Paolo Sorrentino: Maradona məni rejissor olmağa ruhlandırdı
Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün əfsanəvi futbolçu Dieqo Maradona anım günüdür.
Kulis.az bu münasibətlə yazıçı və kino-tənqidçi Tara Bredinin rejissor Paolo Sorrentinonun "Tanrının əli" ("The Hand of God") filmi haqqında 2021-ci ildə yazdığı materialı təqdim edir.
16 yaşında Paolo Sorrentino öz qəhrəmanı Dieqo Maradonanı görmək üçün Napoli komandasının oyunu keçirilən Empoliyə yollanır.
Evə qayıdanda isə dəhşətli mənzərə ilə qarşılaşır: hər iki valideyni karbonmonoksid sızması nəticəsində həlak olmuşdu.
Rejissor sonradan deyirdi ki, Maradona onun həyatını xilas edib. 2013-cü ildə “Böyük gözəllik” (“The Great beauty”) filmi ilə “Oskar” alanda, səhnədən Maradonaya təşəkkür ünvanlamışdı.
Sorrentino kinodakı ən cazibəli stilistlərdən birinə sahibdir, buna görə bəzən onun filmləri bizə Maradonanı, Maradonunın oyun üslubunu xatırladır.
Sorrentino gülümsəyərək deyir: “Maradona mənə rejissor olmaq üçün ilham verib. Tamaşa və əyləncə ilə Maradona sayəsində tanış oldum. O, sadəcə futbolçu deyildi, həm də böyük bir şoumen idi. İlk dəfə onun sayəsində səviyyəli bir əyləncə gördüm. Beləliklə, futbolçu ola bilmədiyim üçün film çəkməyə başladım. Amma rejissor olmağıma səbəb təkcə Maradona deyildi. Ailəmizdəki hekayə danışmaq ənənəsi də böyük rol oynamışdı. Valideynlərimin və qohumlarımın hekayələri - bir qədər qəribə xarakterlər idi – mənə güclü təsir göstərirdi”.
Sorrentinonun filmografiyasında, təxminən, on film, çoxlu mükafatlar və iki ingiliscə serial (“Gənc Papa”, “Yeni Papa”) var. İndi isə o, gəncliyini dəyişdirən və ailə faciəsinə aparan hadisələri ekrana gətirməyə qərar verib.
“Tanrının Əli” filmində gənc aktyor Filippo Skotti Sorrentinonun avtobioqrafik qəhrəmanı Fabiettonu canlandırır. O, 1980-ci illərin böyük neapollu ailəsində böyüyən yeniyetmədir.
Rejissor deyir: “Keçən il 50 yaşım tamam oldu və düşündüm ki, keçmişə baxmaq üçün yaxşı vaxtdır. Pandemiya da məni buna vadar etdi. Həyatın əvvəlki təlaşından uzaq qalıb özüm haqqında düşünmək imkanı yarandı. Uzun müddət Neapola qayıdıb bir neçə ay yaşamaq istəyirdim. Yaxşı bir ssenari olanda bu istəyimi gerçəkləşdirdim”.
Neapolun gur küçələrində Fabietto Maradonanı gözləyir, qaçaqmalçılarla vaxt keçirir, qızlara baxır. Evdə isə tez-tez mübahisələr olan, geniş bir ailənin üzvüdür. Anası Mariya (Tereza Saponancelo) zarafatcıl və oyunbaz bir qadındır. Atası Saverio (Toni Servillo) bank işçisidir, sol ideologiyaya bağlıdır və illərdir gizli münasibəti olan bir qadınla görüşür. Qardaşı Maçino Fellini filmində rol almaq üçün kasta gedir. Onun arzusu aktyor olmaqdır. Gözəl xalası Patrisiya isə qısqanc bir ərlə çətin həyat yaşayır.
Film karnavalvari və bəzən qeyri-real olsa da, səhnələr, əsasən, Sorrentinonun həyatından götürülüb.
Rejissor deyir: “Çətin idi. Filmi çəkmək üçün mənə 20 il lazım oldu. Bu haqda bütün bu illər ərzində düşünmüşəm”.
“Tanrının əli” Venesiya Film Festivalında nümayiş olundu və baş mükafatı qazandı. Filippo Skotti isə "Marsello Mastroyanni" mükafatına layiq görüldü. Rejissor onu seçməzdən əvvəl 100-dən çox aktyoru yoxlamışdı. Tənqidçilər Skottinin oyununu Timotey Şalamet ilə müqayisə etsə də, Sorrentino deyir ki, o, heç kimi xatırlatmayan, özünəməxsus bir aktyor axtarırdı.
Rejissor belə izah edir: “Mən utancaq, hər şeyi müşahidə edən və bir az da narahat bir gənc axtarırdım. Çünki özüm də eləyəm: müşahidəçi. Bu xüsusiyyətlərə ekranda tamaşa eləmək mənim üçün maraqlı idi”.
Sorrentino müxtəlif janrlarda filmlər çəkib. İlk ssenarisi “Neapol tozu” (“The Dust of Naples”) komediya idi. İlk rejissor işlərindən biri olan “One man up” Toni Servillo ilə uzun illərin əməkdaşlığının başlanğıcı oldu. Sonra “Sevginin nəticələri” (“The Consequences of love”) gəldi.
Rejissor daha sonra məşhurların rol aldığı filmlərlə tanındı. Onun Giulio Andreotti haqqında çəkdiyi “İl Divo” filmi öz sözləri ilə desək, “onu rejissor kimi dəyişdirən film” olub.
2013-cü ildə “Oskar” alan “Böyük gözəllik” (“The Great beauty”) isə Fellininin “Şirin həyat” (“La Dolce Vita”) filmindən ilhamlanmışdı. “Youth” (“Gənclik”) filmində isə Maykl Keyn, Villem Dafo, Reyçel Vays, Harvi Kaytel, Ceyn Fonda və Pol Dano kimi ulduzlar yer almışdı.
Bütün bunlara baxmayaraq, “Tanrının əli” daha sadə, daha sakit bir üslubda çəkilib. Sorrentino deyir: “Səhnələrin təbiəti başqa cür idi, üslub öz-özünə dəyişdi. Parıltılı üslubumu cilovlamaq üçün mübarizə aparmadım”.
Valideynlərinin ölümü isə hələ də onun üçün ağrılı mövzudur. Nə yazmaq prosesi, nə də çəkilişlər ona rahatlıq gətirməyib.
Rejissor deyir: “Səmimi desəm, katarsisə inanmıram. Mənim həyatımda belə bir şey olmayıb. Bu film mənim üçün çətin, amma eyni zamanda zövqlü idi. Xüsusilə, ilk hissədəki yumorlu səhnələri çəkmək çox xoş oldu. Bu iş məndə böyük bir birlik hissi yaratdı”.
Sorrentino filmin Venesiya premyerasına həm bacısını, həm də qardaşını aparmışdı. Onlar artıq filmi görmüşdülər və çox təsirlənmişdilər.
Lakin bir nəfər orada yox idi. Rejissor filmi Maradonaya da göstərmək istəyirdi, amma əfsanəvi futbolçu əvvəlki ilin noyabrında dünyasını dəyişmişdi.
Filmin istehsalı başlayanda Maradonanın agenti filmin adı ilə bağlı hüquqi addım atılacağını iddia etmişdi. Amma Maradonanın Sorrentino ilə yazışmaları göstərirdi ki, o, filmə baxsaydı, mütləq müsbət yanaşardı.
Rejissor deyir: “Onunla çox qısa görüşmüşdüm. Ətrafında həmişə çox adam olurdu, söhbət etmək mümkün olmurdu. Amma məktublaşırdıq. Mənə bir futbol köynəyi də göndərmişdi. Mənim haqqımda həmişə çox xoş sözlər deyirdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 25 Noyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















