“Özəlləşdirmə Çekləri Qrupu” adından deputatlara müraciət
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yüzminlərlə vətəndaşın problemi Milli Məclis üzvlərinin diqqətinə çatdırılır
İllərdir haqqı tapdanan özəlləşdirmə çekləri (payları) sahiblərini birləşdirən, “Facebook”da minlərlə insanın üzv olduğu “Özəlləşdirmə Çekləri Qrupu” Milli Məclis üzvlərinə növbəti dəfə açıq müraciət ünvanlayıb. AYNA.AZ müraciətin mətnini təqdim edir:
“FB-da “Özəlləşdirmə Çekləri Qrupu”nda təmsil olunan 41 mindən çox ailə adından, qanunla inflyasiyadan qorunan və bu gün üçün 40 000 manat əmlak ekvivalent dəyəri olan Miras Əmlak Payımızı tələb edirik. Artıq hüquqşünas alimlərin araşdırmasından sonra hamı bilir ki, bütün özəlləşdiriləcək orta və iri dövlət əmlaklarının 65%-i qanunla özəlləşdirmə çekləri vasitəsilə vətəndaşlara məxsusdur. İnvestorlar ancaq Dövlət Qiymətli Kağızı kimi 1-cili olaraq yerləşdirdiyi zaman Qanunla qoyulmuş qaydada dövlət özəlləşdirmə çeklərini (DÖÇ) vətəndaşlardan alaraq investisiya müsabiqələrində iştirak edə bilərdi. Sonradan qəbul olunmuş heç bir qanunvericilik aktı Konstitusiyaya görə vətəndaşların hüquqlarını məhdudlaşdıra bilməz.
Mətbuatda yayılanr məlumatda deyili ki, yeni özəlləşdirmə qanunu hazırlanıb və tezliklə Milli Məclisdə müzakirə olunacaq. Biz bilirik ki, Xalqını sevən bəzi deputatlar Milli Məclisdə dəfələrlə DÖÇ-lərin Ulu Öndər Heydər Əliyev tərəfindən qanunla verildiyini və hər vətəndaşın halal mülkiyyət haqqı olduğunu söyləyib, ya kompensasiya ödənilməsini, ya da özəlləşdirmədə istifadəsini tələb edib. Hətta, hələ 2017-ci ildə deputat Zahid Oruc Milli Məclisə müraciət etdi, ancaq bəzi deputatlar bu gün də laqeydlik edirlər.
Əziz deputatlar!
Ulu Öndərin Xalqa vədinə, Dövlətin qəbul etdiyi qanunlara inanaraq özəlləşdirmə çeklərini satmayan yüzminlərlə ailələr adından sizlərdən xahiş edirik ki, bu müraciətimizi Milli Məclisin tribunasından səsləndirəsiniz. Bizim dövlət özəlləşdirmə payları (DÖP) ilə bağlı etdiyimiz şikayətə Ali Məhkəmədə baxılacaq. Bildirmək istəyirik ki, Bakı Apellyasiya Məhkəməsində 21 Fevralda olan məhkəmə iclasında Qanun pozuntularına yol verdilər. Biz Bakı İnzibati Məhkəməsində olduğu kimi Apellyasiya Məhkəməsinin (məhkəmənin gedişi videocəkilişlə olub) gedişində də SÜBUT etdik ki, DÖÇ-lərin dövriyyədən çıxarılması haqqında cənab Prezident öz fərmanda göstərdiyi kimi, tədavül (ödəmə) vasitəsi kimi istifadə müddəti başa çatmış DÖP-lərin qanunla dövriyyədən çıxarılması barədə heç bir Qanunvericilik Aktı yoxdur. Belə ki, Mülki Məcəlləyə uyğun olaraq bu günə qədər özəlləşdirmə çeklərinin Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən dövriyyədən çıxarılması barədə hec bir QAYDA hazırlanmayıb. Eyni zamanda Qanunun – Mülki Məcəllənin tələbinə uyğun olaraq DÖÇ-lərin dövriyyədən çıxarılması barədə bu günə qədər heç bir rəsmi dövlət orqanı mətbuatda ELAN verməyib.
Məhkəmədə Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) nümayəndələri şifahi şəkildə “Özəlləşdirmə çekləri cənab Prezidentin 75 nömrəli Fərmanı ilə dövriyyədən çıxarılıb” deyərək, böyük qanunsuzluğa yol verdilər. Bəzi hakimlər mafioz-oliqarx məmurlarla birlikdə öz çirkin əməllərini Prezidentin üstünə atmağa çalışırlar. Diqqət edin: cənab Prezident 75 nömrəli bu fərmanı 11 iyun 2004-cü ildə imzalayıb və öz fərmanında “Özəlləşdirmə çekləri dövriyyədən çıxarılır” YAZMAYIB, “Qanunvericiliklə dövriyyədən çıxarılır” yazıb.
Yəni: “1.2. bu Fərmanın 1.1-ci bəndində göstərilən müddətə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə edilməyən özəlləşdirmə payları (çekləri) qanunvericiliklə müəyyən edilmiş qaydada dövriyyədən çıxarılır”.
Ancaq məhkəmələrdə heç bir rəsmi sənəd və hüquqi fakt olmadan ƏMDX-nin nümayəndəsinin şifahi sözü əsasında, DÖÇ-lər NƏ VAXTSA - məlum olmayan tarixdə dövriyyədən çıxarıldığı üçün, “kompensasiya tələbi üçün 1 illik müddət ötürülmüşdür” deyildi. Məhkəmələr isə bu yalana – şifahi sözə hüquqi qüvvə verməyə çalışırlar və öz qərarlarında 1 illik kompensasiya müddətinin keçdiyini yazaraq, yüzminlərlə ailənin Miras Əmlak Payı olan, Ulu Öndər Heydər Əliyev tərəfidən ömürlük olaraq vətəndaşlara QANUNla verilmiş özəlləşdirmə payları üzərindəki mülkiyyət hüquqlarına xitam verməyə çalışdılar.
Hörmətli deputatlar!
Qiymətli kağızların qanunla dövriyyədən çıxarılmasına cavabdeh dövlət orqanı olan keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-ci ildə rəsmi qaydada verdiyi 2 cavab məktubunda “DÖP-lərin dövriyyədən çıxarılması prosedurlarını əks etdirən qaydalar müəyyən edilmədiyindən, gələcəkdə özəlləşdirmə paylarının dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur” yazılıb.
Eyni zamanda 8 Fevral 2025-ci il tarıxındə Ədiliyyə Nazirliyinin mətbuat xidmətinin mətbuat orqanlarına verdiyi rəsmi məlumata əsasən, “AR Prezidentinin 2004-cü il 11 iyul tarixli 75 nömrəli Fərmanının 1.2 bəndində qeyd edilən dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə vasitəsi kimi istifadə edilməyən özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılması qaydaları Hüquqi Aktların Dövlət Reyestrində mövcud deyil”.
Mülki Məcəllə, maddə 1078-27 (Qiymətli kağızların dövriyyədən çıxarılması):
1078-27.3. Qiymətli kağızların dövriyyədən çıxarılması haqqında məlumat (ödəniş nəticəsində tədavüldən çıxarılması istisna olmaqla) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi kütləvi informasiya vasitələrində dərc olunmalıdır;
1078-27.4. Qiymətli kağızların dövriyyədən çıxarılması barədə məlumatın dərc edildiyi gündən onların dövriyyəsinə yol verilmir. Bu məlumatın dərc edildiyi gündən həmin kağızlarla bağlanmış müqavilələr əhəmiyyətsizdir;
1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir;
1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması və qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
Bildiyiniz kimi, qanunla bu səlahiyyətlər sonradan AMB-yə verildi. Bu isə o deməkdir ki, qiymətli kağızlar barədə olan bütün məlumatlar Mərkəzi Bankın ARXİVİNDƏ olmalıdır. Biz ƏMDX-nin nümayəndələrinə “DÖÇ-lərin dövriyyədən çıxarılması barədə mətbuatda nə vaxt elan verilib və hansı qanunvericilik aktı ilə DÖÇ-lər dövriyyədən çıxarılıb?” sualını verdik, ancaq onlar cavab verməkdən imtina etdilər.
Sual olunur: DƏMX-nin “Çeklər dövriyyədən çıxarılıb” sifahi açıqlaması ilə məhkəmə 1 illik kompensasiya müddətini hansı tarıxdən hesablayır?
Hətta 2016-cı ilə qədər Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) arxivinin 2011-ci ildən 2016-cı ilə qədər olan “Sual-Cavab” bölməsindəki məlumatda belə qeyd olunur:
- Hazırda Azərbaycanda hansı növ qiymətli kağızlar dövriyyədədir?
- Hazırda özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir.
QKDK haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞ ƏSASMAMƏDƏ Komitənin vəzifələrinə aşağıdakı bəndlər daxildir:
Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, qiymətli kağızlar bazarının iştirakçıları olan hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.8.1.5. qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarını müəyyən etmək;
8.2.2. qiymətli kağızların dövriyyədən çıxarılmasına nəzarəti həyata keçirmək;
8.2.9. qiymətli kağızlar bazarında xidməti məlumatın saxlanılmasına və təqdim edilməsinə nəzarət etmək;
8.25. Komitənin fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək.
Hörmətli Milli Məclis üzvləri!
Gördüyünüz kimi, QKDK-nın 2011-ci ildən 2016-cı ilə qədər olan arxivindən də məlum olur ki, həmin dövrdə özəlləşdirmə çekləri qiymətli kağız kimi dövriyyədən çıxarılmayıb. Əgər DÖP-lərin dövriyyədən çıxarılması bardə qanunvericiliklə müəyyən olunmuş qaydada mətbuatda elan edilmə tarixini nə ƏMDX, nə də hakimlər bilirsə, məhkəmə kompensasiya müddətini hansı tarixdən hesablayır?
Əgər DÖP-lərin dövriyyədən çıxarılmasını tənzimləyən QANUNVERİCİLİK aktı bu günə qədər yoxdursa, XALQI aldadaraq yalanla - şifahi sözlə cənab Prezidentin adına və Dövlətçiliyimizə ləkə salmağa çalışan ƏMDX, oliqarx məmurlar və onlarla əlbir olan hakimlər barədə Milli Məclisin hörmətli deputatları nə fikirləşirlər?
Haqqı, Ədaləti və Hüququ pozan, vicdansızlıq edərək xalqı aldadan və öz günahlarını cənab Prezidentin üstünə atmaq istəyən məmurlar özlərinə ünvanlanan söyüş-qarğışları dövlət rəhbərliyinəmi yönəltmək istəyirlər?
Əziz deputatlar!
Ata-babalarımızın və özümüzün canı-qanı bahasına qurulmuş əmlaklardan 65%-i Ulu Öndər tərəfindən qanunla vətəndaşlara özəlləşdirmə payı kimi verilib. Xalqı aldadaraq, halal miras əmlak payını əlindən almaq istəyən acgöz və hiyləgər məmurlar Xalqın və cənab Prezidentin düşmənləridir!
Hətta qeyd edək ki, ƏMDX-nin özünün rəsmi olaraq yazdığı cavabda DÖÇ-lərin dövriyyədən çıxarılması barədə heç nə yazılmayıb. Orada ancaq cənab Prezidentin fərmanları ilə 2011-ci il 01 Yanvardan DÖÇ-lərin tədavül və tədiyyə (ödəmə) vasitəsi kimi istifadə müddətinin başa çatdığı yazılıb.
Biz Apellyasiya Məhkəməsində hakimlərdən şifahi olaraq yalan deyilmiş bu informasiyanın - məlumatın düzgünlüyünü yoxlamaq ücün əvvəl bizim suallarımıza ƏMDX-dən və AMB-dən rəsmi qaydada cavab alınmasını və sonra qərar çıxarılmasını xahiş etdik. Lakin qanunvericiliyin aşağıdakı tələblərinə baxmayaraq məhkəmə bunu təmin etmədi.
Belə ki, İnzibati Prosessual Məcəllənin 14-cü maddəsində deyilir:
“14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir;
14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür”.
İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində deyilir ki, informasiya əldə olunmasının əsas prinsipləri aşağıdakılardır:
6.1.7. informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi;
6.1.9. informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması.
Hörmətli deputatlar!
Bizim vəkillərimızin və vətəndaşların məhkəmələrə verdiyi vəsatətlərdə DƏFƏLƏRLƏ özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması haqqında rəsmı məlumatların həm cavabdehlər tərəfindən təqdim edilməsini, həm də məhkəmə tərəfindən bu informasiyanın cavabdehlərdən alınmasını xahiş və tələb etdik. Lakin Apellyasiya Məhkəməsinin hakimləri də düzgün informasiya əldə etmək və bütün hüquqi faktlara qiymət vermək əvəzinə QANUNLARI pozdular və QƏRƏZLİ şəkildə Bakı İnzibati Məhkəməsinin Qərarını qüvvədə saxladılar.
Hörmətli deputatlar!
Xahiş edirik, gələcəkdə dövlətçiliyimizə, məhkəmələrə, ədalət sisteminə və cənab Prezidentin adına ləkə salmağa çalışan, yüzminlərlə vətəndaşın mülkiyyət hüquqlarının pozulması ilə bağlı olan məlumatın əldə olunmasını təmin edəsiniz ki, Ali Məhkəmə də səhvlərə yol verməsin. Gələcəkdə yeni özəlləşdirmə qanunu qəbul olunan zaman qərəzli məqsədlə, qanunazidd və cinayət tərkibli bu məhkəmə qərarına əsaslanmasınlar.
Şifahi ifadə nə fakt, nə də sənəddir. Məhkəmə faktlara göz yumub şifahi ifadəyə əsasən QƏRAR verə bilməz! Bu, cinayətdir. Mütəşəkkil korrupsiya əməlidir!
Əziz Milli Məclis üzvləri!
Sizlərdən xAHİŞ edirik: Parlament adından, məcburi qaydada Ali Məhkəmə tərəfindən ƏMDX-dən və AMB-dən aşağıdakı 3 suala rəsmi cavab alınmasına kömək edəsiniz və problemi nəzarətdə saxlayasınız. Ancaq düzgün və aydın cavablar alındıqdan sonra, qanunla qoyulmuş qaydalara əsaslanaraq Ali Məhkəmənin düzgün qərar qəbul edəcəyinə ümüd edirik.
Suallar:
Özəlləşdirmə çekləri dövriyyədən cıxarılıbmı? Əgər DÖP-lər dövriyyədən çıxarılıbsa, hansı qanunvericilik aktı ilə dövriyyədən çıxarılıb və Mülki Məcəlləyə uyğun olaraq Mərkəzi Bank tərəfindən hansı qayda qəbul olunub? Qanunvericiliyə - Mülki Məcəlləyə uyğun olaraq DÖÇ-lərin dövriyyədən çıxarılması barədə məlumat 7 gün əvvvəl hansı mətbuat orqanı tərəfindən çap olunub?Bu, Xalqı aldatma yolu ilə kütləvi hüquq pozuntusudur və mütəşəkkil korrupsiya cinayətdir. Əgər doğrudan da DÖÇ-lər qanunvericiliklə dövriyyədən çıxarılmış olsaydı, heç olmasa, yüzminlərlə vətəndaşdan 1-i kompensasiya almış olardı.
Çox xahiş edirik ki, AR Ali Məhkəməsinin Sədri cənab İnam Kərimova Milli Məclis adından və öz adınızdan müraciət göndərəsiniz. Cənab Prezidentin və məhkəmə sisteminin – dövlətçiliyimizin adına ləkə salan bu cinayətin, qanunsuzluğun aradan qaldırılması Ali Məhkəmənin Sədri və Məhkəmə Hüquq Şürasının Sədri kimi cənab İnam Kərimovun səlahiyyətlərinə aiddir. Cünki “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 99-cü maddəsinə görə, “Ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinmək hakimin vəzifəsidir”.
Həmin Qanunun 8-ci maddəsinə görə, “Ədalət mühakiməsinin hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilməsi hakimin vəzifəsidir”.
Hörmətli deputatlar!
Sizlər xalqın qeyrətli övladları olaraq deputat seçilmisiniz. Xalqa kömək edin. Oliqarx məmurlar tərəfindən gələcəkdə dövlətə və dövlətçiliyimizə qarşı çox böyük problemlər yarada biləcək yalanı ifşa edin.
Heç bir fakt və sənəd olmadığı təqdirdə, hakimlər ŞİFAHİ sözü QANUNVERİCİLİKDƏN üstün tutarsa, buna nə ad vermək olar?! Ancaq xalqın qeyrətli və dəyərli övladlarının xalqa qarşı olan bu cinayətə bitərəf qalmasının – göz yummasının nə demək olduğunu özünüz də gözəl bilirsiniz.
Sizlərdən özəlləşdirmə çeklərini Ulu Öndərin vədinə inanıb satmayan yüzminlərlə ailə və öz adımızdan artıq dərəcədə xahiş edirik: kömək edin. Bizim müraciəti Milli Məclisin tribunasından səsləndirin və müzakirəyə çıxarın”.
Hörmətlə: “Özəlləşdirmə Çekləri Qrupu”


