Icma.az
close
up
RU
Özünü bakılılara bənzətmək cəhdi... Rayon yerində kitab dili ilə danışanları niyə ələ salırdılar?

Özünü bakılılara bənzətmək cəhdi... Rayon yerində kitab dili ilə danışanları niyə ələ salırdılar?

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Gülər Qasımovanın "Ədəbi dil və ləhcə" yazısını təqdim edir.
- ⁠Əzizlərim, kim deyər, bu nədir?!
- ⁠İspişkaaa…
- İspişka nədir?! İspişka nədir?! Bu kibritdir, kibrit!
- ⁠Yaxşı, indi kim deyər, bəs bunun adı nədir?
- Uruçkaaaaa…
- ⁠Ah, ay Allah, mən nə bədbəxt müəlliməm?! Bunlar nə savadsız uşaqlardır? Uşaqlar, bu “uruçka” deyil, bunun gül kimi adı var, qələmdir bu, qələm, avtoqələm!

Mozalanın 1992-ci ilindəki dərcini, “777 nömrəli iş”i izləyirəm. Bu səhnə təkcə komik parodiya deyildi, bu, Azərbaycan dilinin daxilində baş verən sarsıntının vizual ifadəsi idi.
Leksik səhv kimi görünən bu sözlər, əslində, uzun illərin dil komplekslərinin, sinfi qarşıdurma və kolonial travmanın içimizdə yaratdığı parçalanmanın simptomudur. Həmin səhnəni izlədikcə, uşaqlıqda, Salyanda yaşadıqlarım yadıma düşür. O vaxtlar “uruçka”, “ispişka” kimi sözlər işlətmək, sıradan ifadələr idi. Ancaq məsələn, atam onlara “qələm”, “kibrit” dediyimi eşitsəydi, yumşaq desəm, çox əsəbiləşərdi.
Onun üçün ədəbi Azərbaycan dilində danışmaq Salyan ləhcəsinə xəyanət idi. Daha dəqiq, bu, özünü bakılılara bənzətmək cəhdi kimi qəbul olunurdu. Bir növ, “qınından çıxıb, qınını bəyənməyən” olurdun. Atam bunu təqlid adlandırırdı və bu ona təkcə dilin pozulması deyil, şəxsiyyətin inkarı kimi görünürdü.
Rayon yerində kitab dili ilə danışmaq ələ salınırdı, elitistlik, yersiz özünü göstərmə cəhdi sayılırdı. Amma bu münasibət təkcə coğrafi deyil, həm də sinfi idi. Kənd yerində doğulmuş, işçi sinfindən olan biri üçün ədəbi dildə danışmaq, şəhərli sinfini yamsılamaq və onlara bənzəmək cəhdi idi.
Mənim ədəbi dildə danışmağım, atam və onun kimiləri üçün onlara yuxarıdan baxmağım, onlara aid olmamağım, sinfimi danmağım demək idi.
Onlar üçün mən artıq “bizdən” deyildim. Bu isə təkcə dil səviyyəsində olan bir problem deyildi. Bu, kimlik məsələsi idi və bu kimlik problemi, əslində, daha dərinə gedən bir tarixlə - kolonializm və postkolonial psixologiya ilə əlaqəlidir.
Frans Fanon yazır ki, müstəmləkəçilərin ilk hədəfi dildir. Dil sadəcə ifadə vasitəsi deyil - o, həm də bir xalqın kimliyidir. Əgər bir millətin öz dilində danışmaq haqqı əlindən alınırsa, o millət artıq özünü ifadə edə bilməyən, kimliyini itirmiş, yalnız müstəmləkəçiyə oxşamağa çalışan bir topluma çevrilir.
Sovet imperiyası zamanı rus dili bizlərə “elm”, “mədəniyyət”, “proqres” dili kimi tanıdıldı. Azərbaycan dili isə folklorun, kəndin, sadəliyin dili kimi qaldı. Regional dialektlər - ikiqat təcridə məruz qaldı: həm rus dilinə nisbətən, həm də ədəbi Azərbaycan dilinə görə “geridə qalmış” sayıldılar.
Uşaqların rayonlarda kitab dili ilə danışan dostlarına gülməsi, əslində, Fanonun dediyi “kolonizə olunmuş şüur”un əlamətidir. Onlar öz dillərinə, öz formalarına deyil, onlara zorla təqdim olunan “doğru” dilə yaxın olmağa çalışır, ancaq heç birinə tam uyğun gələ bilmirdilər.
Homi K. Bhabha bu vəziyyəti “yamsılama” anlayışı ilə izah edir. Onun dediyinə görə, kolonizə olunan xalq hegemon dili təqlid edər, ancaq heç vaxt tam bənzəyə bilməz. Yəni, o, “demək olar ki, eyni, amma heç vaxt eyni olmayan” vəziyyətdə qalar. Bu həm də müstəmləkəçi üçün təhlükə doğurur.
Yamsılama reallığı əks etdirmədiyi üçün, işğal edən tərəf heç vaxt tam sadiq təbəqə yarada bilmir. Azərbaycan kontekstində bu, çox aydın görünür: rus dilini mənimsəyən azərbaycanlı intellektuallar bir tərəfdən ruslaşmış hesab olunur, digər tərəfdən isə heç vaxt tam rus kimi qəbul edilmir. Eyni qaydada, ədəbi Azərbaycan dili ilə danışan kənd uşaqları da “kitab oxumuş gülməli personajlara” çevrilir. Heç biri yetərli və özünə özünə aid deyil.
Fransız filosofu Pyer Burdyö bu məsələyə “lingvistik kapital” anlayışı ilə yanaşır. Onun fikrincə, dil sosial mövqeyin göstəricisidir. Yəni, dil sadəcə danışmaq vasitəsi deyil - o, həm də bir gücdür. Standartlaşdırılmış dil dominant sinifin əlindədir və o dilin sahibi olanlar sosial üstünlük qazanır. Azərbaycanın Sovet dönəmində bu çox açıq görsənirdi: rusca danışmaq təfəkkür göstəricisi sayılırdı, ədəbi Azərbaycan dili isə yalnız Bakıda, akademiyada mötəbər idi. Rayon ləhcələri isə təkcə gülüş hədəfi yox, həm də dəyərsiz sayılırdı. Xülasə, atamın mənim danışığımda hiss etdiyi narahatlıq, əslində, öz sinfini itirmək qorxusu idi. Onun üçün “uruçka” bir dil deyildi, o, mənsubiyyət demək idi.
Bu kontekstdə Ceyms Skottun “gizli müqavimət” nəzəriyyəsini də xatırlamaq yerinə düşər.
O yazır ki, hegemon gücə qarşı müqavimət hər zaman açıq üsyanla olmur. Bəzən o, gündəlik dildə, adətlərdə, ənənələrdə “alçaq səsli” şəkildə baş verir. Azərbaycan dialektləri də belə bir müqavimət ola bilərdi. Atamın ədəbi dildən imtinası, bəlkə də, Sovet mədəniyyətinin içində öz ləyaqətini qoruma cəhdi idi. Ancaq bu müqavimət heç vaxt kollektiv bir kimliyə çevrilmədi. O, parçalanmış, fərdi və bəzən özünü təkzib edən formada qaldı.
1991-ci ildən sonra müstəqillik bizə dili geri verməli idi. Amma proses də yarımçıq qaldı.

Dilin hüquqi statusu dəyişdi, amma onun sosial statusu dəyişmədi. Rus dili yenə də “prestij” dilidir. Dialektlər yenə də utanc səbəbidir. Türk və ingilis dilləri isə yeni nəsil üçün təqlid obyekti oldu — daha “cool”, daha “çevik”, daha “bizə bənzəyən”.
Ədəbi Azərbaycan dili isə sanki ortalıqda qalır: nə gənclərin dili ola bilir, nə də regional təbəqələrin dili.
Ən qəribəsi budur ki, bu dil kompleksləri hələ də gündəlik münasibətlərimizə təsir edir. Bu gün də əgər bir insan saf, zəngin və akademik Azərbaycan dilində danışırsa, ətrafdakılar ona ya dərin hörmət hissi ilə yanaşır, ya da izaholunmaz bir narahatlıq keçirirlər. Hər iki reaksiya mənim üçün eyni sinfi mexanizmin təzahürüdür. Ədəbi dil bir tərəfdən “təqdir ediləsi” hesab olunur, digər tərəfdən “təhdid” kimi qəbul edilir. Danışanın heç bir iddiası olmasa belə, həmin səlislik və ifadə gücü özlüyündə sosial məsafə yaradır.
Bu isə göstərir ki, biz hələ də dili sinif şifrəsi kimi daşıyırıq. Yəni, kimin hansı dildə, hansı səviyyədə danışması onun sadəcə kimliyini deyil, “yerini” də müəyyən edir. Halbuki dil özümüz olmaq üçündür, başqasından qorunmaq və ya onu təqdis etmək üçün yox.
Reallıq budur ki, milli kimlik formalaşmadan dilə hörmət formalaşmaz. Öz dilinə gülən, öz ləhcəsini gizlədən, ədəbi dildən çəkinən bir xalqın hələ kim olduğunu bilməsi çətindir.
Azərbaycan dili və o cümlədən onun dialektləri sadəcə kommunikasiya vasitəsi deyil. Onlar bizim kollektiv yaddaşımızdır. Biz bu komplekslərdən qurtulmadan, həqiqi mənada azad olmuruq.
Bəlkə də, bizim əsl müstəqilliyimiz ədəbi dili elə mənimsəməkdən keçəcək ki, o, nə tərifə, nə də qorxuya səbəb olsun. Ancaq bizim dilimiz kimi qəbul edilsin, nə “ağaların dili”, nə də “kitab adamlarının tərzi” olmasın.
Təkcə bizə aid, bizdən doğan və bizi birləşdirən dil kimi. Biz bu komplekslərdən qurtulmadan həqiqi mənada azad olmuruq. Bunun üçün müstəqillikdən 30 ildən çox keçsə belə, hələ də dilin dekolonizasiyası vacibdir.
Ləhcələr Azərbaycan cəmiyyətinin çoxtərəfli kimliyinin təminatıdır. Ədəbi dil isə “təmizlənmiş” bir ideal yox, ləhcələrlə dialoqa açıq olan canlı bir orqanizm olmalıdır.

18-ci əsrə aid döyüş gəmisi tapıldı “Allah yoxdur, amma Hz. Abbas başqa aləmdir” - Sekulyarizmi tənqid edənlərin məqsədi nədir? Böyük Çin səddi kərpic-kərpic yoxa çıxır – Cütlüyün inanılmaz planı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Avqust 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see118

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri