri də elə diktorlar ifa edərək püxtələşsinlər. Başlanğıc mərhələdə həmin səhnəciklərin səsləndirmələrinə ayrı-ayrı aktyorlar da heyəti gücləndirməkçün cəlb edilsin.

"Diktorların ifaçılıq bacarığını artırmaq məqsədilə radioda dram qrupu 1931-ci ilin iyulunda təşkil edildi. 11 nəfərdən ibarət olan həmin qrupun rəhbəri baş diktor Leyla Terequlova idi. Səhnəmizin istedadlı aktyorları Mustafa Mərdanov və Rza Təhmasib bu qrupa rejissor təyin edilmişdilər. Adlarını çəkdiyim görkəmli səhnə ustalarımız bizimlə müntəzəm olaraq bədii qiraət və aktyorluq sənətindən məşğələlər keçirdilər. Bu faydalı məşğələlər az bir zamanda diktorların bədii qiraətçi kimi inkişaf etməsində öz səmərəli nəticələrini göstərdi. Belə ki, radioda müxtəlif pyeslər tamaşaya qoyulan zaman aktyorlarla birlikdə diktorlar da bəzi rolları ifa edirdilər. Əvvəllər kiçik radio səhnəciklərində iştirak edirdiksə, sonralar böyük həcmli dram əsərlərindən ikinci dərəcəli rolların ifası bizə etibar edildi".

Azərbaycan Milli Dram Teatrı, Opera və Balet, Rus Dram, Gənc Tamaşaçılar, Musiqli teatrlarımızın hər biri millətimizin səhnə tarixində silinməz izlər qoyub. Bu sənət ocaqları və onlara həyat vermiş görkəmli sənətkarlar mədəniyyət salnaməmizdə parlaq səhifələrdir. Ancaq bunlar və Bakıdan, bölgələrimizdən həmin şərəfli sıraya qatılmağa layiq olan daha bir neçə teatrla yanaşı, Azərbaycan Radio Teatrı da bir əsrə yaxınlaşan tarixi boyunca səhnə epopeyamızın ən ucalarında və ən sayğıyla anılmaq haqqını keçdiyi yol, yaratdığı zəngin irslə sübuta yetirib.

Həm də Azərbaycan Radio Teatrı bu gün elə bir irsə sahibdir ki, o, səhnə keçmişimizin canlı ifadəçisi məqamındadır. Bu teatr müstəqil bir varlıq olmaqla yanaşı, həm də bütöv Azərbaycan teatrı və kinosunun seçmə komandası, güclü yığması mərtəbəsində dəyərləndirilə bilər.

Ayrı-ayrı lap ən qabaqcıl teatrlarımızın çox uğurlu, illərcə səhnədən düşməyən tamaşaları da olub, yetərincə uğur qazanmayanları da. Ancaq bunlar nümayiş etdirilib, təəssüratlar tamaşaçıların yaddaşlarında yaşayıb, onillər ötüncə, nəsillər dəyişəndən sonra isə tək-tək fotolardan başqa həmin səhnələşdirmələrdən sabahlara çatası ayrı bir nişanə qalmayıb.

Radio teatrındasa "Qızıl fond" qiymətli mirası olduğu kimi gələcək nəsillərçün hifz edib. 1940-1950-ci illərdə hazırlanmış radio teatrı "tamaşalarından" duyğulanmış babaların-nənələrin nəvə-nəticələri də o misilsiz əsərləri dinləyir, ölməz aktyorlarımızın müasirinə çevrilir, Azərbaycan insanlarının fərqli nəsilləri arasındakı zövq, ruh bağlılıqları dərinləşir. Radio teatrı Azərbaycan səhnəsinin tarixinə möhürünü vurmuş müstəsna sənətkarlarımızın iri bir qafiləsini bugünə və sabaha yalnız tərifli sözlərlə deyil, gerçək ucalığı ilə əyan edən misilsiz sərvətdir.

Həm də bu tamaşalar radio teatrında bir vaxtlar səhnədən göstərildiyindən də daha cilalı, daha təsirli bir şəkildə əbədiləşib axı. Radioda montaj gedişatında aktyorların, rejissorların, canlı səhnədəkindən fərqli olaraq, zərurət yarananda müəyyən epizodları dönə-dönə məşq edərək, pozub-yazaraq daha bəyənimli bir şəkildə lentə almaq imkanı vardı.

Dahi Hüseyn Cavidin qızı Turan xanım teatrşünas idi, illər uzunu İncəsənət İnstitutunda müəllim olmuşdu, mühazirələr oxumuşdu və 1970-1980-ci illərdə artıq Azərbaycan səhnəsi və ekranının aparıcı aktyorlarına çevrilmiş tanınmış sənətkarların əksəriyyəti onun dərs dediyi auditoriyalardan keçmişdi. Atası Cavid əfəndi iləsə o, uşaqlıq illərindən teatra gedib-gəlmişdi, "Dramada Babanın öz lojası vardı, orda oturardıq", - söyləyirdi. Həm Cavidin özünün, həm də digər yerli və xarici müəlliflərin əsərlərinin həm premyeralarına, həm də elə gündəlik tamaşalarına dönə-dönə baxmışdı. Abbas Mirzə Şərifzadəni, Mərziyyə Davudovanı, Ülvi Rəcəbi, Sidqi Ruhullanı, Kazım Ziyanı və digər nəhənglərə uşaqkən, yeniyetməykən səhnədə baxmış, məşqlərdə seyr etmiş, öz evlərindəki ailə məclislərində görmüş Turan Cavidin onlardan sonrakı müqtədir aktyor nəsilləri ilə daim səmimi münasibətləri olmuşdu, teatrın bilicisi olmaqla yanaşı, ən etibarlı tamaşaçılardan biri kimi də qalmışdı. Ən mötəbər münsif kimi müqayisə etmək imkanı vardı. Atasının "Səyavuş" pyesinin dram teatrındakı 1930-cu illərdəki tamaşaları da yadında idi, həmin faciənin radionun səs xəzinəsində qorunan, ayda-ildə bir yol efirə verilən səsləndirməsini də dönə-dönə dinləmişdi. Söyləyirdi ki, o vaxtın aktyorları nə qədər möhtəşəm olsalar da, tamaşanın əvvəlindən-axırınadək teatra toplaşanları nə qədər öz cazibələrində saxlasalar da, səsləri, oyunları nə qədər cəlbedici olsa da, radiodakı "Səyavuş" insanı daha artıq riqqətə gətirir. Çünki teatrda heç vaxt səs, sözlər bu qədər aydın, bu qədər təlqinedici eşidilmir. Artıq bir mütəxəssis, teatrşünas kimi təsdiqləyirdi ki, radio teatrında təsvir olmadığından o boşluğu səslə doldurmağa daha artıq cəhd edildiyindən bu təəssüratı yaratmağa müvəffəq olublar ki, bütün səhnələri görmüş təhər olursan, kənar aləmdən ayrılıb saat yarım-iki saat boyunca sırf əsərin aləmində yaşayırsan.

Eyni qənaəti mən də bölüşürəm, yəqin ki, mənim sayaq 1970-ci illərdə Cavidin "Xəyyam" pyesini səhnədə görmüş və həmin əsərin radio teatrında Mehdi Məmmədovun hazırladığı quruluşunu izləmiş insanlar da təsdiqləyər.

Səhnədəki "Xəyyam"a elə o dövrdə ən vasvası teatr sərrafları Azərbaycanın bütün səhnə dünəninin ən örnək tamaşalarından biri qiymətini vermişdilər. 1970-ci illərdə o pyesin səhnədəki hər yeni göstərilişi ağzınadək dolu zalla, kəsilməyən alqışlarla müşayiət edilirdi. Uçdu getdi. Radiodakı "Xəyyam"sa qalır. Xəyalən tutuşdururam. Yalnız elə həm də səhnədə bu rolu ifa etmiş bir-birindən dəyərli sənətkarlarımızı lentin yaddaşında əbədiləşdirdiyinə, həmin tamaşanı daim diri saxladığına görə yox, məhz təqdimatın özünəməxsusluğu, səsin, musiqinin incə mütənasiblik və ahəngdarlıqla bir-birini tamamlaması, real səhnədəkindən fərqli olaraq ilk dəqiqəsindən son anınadək bir ləhzə belə diqqətin hadisələr axarından ayrılaraq kənara yayınmasına macal verməyən bütövlüyünə görə.

Radio teatrından bəhs edərkən bilavasitə görməklə əlaqədar olan "tamaşa" sözünün işlənməsi də ona görə yersiz kimi görünmür, hətta məcazi deyil, müstəqim mənada da qavrana bilir ki, səs effektləri və aktyorların məharətli ifası ilə tam əyanilik, sanki bütün eşitdiklərini həm də gözlərin önündən keçməsinin ovqatı yaradıla bilir.

Söz yox, gün gələcək, Azərbaycan Radio Teatrına da mütləq layiq olduğu və umduğu ayrıca sanballı tədqiqat əsərləri həsr ediləcək. 1931-ci ildə isə yolun lap əvvəli, təcrübələrin siftəsi idi.

Nə yaxşı ki, həmin sevimli tarixi bugünə olduğu kimi çatdıra bilən qaynaqlar və tam arxayınlıqla bel bağlanası şahid ifadələri qalmaqdadır.

Soltan Nəcəfov 1931-ci ilin dekabrını, Hüseyn Cavidin "Şeyx Sənan"ının radiotamaşasının hazırlanaraq radioda verilməsinin həm Radio Mərkəzində, həm də Bakıda ziyalılar arasında bir bayrama çevrilməsini həmin gedişatın iştirakçısı kimi iftixarla xatırlayırdı: "Tamaşada Dram Teatrının aktyorlarından Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Mərziyə Davudova, Sona Hacızadə, Süleyman Səlimbəyov, Möhsün Sənani, Bağır Cabbarzadə və başqaları iştirak edirdi. Tamaşanın rejissoru Rza Təhmasib idi. Bu əsər ikinci dəfə səhnələşdirildikdə isə Rza Təhmasib bəzi rolları diktorlar arasında bölüşdürdü. Diktor yoldaşlarımdan Əsgər Məsumzadə Şeyx Əbuzər, Səməd Səmədov Oğuz, Həsən Ağayev Özdəmir, Leyla Terequlova Nina, Hüseyn Natiq Anton, mən isə Dəli Dərviş rolunu ifa etdim. Bizim bu çıxışımız görkəmli səhnə ustaları qarşısında verdiyimiz ilk imtahan idi. Tamaşadan sonra Mustafa Mərdanov və Abbas Mirzə Şərifzadə razı qaldıqlarını bildirdilər və bizi ilk müvəffəqiyyət münasibətilə təbrik etdilər".

O diktorların hamısı cavanlardılar. Azərbaycan tamaşaçısının qəlbini fəth etmiş, adları dillər əzbəri, küçədə rast gələndə adamların lal-dinməz durub gendən heyrət və heyranlıqla izlədikləri canlı əfsanələrlə eyni tamaşada rol almağın, zirvələrlə tərəfdaş olmağın onlara bağışladığı sonsuz bəxtiyarlığı təsəvvür etmək çətin deyil.

Hələ bu harasıdır? Radioda "Şeyx Sənan" hazırlananda məşqlərə Cavid əfəndi özü gəlirdi, "1905-ci il" pyesi üzərində iş gedəndə Cəfər Cabbarlı hər gün Radio Mərkəzində idi. Ayrı-ayrı ifaçılara məsləhətlərini verirdi, bəzi ifadələri, cümlələri elə yerindəcə dəyişirdi. Soltan müəllimin sözüdür: "Cəfər rəhmətlik mətn məsələlərində çox çevik idi. Radioda verilən pyeslərindəki bəzi cümlələri hərdən heç rejissor, aktyorlar kəlmə kəsmədən, rəy bildirmədən özü dəyişirdi ki, səhnə bir ayrı, radio bir başqa. Biz məəttəl qalardıq, özünə də deyərdik ki, axı bu dəyişdirdiyi ifadələri səhnədə məşhur aktyorların dilindən eşitmişik, yaxşı da qavranılır. Qayıdardı ki, yox, teatrda tamaşaçının gözü aktyordadır, səhnənin dekorasiyası, aktyorun geyim-kecimi baxana təsiri artıran vasitələrdir. Radioda isə dediyin hər sözü elə tələffüz etməlisən, sözdəki məzmun elə sərrast olmalıdır ki, eşidən boşluq hiss etməsin, sənin dediyini görmüş kimi olsun. Cəfər bunları deyib gedərdi, sonra biz onun ayrı-ayrı məsləhətlərini, mülahizələrini müzakirə edərdik ki, axı radio bizdə lap təzə olduğu halda Cəfər haradan onu belə incəliklə hiss edib bilir".

Xoşbəxtlikdən radio teatrının o ilk qədəmlərini bir qədər də yaxından görüb duymağa meydan açan başqa nadir sənəd də hifz olunub. Çox illər öncə Dövlət Səs Yazıları Arxivində 1966-cı ildə lentə alınmış bir söhbəti tapdım. Xalq artisti Mustafa Mərdanov danışırdı və həmin söhbət anladırdı ki, bu undulmaz aktyorumuz həm də radio tarixi baxımından bir ilkin sahibi imiş. O, Azərbaycan Radio Teatrında bolluca rollar oynamaqdan özgə, həm də bu sahədə birinci rejissor olubmuş: "Mən radioya onun yarandığı ildə gəlmişəm. Ədəbi verilişlərdə, uşaq verilişlərində çıxış etməyə başlamışam. O vaxt radionun xüsusi binası yox idi. Fioletov küçəsindəki (indi: Akademik Əbdülkərim Əlizadə küçəsi - R.H.) Baş Apteklər İdarəsinin yerləşdiyi binanın son mərtəbəsində bizim üçün dörd otaq ayrılmışdı (Hazırda ora Azərbaycan Radiosunun Səsyazıları Evidir - R.H.). Məmməd Səid Ordubadi məni rejissorluğa dəvət etdi. İndi də fəxr edirəm ki, Azərbaycan radiosunun ilk rejissoru olmuşam. Yerimizin darısqallığı o vaxt üçün məzmunlu, gözəl verilişlər hazırlamaqda bizə mane olmurdu. Radioda istedadlı, vaxtla hesablaşmayan gənclər çalışırdı. Onlar radionun ədəbi verilişlərinin pionerləri idi. O vaxt Azərbaycan səhnəsinin müqtədir aktyorlarından Mirzağa Əliyev, Abbas Mirzə, Mərziyə xanım, Sidqi Ruhulla, Ülvi Rəcəb də radio verilişlərində fəal iştirak edirdilər. Səməd Vurğun, Əhməd Cavad, Mikayıl Müşfiq və başqa şairlər simfonik orkestrin, xalq çalğı alətləri orkestrinin müşayiətilə öz şeirlərini oxuyurdular. Mənim radioda birinci işim Puşkinin "Çar Boris" faciəsinin radiotamaşasıdır. Əsəri Ordubadi tərcümə etmişdi. Bu, o vaxtın ən böyük ədəbi verilişi idi. Boris rolunda Abbas Mirzə, Çariça rolunda Mərziyə xanım çıxış edirdilər. Qalan rolları Ülvi Rəcəb, Mirzağa Əliyev, Leyla Terequlova, Soltan Nəcəfov oynayırdılar. O vaxt maqnitli lent olmadığından verilişlərin hamısı canlı gedirdi. Simfonik orkestr və ya xalq çalğı alətləri orkestri, xor, aktyorlar kiçik bir studiyaya toplaşırdılar. Buna baxmayaraq, dinləyicilər belə verilişləri alqışlayırdılar. Radio yarandığı ilk günlərdən öz xüsusiyyətlərini göstərməyə başlayırdı. Bəzən mahir səhnə ustaları mikrofon qarşısında çıxış etməkdə çətinlik çəkirdilər. Heç yadımdan çıxmaz, Mikayıl Müşfiqin "Qaya" poeması radio ilə verilirdi. Səhnədə bülbül kimi ötən aktyor birdən mikrofon qarşısında duruxdu. Verilişi saxlamaq olmazdı. Bu vaxt diktorlardan biri mikrofona yaxınlaşıb poemanı oxumağa başladı. Bir azdan özünə gələn aktyor verilişi davam etdirdi. Radionun ilk illərində aktyorlar, müğənnilər, mikrofonda çıxış edərkən salonu, tamaşaçını hiss etmədiyindən studiya onlar üçün qeyri-adi bir aləmə çevrilirdi. Mən indi də radio verilişlərində böyük həvəslə iştirak edirəm və hər dəfə Azərbaycan radiosunun ilk illəri, ilk tamaşalarımız yadıma düşür. Səhnə mənim üçün nə qədər doğma olsa da, özümü radio kollektivinin üzvü hesab edirəm".

