ÖZ ÖLÜMÜNƏ RƏSMƏN İMZA ATANLAR Rafael Hüseynov yazır
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Rafael HÜSEYNOV
Akademik
O gün Azərbaycan tarixindəki ən xoşbəxt ildönümü idi. Bu millətin bütün tarixi boyu qazandığı ən ali zəfərin 1 yaşı tamam olurdu. 1919-cu ilin 28 mayı idi, Bakı və Gəncə bütün təntənəsiylə Azərbaycan adlı dövlətin, ilk cümhuriyyətimizin birinci yaşını bitirib ikinci yaşına qədəm qoymasını bayram edirdi.
Tarixin ən çalxantılı dönəmində, bu işi görməyə ümid və imkanların lap az olduğu bir darmacalda qurucu babalar ("baba"nı elə məcazi mənada deyirəm. Fağırların harası baba idi?! Hamısı cavandı, sadəcə, əməlləri elə nəhəng idi ki, onlara böyüklük anlamında "baba" da desən yaraşar, "ulu baba" da adlandırsan, yerinə düşər) hamımızı onlara əbədi minnətdar edəcək möcüzəyə imza atmış, xalqa istiqlalın şirin dadını anlatmış, millətə dövlət sahibi olmağın fərəhini yaşatmış, bu sevimli övladı - Azərbaycan Cümhuriyyətini 1 yaşına çatdırmışdılar. O gün, əlbəttə ki, bu hürriyyət bayrağının bir daha enməyəcəyinə qəlbən inanmaq istəyir, daha xoşbəxt gələcək haqqında düşünürlərmiş. Ancaq məhz belə olmasını istəyən ürəyin pıçıldadığına inanmaqla yanaşı, vücuda gətirib bir yaşına çatdırdıqları Cümhuriyyəti həyatının mənası sayan o qurucu fədakarların içərisində "soyuq ağlın" oyatdığı tərəddüdlər, həndəvərdəki təhlükələrin doğurduğı üşənmələr də yox deyildi.
Milli tariximizin, söz yox ki, əbədilik altun parçası sayılası 2 ilə çatan o şanlı dövr haqında düşünürkən hər dəfə qulaqlarımda unudulmaz xanəndəmiz Xan Şuşinskinin sözləri əks-sədalanır. Xan əmi ilə o söhbəti edəndə mən tələbə idim, 1976-cı il idi və böyük sənətkarın ömrü-günü, keçdiyi yol haqda o səmimi hekayətlərini çoxdan yazılaşdırmışam, səs yazısı da qalmaqdadır. Xan əmi ilk gənclik çağlarının Qarabağından, hava azacıq qaralandan sonra bir kənddən birinə getməyin nə qədər qorxulu olmasından, hər kolun ardından qaçaq-quldurun çıxacağı vahiməsinin insanları üzdüyü əyyamlardan danışanda demişdi ki, "Müsavat zamanı idi, adam adam əti yeyirdi".
"Adam adam əti yeyirdi" ifadəsi ilə şairanə düşünüb danışan, sözünü təşbihlərlə, məcazlarla bəzəməyi sevən camaatımız vəziyyətin nə qədər qarışıq və xatalı olduğunu bir az da qabarıq, bir qədər də təsirli çatdırmağı nəzərdə tutubsa da, o dövrdə Azərbaycana elə hannibalcasına yanaşanlar, onun ətini yeyib qanını içmək istəyənlər də vardı, gizli və açıq qara qüvvələr onun istiqlalını əlindən almaq, yolunu yarımçıq qırmaqçün yüz cür tələlər qurur, əl altından məkrlərini yeridirdilər.
Bunu da mənə Azərbaycan Cümhuriyyəti çağlarında qardaşı Məmmədbağırdan sonra 1919-cu ildə Cümhuriyyətin təhlükəsizlik xidmətinə - Əksinqilabla Mübarizə İdarəsinə rəhbərlik etmiş Nağı bəy Şeyxzamanlının oğlu Yavuz bəy İstanbulda, 1996-cı ildə, atasının dilindən danışırdı. Deyirmiş ki, qaçaq-quldur Azərbaycanda biz hakimiyyətə gələndən əvvəl də vardı, biz hakimiyyətdən gedəndən sonra da xeyli müddət oldu. Ancaq bizə məlumatlar da çatırdı ki, kənar qüvvələr bizi içəridən zəiflətmək, diqqətimizi əsas hədəflərdən yayındırmaq üçün qaçaq-quldurluğun, soyğunçuluğun artmasına da cidd-cəhdlə rəvac verirlər.
Xan əminin hafizəsində cavanlıq illərindən qalmış o təşvişli mənzərə də elə bu gedişatla bağlı idi.
1920-ci ilin aprelində Azərbaycana Şura hökuməti gələndən sonra genişlənib qol-budaq atmasına bolşevik xüsusi xidmətlərinin əl altından fürsət yaratdığı qaçaqçılıq indi onların özlərinin də başına bəlaya çevrilmişdi. Cin şüşədən buraxılmışdı, qaytarıb onu təzədən o şüşəyə salmaq mümkünsüzdü. Bir tərəfdən sovet hökumətinə qarşı döyüşən, bu təzə quruluşu qəbul etməyən milli mübarizəçi siyasi qaçaqlar vardısa, o biri tərəfdən də qansız soyğunçular, baş girləməyin ən az zəhmətsiz yolu kimi bu xətti seçmiş quldurlar da xirtdəyəcən idi.
Məmmədhüseyn Əsədovun çekist fəaliyyətinin başlanğıc illəri belə mübarizələrin ən qızğın vaxtlarına təsadüf etdi.
Ömrün sonlarına doğru xatirələrinin bir qismini yazıya almış Məmmədhüseyn Əsədov 1920-ci illərin başlanğıcında, Azərbaycan ÇK-sında - Fövqəladə Komissiyada işə başlayarkən bu baxımdan hansı acınacaqlı vəziyyətin hökm sürdüyündən bilavasitə işin içərisində olan canlı şahid kimi bəhs edir: "Təxminən elə bir qəza yox idi ki, banditlər orda at oynatmasın. Kəndliləri qarət edib öldürürdülər, kəndlərdə olan fəal adamlara qarşı qəsdlər törədirdilər. Bu bandaların tərkibində olanlar əsasən cinayətkarlar idilər. Tərkibində keçmiş müsavatçıların olduğu qaçaq dəstələri də vardı. Qaçaq dəstələri çox zaman mülkədarların qızışdırdığı fəallardan istifadə edirdi ki, onlar da kəndlilərə, füqəraya lap şiddətlə qan uddururdular. Bununla da əhalidə bu təsəvvürü yaratmaq istəyirdilər ki, baxın görün vəziyyət nə hala düşdü, mülkədarların vaxtında bundan yaxşı idi. Bandalarla mübarizəni çətinləşdirən bir də bu idi ki, alman, ingilis, türk interventlərindən sonra əhalidə çox böyük miqdarda cürbəcür tüfənglər və sursat qalmışdı. Soyğunçuluq və qətllər kəndlilərin həyatında adi bir hala çevrilmişdi. Cinayətkar quldur dəstələrindən keçmiş müsavatçılar, panislamistlər nüfuzu getdikcə qüvvətlənən sovet hakimiyyətinə qarşı siyasi mübarizə və təxribatlar məqsədi ilə istifadə edirdilər".
Qaçaq hərəkatının Azərbaycan milli mübarizəsi tarixində məxsusi yeri var. Əqidəsinə görə, siyasi baxışları ucbatından hakimiyyətdən qaçaq düşərək mübarizəsini aparmış el qəhrəmanları yalnız yaxın iki əsrin hadisəsi deyildir. Elə orta əsrlərdə də belə ipə-sapa yatmazlar olmuşdu və bircə 1231-ci ildə Gəncədə qopmuş üsyana rəhbərlik etmiş, xalqın arasından mərd oğulları seçib ətrafına toplayaraq Xarəzmşahlara qarşı çarpışmış, nəticədə məğlub edilərək tikə-tikə doğransa da, yenilməzliyin ibrətini yadigar qoyub getmiş, neçə bənzər qaçağın yetişməsinin ilhamvericisinə çevrilmiş Usta Bəndəri xatırlamaq yetər.

XIX yüzildə Azərbaycan ikiyə parçalanandan sonra qaçaqçılıq daha çox siyasi rəng alaraq sıralarında xalqın haqları uğrunda savaşa qalxan, hünəri dillərdə dastan olan, mübarizələri ilə qaçaqlığın qarətçilik, soyğunçuluq, quldurluq kimi təmayüllərdən büsbütün fərqləndiyini hər kəsə əyan edən cərəyana çevrildi.
Qazaxlı Qaçaq Kərəmin, Qubalı Qaçaq Mayılın, Şəmkirli Qaçaq Gülsümün, Qarabağlı Məmməd bəy Kavalerin, Zəngəzurlu Qaçaq Nəbinin, Sultan bəyin, Gəncəli Dəli Alının, Qaçaq Qəmbərin və neçə-neçə başqalarının adına sevə-sevə el nəğmələri qoşuldu, dastanlar bağlandı.
1920-ci ilin son may günlərində qopan Gəncə üsyanından başlayaraq sovet hakimiyyətinin Azərbaycanda bərqərar olmasının ilk onilindən də artıq müddətdə xalq ruhunun barışmazlığından, əsarətə əyilməzliyindən deyən qaçaq hərəkatı isə səngimək bilmədi.
Hərdən düşünürəm ki, bəlkə də İkinci Dünya müharibəsi dövründə Avropanın müxtəlif ölkələrində faşizmə qarşı mübarizədə xariqələr yaratmış partizanlar arasında azərbaycanlıların belə öndəgedən, qabil olması qan yaddaşındakı qaçaqçılıq təcrübəsindən törəyibmiş.
Ancaq 1920-ci illərin əvvəllərində gənc çekist Məmmədhüseyn Əsədov döyüş meydanına atılanda onun qarşı-qarşıya gəldikləri arasında qaçağın, quldurun hər çeşidindən vardı və qaçaqçılığın heç vaxt belə namüəyyən halı olmamışdı.
Gəncə üsyanının acı təcrübəsi bolşevik hakimiyyətini Azərbaycana qarşı bu baxımdan daha sərt addımlar atmağa sövq etmişdi. Siyasi niyyətli qaçaqları aradan götürmək hökumətçün nə qədər vacibdisə, hakimiyyətinin gücünü göstərmək, daxili sahman yaratmaqçün də quldurların, soyğunçuların bandalarının da axırına çıxmaq bir o qədər əhəmiyyətli idi.
Belə dəstələrin hər birinin təqib edilməsi və zərərsizləşdirilməsi üçün çalışmaq elə özlüyündə kiçik müharibə, ölüm-dirim döyüşü idi.
Məmmədhüseynin həyat yolunun eniş-yoxuşlarından xəbərdar olaraq onun 90 il yaşamasına təəccüblənməyə bilmirəm.
1922-ci ildə 23 yaşı vardı. Qarda-yağışda, qızmarda-sazaqda, gecə-gündüz bilmədən, yarıac-yarıtox mütəmadi belə döyüşlərə atılmaq Əsədovu erkən kişilətsə, tez böyütsə də, canına zədələrini vururdu.
İlk dəfə ciddi şəkildə xəstələnərək işdə müvəqqəti fasilə verməyə məcbur olduğu vaxtlar 1922-ci ilin martı idi və Qubada bədən ona qarşı istismara etirazını etdi. 23 yaşlı Məmmədhüseyn vərəmə tutuldu və laxlamış səhhətini bərpa etməkçün 4 aylıq məzuniyyət götürəsi oldu. Dava-dərmanın qıtlığı, yemək-içməyin məhdudluğu, işin fasiləsizliyi və ağlırlığı, daim çöllərdə olmasını nəzərə alsaq, ona qoyulmuş "vərəm" diaqnozu təxminən ölüm xəbərdarlığı kimi idi. Vərəmin xışıltılı öskürəkləri hələ onunla uzun müddət yoldaşlıq edir.
1924-cü ilin iyununda isə banditlər tərəfindən amansız mühasirəyə alınaraq güllə yağmuru altına düşəndə ağır yaralanır və həmin anlardan onillər ötəndən sonra yada salırdı ki, "yaralanaraq əmək qabiliyyətimin 45 faizini itirdim".
Bunlar azmış kimi, qəlbən bağlı olduğu işini sədaqətlə və təhlükələrdən çəkinməyərək, sinəsini qabağa verərək yerinə yetirdiyi halda ona üstəlik cəza da verilir.
Yəni "cəza" bu sözün birbaşa mənasında deyildi.
Sadəcə, 1925-ci ildəki 1 illik fəaliyyətlərini qiymətləndirərkən çalışdığı şöbənin rəisi elə insafsız sözlər yazırdı ki, bu, elə ağır cəzaya bərabər kimi idi: "Xüsusi xidmətləri yoxdur!"
Bu yazıq Əsədov xidmətlərinin xüsusiliyinin görünməsi üçün elə həmin qeyri-bərabər döyüşlərin birində həlakmı olmalı idi?
Amma onsuz da Məmmədhüseyn heç həmin anın istənilən növbəti atışmalı əməliyyat əsnasında baş tutacaq gəlişini gözləmədən irəlicədən ölümünə imza atıbmış.
Ona aid məxfi qovluqlarda bunu birbaşa təsduq edən 2 sənəd var.
Bu iltizamnaməni Əsədov 1923-cü il martın 3-də imzalayıb. Amma imza makinada çap edilmiş hazır arayış formasının mətninin altında olduğundan, başlanğıcda "Mən, bu imzanı atan" yazılaraq adın, soyadın əlavə edilməsi üçün boş yerin saxlanmasından belə anlaşılır ki, bu cür hazır iltizamnamələrə Məmmədhüseyn kimi qol çəkən başqaları da varmış. "Azərbaycan Fövqəladə Komissiyası yanındakı Quba İnformasiya Bürosunda işə başlayarkən bu imzanı ona görə atıram ki, mənə həvalə edilən vəzifələrin hansı səciyyəli və kimə aidliyindən asılı olmayaraq, öhdəlik götürürəm ki, qarşıma qoyulan bütün vəzifələri dərhal və səliqəli şəkildə yerinə yetirəcəyəm. Bütün sadalanan bəndləri yerinə yetirmədiyim və konspirasiyanı gözləmədiyim təqdirdə mən güllələnməliyəm".
Beləcə, Əsədov da, onun digər çekist həmkarları da artıq işə başlayarkən özlərinə güllələnmə hökmünü kəsmiş olurdular. Həm də yalnız xəyanətə, sirr saxlama qaydalarına lazımınca riayət edə bilməmələrinə görə deyil, elə verilən əmri, qoyulan tapşırığı tələb olunan səviyyədə yerinə yetirməməyə görə.
Bu, qədimdən bəri Yaponiyada samuraylar arasında dəb olmuş harakiri, ya seppukku - ölümü şərəfsizlikdən üstün tutaraq elə öz-özünü ölümə məhkum etmək, könüllü intihar kimi bir qayda imiş.
Çekist harakirisi!
Bu isə başqa öhdəlikdir. 1927-ci il mayın 5-də imzalanıb. "Mən, aşağıda imza atan AzQPU əməkdaşı Əsədov xidmətdə olaraq öhdəlik götürürəm ki, Azərbaycan Baş Siyasi İdarəsinin işi ilə əlaqədar bütün məlumatları məxfi saxlayacaq və heç bir şəkildə onları yaymayacağam, bunları heç kimlə, o cümlədən ən yaxın qohumlarım və dostlarımla bölüşməyəcəyəm. Bu haqda OQPU-nun 133 saylı 1923-cü il tarixli əmri mənə məlumdur və bilirəm ki, bu tələbləri yerinə yetirməməyimə görə inqilab məhkəməsi qarşısında məsuliyyət daşıyıram".
