Paytaxtın “Azadlıq” meydanından başlanan nicat yolu
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Azərbaycanın həqiqi dövlət müstəqilliyinin bünövrəsi Naxçıvanda qoyulub
Bakı, 17 noyabr 1989-cu il, saat 11-12 radələri. Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) əsas binasının qarşısı. Ölkənin ən böyük ali məktəbinin tələbələri Ermənistan rəhbərliyinin Qarabağa iddiasına, hayların tarixi Topxana meşəsində ekoterroruna qarşı etiraz yürüşünə çıxırlar.
Yürüşün son ünvanı sovet Azərbaycanın paytaxtının baş meydanıdır. İzdiham hərəkətə gəlir və yolda ona Azərbaycan Politexnik İnstututunun (hazırda Azərbaycan Texniki Universiteti), daha sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) tələbələri də qoşulurlar. Bakı şəhərinin rəhbərliyi Kommunist (indiki İstiqlaliyyət) küçəsində yürüşün qarşısını kəsməyə çalışır, amma paytaxt sakinlərinin də qoşulduğu və sayı kəskin çoxalmış etiraz aksiyasının iştirakçıları baş meydana doğru yollarına davam edirlər...
Yürüdüyümüz son ünvan bir gün sonra üçrəngli istiqlal bayrağımızın dalğalanacağı “Azadlıq” meydanına çevriləcək. 37 ildən sonra milli azadlıq mücadiləsinin canlı şahidi və iştirakçısı olaraq, o zaman baş verənlərə qısa nəzər salaq.
SSRİ-nin rəhbəri Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə baş məsləhətçisi Abel Aqanbekyanın 1988-ci ilin noyabrında Fransanın “Humanite” qəzetinə müsahibəsində Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana birləşdirmək təklifini səsləndirməsinə, hayların Şuşa ətrafında Topxana meşəsində ekoloji soyqırımı törətməsinə qədər Alma-Atıda, Tbilisidə milli zəmində etiraz aksiyaları keçirilmişdi. Silah gücünə yatırılmış hər iki hadisənin aparıcı qüvvəsi tələbələr olmuşdu. 1989-cu ilin noyabrında Bakıda ilk etiraz yürüşünün təşkilatçıları da tələbələr idi. Topxana hadisələrinin fonunda kütləvi etirazın yeni dalğası – Meydan hərəkatı (1988-ci il 17 noyabr – 5 dekabr) belə yarandı.
Amma Bakı mitinqi kütləviliyinə və rezonansına görə Alma-Atı və Tbilisi hadisələrini kölgədə qoyaraq, daha möhtəşəm və qarşısıalınmaz oldu. Meydanı dolduran yüz minlər tribunada vətənpərvər ziyalıları, çıxışları qəzəb püskürən sadə əmək adamlarını gördülər. 18 gün gecə-gündüz fasiləsiz davam edən mitinqə tanınmış ziyalılarımızla yanaşı, hökumət rəsmiləri də təşrif buyururdular. Onların Moskvadan verilən mitinqin dağıdılması əmrini yerinə yetirməyə nə cəsarətləri, nə də gücləri yetirdi.
1989-cu il dekabrın 5-də gecəyarısı kənardan Bakıya gətirilən xüsusi təyinatlılar “Azadlıq” meydanındakı mitinqçilərə qarşı zor tətbiq etdilər, onlara divan tutdular və meydanı boşaltdılar.
Daha sonra tarixçilər, araşdırmaçılar, politoloqlar SSRİ-nin dağılmasının əsas səbəblərindən biri kimi Ermənistanın kənar qüvvələrin təhriki ilə başlatdığı Qarabağ münaqişəsini göstərəcəklər.
***
XX əsrdə 2 dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz yenidən azadlığına qovuşmaqdan ötrü minlərlə şəhid verdi. Eynilə 70 il əvvəl olduğu kimi. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edib. Təəssüf ki, müsəlman Şərqinin və Türk dünyasının ilk cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. Sovetlər Birliyinin işğalında yaşadığı 70 illik müddətdə Azərbaycan xalqı özünün azadlıq ideallarını, müstəqillik arzularını daim yaşatdı, XX əsrin sonlarında ikinci dəfə müstəqilliyini əldə etdi: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu.
Tarixi həqiqət ondan ibarətdir ki, 20 Yanvar faciəsindən sonra Bakıda uzun sürən fövqəladə vəziyyət şəraitində ümumxalq azadlıq hərəkatının mərkəzi paytaxtdan Naxçıvana keçib. Azərbaycanın həqiqi dövlət müstəqilliyinin bünövrəsi Naxçıvanda qoyulub. O zaman Azərbaycan əldə etdiyi deklarativ müstəqilliyi gerçək müstəqilliyə çevirən, onu qoruyub saxlayan, nəhayət, bu idealların təməli üzərində azərbaycançılıq ideologiyasını ucalda bilən bir lider vardı – Heydər Əliyev. 1990-cı ilin Qara Yanvarından sonra Azərbaycanın müstəqilliyi uğrunda açıq və qətiyyətlə mübarizə aparan Ulu öndər 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyətini davam etdirirdi. Onun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi xalqımızın suveren hüquqlarının və dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda gedən mübarizənin mərkəzində yer almışdı. Məhz Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları bərpa olundu, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. SSRİ-nin yenidən bərpasına yönələn məkrli cəhdlər muxtar respublikada qətiyyətlə aradan qaldırıldı, müvafiq qərarların qəbul edilməsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Ali Sovetindən xahiş edildi.
Bütün bunlar Azərbaycanın müstəqilliyinə gedən yolda aparılan siyasi mübarizənin unudulmaz səhifələridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən hadisələri dövlət müstəqilliyi üçün mühüm şərt kimi qiymətləndirərək deyib: “1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ Sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi”.
Milli azadlıq hərəkatının alovlandırdığı Vətən, Millət, Torpaq, Bayraq təəssübkeşliyinin 30 il sonra Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə bitməsində, böyük Zəfərin əldə olunmasında böyük rolu var.
***
Bizə görə, XX əsrin 80-ci illərinin sonlarına təsadüf edən milli azadlıq hərəkatının üzə çıxardığı ən böyük həqiqət ondan ibarətdir ki, 1918-1920-ci illərdə Şərqdə ilk demokratik respublika qurmuş xalqın azadlıq ruhu ölməyibmiş. Bu xalq işğalın, əsarətin yeni forması ilə heç vaxt barışmayıbmış. Meydana axışan yüz minlərlə insan, sovet siyasi-ideoloji təbliğat maşınının təlqin etdiyi kimi, “başıpozuq kütlə” deyil, tarixi ədalətin bərpasını, deməli, haqqını, azadlığını tələb edən Xalq idi. Meydanda yumruqlarını düyünləyib “Azadlıq!”, “Rədd olsun imperiya!” hayqıran vətənpərvər oğul və qızlarımız milli kimliyinə, soykökünə qayıdışı birlik, həmrəylik, əzm və fədakarlıqla əldə edəcəklərinə inanırdılar.
23 aydan sonra azadlığa təşnə xalqın ümidləri çin oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin elan olunması, əslində, meydandan başlayan milli azadlıq hərəkatının təbii və qanunauyğun nəticəsi idi. Amma irəlidə dövlətimizi və xalqımızı ağır sınaqlar gözləyirdi. Azərbaycan xalqı üzləşdiyi bütün sınaqlardan mətanətlə çıxaraq, bugünün azad və müstəqil dövlətinə, sevgisini daim qəlbində yaşatdığı Türk dünyasına qovuşdu.
XXI əsrin ən böyük Zəfərini qazanmış Azərbaycan bu gün türk dövlətləri ailəsinin layiqli, başıuca, üzüağ üzvü olması ilə fəxr edir.
İmran BƏDİRXANLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 17 Noyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