Doğrudan da, köhnə aktyorların hamısında Azərbaycan Radiosuna xüsusi bağlılıq, qəlbən yaxınlıq həmişə hiss edilirdi. Ola bilsin ki, teatrda onlara təklif edilən hansısa rolu özləri üçün kiçik hesab edərdilər, belə təklif şəstlərinə toxunar, dərhal imtina edərdilər. Ancaq radiodan gələn hər zəngə, hansısa tamaşada iştiraka, ya hansısa verilişi oxumağa dəvətə müzakirə etmədən tərəddüdsüz razılıq verərdilər. Buna da şəxsən şahidəm. Mən 1977-ci ildə radioda "Nəğməli ömürlər" adlı verilişlər silsiləsini başlamaq istəyəndə aparıcılar məsələsi ilə bağlı Soltan Nəcəfovla məsləhətləşəndə o, "Leyla Bədirbəyliylə Əli Zeynalovu çağırsan yaxşı olar", - dedi. Soruşdum ki, belə görkəmli aktyorlara onlarçün bəlkə də xırda görünən bir iş üçün müraciətimə görə inciməzlər ki? Gülümsündü ki, inciməzlər nədir, çox sevinəcəklər.

Dediyi kimi də oldu. Ya bir müddət sonra "Axşam görüşləri"nin mətnlərini oxumaqçün SSRİ Xalq artisti Hökumə Qurbanovaya zəng vuranda heç cümləmi başa vurmamış "Mətni də götür, evə gəl" dedi.

O nəsil böyük sənətkarlarımız üçün radio teatrdan sonra ikinci evləri kimi idi.

Mustafa Mərdanov başlanğıc dövrdə radiodakı çalışmalarını hərarətlə xatırladığı kimi, Soltan Nəcəfov da həmin dövrdə ustad sənətkarla birgə işləmələrini, ona göstərilən diqqəti minnətdarlıqla yad edir, həm də Cəfər Cabbarlının belə səhnələşdirmələr hazırlanarkən radionun özünəməxsus tələblərini necə incəliklə nəzərə alaraq improvizələr etməsinə diqqət yönəldirdi: "1934-cü ilin əvvəllərində Mustafa Mərdanov Cəfər Cabbarlının "1905-ci ildə" pyesini radio üçün montaj edirdi. Pyesdə əsas rollarda Ülvi Rəcəb (Eyvaz Əsiryan), İsmayıl Hidayətzadə (Salamov), Rza Təhmasib (General-qubernator), Süleyman Səlimbəyov (Ağamyan), Mustafa Mərdanov (İmamverdi), Əli Qurbanov (Allahverdi) iştirak edirdilər. Mənə Qradonaçalnikin rolu tapşırılmışdı. Cəfər Cabbarlı bu pyesin radioda necə ifa olunacağı ilə çox maraqlanırdı. O, bir neçə dəfə məşqlərdə iştirak etdi. Əsərin radioda dinləyiciyə yaxşı təsir bağışlaması, aydın başa düşülməsi üçün bir neçə faydalı məsləhətlər verdi. Yaxşı yadımdadır. Cabbarlının məsləhəti ilə "qoca Baxşının" rolu bu nöqteyi-nəzərdən ixtisara salındı və onun sözlərinin çoxusu aparıcının dili ilə ifa olundu".

Məmməd Səid Ordubadi alim damarı olan bir ədib idi. Nədən yazardısa, həmin mövzunu həmişə yerli-yataqlı araşdırar, mövzu "Qılınc və qələm" kimi tarixidirsə, bəzən heç şərqşünas alimlərin əli çatmayan, oxuyub araşdırmağa qımıldanmadığı əlyazmaları qaldırarmış. Radioda da Ədəbi-dram verilişləri bölməsinə rəhbərlik edərkən həm bütövlükdə radionun özünü öyrənməkçün xeyli ədəbiyyat oxuyubmuş, həm də radioada bu istiqamətdə aparılan işlərin gələcəkdə də pərakəndə olmayıb sabit bir nizama bağlanmasından ötrü tədbirlər tökürmüş. Bu gün Ordubadinin arxivində qalan ayrı-ayrı vərəqparələrin bələdçiliyi öz yerində, amma həmin ardıcıl səyləri şəxsən müşahidə etmiş Soltan Nəcəfov da radionun azsaylı əməkdaşlarına bəlli olmuş o nəcib əməklər unudulmasın deyə gördüklərini xatirələşdirmiş, olmuşları yazısı ilə sənədləşdirmişdi: "Radioda ədəbi-dram verilişlərinin təşkilindən danışarkən şöbənin ilk redaktoru Məmməd Səid Ordubadinin bu sahədəki səmərəli xidmətini xüsusi qeyd etmək lazımdır. Dram qrupunu günün tələbinə uyğun repertuarla təmin etmək məqsədilə M.S.Ordubadi yazıçı və jurnalistləri studiyaya dəvət edərdi. İrihəcmli pyeslər və radio kompozisiyaları yazmaq üçün onlara sifariş verərdi. Müasir mövzularda yazılmış poema, şeir, hekayə, oçerk və səhnəciklərə geniş yer ayırmaqla, klassik şair və yazıçıların əsərləri də proqrama daxil edilərdi. Həmin illərdə Ordubadi özü də bir neçə irihəcmli əsər yazmışdı. Onun "İstiqraz", "Altı nömrəli otaq", "Aprel gəlini", "Çobanlar" radiopyesləri dəfələrlə efirdə səslənmişdi".

Məmməd Səid Ordubadi fırtınalı sovet onillərindən salamat qurtarmış, siyasi repressiyalar burulğanının zədələrinə məruz qalmış azlardandır. Çünki ayıq adam olub, vəziyyəti düzgün qiymətləndirməyi həmişə bacarıb. Radioda işlədiyi, təməllər qoyduğu sınaqlı illərdə qələmə aldığı pyeslərin, hekayələrin, şeirlərin bir çoxu oçağkı siyasətin istədikləri idi. Zaman keçib, onlar ömrünü çoxdan başa vurub və Məmməd Səidin yeni zaman içərisindəki cildlərini buraxarkən onları da bu kitablara əlavə etməyi lazım bilmirlər, düz də edirlər. Ancaq o günlük və ideoloji sifariş qəbilindən olan həmin əsərləri yaza-yaza Ordubadi həm özünü sığortalayır, həm də zaman ötdükcə kəsəri və dəyərini əsla itirməyəcək, həmişə yaşayacaq əsərlərini qoruyurmuş.

Və onun ən vacib, ən müdrik əməli: Azərbaycan Radiosunun özülünü tökənlərin biri kimi o, həm açıq və həm də örtülü şəkildə ümdə nəsihət və vəsiyyətlərini etməyi bacarıb. Bir ədib və insan olaraq xalqa onun çox məziyyətləri bəllidir, amma böyük Ordubadini az bilindiyi bu yöndən də tanıyın: Radiomuzun bir əsr boyunca solmayan Milli Çöhrəsinin Qurucularının ən əsaslarından birincisi məhz odur!

Məmməd Səid yuxarıdan gələn hökm və siyasətin ruporu olmalı radiomuzu, efirimizi lap əzəldən ilk növbədə millətinki olmağa kökləməyə qadir olub. Həm də elə incə, elə ustalıqla kökləyib ki, xəfiyyə xislətli ən çətin zəmanələrdə bu nəbz daim tam gücüylə vurmaqda davam edib, hər yöndən əhatələndiyi, hər addımının xüsusi icazəli olduğu əyyamlarda da siyasətlər içərisində öz yurdçu və xalqçı siyasətini yeridə bilib. Elə Məmməd Səid Ordubadinin şah əsərinin rəmz olan adındakı kimi - Qılınc nə qədər sıyrılsa da, Qələm heç vaxt susmayıb!

12 iyul 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyul 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see124

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see121

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see119

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see116

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see116

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see115

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see114

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see113

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see113

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see113

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see113

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see113

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see112

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see112

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see112

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see112

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see112

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see111

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see110

Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT

20 İyul 2025 13:40see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri