Paşinyan və komandası birinci prezidentə qarşı
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Zurabyanın “Ter-Petrosyan əfsanəsi”nə sözardı
“Nikolun tərəfdarları çaşqınlıq içindədirlər. Onların erməni xalqına qarşı əsrin cinayəti, tədricən, ifşa olunur. Bunun izlərini gizlətməyə çalışsalar da, istəklərinə çatmadılar. İndi isə bizim ittihamlarımıza cavab verə bilmirlər”. Bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbəri olduğu “Erməni Milli Konqresi” partiyasının sədr müavini Levon Zurabyan deyib.
Şübhəsiz, Zurabyanın açıqlaması son günlər Ermənistanda nəzərə çarpan Ter-Petrosyan–Paşinyan siyasi qarşıdurmasının növbəti təzahürüdür və çox güman, 2026-cı ildə belə qarşıdurmalar çox olacaq. Çünki gələn ilin yayında Ermənistanda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur.
Əlqərəz, Ermənistanın digər keçmiş prezidentləri Serj Sarkisyan və Robert Koçaryan cəmiyyətdə bərbad reputasiyaya malikdirlər. Seçki səbəbindən erməni iqtidarın onlardan nisbətən babat nüfuza malik birinci dövlət başçısının üzərinə getməsi anlaşılandır. Nəzərə alaq ki, Paşinyan və komandası Qarabağ canilərini hələ 2021-ci ilin növbədənkənar parlament seçkiləri zamanı neytrallaşdırmağı bacarmışdılar. Həmin vaxt Ter-Petrosyan siyasi səhnədə indiki qədər aktiv deyildi. Hazırda isə onun fəallığı müşahidə edilməkdədir.
Ehtimal var ki, birinci prezidentin fəallığının katalizatoru Rusiyadır. Təsadüfi deyil ki, son bir neçə ildə Moskvanın Ermənistandakı rəsmi təmsilçisi, səfir Sergey Kopırkin L.Ter-Petrosyanla təmaslarını gücləndirib. Görünür, torbada pişik var. Yaxud Paşinyan və tərəfdarları heç də qara pişiyi qaranlıq otaqda axtarmırlar. Onlar nə etdiklərinin fərqindədirlər və hesab edirlər ki, Levon Kremlin parlament seçkilərində üzərinə siyasi sərmayə yatırdığı başlıca fiqurdur.
Əlqərəz, L.Zurabyan, öz aləmində, Ermənistan iqtidarının arqumentlərini alt-üst edirmiş kimi yazıb ki, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün – ABŞ-ın, Fransanın və Rusiyanın himayəsi altında aparılan danışıqlar formatından və onların sülh yolu ilə nizamlama təkliflərindən imtina yolu tutan Paşinyan ölkənin heç bir qələbə şansının olmadığı müharibə vəziyyətini yaratdı, təhrikçi tərzdə davrandı.
Doğrudur, Nikolun 2019-cu ildə Xankəndinin mərkəzi meydanında bağıraraq səsləndirdiyi “Qarabağ Ermənistandır nöqtə” bəyanatı və Şuşanın Cıdır düzündə sərxoş olub yallı getməsi təhrik idi. Amma o, davranışı ilə baş verməsi labüd hadisələri, sadəcə, müəyyən qədər tezləşdirdi. Yəni onsuz da bıçaq sümüyə dirənmişdi. Bunu Paşinyan da gözəl anlayırdı və yollar axtarırdı və tapdı da. Amma necə?
Deməli, Nikol hakimiyyətə gələndə müəyyən kanallar vasitəsilə Azərbaycana danışıqların müsbət məcrasına işarə verən siqnallar ötürdü, elə rəy formalaşdırdı ki, guya konstruktivdir. Bu gediş iqtidar kürsüsündə möhkəmlənmək üçün vaxt udmaq məqsədi daşıdı. Lakin Paşinyan güzəştlərə getmək fikrində deyildi. O, indi vaxtilə “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını hansı səbəbdən səsləndirdiyini anlamadığını bildirir. Fikrimizcə, iz azdırır. Böyük ehtimalla, onu hakimiyyətə gətirənlər baş nazirin qulağına Azərbaycan torpaqlarını işğalda, nəticə etibarilə rəsmi Bakını da daimi təzyiqdə saxlamağın vacibliyini pıçıldadılar. Tam mümkündür ki, Nikolun, loru dildə desək, qoltuğuna qarpız da verdilər. Onlar Paşinyanı dünyaya Qafqazda demokratiyanın qladiatoru qismində təqdim etdilər.
Nəticədə “erməni qladiator” ölkəsini “avtoritar Azərbaycandan” üstün tutdu, eyni zamanda, ağalarının kömək göstərəcəyinə ümid bəslədi. Onun Xankəndidəki sərsəm bəyanatı da, Şuşadakı yallısı da bundan qaynaqlandı. Köməyə gəldikdə, Paşinyan II Qarabağ müharibəsi zamanı xeyli dəstək gördü. Onu da gördü ki, Azərbaycanın əzmi və iradəsi qarşısında nə isə etmək mümkünsüzdür. Heç şübhəsiz, L.Zurabyan da, onun şefi L.Ter-Petrosyan da 44 günlük müharibə dəhşətini yaşayanlardandır. Amma boş-boş danışmaqlarından qalmırlar. Çünki, obrazlı desək, göbələklərin üstünə yağış suyu damızdıranlar var və bunu əvvəldə vurğuladıq.
Beləliklə, L.Zurabyan bildirir ki, ölkə iqtidarı L.Ter-Petrosyanı Azərbaycanla müharibəni başlatmaqda günahlandırmağa çalışır, halbuki, birinci prezident bütün hakimiyyəti dövründə danışıqlar yolu ilə sülh mühitinin formalaşmasına səy göstərmişdi. Məsələnin əsli isə ondadır ki, Qarabağ avantürasının liderlərindən olan L.Ter-Petrosyan Ermənistana Azərbaycanın zəif dövründə rəhbərlik etmişdi. O dövrdə ki, ölkəmizdə siyasi hərc–mərclik və özbaşınalıq yüksək həddə çatmışdı. Əslində, I Qarabağ müharibəsindəki uğursuzluğumuz da bundan qaynaqlanmışdı. Yaxud Ermənistanın uğurunun və torpaqlarımızın işğalının kökündə Azərbaycanda səriştəli idarəçiliyin olmaması dayanmışdı.
Lakin ulu öndər Heydər Əliyevin respublikamızda ikinci dəfə hakimiyyətə gəlişi nəticəsində hər şey, o cümlədən erməni avantürasının azərbaycanlıları Kür çayınadək qovmaq planları alt-üst oldu. Ulu Öndərin həyata keçirdiyi düşünülmüş siyasət qısa müddətdə Azərbaycanın nüfuzunu qaldırdı, ən əsası, dahi şəxsiyyət böyük məharətlə beynəlxalq ictimaiyyətin diqqətini Qarabağ reallıqlarına çəkməyi bacardı. Dünya, o cümlədən ermənipərəst birlik Azərbaycanla hərbə-zorba dilində danışmağın mümkünsüzlüyünü anladı. Amma öz şakərindən də qalmadı, Zurabyanın haqqında söz açdığı BMT TŞ-nin üç daimi üzvü bir araya gələrək, ATƏT-in Minsk qrupunu yaratdı. O təsisatı ki, məqsədi işğal faktını leqallaşdırmaq idi.
Amma Heydər Əliyev dühasının siyasi gedişləri Azərbaycan-Ermənistan danışıqlarında üstünlüyü ölkəmizin xeyrinə dəyişməyi də bacardı. Nəticədə L.Ter-Petrosyan çıxılmaz duruma düşdü. Zurabyan isə indi onun vaxtilə aparılmış sülh danışıqlarına sadiqliyindən söz açır. O zaman sual olunur: əgər birinci prezident sülh danışıqlarına sadiq idisə, nə üçün istefa verdi? Cavab çox sadədir. L.Ter-Petrosyan avantüranı davam etdirmək üçün potensialının çatmadığını və hələ o zamankı hərbi güclə də Azərbaycana qarşı çıxmağın mümkünsüzlüyünün fərqinə vardı. O, Heydər Əliyev şəxsiyyəti qarşısında gücsüzlüyünü anladı.
Ancaq o zamanın Ermənistanında elə indiki kimi, reallığı anlamayanlar var idi və birinci prezident məhz onlardan və onların dəstəkçilərindən qorxduğu üçün getməyə üstünlük verdi, erməni xalqını girdabdan çıxarmaq əvəzinə, cəsarətsizlik, qətiyyətsizlik və prinsipsizlik göstərdi. Hərçənd, xalqın o girdaba düşməsində özü də böyük “rol” oynamışdı.
Qeyd edək ki, L.Ter-Petrosyandan sonrakı hay hakim siyasi elitasında Azərbaycanla münaqişənin həllinin vacibliyinə prinsipial yanaşanlar qalırdı. Məsələn, Ermənistanın o zamankı baş naziri Vazgen Sarkisyan və ölkə parlamentinin sədri Karen Dəmirçyan. Bu ikili Bakıya güzəştlərin qaçılmazılığını anlayır və fəaliyyətlərini mövcud istiqamətdə qururdular. Onların aqibəti də bəllidir. Bu şəxslər 1999-cu ilin parlament terroru zamanı qətlə yetirdilər. Halbuki, onlar öldürülənədək Ter-Petrosyanın istefasından sonra qanunsuz yolla prezident postunda əyləşmiş Qarabağ cəlladı R.Koçaryandan xeyli güclü mövqeyə malik idilər.
Belə nəticəyə gəlmək mümkündür ki, birinci prezident xoşluqla getməsəydi, 1999-cu il terrorunu törədənlər onu da fiziki cəhətdən məhv edəcəkdilər. Məhz buna görə L.Petrosyana “qorxaq” deyirik. Məhz bu səbəbdən Paşinyan və komandası Ermənistanın ilk dövlət başçısını müharibə törədib aradan çıxmaqda günahlandırır. Nikol və tərəfdarları bir azdan qoca Levona “satqın” və “xain” də deyə bilərlər və mahiyyətcə tam haqlıdırlar.
Ona görə də gərək L.Zurabyan Paşinyan iqtidarını ittiham hədəfinə çevirərək deməsin ki, Nikol hakimiyyətə gəldikdən sonra ən radikal yolu - heç bir güzəştə getməmək siyasətini qəbul etdi və Ermənistanı fəlakətə sürüklədi. Yenə də bildirək ki, güzəşti məqbul bilib düzgün qiymətləndirən qüvvə istefa verməz, qətiyyət nümayiş etdirər, 20 ildən sonra yaşanacaq fəlakətə vəsilə olmazdı. Bütün bunlara görə Zurabyanın növbəti dedikləri fikirlər də yalnız cəfəngiyyatdır. Məsələn, o bildirir: “Bu adamlar (yəni Paşinyan və tərəfdarları – red.) heç vaxt anlamayacaqlar və qəbul etməyəcəklər ki, Levon Ter-Petrosyan Ermənistana “dəmir qaşıq” qaytarmışdı, onlar isə yenidən onu “kağızdan” olanla əvəzlədilər”.
Sonda qeyd edək ki, məqsədimiz heç də Ermənistandakı siyasi qarşıdurmada hansısa cinahın tərəfini tutmaq deyil. Necə deyərlər, ilanın ağına da lənət, qarasına da. Nə də kimin, hansı qüvvənin ölkədə hakimiyyətə yiyələnməsinin Azərbaycan üçün hansısa istisi-soyuğu yoxdur. Dövlətimizin öz yolu var və o yol ölkəmizi lider mövqedə saxlayır. Ermənistandan bir deyil, beş, on, hətta on beş qat üstün və güclüyük və həmişə də belə olacaq.
Ancaq məsəl var ki, milçək bir şey deyil, könül bulandırır. Erməni hakim siyasi elitasında kimsə düşünməsin ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhələndirə biləcək hansısa mexanizmi tətbiq etmək potensialının daşıyıcısıdır. I Qarabağ müharibəsindəki uğura gəlincə, Zurabyan və digərləri “dəmir qaşıq”larını boş başlarına vuraraq anlasınlar ki, onu Ermənistan özü qazanmamışdı. Bu, Rusiyanın Ermənistana hədiyyəsi olmuşdu.
Həm Rusiya, həm də dünyanın digər ermənipərəstləri danışıqlar adı altında, müxtəlif manipulyasiyalarla otuz ilə yaxın çalışdılar ki, “hədiyyə” əldən çıxmasın, Cənubi Qafqazda erməni avantürizmi varlığını saxlasın. Amma bunu bacarmadılar. Azərbaycan 44 günlük müharibəyə qədər diplomatik cəbhədə, müharibə zamanı isə hərb meydanında Ermənistanı sarsıdıcı məğlubiyyətə uğratdı. Elə bir məğlubiyyətə ki, təsirləri ölkənin siyasi həyatındakı didişmələr müstəvisində indi də qalmaqdadır və görünür, bu tendensiya hələ bir müddət də davamlı olacaq.
Sonda onu da bildirək ki, L.Zurabyanın haqqında söz açdığı “kağız qaşığ”ı deyə bilmərik, ancaq ümumən, kağızın Ter-Petrosyana lazım olduğunu söyləmək mümkündür. Yaxşı halda, intihardan qabaq son sözlərini yazmaq üçün. Pis halda isə...
Ə.RÜSTƏMOV
XQ