İnqilab məhkəməsinin nə demək olduğu da şərhsiz aydındır. Əgər imza atan öhdəliyinə əməl etməzsə, onunla müharibə dövrünün qanunları ilə rəftar ediləcək - yenə güllələnmə!
İnqilab məhkəməsinin nə demək olduğu da əlavə izahsız aydındır. İmza atan öhdəliyinə əməl etməsə, onunla müharibə dövrünün qanunları ilə rəftar ediləcək - yenə güllələnmə.
Nə onu vadar edən olmuşdu, nə beynini dolduraraq bu yola çəkən. Yolunu özü seçmişdi və bu peşəni də sevdiyindən hər məşəqqətə qatlaşmağa hazır idi. Ona görə də qaçaq-quldura qarşı döyüşdə ölümü düşünmədən irəli şığıyırdı və Allah da onu saxlayırdı.
Bu hadisələrdən yarım əsrdən də çox keçərkən, gənclik alovu toxtayandan, vaxt çox həqiqətləri ələyərək yaxşı-yaman edəndən sonra Məmmədhüseyn Əsədov xatirələrini qələmə alanda özünə də, dövrə də, hadisələrə də artıq çılğınlıqdan uzaq, sakit qiymət verməyə çalışırdı: "Hansı yolkəsənin, quldurun, banda başçısınınsa izinə özüm düşürdüm, soraq-soraq axtarırdıq, tapırdıq, məsələsini həll edirdik. Bəzilərini də bizə rəislər tapşırıq kimi verirdi. Adını eşitdiyimiz qaçaq-quldur da olurdu, haqqında bir şey bilmədiklərimiz də. Bir çoxunu tutandan, yaxud zərərsizləşdirəndən sonra bilirdik ki, əslində kimmişlər. Şübhə yoxdur ki, aralarında elələri də olurdu ki, o bandit dəstələrinə təsadüfi düşürdü, ya məcbur olub onlara qoşulurdu. Görürdün ki, birinin başqa şeyə gücü çatmayıb, namus üstündə kiminsə malına-mülkünə xətər yetirib, ancaq başa düşüb ki, cəzası elə adam öldürməyə bərabər tutulacaq, qaçıb qoşulurmuş qaçaqlara. Elələri olurdu ki, görürdün bir inəyi varmış, tutub əlindən alıblar, balalarını dolandırmağa heç nəyi qalmayıb, hələ artıq-əskik danışdığına görə özünü də həbsə almaq istəyirlər, itirmiş kənddən, gəlib hansısa dəstəyə bağlanırmış, başlayırmış qisas almağa. Bizə rəislərimiz deyirdi ki, əslində inqilab qurtarmayıb, siz böyük inqilabı davam etdirib axıra çatdırırsınız. Biz də əsgər idik, deyiləni yerinə yetirirdik".
Məmmədhüseyn Əsədovun müxtəlif dövrlərə aid şəxsi işlərində, öz əli ilə yazdığı hesabatlarında, mükafatlandırılmalarına səbəb olaraq əlavə edilən arayışlarda onun bütövlükdə adı banditizm kimi qeyd edilən, mahiyyətcə qaçaq və quldur dəstələrinə, eləcə də bu qəbildən olan ayrı-ayrı şəxslərə qarşı soyuqqanlılıqla davrandığı, əməliyyatların hər birini qətiyyətlə, güzəştsiz yerinə yetirdiyi əksini tapır. Ancaq ixtiyar çağlarında ömrünün bu risklərlə dolu parçasını xatırlayır, artıq sonrakı ağlı ilə başvermişləri qiymətləndirməyə çalışır, nə necə olsaydı daha yaxşı ola bilərdi kimi qənaətləriylə ürəyini boşaldan kimi olurdu.
Ancaq onun köhnə dövrdəki fəaliyyətləri ilə bağlı hesabatlar və ömrün son parçasındakı xatirələrini qarşılaşdıraraq oxuyarkən bunu da düşünürəm ki, hansı möcüzəyləsə yenə uzaq dünənlərə qayıdaraq eyni yollardan keçməli olsaydı, artıq hansı addımı atmağın daha doğru olmasını sonrakı ağlı ilə bilsə də, yenə əvvəlki kimi hərəkət edərdi. Çünki o, əsgər idi və əmrlərə danışıqsız tabe olmaq onun sabit keyfiyyəti idi. Çalışdığı xüsusi xidmətlər şəbəkəsində mütəmadi aparılan attestasiyalarda yaxşı çekstliyinə, tutduğu vəzifələrə uyğunluğuna dəlalət edən silsilə məziyyətlər hər dəfə sadalansa da, təxminən hər attestasiya vərəqində onun təşəbbüskar olmadığı qeyd edilir. Kim bilir, bəlkə də ona guya nöqsan kimi tutulan bu cəhəti əslində rəisləri həm də özlüklərində təqdir edirmişlər ki, improvizəyə mail, cızığından çıxan deyil? Çünki hər təşəbbüskarlıqda mümkün uğur varsa da, yanılmaq, büdrəmək ehtimalı da qalır axı. Bu da istisna deyil ki, Məmmədhüseyn Əsədovun bütün karyerası boyu qüsursuz işləməsi, işinə görə heç bir cəza almamasının əsas səbəbi də qoyulan tapşırıqları artırıb-əskiltmədən, bədahətən nəsə əlavələr etmədən olduğu kimi yerinə yetirməsi imiş. Ancaq artıq ömür yolunun tamamlanmasına az qalmış bir köhnə filmə baxırmış kimi keçmişlərə qayıdanda qaçaq-quldur dəstələri ilə mübarizə günlərini də xatırlayırdı, zərərsizləşdirilməsində iştirak etdiyi dəstələrdən biri kimi Saday bəyi və ətrafındakıları da yada salırdı. Saday bəyi də ədalətsiz təsadüflərin qaçağa döndərdiyini etiraf edir və bir para qaçaqlarla, quldurlarla atışmalarından, təqib edilən və qorxulu sayılan kimlərinsə axırına şəxsən özünün çıxmasından məmnunluqla söz açırsa da, təqib edərkən Saday bəyin cansız cəsədi ilə qarşılaşdığına, sanki əlinin onun qanına bulaşmadığına sevinən təhər olurdu.
Həyatının sonlarında sağlam üslubla, qəşəng xətti ilə qələmə aldığı xatirələrini oxuduqca onlarca sualım yaranırsa da və bu sualların dəqiq cavabları XX yüzildəki tariximizin bir çox qaranlıq məqamlarına aydınlıq gətirə bilərsə də, heyhat, o sualların veriləsi insana daha əl çatan deyil. Elə Saday bəylə bağlı da dərhal sual doğur ki, niyə Əsədov onu başqa qaçaq-quldurdan ayıraraq fərqli yanaşırmış, onun cansız cəsədi ilə qarşılaşmağı nə söhbətmiş?
Əsədova veriləsi çox suallar elə açıq qalmağa məhkumsa da, xoşbəxt bir təsadüf Saday bəylə bağlı həqiqətin kökünə getməyimə yardımçı olur.
Aşıq Əhməd Rüstəmov Şirvan bölgəsinin görkəmli saz-söz ustalarından idi və Azərbaycanın yeni dövr aşıq şeirində onun təqdirəlayiq yeri var.
Zehni, fikri, qəlbi təmiz adama
Əsli, kökü olan insan sataşmaz.
Qərinələr keçib əsr dolansa,
Yaratmasan, həyat səni yaşatmaz.
Bu sətirlər də Aşıq Əhməd Rüstəmovun (1920-2008) yadigarıdır və mən onu uşaqlıq illərimdən tanıyırdım. Yaratdıqları ilə daim yaşayacaq Aşıq Əhməd Kürdəmirdən çıxmış və bütün Azərbaycanınkı olmağı bacarmış Aşıq Şakir Hacıyev (1922-1978), Həsrət Hüseynov (1927-1995), Eynulla Cəbrayılov (1935-1992) qafiləsinin yalnız yaşca deyil, elə sanbalca da ağsaqqalı idi. Vəfalı ömür yoldaşı Mələk xala da mənim anamla məktəbdə eyni sinifdə oxuduğundan onunla yaxınlığım ilk tələbəlik illərindən yaranmışdı və illərcə çox söhbətlərini lentə almışdım. 2000-ci illərin lap əvvəllərində lentə aldığım bir söhbətində ondan Saday bəyin taleyi haqqında soruşmuşdum və hardan ağlıma gələrdi ki, bunun üstündən 20 ildən də çox zaman sovuşarkən o köhnə söhbət müəyyən tarixi dəqiqləşdirmələrdən ötrü yardımçıma çevriləcək. Bu, Saday bəyin qaçaqlığa nə sayaq başlaması haqda Aşıq Əhmədin söylədikləridir: "Saday bəy sadəcə bir kəndli olub vətəgədə işləyirdi. Mitrifan xozeyin vardı, Saday onun muzdlu işçilərindən biriydi. Həm biyan kökü yığırdı, həm balıq tutmaqla məşğuldu. Elə ki Saday gördü Kürün o üzündə bunları "qulaq" etməyə hazırlıq gedir, keçdi bu üzə, bir balaca çayxana açdı. "Açdı" deyəndə ki, təşkil elədi, dükanı yox, bir tikilisi yox, elə bir kölgəli ağacın altında çardaq kimi düzəltdi, camaat orda çay içirdi. Saday bir gözəl qızı istəyirdi. Qızın adı Həyat idi. Elə bu istəyi də Sadayın həyatını kökündən dəyişdi. Qıza deyibmiş ki, səni ala bilmərəm, atanla dostuq, eşidər, yaxşı düşməz, deyər ki, elə qızıma görə mənimlə dostluq eləyirmiş. Qızsa əl çəkmir, bir neçə ağbirçəyi göndərir ki, Sadayın başına ağıl qoysunlar, yola gətirsinlər ki, elçi düşsün. Axırı Saday da ağsaqqaldan-qarasaqqaldan yığıb göndərir ki, bəs Allahın əmri, Peyğəmbərin şəriəti ilə qızını istəyirəm. Sadayın bu hərəkəti Bədəl kişini çox əsəbiləşdirir. Elə Saday düz fikir edirmiş ki, qıza elçi göndərməyinə atası pis baxacaq, buna istifadəçilik kimi qiymət verəcək. Bədəl şura sədri idi, əlindəki imkanlar genişdi, hökumətin qaçaqlarla mübarizə apardığını bildiyindən yalandan xəbər çatdırmışdı ki, guya buralarda Saday bəy adlı çox təhlükəli bir qaçaq var, başına dəstə yığıb, buna əncam çəkmək lazımdır. Uzun sözün qısası, şər-böhtanla Sadayın qoparağını götürdü. Bu əhvalat olub 1920-ci illərin axırlarında. Şura sədri nə təhər yazıb-pozmuşdusa, Sadayı necə qələmə vermişdisə, gətirib post qurdular. Gülməmmədov dəstənin naçalniki oldu. Gülməmmədov, Bandotdel deyirlərdi, oranın rəisi idi. Bir xeyli silahlı adam gətirmişdilər. Yazıq Sadayı bu gedişat elə doğrudan döndərib qaçaq elədi".
Vaxtilə, hələ bu söhbətimizdən də neçə illər qabaq Aşıq Əhməd mənə bir nadir foto da bağışlamışdı. Saday bəyin ayağı qandallı şəkli. Bədəlin fitnəsi ilə Sadayı tutaraq nəyi varsa müsadirə ediblərmiş, ailəsini də Qubaya sürgünə göndəriblərmiş. Ancaq o vaxt Saday türmədən qaçmağa müvəffəq olur və daha qaçaqçılıqdan savayı yolu qalmır.
Əsas məqsədim Məmmədhüseyn Əsədovdan bəhs etmək olsa da, bunca təfərrüatlara varmağım bica sayılmasın. Bunlar keşməkeşli tariximizin bilinməli və unudulmamalı hüznlü və narahat parçalarıdır ki, əslində elə Əsədovun da qaranlıqları çox olan ömür yolunu daha ayrdın görməyə açılan nadir pəncərələrdəndir.
Aşıq Əhmədin söylədikləri yadıma uşaq vaxtı nənəmdən eşitdiyim əhvalatı salır. Nənəmin yeniyetməliyi, gəncliyi həmin hadisələrin cərəyan etdiyi ətrafda - Kürdəmirin Mollakəndində keçmişdi. Söyləyirdi ki, Sadayın yanında iki başqası da vardı ki, onlar da incidilmişdilər, şərait onları da qaçaq etmişdi. Biri Kəblə Həsən bəy idi, digəri Musa. Sonra onların dəstəsinə Kəblə Hüseyn adlı bir nəfər də qoşulur. Bir axşam Saday bəy Kəblə Hüseynin dəstənin gizləndiyi yerə gəlib çıxmadığını görəndə maraqlanır ki, hardadır. Cavab verirlər ki, burda Xədicə adlı bir qadınla siğə edib, gecəni də onun evində qalıb. Saday bəy hökmlə tapşırır ki, bu dəqiqə gedib onu gətirin. Kəblə Hüseyn gəlincə qeyzlə soruşur ki, sənin, mənim, burdakıların arvad-uşağı hardadır? Cavab verir ki, Saday bəy, hamısını Qubaya sürgün eləyiblər. Saday qayıdır ki, yaxşı, bizim namusumuz, qeyrətimiz orda milislərin əlindədir, sən utanmırsan, öz aləmində guya kişilik edirsən? Biz namus ucbatından meşələrdə, kolluqlarda, yulğunluqlarda, qaratikanlıqlarda yaşayırıq, sənin vicdanın belə hərəkət etməyə necə yol verir? Kəblə Hüseyn, səni doğrayardım, amma qorxuram el deyə ki, Saday üç adamla yola getmədi, aralan bizdən, hara gedirsən, get. Onu elə həmin gün qovur.
Mərdi qova-qova düşmənə çeviriblərmiş və Məmmədhüseyn Əsədovu illər sonra təəssüfləndirən bu idi ki, 1920-ci illərdə Saday kimi, bir sıra başqaları da kimlərinsə hikkəsi ilə qaçaqlıq yoluna düşüblərmiş. Güllə tuşladığınınsa sənə güllə atacağı labüd idi. Elə Saday da dinc bir adam olduğu halda bu minvalla qaçağa döndərilibmiş.
Yenə Aşıq Əhmədi dinləyirəm, söyləyir ki, Saday onu bu günə salan Bədəldən qisasını alır: "Bədəl tərəkəmə idi, el dağa qalxanda o, qorxusundan gedə bilmirdi ki, Saday bunu öldürər. Bədəlin öz əmisi oğlunun arvadı Zeynəb xala vardı, o mənə danışmışdı ki, altı ay Saday görünmədi, Bədəl də nisbətən toxtayıb yaylağa qalxmağa cəsarət edir. Ancaq müddət başa çatır, qayıdırlarmış, yeganə araba yolu Mehmanın qamışlığı deyilən yerdən keçirmiş. Bədəl hər halda işini ehtiyatlı tutubmuş, əyninə arvad paltarı geyib, qucağına da bir uşaq götürüb ki, işdi, Saday qarşılarını kəsəsi olsa, onu tanımasın. Tüfəngini də, Zeynəb xala danışırdı ki, arabaya döşədiyi xalçanın altına qoyubmuş. Ancaq Bədəl əlini tüfənginə atmağa macal tapmır. Qəfildən adamboyu qamışlıqdan atəş açılır, Sadayın atdığı güllə Bədəlin düz ürəyindən dəyir. Saday gəlir onun cəsədinin yanına, deyir ki, a Bədəl, bu nə dəhşətli ölümdür - dünyaya kişi gələsən, dünyadan arvad köçəsən!"
Saday bəylə bağlı yenə uşaqlıq illərimdə nənəmdən eşitdiyim bir əhvalatı dəqiqləşdirməkçün Aşıq Əhməddən o vaxt "rus iyi gəlir" məsələsini də soruşmuşdum.
ÇK Sadayı və dəstəsini ələ keçirməkçün yollar arxtarırmış, onların qohum-əqrəbasının arasından da yola gətirdikləri varmış. Bir gün Sadayın kirvəsi Həsənalı gəlir onların sığındığı yerə, deyir ki, qoyun kəsmişəm, heç kəs yoxdur, gedək. Qabaqda Saday bəy, ardınca qaynı Qaçaq Musa, lap arxada da Kəblə Həsən gedirmiş. Ardını lap dəqiqlik üçün Aşıq Əhmədin öz səsindən verirəm: "Elə doqqazın ağzına çatanda Kəblə Həsən bəy deyir ki, Saday, burdan urus iyi gəlir, qayıt geri". Həsənalı tez dillənir ki, Kəblə Həsən, başına soyuq dəyib, nə urus? Elə bu sözü deyəndə Kəblə Həsən Həsənalının təpəsinə gülləni yerindəcə çaxır. Elə həmin dəqiqədə də Həsənalının evində gizlənən pusquda duranlar başlayırlar atəş yağdırmağa. Bizə də ertədən xəbər veriblər ki, bəs, ay camaat, bəndinizə çıxmayın, atışma olacaq. Saday bəylə müzəffər qoşunumuz, firqəçilərimiz atışacaqlar. Bəndinizə çıxsanız, güllə sizə dəyər. Gecə gördük ki, atışma başladı. Gendən atışma səsləriylə bərabər hərdən Kəblə Həsən bəyin çığırtısı eşidilirdi. Ruslar ona "krıçaşiy çelovek" deyirdi, "çığırqan kişi". Elə nərə çəkirdi ki, sədası kəndin obiri başına çatırdı. Ruslar bunu da deyirdilər ki, o, bir adam deyil, on adama bərabərdir. Xəlfə gölü tərəfdə qızğın atışma getdi. Təxminən 10-12 dəqiqə. Sən demə, Saday bəygil qoşunu yarıb mühasirədən çıxırlar. Sadayla Musa bir tərəfə gedir, Kəblə Həsən bəy ayrı tərəfə. Kəblə Həsənin qoluna güllə dəyir, Xəlfə gölünə, qamışlığa çəkilir, elə orda da onu qan aparmışdı, keçinmşdi. Bir də gördük səhər tezdən xəbər verirlər, ay firqəçilər, ay komsomollar, yığılın gəlin, müzəffər qoşunumuz Kəblə Həsən bəyi gəbərtdi. Getdik, mən üzə-üzə keçdim Kürü. Gördük ki, Kəblə Həsənin meyitini dəvənin üstündə gətirirlər. Şaşkası belində, tüfəngi yanında, postun böyründə iclas elədilər, orda qəbir qazdılar. Orda da dəfn elədilər. Çox keçmədi Musanı da vurdular. Bircə Saday qalmışdı. Bir-iki nəfər düşür onun ardınca. Axıcanlı kəndi vardı, Saday ora gəlir, arxın qırağında, qarğılıqda, bir çəmənlikdə uzanır. Beyninə qan sızmışdı, ya ürəyi partlamışdı, elə ordaca qalmışdı. Naxırçı Lütfəli sürünü çölə aparanda Sadayın meyitini o görüb kəndə xəbər vermişdi ki, Saday qamışlıqda yatıb".
Məmmədhüseyn Əsədov həmin təqibdə və atışmada iştirak edənlərdən biri idi. Qamışlıqda Saday bəyi canını tapşırmış görən də birinci o olmuşdu.
Saday bəyin dəstəsi ilə məsələni biryolluq həll etmək tapşırığı kəskin qoyulubmuş. Çünki son həmləyədək üç dəfə hökumət adamları ilə Saday bəyin dəstəsi arasında atışma baş versə də, nəticə hasil olmayıbmış. Ona görə axırıncı dəfə artıq hücuma gücləndirilmiş dəstə ilə keçmişdilər. Əsədov da bu əməliyyata qaçaq-quldur dəstələriylə döyüşlərdə təcrübəsi olan əməliyyatçı kimi cəlb edilibmiş.
"Danışırdılar ki, Moskvadan Gülməmmədova teleqram gəlibmiş ki, bəsdir bu qoşunları qırdırdığın, ya Saday, Musa, Kəblə Həsəni ver, ya sənin özünü həbs edəcəyik. Gülməmmədov da axırıncı dəfə Axıcanlı Həsənalıdan istifadə etməyə çalışmışdı. Saday çox mahir adam olub, ayıq adam olub. Qoşunu bir-birinə qırdırmağı bacarırdı. Onu mühasirəyə alanları üzləşdirirdi, gəlirdi burdan bir güllə atırdı, gedirdi o yandan atırdı, onu izləyənlər çaşıb qalırdılar. Kürdəmirdə Saday kimi igid, Saday kimi günahsız, Saday kimi durduğu yerdə bəlaya düşən bir elə özü olub".
...1920-ci ildən 1931-ci ilədək Məmmədhüseyn Əsədov qaynar bir tarixin içindəydi. Paytaxtdan aralıda idi, bununla, əlbəttə ki, səviyyəsinin artması, biliklərinin çoxalması, ictimai-siyasi gerçəkliyin nəbzindən tuta bilməsi baxımından nələrisə itirirdi, amma ayrı nöqteyi-nəzərdən qazanırdı ki, yüzlərlə kitabın, dərsin verə bilmədiyini hər gün həyat özü ona öyrədirdi. Qarabağda, Şirvanda, Aranda, Muğanda çalışdığı illərin hər biri tutumuyla, hadisələriylə, gərginliyi ilə bir neçə ilə bərabərdi. Tale elə gətirmişdi ki, məhz bu dövrdə - 1925-ci ildə Seyid Cəfər Pişəvəri ilə ilk dəfə görüşmüşdü, mehriban münasibətləri yaranmışdı və illər ötəndən sonra, artıq Güney Azərbaycanda 1940-cı illərdə yenidən davam edəcək təmaslarına vaxt özü təməl tökmüşdü.
Bölgələrdəki fəaliyyəti dövründə Məmmədhüseyn misilsiz bir məktəb keçmişdi və artıq rəhbərlik də hiss edirdi ki, bu cavanın daha kamil olması, daha səriştəli bir çekistə çevrilməsindən ötrü digər məktəbi də keçməsinə lüzum var.
1931-ci ildə Məmmədhüseyn 32 yaşında idi və ona yazılan növbəti xasiyyətnamə həm o vaxtadək keçdiyi çekistlik yolunun yekun dəyərləndirməsi idi, həm də yığılmış bu zəngin təcrübəni daha faydalı bir məcraya yönəldə bilməkçün tədarük. O xasiyyətnamə belə bir təkliflə tamamlanırdı: "Əyalətdə 10 il fasiləsiz işləməsi və ictimai-siyasi baxımdan geri qalması səbəbindən Birləşmiş Dövlət Siyasi İdarəsinin (OQPU - 1923-1934-cü illərdə SSRİ Dövlət Təhlükəsizlik Xidməti belə adlanırdı - R.H.) kurslarında hazırlıq keçməsinə ehtiyac vardır. Oranı bitirdikdən sonra yaxşı milli əməliyyatçı olacaqdır".
O il OQPU-nun Mərkəzi Məktəbi ilk dəfə öz təkmilləşdirmə kurslarına yığım keçirirmiş və Əsədovun da bəxti gətirmişdi ki, bu qrupa düşmüşdü. Onun 1931-ci il mayın 1-dən 1932-ci il martın 1-dək Moskvada keçdiyi bu kursdakı hər günü elə bölgədəki həftələri, ayları kimi ikiqat, üçqat uzunluqda götürülə bilər. Biliklərini artırmaq, səviyyəsini yüksəltmək üçün yaranmış bu girəvədən onsuz da gecə-gündüz nəfəs dərmədən işləməyə adət etmiş Məmmədhüseyn Əsədov dolğunluğu ilə yararlanır: "Təhsilə ciddi yanaşıb. Çox və səylə işləyib. Siyasi biliklər üzrə silsiləni dərindən öyrənib və kursu yaxşı mənimsəyib. Mərkəzi Məktəbdə olduğu müddətdə səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Operativ-döyüş işi üzrə təlim tapşırıqlarını qənaətbəxş dərəcədə yerinə yetirib. Şərq siyasi partiyaları, müsəlman ruhaniləri məsələləri ilə məşğul olub, banditizmə qarşı mübarizə təcrübəsi vardır. Çekistlik silsiləsi üzrə tapşırıqları əsaslı şəkildə mənimsəyib və əldə edilmiş bilikləri düzgün tətbiq edib. Çekist işinin əsas metodlarını mənimsəyib və malik olduğu əməli təcrübəni möhkəmləndirib. Məktəbin ictimai həyatında iştirak edib. Ona tapşırılmış işlərin öhdəsindən gəlib. Məktəbi bitirmiş hesab edilsin".
Məmmədhüseyn Əsədova Moskvada verilmiş və onun bir çekist kimi yetkinliyini və peşəkarlığını bütün yönləriylə nişan verən bu attestat indinin ölçüləriylə Dövlət Təhlükəsizliyi Akademiyasını bitirməyə bərabər bir sənəd idi.
Həm də nəzərə alsaq ki, bu, Mərkəzi Məktəbin ilk buraxılışı idi, demək, Məmmədhüseyn Əsədov dövlət təhlükəsizliyi mütəxəssisi kimi belə bir yüksək təhsil sənədi alan əvvəlinci azərbaycanlı imiş. O dövrdə bu sahədə yüksək Moskva təhsilli daha neçə azərbaycanlımız olub?
1932-ci ilin yazı idi, Məmmədhüseyn Əsədovun çekist ömrünün bir mühüm mərhələsi bitib, yeni, vacib səhifəsi açılırdı.
6 may 2025


