Paşinyanın parlament sınağı necə bitəcək?
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Birləşmiş müxalifət onun siyasətinə necə müqavimət göstərə bilər?
Ermənistan parlamentində 105 deputat təmsil olunur. Seçkilər 5 ildən bir keçirilir. Konstitusion çoxluğa malik olmaq üçün seçicilərin 50+1 faizinin səsini əldə etmək tələb olunur. “Mülki müqavilə” bu dəfə buna nail ola bilməyib. Qarşıda isə Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi, Azərbaycanla sülh müqaviləsinin imzalanması, TRIPP layihəsinin icrası, delimitasiya və demarkasiya işlərinin aparılması, eləcə də Türkiyə ilə münasibətlərin normallaşdırılması kimi mühüm məsələlər dayanır. Bu istiqamətdə işləri irəli apara bilmək üçün Paşinyana qanunverici orqanda güclü dəstək lazımdır. Onu da bildirək ki, artıq hər 2 müxalifət blokunun nümayəndləri deputat mandatlarını təhvil alıblar və parlamentin işində iştirak edəcəklərini bəyan ediblər.
Onların nümayəndələri parlamentə gedərək mübarizənin növbəti mərhələsini davam etdirmək, o cümlədən küçə etirazlarını təşkil etmək istəklərini indidən bəyan edirlər. Hiss olunur ki, müxaliflər parlamentdə birləşərək Paşinyana qeyd edilən məsələlərdə güclü müqavimət göstərməyi hədəfləyirlər. Bəs birləşmiş müxalifət Milli Assambleyada Paşinyan iqtidarına hansı əngəlləri yarada bilər?
* * *
Bu suala cavab axtarmadan öncə onu etiraf etmək lazımdır ki, parlament seçkilərinin yekunları N.Paşinyanın əvvəlki çağırışla müqayisədə daha zəif siyasi mövqedə yeni qanunverici dövrə başladığını göstərir. Bununla belə, mandat bölgüsü təkcə rəqəmlərlə qiymətləndirilmir. Yeni parlamentdə müxalifətin sayının artması hökumət üçün müzakirələrin daha çətin keçəcəyini göstərsə də, bu, avtomatik olaraq, hakimiyyətin əsas qərarlarının qarşısının alınacağı anlamına gəlmir. Əksinə, mövcud siyasi reallıq göstərir ki, müxalifətin səs çoxluğu olmadan hökumətin fəaliyyətini iflic vəziyyətinə salmaq imkanları kifayət qədər məhduddur. Paşinyanın əsas üstünlüyü ondan ibarətdir ki, hökumət parlamentdə yenə də ən böyük fraksiyaya sahibdir və gündəliyi müəyyən etmək imkanını əlində saxlayır. Ermənistan qanunvericiliyinə görə hökumətin təqdim etdiyi qanun layihələrinin böyük hissəsinin qəbulu üçün sadə səs çoxluğu kifayət edir. Hakim partiyanın 64 mandatı isə bu üstünlüyü qorumağa imkan verir.
Şübhəsiz ki, yeni parlament əvvəlkilərlə müqayisədə daha gərgin debatlarla yadda qala bilər. Xüsusilə Azərbaycanla münasibətlərin normallaşdırılması, sərhədlərin müəyyənləşdirilməsi, Türkiyə ilə əlaqələrin açılması və regional nəqliyyat layihələri kimi mövzular müxalifətin ən sərt çıxış etdiyi istiqamətlərdir. Onlar bu məsələləri daxili siyasətdə hökumətə qarşı əsas mübarizə vasitəsinə çevirməyə çalışacaqlar. Lakin emosional çıxışlarla parlamentdə səs nisbətini dəyişmək mümkün deyil. Burada diqqətçəkən başqa bir məqam da müxalifətin öz daxilində tam vahid mövqeyə malik olmamasıdır.
Hakimiyyət üçün müəyyən çətinlik yarada biləcək məsələ daha çox ictimai rəy üzərində aparılan mübarizə olacaq. Müxalifət parlament tribunasından istifadə edərək hökumətin atdığı hər addımı geniş müzakirəyə çıxarmağa çalışacaq. Xüsusilə sülh gündəliyi ilə bağlı qərarlar cəmiyyətin həssas yanaşdığı mövzular olduğundan, bu istiqamətdə siyasi qarşıdurmanın artacağı gözlənilir. Ancaq ictimai narazılıq yaratmaq başqa, parlamentdə qərarların qəbuluna mane olmaq isə tamamilə başqa məsələdir. Son illərin təcrübəsi də göstərir ki, Ermənistan müxalifəti küçə etirazları vasitəsilə hakimiyyət dəyişikliyinə nail ola bilməyib. Müxtəlif vaxtlarda keçirilən aksiyalar geniş rezonans doğursa da, onların davamlı xarakter almaması hökumətin mövqeyini qorumasına imkan verib. İndi parlament mandatlarının qəbul edilməsi də göstərir ki, müxalifət siyasi mübarizənin əsas meydanını yenidən Milli Assambleyada görür. Küçə etirazları isə daha çox əlavə təzyiq vasitəsi kimi saxlanılır.
Digər tərəfdən, Paşinyan da əvvəlki illərlə müqayisədə daha ehtiyatlı davranmağa məcbur olacaq. Bəzi mühüm qərarlar, xüsusilə Konstitusiyaya dəyişikliklə bağlı təşəbbüslər daha mürəkkəb mərhələdən keçə bilər. Belə hallarda hökumət təkcə parlament daxilində deyil, cəmiyyət qarşısında da daha geniş əsaslandırma aparmalı olacaq. Bununla belə, sülh sazişi, sərhədlərin müəyyənləşdirilməsi və regional layihələr üzrə danışıqların aparılması hökumətin səlahiyyətində qalır. Parlament həmin proseslərə siyasi təsir göstərə bilər, lakin onları tam dayandıracaq mexanizmə malik deyil. Yeni parlamentdə daha çox siyasi rəqabət, daha çox mübahisə və daha sərt nəzarət mühiti formalaşacaq. Ancaq mövcud qüvvələr nisbəti göstərir ki, bu mərhələdə müxalifətin hökumətin strateji xəttini kökündən dəyişdirəcək imkanları məhduddur. Onlar qərarların qəbulunu çətinləşdirə, siyasi qiymətini artıra və hökuməti daha diqqətli davranmağa məcbur edə bilərlər. Amma parlamentdəki qüvvələr nisbəti Paşinyanın əsas gündəliyini həyata keçirməsinə hələ də kifayət qədər imkan verir. Buna görə də qarşıdakı dövrdə Ermənistan siyasətində əsas mübarizə qərarların qəbul olunub-olunmaması ətrafında deyil, həmin qərarların cəmiyyətə necə təqdim ediləcəyi və onların siyasi nəticələrinin kimə üstünlük qazandıracağı uğrunda gedəcək.
Qafar ÇAXMAQLI,
ermənişünas alim
Ermənistan parlamentində təmsil olunmaq hüququ qazanan “Güclü Ermənistan” və “Ermənistan” blokları artıq qanunverici orqana getmək qərarı verərək deputat mandatlarını götürüblər. Bu o deməkdir ki, Errmənistan parlamentində artıq 2 müxalif fraksiya olacaq. Bunlar da bəzi hallarda birləşəcək, bəzi hallarda isə sərbəst hərəkət edəcəklər.
Onların Paşinyan hakimiyyətinə müəyyən əngəllər törətməsi çox da mümkün görünmür. Çünki onlar azlıqdadırlar və parlament çoxluğu Paşinyan hökumətinin əlindədir. Paşinyan müəyyən qərarların qəbul olunmasında, az qala, ikiqat səs çoxluğuna malikdir. Ona görə də müxalifət bəzi qərarların qəbul edilməsinə etiraz edə, səslərini ucalda, müəyyən məsələləri dilə gətirə və Paşinyana əngəl törətməyə çalışa bilərlər. Amma təsir etmək imkanları çox məhdud olacaq. Düzdür, Paşinyan iqtidarı konstitusion çoxluğu əldə etməyib. Konstitusion çoxluğun olmamasına baxmayaraq, gələcəkdə bəzi qərarların qəbul olunması zamanı gizli səsvermə keçirilə bilər. Gizli səsvermə o deməkdir ki, bəzi müxalifət deputatları bu zaman hökumətin bəzi qərarlarına dəstək verə bilərlər. Bu mənada, mənə elə gəlir ki, müxaliflər parlamentdə elə bir ciddi əngəl törədə bilməyəcəklər.
Bununla belə, onlar bəzi məsələləri, müəyyən layihələri, hansısa qərarların qəbul olunmasını parlamentə gətirə bilərlər. Onlar isə prinsipial əhəmiyyət daşıyan məsələlər ola bilməz. Yəni Ermənistan dövlətinin və Paşinyan hakimiyyətinin ideoloji əsasları artıq müəyyən olunub. Bölgə ölkələri, o cümlədən Azərbaycan və Türkiyə ilə qonşuluq əlaqələri qurmaq, kommunikasiya xətlərinin, sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması kimi proseslərə artıq start verilib. 11 ay öncə Vaşinqtonda paraflanmış sülh sazişi də yaxın gələcəkdə imzalana bilər. Yəni müxalif qüvvələr buna etiraz etmək imkanına malik deyillər. Düşünürəm ki, müxalifət digər prinsipial məsələlərə də heç bir əngəl törədə bilməzlər. Amma bu rusiyapərəst, proksi qüvvələr ona görə parlamentə getdilər ki, Rusiya belə istədi. Rusiyada əvvəldən bilirdilər ki, onların dəstəklədiyi qüvvələr Paşinyan hakimiyyətinə mane ola, ona qalib gələ bilməzlər. Amma yenə də parlamentdə təmsil olunub Moskvanın ortaya atacağı müəyyən fikirləri onların dili ilə səsləndirmək mümkün ola bilər. Bu da normal bir haldır. Bundan əvvəlki parlamentdə təmsil olunan müxaliflər də həmin hərəkətləri edirdilər. Dəyişən heç nə yoxdur. Bu düşüncədəyəm ki, Ermənistan müxalifəti – parlamentdə təmsil olunacaq şəxslər hakimiyyətin ciddi qərarlar qəbul etməsinə əngəl törədə bilməzlər.
Səxavət HƏMİD
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 10 İyul 2026 01:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















