Oxucu həyat həqiqətinə söykənən bədii həqiqət istəyir
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müstəqillik dövrü Azərbaycan nəsrinin ən parlaq nümunələrindən biri də Əli Əmirlinin "Meydan" romanıdır. Məncə, bədii gücünə görə "Ölüm hökmü", "Qətl günü" ilə eyni sırada olan, dünyaya çıxarılası bu roman 1988-ci il meydan hərəkatının enerjisini bizə xatırladır, ötürür. Paralel olaraq əsas obrazlardan biri gənc evli kişinin (romanda obrazların adları yoxdur) seks macəraları, yerli kommunist partiyası nomenklaturası nümayəndələrinin öz hedonist həyatlarını yaşamasının, eyni zamanda xalq hərəkatına üstdən aşağı baxmasının şahidi oluruq. Əsərin dramaturji baxımdan uğurlu olmasının səbəbi də məhz budur. İndi daha çox dramaturq kimi tanınan ustad nasirimiz Əli Əmirlinin istedadı hər iki həyatın bədii təsvirini eyni dərəcədə mükəmməl verə bilməsində özünü göstərir. Axıcı dillə yazıldığından sürətlə oxunan bu roman haqqında müəlliflə ətraflı söhbətləşdik.
- Bu romana necə başladınız? Niyə bu sualı verirəm? Əsərdə 1988-ci il xalq hərəkatının enerjisi duyulur. Hətta mənə elə gəlir, o hadisələrin şahidi olmayanlar belə bu romanı oxusalar, xalq hərəkatının enerjisini, dövrün ruhunu hiss edərlər.
- "Meydan" yazılanda mən artıq bir neçə romanın müəllifi idim. "İldırımötürən" və "Axirətdən qabaq gəzinti" əvvəl "Azərbaycan" jurnalında, sonra "Yazıçı" nəşriyyatında kütləvi tirajla nəşr olunmuşdu. Adını çəkdiyim romanları həm özüm bəyənirdim, həm də oxucular. Tənqidin də münasibəti müsbət idi. "Meydan"ı isə zaman yaratdı. 1988-ci ilin meydan hadisələri sovet rejimində analoqu olmayan ümumxalq etirazının çox parlaq səhifəsi idi. On yeddi gün sərasər ölkənin, millətin ürəyi o meydanda döyündü. Bu möhtəşəm hadisələrə biganə qalmaq mümkün deyildi. Roman da hələ meydan təəssüratlarının soyumadığı bir zamanda, 20 yanvar qırğını ərəfəsində yazıldı. Özü də çox sürətlə. Bir qayda olaraq bədii əsər konkret tarixi hadisələrdən uzun illər keçəndən sonra, bir növ ehtiraslar soyuyandan sonra yazılır. Əlbəttə, istisnalar da olur. Necə ki, mənimlə eyni vaxtda Sabir Əhmədli də meydan hadisələrindən bəhs edən roman yazmışdı. Təbii ki, müşahidəçi kimi mən də həmin on yeddi günü meydanda keçirmiş və bütün baş verənlərin, passiv də olsa, iştirakçısı olmuşdum. Orda gördüyüm yaxşı-pis nə varsa, yaradıcı yaddaşımda iz qoyurdu. 1989-cu ildə əsər sürətlə yazıldı. Maraqlı idi ki, yazı prosesinə fasilə vermək istəmirdim. Hər gün işlədiyim elmi-tədqiqat institutunda saat 5-də işçilər evinə gedəndən sonra mən iş yerimdə oturub saat 9-a, 10-a qədər dayanmadan yazırdım. Əgər siz deyən kimi bu romanda xalq hərəkatının enerjisi, dövrün ruhu hiss olunursa, deməli, zəhmətimiz hədər getməyib. Onu da deyim ki, elə jurnalda dərc edildiyi vaxtda, yəni 1992-ci ildə romanı səhnələşdirdim, çox istedadlı rejissorumuz Hüseynağa Atakişiyev Gənclər Teatrında elə "Meydan" adı ilə maraqlı bir tamaşa qurdu.
- Roman ilk dəfə 1992-ci ildə "Azərbaycan" jurnalında işıq üzü görüb. Əvvəlki söhbətlərimizin birində demişdiniz ki, o zaman Bakıda fəhlələr bu jurnalı oxuyub bir-birinə ötürürmüşlər. Bəs ədəbi mühitin əsərə reaksiyası necə oldu?
- Mən əsəri bitirən kimi "Azərbaycan" jurnalına müraciət elədim. 1992-ci ildə ölkədə siyasi-iqtisadi böhranın qızğın çağında roman İntiqam Qasımzadənin köməyi ilə işıq üzü gördü. Deyim ki, o zamanlar redaksiyaya xeyli etiraz zəngləri olmuşdu. Meydan hadisələri ilə paralel qəhrəmanımın "eşq" macəraları ilə bağlı səhnələr bəzi oxucuları möhkəm qıcıqlandırmışdı, amma bildiyimə görə, jurnal oxucular arasında sürətlə yayılırdı. Beş min fəhləsi olan böyük bir zavodda sex rəisi işləyən, ədəbiyyatdan xeyli uzaq bir qohum dedi ki, iş vaxtı görürəm fəhlələr dəzgahların arxasında daldalanıb nəsə oxuyurlar. Birini tutdum ki, iş vaxtı bu nədi oxuyursan? Baxdım gördüm sənin romanındır. Onlar jurnalı növbə ilə bir-birlərinə ötürürlər. Qohum deyir maraqlandım, mən də oxudum, çox da bəyəndim. Sən deyən kimi, Alpay bəy, ədəbi mühitin reaksiyası isə az qala yox dərəcəsində idi. Hətta "Yazıçı" nəşriyyatı planda olan bu romanı mətbəədən geri qaytarıb nəşr etməkdən imtina eləmişdi. Səbəbini və səbəbkarları bilsəm də, indi açıqlamaq istəmirəm, ümumiyyətlə, şikayətlənməyi sevmirəm. Bu, mənim həyat prinsipimdir: şikayətlənmə və istəmə! Həm də o zaman başım artıq dramaturgiyaya möhkəm qarışmışdı. Nəhayət, yaşımın bu vaxtında 35 ildən sonra "Meydan"ı kitab kimi öz hesabıma nəşr elətdirdim ki, itib batmasın.
- Əsərdə bir tərəfdən, coşub-daşan xalq hərəkatı, öz haqlarını tələb edən yüz minlərlə insanların, mitinqi idarə edən liderin, ziyalıların səsini eşidirik. Digər tərəfdənsə, xalq hərəkatına lağ edən, mitinqdə gedənləri aşağılayan yerli kommunist partiyasının harınlamış təbəqəsinin nümayəndələrini görürük. Əsərdə əsas süjet xətti həm də günlərini gah iyirmi səkkiz yaşlı fahişəylə, gah da qatarda tanış olduğu, sonra yoldan çıxartdığı qızla keçirən, eyni zamanda partnomenklaturaçının qızıyla evli olan oğlan obrazının başına gələnlər üzərində qurulub. Oğlan bəzən təsadüflər, bəzənsə məqsədli şəkildə mitinqlərdə iştirak edir, gah xalqın etirazını duyur, dərk edir, onlara haqq qazandırır, hətta meydanda kövrəlir. Bəzənsə onlara yuxarıdan aşağı, lümpenlər kimi baxır. Romanda "süjetlərin harmoniyası" var desək, yanılmarıq. Romanı qələmə alarkən yazı və redaktə prosesində çətinliklərlə üzləşdinizmi?
- Alpay bəy, romanın xülasəsini tənqidçi kimi yox, əsl yazıçı kimi çox maraqlı şərh elədin, əlavələr etmək istəmirəm, amma onun yaranması haqqında bəzi məqamları yada sala bilərəm. Qəhrəmanımın prototipi iki real adamın birləşdirilmiş bədii obrazı idi. Burda meydanın liderləri də vardı, meydanda gördüyüm təsadüfi adamlar da. Yazıçı olduğun üçün bilirsən, əvvəl ideya yaranır, sonra mövzu və nəhayət, ən vacib olan süjet xətti. Süjet xətti inkişaf etdikcə personajlar doğulur, ətə-qana dolur, hadisələrlə bağlı xarakterlər formalaşır. Əlbəttə, yazı prosesində hətta yazıçının özünün belə gözləmədiyi hadisələr, peripetiyalar, onların yaratdığı dönüş nöqtələri meydana çıxır, əsərin oxunaqlı olmasını təmin edir. Ümumiyyətlə, mən hadisəni və onun iştirakçılarını elə vəziyyətlərə salmağa çalışıram ki, oxu sürət yığsın, oxucu kitabı fasiləsiz, nəfəs dərmədən oxusun. Təsəvvür edin ki, meydan hadisələrinə tam uyub hamının bildiyi, gördüyü əhvalatları olduğu kimi yazıya yükləyirsən. Bu oldu tarix, yazıçı isə tarix yazmır, yazıçı tarixi məzmun qazanmış hadisənin bədii obrazını yaradır. Ümumiyyətlə, bir həyat həqiqəti var, bir də bədii həqiqət. Oxucu həyat həqiqətinə söykənən bədii həqiqət istəyir. "Meydan"ı yazarkən mən buna çalışmışam. Yazı və redaktə prosesində, təbiidir ki, müəyyən çətinliklər olur, amma bu işdir, həm də sevdiyin işdir. Etiraf edim ki, yazı prosesi mənim üşün həzz mənbəyidir. Bəyənmədiyim, narazı qaldığım hissələri, epizodları heyifsilənmədən ixtisar edirəm. İlk olaraq özüm yazını bəyənməliyəm. Xoşbəxtlikdən görürəm ki, oxucularımla zövqümüz çox vaxt üst-üstə düşür. Pyeslərimin taleyi də bunu deməyə mənə əsas verir, çünki teatrda əsərə münasibəti əyani şəkildə görürsən, yüzlərlə tamaşaçının alqışlarının şahidi olursan.
- Roman dramatizmin artan xəttiylə oxunur. Otuz yaşlı qızın aborta qədərki əzabları, abort prosesində keçidikləri əziyyət, ağrı, nəhayət, dünyasını dəyişməsi, - əsərin bu yerlərində gözlərim dolmuşdu. - oğlanın onun meyitini görməkçün yenidən mamaçanın evinə tərəf getməsi, meyit təcili yardım maşınına qoyularkən mamaçanın izdiham içərisində oğlanı görməsə də, ona ünvanlanan qarğışları bədii baxımdan möhtəşəm yazılıb. Adətən, bu tipli əsərlərin qəhrəmanları yazıçını bir müddət izləyir. Siz yazı prosesində belə hal keçirmişdinizmi?
- Romanın ən təsirli süjet xətti, doğrudan da, yaşı ötmüş qızla qəhrəmanın qəddar münasibətidir. Deyim ki, olmuş hadisədir, tanıdığım real adamlardır, müəyyən yerədək. Ana bətnində olan üç aylıq körpənin tələf edilməsi (yeri gəlmişkən, mənim "Hasarın o üzü" adlı pyesimdə inanclı xanım uşaqları abort yolu ilə öldürən həkimləri killer adlandırır), qızın cərrah masasında ölümü, oğlanın meyiti qoyub qaçması, sonra dözməyib cinayət yerinə gəlməsi və sair artıq müəllif fantaziyası, uydurmasıdır. Qəhrəmanın çox çətin vəziyyətə düşməsi, həlli görünməyən situasiyadan çıxış yolu axtarması və tapdığı o yoldan istifadə etməsinə reallıqda haqq qazandıranlar da ola bilər. Doğrudan da, qızın meyitini hara aparmalıydı, qızın kirədə qaldığı erməninin evinəmi, ya ailəsi ilə şəhərin ən gözəl yerində yaşadığı öz evinəmi? Hər iki variant onun üçün biabırçı məğlubiyyət olardı. Müəllif qəhrəmanı üçün çıxılmaz vəziyyət yaradır. Bax, bir az əvvəl dediyim peripetiya öz işini görür, hadisələr dönüş nöqtəsinə daxil olur. Əslində, belə məqamlar dramatik əsərlərə məxsusdur. Alpay bəy, sualına cavab olaraq deyim ki, yazı prosesində, bəlkə də daha çox yazıya başlamazdan əvvəl fikrimdə gələcək qəhrəmanlarımla ortaq bir xəyali həyat yaşayıram. Bax, indinin özündə fikrimdə yeni pyesimin qəhrəmanı olacaq Murtuza Muxtarov haqqında düşünürəm, xəyalımda onun obrazını canlandırıram, ona doğma hisslər bəsləməyə çalışıram. Dramaturgiyada bu, çox vacibdir, qəhrəmanlarımı birinci özüm sevməliyəm. Əgər bu sevgi əmələ gəlmirsə, yazmağa başlamıram.
- Sizin onillər sonra meydan hərəkatına münasibətiniz necədir? Sizcə, o hadisələr daha çox Azərbaycana xeyir, yoxsa bədbəxtliklər gətirdi?
- Çoxdandır meydan hadisələri haqqında düşünmürəm. Bəlkə bu ona görədir ki, biz daha böyük hadisələr, faciələr, müharibə və torpaq itkisi yaşadıq. Şükür olsun ki, həmişə arzusunda olduğumuz suverenliyimizə qovuşduq, Qarabağımızı düşmən işğalından azad elədik. Bunula belə, meydan hadisələri yaxın tariximizin ən şərəfli səhifələrindən biri kimi yaddaşlarda qalır, qalacaq da. Bütün sovetlər imperiyasında o cür etiraz, o cür coşqu, birlik heç bir respublikada olmamışdı. Sovetlərin dağılmasının, çökməsinin başlanğıcı oldu bizim Meydan hərəkatı.
- Romanın ilkin jurnal variantı ilə 2025-ci ildə çıxan kitab variantı arasında fərq böyükdürmü?
- Mən indi dəqiq deyə bilmərəm, amma romanı nəşriyyata verəndə də heç bir əsaslı dəyişiklik etməmişdim. Uzun illərdir "Meydan"ı oxumurdum, doğrusu, ehtiyac hiss eləmirdim, amma 2025-ci ildə romanı kitaba çevirmək istəyəndə, onu redaktor gözü ilə yenidən oxudum və heç bir ciddi redaktəyə ehtiyacın olmadığını gördüm.
- Bu romanı lider obrazının prototipi olan Nemət Pənahlı oxuyubmu? Oxuyubsa, reaksiyası necə olub?
- Doğrusu, bu sual məni təəccübləndirdi. Çünki heç vaxt ağlıma gəlməyib, meydan liderləri bu romanı oxuyublar, ya yox? Bir də hardan oxuyacaqdılar? Kitab təzəlikcə nəşr olunub, satışa da verməmişəm, imkanım daxilində mərkəzi kitabxanalara paylamışam. Bir də məndən kitab istəyənlərə bağışlamışam. Əgər hansı bir nəşriyyat romanla maraqlanarsa, onu yenidən yaxşı tirajla nəşr etmək istərsə, əminəm, peşman olmaz.
- Sizin nəsr sahəsində bu əsərdən başqa, səhv etmirəmsə, "Ölü doğulan şəhər" və "Ağdamda nəyim qaldı" romanlarınız da var. Hazırda dramaturgiyadan nəsrə qayıtmaq həvəsi və istəyiniz varmı?
- Sumqayıt hadisələrindən bəhs edən "Ölü doğan şəhər" romanımı 30 il əvvəl yazmışam. Teatrlarla o qədər intensiv işləyirdim ki, nəsri unutdum. Nə düşünürdümsə, pyes formatı alınırdı. Uzun illərdən sonra 2015-ci ildə "Ağdamda nəyim qaldı?" avtobioqrafik romanımı yazdım, üstəgəl, "Mələk əmi" adlı novellamı bitirdim. Bundan sonra, bu yaşda nəsrə qayıtmağı düşünmürəm.
Alpay AZƏR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 16 Yanvar 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















