Icma.az
close
up
RU
Poeziya ilə hüququn vəhdəti

Poeziya ilə hüququn vəhdəti

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Adil MİNBAŞI
Hüquqşünas, Baş ədliyyə müşaviri

Xalq şairi, dostumuz Sabir Rüstəmxanlının 2020-ci ilin noyabr ayında dərc olunmuş "Qarabağa dönüş" poeması dillər əzbəri olmuşdu. Həmin dövrdə bizi çulğalamış qələbə eyforiyasının coşub-daşan duyğuları altında poemanı oxuduqda bunu həmin duyğuların ən gözəl poetik ifadəsi olan bədii əsər kimi qiymətləndirmişdim.  Amma...

Digər dostumuz - tanınmış hüquqşünas, hüquq elmləri üzrə fəlsəfə doktoru, gözəl qələm sahibi Vafəddin İbayevin bu yaxınlarda nəşr olunmuş "Suverenliyin zəfər yolu" kitabını oxuduqdan sonra yenidən dəyərləndirdim. Hər iki əsərin qayəsini təşkil edən ideyaya fərqli - dini, fəlsəfi, tarixi, siyasi və hüquqi prizmalardan baxdıqda müəlliflərin peşə yaradıcılığının - poeziya ilə hüququn vəhdəti məni heyran etdi.

Şair Sabir Rüstəmxanlı poemada Qarabağ dərdini bir zamanlar üçün "yaramızdan axan qan", "ətalət yuxusu" kimi qiymətləndirir, bu dərddən ürəyimizin "çilik-çilik" olmasını qeyd etməklə xalqın hər bir nümayəndəsinin ətalət yuxusundan oyanmasını, yurdumuzun torpaqlarını əsir etmiş yağılara qarşı mübarizəyə qalxmasını, çiliklənmiş ürəyimizin bütövləşməsini arzulayırdı.

Poemada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların verdiyi vədlərin səmərəsizliyi, Azərbaycan əsgərinin mübarizəyə hazırlanması, onun Xocalı qisası, torpaqlarının azadlığı uğrunda mübarizəyə atılması, Şuşanın sıldırım qayalarını aşaraq düşmənə gözlənilməyən istiqamətdən qəfil zərbələr endirərək Zəfəri əldə etməsi bədii çalarlarla təsvir edilib.

Hüquqşünas Vafəddin İbayev isə eyni məsələləri fərqli - daha çox siyasi və hüquqi müstəvidə təhlil edir. Hüquqşünas həmkarımızın qələmə aldığı, Hüquq və İnsan Haqları İnstitutunun nəşr etdirdiyi "Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər" kitabı yaxın günlərdə oxucuların müzakirəsinə təqdim olunmaqla 44 günlük Vətən müharibəsi günlərində Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətləri, çıxışları, müsahibələrinin təhlilinə həsr edilib. Kitabı oxuduqca həmin çıxışları səbirsizliklə gözlədiyimiz günlərə qayıdır, onları dinlədiyimiz həyəcanlı dəqiqələri bir də, lakin müəyyən arxayınlıq və fərəhlə yaşayırıq.

Vəfaddin İbayev kitabda müxtəlif beynəlxalq sənədlərə müraciət edir, beynəlxalq hüquq normalarının təfsirini, müxtəlif siyasi proseslərin təhlilini verir. Müəllifin Qurani-Kərimin ayələrinə, onların şərhinə, "Kitabi-Dədə Qorqud"a, yazıçı və şairlərimizin əsərlərinə, Aristotel, Makiavelli kimi filosofların, görkəmli siyasətçilərin fikirlərinə, fatehlərin sərkərdəlik məharətlərinə müraciət etməsi kitabı daha da zənginləşdirib.

Qarabağ Zəfəri haqqında yazılmış müxtəlif yazılarda, kitablarda  müəlliflərin eyni məsələlərə münasibət bildirməsi təbiidir. Çünki Qarabağ Zəfəri birdir, onun əldə olunması üçün çəkilən zəhmət, fədakarlıqlar, bu proses zamanı cərəyan edən hadisələr də eyni mənbədən qaynaqlanıb, ümumən bir məsələ - işğal altında olan torpaqların azadlığa çıxarılması ilə bağlıdır. Bu mübarizədə baş vermiş hadisələrə münasibətlər, baxışlar, yanaşmalar müxtəlif və fərqli ola bilər. Bəzi hallarda isə müxtəlif yanaşmaların biri-birini tamamlaması, inkişaf etdirməsi mümkündür. Şübhə yoxdur ki, eyni hadisə barədə müxtəlif əsərlərin mövcudluğu əsasən həmin hadisə və faktların daha dərindən və hərtərəfli dərk olunmasına kömək edəcəkdir.

"Qarabağa dönüş" poeması bu sətirlərlə başlayır:

"Yaramızdan axan qan

qan deyil, qorxumuzdur,

Ağrılarla qovulan ətalət yuxumuzdur.

Dünən ağladığıma bu gün qəlbən gülürəm,

Ölüydüm yaşadıqca, dirilməyə qedirəm.

Nə bu ölüm yenidir, nə yarımcan dirilik,

Üzdə bütöv olsam da ürəyim çilik-çilik".

Eyni ağrını, "nəğmənin ağıya", "laylanın göz yaşına" dönməsini V.İbayev 417-ci ildə Qal şairinin "Carmen de Providentia Dei" ("Tanrının bəsirəti haqqında nəğmə") şeirində Qalın son on il ərzində məruz qaldığı fəlakətinin təsviri ilə müqayisə edir: "Bu naməlum şair şeirində həmvətənlərinin məruz qaldığı bəlaları Əhdi-ətiqdə ifadəsini tapan müddəalarla əsaslandırır, eyni zamanda onun çağırışları insanları mübarizəyə səsləyir: "...Əgər bu qalalar verilməyibsə... onda bu əllərlə yaradılmış gözəlliklər Allahın seçdiyi xalqın xeyirxaqlarına şahidlik etmək üçün yaşamalıdır".

Bu parça Əhdi-ətiqi xatırladır: Allahın seçdiyi xalq düz yoldan yayındığına görə məhvə məruz qalır. Lakin mətnin ikinci gizli mənası da var: "Əgər sizdə bir azca da olsa daxili qüvvə qalıbsa, gəlin günahlarımızın boyunduruqlarını silkələyib, zəncirləri qıraq və bizim vətənimizə azadlıq və şöhrəti qaytaraq". Onun dodaqlarından az qala silaha sarılmaq çağırışı səslənir. Şair düşünürdü ki, onun ideyaları mənəvi mənada başa düşülməlidir, lakin biz həmçinin başa düşürük ki, onun mətni həm də siyasi xarakter daşıyır. Mənəvi yeniləşmə yerdə və göydə qələbə və çiçəklənmə gətirməlidir..." (səh. 50-51).

Sabir Rüstəmxanlı:

"Unutduq ki, insanlıq çaylar kimi daşmaqdır.

Haqq-ədalət yolunda sonadək savaşmaqdır,

Sağalmaz yara olar boyun əymək düşmənə.

Ömrüm sığışa bilməz parçalanmış Vətənə".

V.İbayev düşmənə qarşı mübarizə aparılmasının zəruriliyi ilə bağlı  Ümummilli lider Heydər Əliyevin 1993-cü ildəki çıxışına müraciət edir: "İndi gərək hər kəs Vətən, torpaq, namus yolunda öz payını, öz borcunu versin... Xalqın övladları bu torpaqda doğulub dünyaya gəliblərsə, atalarımızın, babalarımızın ruhu bizim üçün müqəddəs və əzizdirsə, öz borcumuzu verməliyik. Bu, hamının borcudur". Bəli, artıq hər kəs bilirdi ki, Vətən hamımızın vətənidir və onu hamımız qorumalıyıq. Azərbaycan övladları dillərində "Vətən yolunda öldü var, döndü yox!" şüarı ilə ancaq irəliyə baxırdılar, onlar üçün geriyə yol yox idi... Torpaqdan güc alan Azərbaycan əsgəri hər kəndi, hər obanı, hər yüksəkliyi azad etdikcə daha da fərəhlənir, qələbədən-qələbəyə inam qazanır, düşmənin bir vaxtlar zəbt etdiyi torpaqları xarabazarlığa çevirməsindən doğan nifrət onu işğalçıları qovmağa, Azərbaycan torpaqlarından çıxarmağa səsləyirdi" (səh.104).

Sabir Rüstəmxanlı:

"İşğal ordusu durdu işğalçının yanında

Boğdu öz şərəfini Xocalının qanında".

V.İbayev erməni əsilli Fransa jurnalisti Berain Siracyanın "Hücumdan əvvəl" məqaləsindən sitat gətirir: "Xocalıda baş verənləri öz gözlərimlə gördüm. Hər tərəfdən qan qoxusu gəlirdi. Qarın üzərində düşüb qalmış kimsəsiz, cansız meyitlərdən vahimələndim... Ona görə vahimələndim ki, bu qanı Azərbaycanın, onun gələcək nəsillərinin heç zaman unutmayacağını və susmayacağını anladım. Bu gün ruslar bizimlədir. Bəs sabah? Biz tək qala bilərik" (səh.157).

Müəllif daha sonra yazır: "İlham Əliyev müsahibəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə, onların mandatlarına müvafiq olaraq qərəzsizlik nümayiş etdirməli olduqlarına münasibət bildirərək qeyd edirdi ki, Fransanın son günlərdəki mövqeyi onların vasitəçilik missiyalarına müvafiq olmamış, onlar əsassız olaraq Azərbaycan və Türkiyəni münaqişəyə muzdlular cəlb etməkdə ittiham etmiş, "Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir" kimi şüarlarla çıxış etmişlər. Fransa dövlət başçısının bu cür fəaliyyəti həmin ölkədə yaşayan erməni diasporunun təsirinin nəticəsi olsa da, Fransanı nüfuzdansalıcı bir hərəkət kimi dəyərləndirilməlidir. Tarixi təcrübə digər dövlətlər kimi, Fransanın da beynəlxalq aləmdə bir qayda olaraq, ədaləti deyil, özünün maraqlarına xidmət edən siyasət həyata keçirməsini təsdiq edir".

Sabir Rüstəmxanlı:

"Hüquq donub, haqq batıb, dünya eşitmir, kardı.

Qatilə dur deməyən özü də günahkardı".

V.İbayev bu məsələni hüquq prizmasından şərh edir: "Əslində, Azərbaycan Ermənistan tərəfindən müharibənin başlanma təhlükəsini hiss etmiş və təxminən bir həftə əvvəl BMT kimi nüfuzlu beynəlxalq təşkilatın tribunasından Ermənistanın bu niyyətinin qarşısının alınmasını, onun dayandırılmasını beynəlxalq ictimaiyyətdən tələb etmişdi. Lakin həmişəki kimi yenə də beynəlxalq ictimaiyyət cavab reaksiyası verməmişdi" (səh 92).

Sabir Rüstəmxanlı:

"Dünya özü də bilmir istəyi nədir bizdən,

Otuz il qara duman əksilmir üstümüzdən.

Sanki görmür kor gözü - Vətənimdir burası.

O millətlər birliyi, bu dövlətlər şurası...

Hamısının ağzında eyni çürük saqqızdı,

Hamı siyasət qurdu, quzu-yurdum yalqızdır".

V.İbayev Uinston Çörçillin Fulton nitqində qeyd etdiklərini yada salır: "Çətinliklər və təhlükələr biz onları sezməsək belə, aradan qalxmayacaqdır. Biz hər şeyi öz axarına buraxdığımız və nə baş verəcəyini gözlədiyimiz zaman da onlar yoxa çıxmayacaqdır. Əgər biz əmin-amanlıq siyasətini həyata keçirsək, bu halda da onlar yoxa çıxmayacaqdır. Nizamasalma lazımdır. Biz nə qədər uzun zamana bunu təxirə salsaq, onu əldə etmək bir o qədər çətin olacaq, bizi hədələyən təhlükə bir o qədər artacaqdır".

İlham Əliyev U.Çörçillin 74 il əvvəl söylədiklərini bilirdi, həm də bunları 17 illik prezidentlik təcrübəsində yaşamışdı. İlham Əliyev bir həftə əvvəl, BMT-nin sessiyasında təcavüzkar dövlətin cilovlanmasının zəruriliyini bildirəndə də BMT-nin, beynəlxalq ictimaiyyətin bu xəbərdarlığa, həmçinin biganəliklə yanaşacağını da bilirdi" (səh 41).

...İlham Əliyev Azərbaycan ərazilərində törədilən dağıntıları "Ermənistanın hərbi-siyasi rəhbərlərinin cinayəti" adlandırmaqda haqlı idi. Beynəlxalq ictimaiyyət, BMT və digər dövlətlərin rəhbərləri əslində Ermənistana qahmar çıxmağı deyil, eyni cinayətləri törədənlərin cəzalandırılmasını tələb etməlidirlər. Təəssüf ki, dünyada ikili standartların mövcudluğu, əməlləri çəkmək üçün iki tərəzidən istifadə olunması hələ ki, haqqa tam nail olmağa imkan vermirdi.   Lakin Azərbaycan ümidlərini itirmirdi" (səh.143).

Sabir Rüstəmxanlı:

"Ancaq birdən göylərdən bir şimşək çaxıb keçdi,

Həqiqət min yalanı yandırıb yaxıb keçdi.

Savaş deyən sərkərdə milləti oyandırdı,

Hər ürəkdə ümiddən çilçıraqlar yandırdı..."

V.İbayev yazır: "Azərbaycan gəncləri də, Azərbaycan xalqı da artıq xoşbəxtliyin necə əldə ediləcəyini bilirdi. Bunun üçün mübarizə aparmaq lazım idi. Ordu bu mübarizəyə hazırlanmışdı. Onlar 2016-cı ilin aprel ayından sonra düşmən üzərində bir neçə dəfə qələbə qazanmışdılar və artıq Ermənistan ordusu üzərində qələbə qazanmağa onlarda əminlik vardı. Orduda çalışanlar bilirdilər ki, "kim ki, qılıncının qara dəstəyindən möhkəm yapışmaq istəmir, onun iti ucu özünə tərəf dönəcəkdir" (səh.206).

İlham Əliyev inamla bildirirdi ki, Azərbaycanı öz məqsədlərinə çatmaqdan heç bir qüvvə yayındıra bilməz: "Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!" (səh.162)"

V.İbayev 2006-cı ildə qələmə aldığı "Xarıbülbül həsrətində" yazısına istinadla yazır: "Reallıq isə belədir ki, Qarabağda doğulmasam da, Qarabağı Vətənimin bir parçası, Üzeyirin, Xan qızının, Bülbülün vətəni, gözəllik təcəssümü kimi sevirəm. İstəyim, arzum bir daha Cıdır düzündə gəzib o əzəməti, o gözəlliyi duymaqdır. Qışda lopa-lopa yağan qarda gəzib Şuşanın təmiz, saf havasını udmaq istəyirəm. Yayda istinin cırhacırında İsa bulağının suyundan içmək, "Qarabağ şikəstəsi"ni Qarabağda dinləmək istəyirəm. Cıdır düzündə dizimi torpağa qoyub Xarıbülbülün gözəlliyinə tamaşa etmək, ətrini duymaq istəyirəm. Bir də inandıqlarım var. O gün gələcək, arzularım çin olacaq. Buna inanıram".

Sabir Rüstəmxanlı:

"Tələs, igid əsgərim, havalar soyuqlaşır.

Təpələr çallaşmada, bir azdan qış gələcək".

V.İbayev sanki şairin narahatlıqlarının əsaslılığını sübut etmək üçün N.Makiavelliyə müraciət edir: "Hələ üç əsr əvvəl N.Makiavelli yazırdı: "Qış müharibəsindən təhlükəli və ehtiyatsız heç nə yoxdur. O, xüsusən müdafiə olunandan daha çox, hücuma keçən üçün təhlükəlidir..." Yağıntılı hava və şaxta ordunu məcmu halında səfərbər etməyə və düşmənə qarşı vahid kütlə kimi durmağa imkan vermir. Ona görə də möhkəm qurulmuş ordunun yaradılmasına sərf olunmuş zəhmət əbəs yerə yoxa çıxır". Müəllif istinadlarında hərb tarixindən: 1503-cü ildə Qarilyano yaxınlığında Fransa ordusuna ispanlara məğlub olmasının səbəbləri,  Napoleonun 1812-ci ildə Moskvanı işğal etməsinə baxmayaraq, qışın ağır şərtlərini nəzərə almadığı üçün  Rusiyaya məğlub olmasını, Hitlerin bu dərslərdən nəticə çıxarmadığı üçün 1942-ci ilin sərt qışında böyük itkilər verməklə hərbi üstünlüyünü itirməsi və məğlub olmasını misal olaraq geniş şərh edir (səh.22).  

V.İbayev torpaqların müdafiəsi üçün fədakarlığın zəruriliyini Heydər Əliyevə müraciətlə əsaslandırır: "Hər bir insanın özünə görə qiyməti var, hər kəs atası-anası, qardaşı-bacısı üçün, ailəsi üçün ən qiymətlidir. Bizim heç birimiz həlak olanlardan qiymətli deyilik, o cümlədən mən də. Ona görə də Kəlbəcəri, başqa torpaqlarımızı da müdafiə etmək lazım idi. Bəlkə də beş dəfə, on dəfə artıq qurban vermək lazım idi, ancaq müdafiə edib öz torpağımızda alnıaçıq, üzüağ oturmaq lazım idi. Ola bilər, yarımız qırılaydıq, amma yarımız öz torpağımızda qalardıq. İndi nə olsun ki, əksəriyyəti çıxıb gəlib, qaçqın düşübdür. Torpaqlarımız da, burada düz dedilər, yağıların əlindədir. Güman edirəm ki, biz bundan sonra bütün işlərimizə, həyatımıza, hökumətimizə, dövlətimizə, respublikamıza, torpaqlarımıza əsl vətənpərvər kimi münasibət göstərməliyik" (səh.130).

V.İbayev işğalçılara nifrətini Azərbaycan əsgərinin baxışları ilə bu cür təsvir edir: "Torpaqla, onun üzərində insanların yaratdıqları ilə vəhşi kimi davrananların həmin torpaqlarda yaşamağa, onun suyundan içməyə, qana bulaşmış əlləri ilə o torpağın gülünü, çiçəyini üzməyə, ayaqları ilə o torpağın üstündə gəzməyə haqları yoxdur" (səh.104).

Sabir Rüstəmxanlı:

"Tikiləcək kəndlərim, sonsuz cah-cəlalıyla".

V.İbayev yazır: "İlham Əliyev uzunmüddətli müharibə aparılmasını istəmirdi. Onu müharibə deyil, azad ediləcək torpaqlarda yeni yaşayış məskənləri, təhsil ocaqları, sağlamlıq mərkəzləri, idman stadionları, yollar, hava limanları, aqrar və sənaye parkları, "Qarabağ şikəstəsi"nin Qarabağda hər tərəfə yayılacağı, insanların qurub yaratmaq eşqi ilə həyat sürəcəyi məkanlar qurmaq maraqlandırırdı. O, qurub yaratmaq, tikmək, inkişaf etdirmək üçün yaranmışdı. Onun çağırışı dağıtmaqda deyil, yaratmaqda, inkişafda idi".

İlham Əliyev də münaqişənin sülh yolu ilə nizama salınmasına çox çalışdı. On yeddi il münaqişənin danışıqlar yolu ilə nizama salınması üçün saysız-hesabsız görüşlər keçirdi, müzakirələr apardı, çıxışlar etdi, Ermənistanın iqtisadi inkişafı ilə bağlı güzəştlər təklif etdi. Lakin Ermənistan tərəfi sağlam düşüncə nümayiş etdirə bilmədi. 27 sentyabrdan sonra da hər dəfə atəşkəs təklifi veriləndə, ordusunun üstün hücum mövqeyində olmasına baxmayaraq, danışıqlarda atəşkəsə razılıq verildi, Ermənistan tərəfi atəşkəsi pozana kimi ona riayət olundu, lakin təəssüf ki, Ermənistan tərəfi dəmir yumruğun altında əzilənə kimi, ona verilən şansı dəyərləndirə bilmədi"  (səh.371).

V.İbayev yazır: "Hz.Peyğəmbər tərəfindən "şəhid" sözünün Allah yolunda canından keçən mənası da işlədilmişdir: "Mən onların (şəhidlərin) Allah yolunda canlarından keçdiklərinə şahid və şəfaətçiyəm". Vətən, xalq, dövlət, millət, haqq, ədalət yolunda canından keçmək, özünü haqq işə fəda etmək şəhidliyin əsas əlamətidir. Bu zirvəyə o insanlar yüksəlir, ucalırlar ki, onlar vətən, millət, dövlət yolunda ölümün üzərinə yürüyə, ölümün gözlərinin içinə dik baxa bilirlər. Şəhidlər xalqın, millətin milli qürur mənbəyi, milli iftixar hissi, and, namus yeri, baş tacı hesab olunur. O torpaqlar Vətən hesab olunur ki, onların uğrunda canından keçən, canını fəda edən vətən övladları, şəhidləri var. O dövlətlər müstəqil yaşaya, o xalqlar məğrur gəzə bilirlər ki, onların uğrunda şəhid gedə bilən övladları var. Vətən övladının dünyadan arzuları, diləkləri gözlərində, ürəklərində qalmış, nakam getməsi nə qədər ağrılı olsa da, xalqın müstəqil, azad, hürr yaşaması üçün onun yolu həm də şəhidlikdən keçməlidir" (səh.70).

Sabir Rüstəmxanlı:

"Daşlar soyuq, sürüşkən, altda dibsiz uçurum,

Qayaların başında düşmən əsgəri min-min.

Yağış ol, dumana dön, düşmən duyuq düşməsin

Gözündəki şimşəyi görənə kimi sənin".

V.İbayev: "İlham Əliyev digərlərinə mümkünsüz görünən işi Azərbaycan əsgərinin görə biləcəyinə inanırdı. O, mümkün olmayanı həyata keçirmək üsulunu tapmış, təlimlərdə Azərbaycan əsgərini buna hazırlamışdı. Azərbaycan əsgərinin sıldırım qayalara dırmanıb gözlənilmədən Şuşa şəhərində meydana çıxması düşmən arasında vahimə toxumu səpdi, onu lərzəyə saldı. Sadə yolu keçmək asandır, lakin bu yolun sonunda əsl qiymətli nəsə nadir hallarda olur. Mümkün hesab olunmayan yoldan zəhmət, əziyyət, qətiyyət hesabına məqsədə doğru irəliləmək mütləq bəhrəsini verməlidir. Allah-Təala zəhməti qiymətləndirir. İnsan əlindən gələni etməli, sonra Allaha təvəkkül aparmalıdır" (səh. 385).

Sabir Rüstəmxanlı:

"Əsgərin silahı yox, əmrin özü silahdır,

Bu əmr özü qanaddır, qaldırır uçurumdan".

V.İbayev yazır: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı müharibə yeni dövrün müharibəsi idi. Yeni texnologiyalardan istifadə olunmaqla düşmənin texnikası və canlı qüvvələrinə endirilən dəqiq zərbələr döyüşlərin taleyinin həllində mühüm rol oynayırdı. Azərbaycan əsgər və zabiti yeni texnologiyalardan məharətlə istifadə etməklə yanaşı, döyüşlərin bütün növlərində, hətta əlbəyaxa döyüşlərdə də qəhrəmanlıq nümunələri nümayiş etdirirdi" (səh.135). Müəllif çətin döyüş epizodlarından misallar gətirməklə Azərbaycan əsgərinin şücaətini Qədim Roma əsgərlərinin qəhrəmanlıqları ilə müqayisə edir. 

Frenk Edkok qədim hərb sənətindən söhbət açarkən yazır: "Roma əsgəri olduqca dözümlü idi və uzun yürüşlərə tab gətirə bilirdi". Burada Moris Saksonskinin sözlərini xatırlamaq yerinə düşür: "Döyüş və manevrlərin ən başlıca sirri ayaqlarla bağlıdır, bizim diqqətimiz məhz ayaqlara yönəlməlidir". Belə bir ifadə isə Napoleona məxsusdur: "Qələbənin sirri ondadır ki, əvvəl 12 mil piyada qət etmək lazımdır, sonra döyüşmək, sonra yenə də düşməni 12 mil təqib etmək" (səh. 390-391).

Sabir Rüstəmxanlı:

"Ona gülməli gəlir bizim son niyyətimiz,

Min-min gözdən yayınıb Şuşaya qalxa bilmək.

Ölkələrə əl açan erməni ümidiylə

Erməni ordusunu bir əllə boğa bilmək!

Gecənin havasını doldurub cigərinə

Bilir ki, vuruşacaq yüz dostunun yerinə.

Bu qoyun sürüsünə qurd kimi saldırmalı,

Qoynundakı bayrağı Şuşada qaldırmalı!"

V.İbayev "Kitabi Dədə Qorqud"a müraciət edir: "Azərbaycan əsgəri düşmən tərəfindən müəyyən edilmədən Şusa şəhərini çiyinlərində saxlayan qayalara çatmaq üçün günlərlə meşə cığırlarını, dərələri keçib, dağları aşıb, uzun məsafə qət etmişdi. Onların çətin keçidli uzun məsafəni qət etdikdən sonra qayalara dırmaşıb şəhərə daxil olması son dərəcə yüksək fiziki hazırlıq, dözüm, cəsarət, Dədə-Qorqudun dili ilə desək "ciyərli olmaq" ("Ol gün cigərində olan ər yigitlər bəlürdi" - "O gün ciyərli, cəsur igidlər bəlli oldu") tələb edirdi" (səh. 390).

Sabir Rüstəmxanlı:

"Şuşam uca olsa da, bayraq ondan da uca,

Altında keşik çəkib mən də baxım doyunca.

Sonra düşmən gülləsi sinəmdə yanır, yansın,

Təki Vətən göyündə bayrağım dalğalansın!"

V.İbayev şairin " Təki Vətən göyündə bayrağım dalğalansın!" fikrini öz sözləri ilə bu cür ifadə edir: "Bu yol çətin, lakin şərəfli bir yol idi. Bu yol əsgər üçün qan-tər, əzab-əziyyət, partlayış, güllə, yanğın, bəzən şəhidlik və şikəstliklə müşayiət olunan, lakin dövlət bayrağı ellərimiz, obalarımız üzərində dalğalananda hər cür əzabı ona unutduran bir yol idi. Bu yol yuxusuz gecələr, səksəkəli günlər yaşayan, uzun gecələri Allah-Təalaya dualarla keçirən, balasına qovuşmaq həsrəti ilə saçlarını ağardan, Vətən torpaqlarında üçrəngli bayrağımızın dalğalandığını görüb şəhid balasının bu an üçün qurban getməsinə dözümlə: "Təki Vətən sağ olsun" deyən anaların, gözləri yol çəkən, Vətənin müdafiəsi ilə bağlı toy-busatı təxirə salınmış nişanlı qızların, qardaşına görə narahat bacıların həsrət yolu idi" (səh. 127).

V.İbayev fransız jurnalistinin yazdıqlarına istinad edir: "Fransanın "Le Monde" qəzeti Şuşanın azad olunması uğrunda aparılan döyüşlər haqqında yazırdı: "Azərbaycan gücləri 27 sentyabr hücumunun əsas məqsədi olan tarixi şəhərə çatdılar. Orada döyüşlər onların xeyrinə davam edir. Şuşanın müdafiəçiləri paramparçadır. Onlar hərbi təcili tibb maşınlarının arxasında üst-üstə yığılıblar. Stepanakertə onlarca qan içində, son nəfəslərində olan yaralı əsgərlər gəlirlər... Bu, darmadağın olunma gününə çox bənzəyir. Stepanakertdə hakimiyyətin inkar etməsinə baxmayaraq, 6 noyabr cümə günündən etibarən döyüş azərbaycanlı güclərin xeyrinə dönməyə başlayıb. Bir həftədir azərbaycanlı güclər Şuşanın bir top atışı məsafəsində olan qapılarına dirəniblər. Əsas cəbhə Daşaltı kəndinin yuxarı meşələrində donub qalıb, orada döyüşlər çox sərt şəkildə baş verib. Üç gün ərzində azərbaycanlı xüsusi təyinatlı qüvvələr Şuşaya aparan yola şəhər müdafiəçilərinin gücünü yoxlamaq üçün gecə basqınları ediblər. Məhz bu hücumlara görə Xankəndini İrəvana bağlayan əsas yol 4 noyabrdan etibarən bağlanıb. Bu şəhər hər iki icma tərəfindən Qarabağın Qüdsü (Yerusəlim) hesab edilir və dini-siyasi rəmzi çox böyükdür, digər tərəfdən bu şəhər Xankəndinə baxan və nəzarət edən strateji əhəmiyyətini qoruyur. "Azərbaycanlılar Şuşaya çatıblar, küçələrdə kalaşnikovlarla döyüşlər gedir", bunu Xankəndində əlillər üçün arabada oturmaqdan imtina edən və ayağından yaralanan, bağırmamaq üçün çənəsini tutmuş əsgər deyir. Bu yaralı əsgərin ətrafında xaos hökm sürür. Bu ərəfədə sırf güllə ilə yaralanmış 7 nəfəri gətirən yük maşını gəlir. Düzdür, bomba zərbələri çox şiddətlidir, lakin yaralıların halı göstərir ki, əsasən qısa məsafəli üzbəüz döyüşlər gedir. Təcili yardım maşınları saysız-hesabsız gediş-gəliş edirlər. Yaralı əsgərlər bir-birinin üzərinə qalaq-qalaq yığılıb" (səh. 395-396).

Sabir Rüstəmxanlı:

"Bu, bizim haqq işimiz, ədalət savaşımız,

İntiqam ala-ala dikələcək başımız.

Vur, əsgərim, vur! - deyə əmr eləyir Komandan

Qoy bir də yurdumuzda tokülməsin nahaq qan.

Qayıtsın Qarabağa yenə xoşbəxt çağımız,

Başımızın üstündə üçrəngli bayrağımız!.."

Geriyə baxmadan qaçan erməni əsgərlərinin vəziyyətini V.İbayev L.N.Tolstoyun təbirincə ifadə edir. Azərbaycan ordusu qaçan heyvanın üzərindəki qamçı rolunu oynamalı idi. Təcrübəli təlimçi isə bilirdi ki: "Qaçan heyvanın başına vurmaq yox, bəlkə qamçını onun başı üzərində saxlamaq, heyvanı qorxutmaq daha faydalıdır".

...Şuşa məğlubiyyətindən sonra qalib Ali Baş Komandan İlham Əliyevin gözləntilərini və Ermənistanın qələcək durumunu  təsvir etmək üçün qədim hərb sənətindən bir fikri səsləndirmək kifayətdir. Frenk Edkok məğlub ordunun durumu ilə əlaqədar yazırdı: "O, Sezarın Pompeyin Farsaldakı vəziyyətini xarakterizə etdiyi kimi idi: "Summae rei diffidens et tamen eventum exspectans" - "Onun öz işinin müvəffəqiyyətinə başqa heç bir ümidi yox idi və o, yalnız döyüşün sonunu gözləyirdi"

Sabir Rüstəmxanlı:

"Azərbaycan içindən doğulur, diqqətlə bax,

Xalqın ruhu bütövsə, bütövdür gələcəyi!"

V.İbayev yazır: "İlham Əliyevin qələbələrin əldə olunmasında mühüm amil kimi dəyərləndirdiyi məsələlərdən biri də xalqın birliyi ilə bağlı idi: "Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik" (səh. 377).

Müasir dövrümüzün böyük şairi Sabir Rüstəmxanlının "Qarabağa dönüş" poemasını oxuyanda  böyük mənəvi zövq almışdım və yeni baxış bucağından birdaha dönüb oxumaq daha xoş təəssürat yaratdı.

V.İbayevin böyük zəhmət, elmi araşdırma, müqayisəli təhlil əsasında yazdığı "Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər" kitabı Qrabağ Zəfərinə növbəti töhfədir.

Əziz oxucular, bu kitabı oxuyun və zövq alın. Bu əsər həm də Azərbaycanın yaradıcı insanlarının Qarabağ Zəfəri ilə bağlı fikir eyniliyinə malik olmalarına, onların həmrəyliyinə dəlalət edir. Hər iki müəlliflə yeni yaradıcılıq uğurları arzulayır, əsərləri ilə bağlı hələ çoxlu xoş sədalar eşidəcəklərinə inanıram.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see120

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri