Icma.az
close
up
RU
Ovsunlu gedərgəlməzlik burulğanı

Ovsunlu gedərgəlməzlik burulğanı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Nəzarətsizlik uşaqları bu bəlanın qurbanlarına çevirir

XXI əsrin reallığı bizi həm informasiya bolluğu, həm də saysız təhlükələrlə üz-üzə qoyur. Bir tərəfdə rəqəmsal dünyanın vəd etdiyi sərhədsiz imkanlar, digər tərəfdə virtual aləmin qaranlıq künclərində gizlənən, azyaşlıları, yeniyetmələri vaxtsız ölümə aparan təhlükəli oyunlar...

2000-ci illərdə sosial şəbəkələrin qlobal səviyyədə sürətlə genişlənməsi internet tarixinin ən kəskin dönüş nöqtələrindən biri idi. O dövrdə “Facebook”, “YouTube”, “Twitter”, “Instagram” kimi platformalar milyonlarla istifadəçini cəlb edərək yeni kommunikasiya reallığı formalaşdırdı. Lakin bu partlayış o qədər ani yaşandı ki, texnoloji nəhənglər təhlükəsizlik mexanizmlərini eyni tempdə inkişaf etdirə bilmədilər. Bu isə internetin qaranlıq tərəfində fəaliyyət göstərən manipulyativ qruplar üçün meydan açdı.

Anonimlik, qapalı qruplar, məxfilik və istifadəçi identifikasiyasının yetərsizliyi təhlükəli niyyətləri olan şəxslər üçün misilsiz imkanlar demək idi. İnsanların real kimliyini gizlədə bilməsi, virtual profillər vasitəsilə istənilən rola girməsi və heç bir məsuliyyət daşımadan hərəkət etməsi psixoloji manipulyasiyanın sürətlə artmasına səbəb oldu.

O dövrdə sosial platformaların təhlükəsizlik alqoritmləri çox zəif idi. Yəni sistem avtomatik şəkildə təhlükəli paylaşımları, zorakılığın təbliğini, manipulyasiya qruplarını və ya şübhəli davranışları tanıya bilmirdi. Şirkətlərin diqqəti təhlükəsizlikdən çox, istifadəçi sayını artırmağa yönəlmişdi. Reklam bazarı böyüyür, sosial şəbəkələrin gücü artırdı və texnologiya şirkətləri üçün prioritet biznesin genişlənməsi idi. Məhz buna görə, təhlükəsizlik sistemləri arxa plana keçdi və yaranan boşluq radikallaşma, zorakılığın təşviqi və xüsusilə yeniyetmələrə yönəlmiş təhlükəli oyunların sürətlə yayılması üçün münbit şərait yaratdı.

İnternetin nəzarətsiz genişləndiyi dövrdə ən təhlükəli tendensiyalardan biri azyaşlıları və yeniyetmələri hədəf alan “ölüm oyunları” oldu. “Mavi balina”, “Momo çağırışı” və bu kimi oyunlar qlobal təhlükəyə çevrildi. Bu oyunlar sıradan əyləncə formatı deyil, psixoloji manipulyasiya, təzyiq, təhdid və sınaq mərhələləri üzərində qurulan sistemli mexanizmlərdir. Belə ki, istifadəçilərə sirli, maraqlı və ya xüsusi görünən tapşırıqlar verilir. Bu tapşırıqlar çox vaxt sadə və təhlükəsiz görünür, məsələn, müəyyən şəkilləri çəkmək, videolar paylaşmaq, gecə saatlarında mesajlara cavab vermək və s.

Daha sonra tapşırıqlar get-gedə mürəkkəbləşir və psixoloji təzyiq artır: qorxu, utanc, təcrid, günah hissi və ya hədə-qorxu vasitəsilə yeniyetmə üzərində nəzarət güclənir. İstifadəçi özünü kənarda, anlayışsız, dünyadan təcrid olunmuş hiss etməyə başlayır. Bu mərhələdə oyunun idarəçiləri psixoloji manipulyasiyadan istifadə edərək, yeniyetmənin müqavimətini zəiflədir, özünə inamını sarsıdır və onu hətta ölümcül tapşırıqları yerinə yetirməyə hazırlayır. Son mərhələdə addım özünəqəsd olur. Bütün əvvəlki mərhələlər yeniyetməni emosional baxımdan həssas və asan manipulyasiya olunan vəziyyətə gətirmək üçün qurulub. Oyunların qapalı şəkildə yayılması, anonim administratorların mövcudluğu və iz buraxmayan əlaqə kanallarından istifadə olunması onların həm aşkarlamasını, həm də qarşısının almasını daha da çətinləşdirir.

Təəssüf ki, bu kimi hallar zaman-zaman ölkəmizdə də öz mənfi təsirini göstərib. Bir neçə ay əvvəl Yardımlıda məktəblinin özünə qəsdi, paytaxtda müəyyən şəxslər tərəfindən şagirdlərə naməlum oyun kartlarının paylanması, bir neçə gün öncə 13 yaşlı məktəblinin ani və müəmmalı ölümü ictimaiyyətin diqqətini bu məsələ üzərinə çəkdi.

Belə halların baş verməsi göstərir ki, yeniyetmələr bu oyunların psixoloji manipulyasiya olduğundan kifayət qədər məlumatlı deyillər.

Psixoloq Aygül Məlikova bildirdi ki, yeniyetməlik dövründə uşaqlar “mən kiməm?” sualına cavab tapmağa çalışırlar. Bu dövrdə onlara dəstək olmaq vacibdir:

– Riskli davranışlar bəzən daxili ehtiyaclarla əlaqədardır: “Mən cəsuram, mən güclüyəm” kimi impulslar onların həssaslığına səbəb olur. Sosial təsir və qrup təzyiqi də mühüm rol oynayır. Yeniyetmələr çox vaxt “hamı edir, mən də edim” prinsipi ilə yanaşır və qrupdan kənarda qalmaq qorxusu onları riskli davranışlara yönləndirir. Eləcə də emosional boşluq, dəyərsiz, nəzarətsiz hiss etmə və həyəcan axtarışı təhlükəli oyunlara meyli gücləndirir. Beyin hələ tam inkişaf etmədiyi üçün frontal nahiyə – məsuliyyət və nəticələri düzgün qiymətləndirməyə mane olur.

Oyunların idarəçiləri uşaqlar üzərində psixoloji manipulyasiyanı ustalıqla tətbiq edir, ilk mərhələdə uşağın etibarını qazanır, dinləyir, anlayırmış kimi davranırlar. Bu mərhələdə uşaq “o məni anlayır” düşüncəsinə qapılır və emosional asılılıq formalaşır. O, getdikcə kurator olmadan qərar verə bilmədiyini hiss edir. İlk tapşırıqlar adətən sadə görünür: Məsələn, “bu gecə saat 3-də ayıl”.

Sonrakılar daha qəribə olur: sözləri neqativ cümlələrdən ibarət musiqilər dinləmək, qəribə davranışlar sərgiləmək, rəsmlər çəkmək... Sonda isə təhlükəli və ölümcül addımlara sıra gəlir. Psixologiyada buna “qaynar suya tədricən salınmış qurbağa effekti” deyilir. Uşaq təhlükəni hiss etmədən irəliləyir. Kuratorlar utandırma və qorxu vasitəsilə emosional təzyiq tətbiq edir: “Geri çəkilsən, qorxaqsan” kimi sözlər yeniyetmənin zəif tərəflərini hədəfə alır.

Bu oyunlara qoşulan uşaqlarda ilk psixoloji əlamətlər çox vaxt hiss olunmur, amma diqqətlə baxdıqda sezilir. Onlar daha çox qapanır, tənhalığa çəkilir, otağında uzun müddət qalır, ünsiyyətdən qaçırlar. Yuxu pozuntuları, səhər çox yorğun olmaq, səbəbsiz aqressiya, emosional partlayışlar, qaranlıq mövzulara maraq, depressiv şəkillər çəkmək, “qara” musiqilərə meyil və özünə zərər müşahidə olunur. Telefonla bağlı davranışlarda gizlilik, ekranı tez bağlamaq və valideynlə üzbəüz telefona baxmaq istəməmək də xəbərdarlıq siqnallarıdır. Birdən-birə dəyişən davranışlar, məsələn, daha susqun, ya da əksinə, çox həyəcanlı olmaq da təhlükənin əlamətidir.

Valideyn–övlad münasibətində yaranan boşluqlar riski daha da artırır. Emosional yaxınlığın azlığı uşağı internetdə onunla söhbət edən birini axtarmağa vadar edir. Həddən artıq sərt tərbiyə uşağın problemləri qorxudan gizlətməsinə səbəb olur. Valideynin diqqətsizliyi, şərtli sevgi və nəzarətsiz internet istifadəsi isə uşağın manipulyasiyaya qarşı müdafiəsini zəiflədir. Belə boşluqlar kuratorlar üçün ən böyük fürsətdir və riskləri artırır. Bu səbəbdən təhlükəli oyunlara qoşulma yalnız uşağın disiplinsizliyi ilə izah edilə bilməz. Bu, yeniyetməliyin psixoloji xüsusiyyətləri, valideyn–övlad münasibətindəki boşluqlar və internetdəki nəzarətsiz mühitin yaratdığı kompleks və təhlükəli prosesdir.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri, İKT eksperti Elvin Abbasov qeyd etdi ki, təhlükəli oyunların yayılmaları üçün xüsusi kanallardan istifadə olunur:

– “Telegram”, “WhatsApp” və “Discord” kimi mesajlaşma platformaları bunun üçün ideal sayılır, çünki platformalar şifrələmə təqdim edir. Yəni mesajlar yalnız göndərən və alıcı tərəfindən oxuna bilir, üçüncü tərəf, hətta, platformanın özü belə bunları görmür.

İlkin cəlbetmə mərhələsi isə daha açıq sosial media platformalarında baş verir. Məsələn, “Instagram” və “TikTok”da yayılan trend videolar və ya şifrələnmiş məzmun vasitəsilə uşaqlar oyunlara cəlb olunurlar. Təhlükəli oyunların yayılmasının qarşısını almaq üçün sosial media platformaları süni intellekt əsaslı sistemlərdən istifadə edirlər. Bu sistemlər xüsusi açar sözləri izləyir, əgər “ölüm”, “sirr” sözlərindən çox istifadə olunursa, hesabların qeyri-adi fəaliyyəti analiz edilir.

Yəni yeni yaradılmış anonim hesablar birdən-birə çox sayda gənc istifadəçiyə mesaj göndərirsə, sistem bunu şübhəli davranış kimi qeydə alır. Belə texnoloji yanaşmalar riskləri erkən aşkar etməyə və uşaqları potensial təhlükədən qorumağa imkan verir. Kuratorlar isə özlərini hüquqi və texniki təqibdən qorumaq üçün anonimlik vasitələrindən istifadə edirlər. Onlar coğrafi mövqelərini gizlədir, birdəfəlik e-poçtlar vasitəsilə fəaliyyət göstərirlər. Bu üsullar onların rəqəmsal izini silməyə və təqibi beynəlxalq səviyyədə çətinləşdirməyə xidmət edir.

Azərbaycanda belə oyunlarla bağlı ciddi hallar xüsusilə 2016-2019-cu illərdə müşahidə olunub. “Mavi balina” bu dövrdə uşaq auditoriyasına ciddi təsir göstərmişdi. Həmin vaxt hüquq-mühafizə orqanları və məktəblər valideynləri xəbərdar etmək üçün fəal tədbirlər həyata keçirmişdi. Uşaqların təhlükəsizliyi üçün həm platformaların texniki həlləri, həm də valideynlərin diqqətli izləməsi və maarifləndirmə tədbirləri vacibdir.

AR Vəkillər Kollegiyasının üzvü vəkil Amid Əsgərov vurğuladı ki, hüquqi çərçivə olmadan kuratorların fəaliyyətini dayandırmaq, məsuliyyətə cəlb etmək və oyunların yayılmasını effektiv şəkildə məhdudlaşdırmaq mümkün deyil:

– “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun 1.0.12-ci maddəsinə əsasən uşaqların həyat və sağlamlıqlarına təhlükə yaradan əməlləri təbliğ edən informasiya onların həyatına, fiziki və psixi sağlamlığına təhlükə yaradır, o cümlədən intihara, odlu silah və partlayıcı maddələrdən, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, alkoqollu və energetik içkilərdən, habelə tütün məmulatlarından istifadəyə təhrik edir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-2-ci “Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması” maddəsinə əsasən fiziki şəxslər 500 manatdan 100 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimə edilirlər.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci “Özünü öldürmə həddinə çatdırma” maddəsinə əsasən təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxslə amansız rəftar etmə, ləyaqətini alçaltma, hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Uşaqların təhlükəsizliyini qorumaq həm valideyn nəzarəti, həm psixoloji maarifləndirmə, həm də hüquqi müdafiə ilə dəstəklənməlidir. Təhlükəli oyunların yayılmasının qarşısını almaq üçün bu sahələrin hər biri bir-birini tamamlamalı və uzlaşdırılmış şəkildə fəaliyyət göstərməlidir. Belə yanaşma uşaqları həm risklərdən qoruyur, həm də onların internet mühitində təhlükəsiz və sağlam inkişafına zəmin yaradır.

Fidan ƏLİYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri