Icma.az
close
up
RU
“Poeziya nərdivanı”nın şeiriyyət zirvəsi

“Poeziya nərdivanı”nın şeiriyyət zirvəsi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İşıqlı dünyanı tərk edənlərin sırasına daha bir işıqlı şəxsiyyət – Xalq şairi, Əməkdar incəsənət xadimi, Heydər Əliyev mükafatı laureatı (2017), “Şöhrət”, “Şərəf”, “İstiqlal” və “Heydər Əliyev” ordenləri laureatı Nəriman Həsənzadə də qoşulub getdi.

Ulu Yaradan ona 95 il ömür bəxş etdi. O da ağlı kəsəndən şeirə, sənətə könül verdi. Özü bu barədə belə yazıb:

Bir insan ömrünü girov qoymuşam,
Bir şair ömrünü yaşatmaq üçün.

Şair ömrünü layiqincə yaşadan Nəriman Həsənzadə ilk qələm təcrübələrindən diqqət çəkib, tanındıqca sevilib. Şeirləri dillər əzbəri olub. “Dostlar gözləyir məni”, “Yadına düşəcəyəm”, “Nəriman”, “Nabat xalanın çörəyi”, “Sən bağışladın”, “Fikir eləmə”, “Kimin sualı var?”, “Nuru Paşa” və daha neçə kitabı, “Seçilmiş əsərləri” əl-əl gəzib. O, iki әsrin әlәyindәn üzüağ çıxmış, çağdaşımız olmasına baxmayaraq, klassiklәşmiş qələm sahiblərindən idi.

Nəriman Həsənzadənin vəfatı xəbərini eşidəndə bir anlıq onunla olan görüşlərim, aldığım müsahibələr və yazdığım məqalələr gəldi gözlərim önünə. Hər zaman teleekranlarda gördüyüm, qəzet və jurnal səhifələrində əsərlərini oxuduğum şairlə ilk görüşüm vaxtilə Vaqif İbrahimin rəhbərlik etdiyi Gənc yazıçıların respublika ədəbi birliyində olub. Mən də digər gənclər kimi, hüzurunda şeir oxumuşam, başını tərpətməklə bəyəndiyini bildirib. Elə “Ədəbiyyat və incəsənət” qəzetində ilk dəfə şeirlərim də məhz onun baş redaktor olduğu vaxt müavini mərhum Nadir Cabbarlının təqdimatı ilə çap edilib.

Nəriman Həsənzadəni fərqləndirən cəhətlərdən biri də dramaturji yaradıcılığı idi. Xatırlayıram ki, onun “Bütün Şərq bilsin” mənzum dramı Sumqayıt teatrında səhnəyə qoyulmuşdu. Premyerada mən də vardım. Tamaşa böyük uğurla keçdi və teatra ölkə səviyyəsində şöhrət qazandırdı. Sonra əsər Moskvada teatr festivalında da uğurla oynanıldı. Unudulmaz dahi şəxsiyyət Heydər Əliyev də tamaşanı çox bəyənmişdi.

Görüşlərimizdən birində Nəriman müəllimin “Nabat xalanın çörəyi” avtobioqrafik povestini xatırlayaraq dedim ki, şair, mənim də anamın adı Nabatdır. Gülərək cavab verdi: “Bay, sənin qadanı alım, qardaşıq ki...”

Bir neçə il əvvəl həmkarım Səbuhi Məmmədovla şairin qonağı olduq. Ulu öndərin 100 illiyi ilə bağlı Nəriman müəllimdən “XalqTV” üçün yarımsaatlıq müsahibə almaq istədik. O qədər səmimi söhbət etdi ki, müsahibəmiz 45 dəqiqə çəkdi. “Mənim ədəbi taleyim” kitabından Ümummilli liderə həsr etdiyi şeirini də oxudu. Müsahibəni qısaltmağa əlimiz gəlmədi. Dedik, qoy, bu, hər kəsə, ələlxüsus da yaxşılıqları unutmağa meyilli olanlara bir akademik saatlıq dərs olsun.

Həmin görüşdən təxminən yarım il sonra – 2024-cü ilin fevralında onunla zəngləşdik və növbədənkənar prezident seçkilərinin yekunları barədə duyğu və düşüncələrini soruşduq. Böyük sevinclə dedi: “Seçki hüququ olan hər bir vətəndaşımız ölkəmizə inkişaf və Zəfər bəxş edən siyasi kursun davamına səs verdi. Bu seçkinin çox mühüm hadisəsi isə cənab İlham Əliyevin ailəsi ilə birlikdə məhz Xankəndidə səs verməsi oldu. Bu, əsrlərin, dövlətçilik tariximizin əlamətdar hadisəsidir. Başlıca arzumuz torpaqlarımızı işğaldan azad edən siyasi kursun davamıdır və buna görə də biz heç bir alternativi qəbul etmirik”.

Bu il fevralın 18-də Prezident İlham Əliyev şairin 95 illik yubileyi ilə əlaqədar ona təbrik məktubu göndərib. Dövlət başçısı müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini səmimi-qəlbdən təbrik edərək, qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən əsərlərinin onu həmişə ədəbi prosesin ön mövqelərində saxladığını vurğulayıb. Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif edib.

Bütün varlığı ilə doğma Azərbaycana bağlı olan, söz sənətinə ciddi yanaşan şair bu ideallarla da yaşayıb-yaradıb:

Vәtәn oddan keçib, alovdan keçib,
Dönmә, vәtәn oğlu, bu yoldan, and iç.
İstiqlal yolunda millәt and içib,
And içәn millәtә, Nәriman, and iç.

O, ömrü boyu andına sadiq qalıb, Allahdan əmanət olan istedadına, sələflərindən miras qalan ideyalara bir misra ilə də xəyanət etməyib. Eyni zamanda, səmimi, yuxa ürəkli, həssas insan idi Nəriman müəllim. Şeirlərinin birində yazırdı:

Mənim kitabımı ucuz eləyin,
Tələbələr üçün, fəhlələr üçün,
Hardasa, lap kasıb bir nəfər üçün,
Maaşı aşağı olanlar üçün,
Şəhərdə kirayə qalanlar üçün,
Oxumaqdan ötrü alanlar üçün,
Çörək qiymətinə, duz qiymətinə,
Qoy sonra qalxsın o öz qiymətinə…

Bu, oxucularının və əsərlərini oxumaq istəyənlərin çoxluğunu nəzərə alan şairin ağlına gələn təşəbbüs idi. Doğrudan da, onun kitabları zaman-zaman öz qiymətini alıb.

Bir neçə gün bundan əvvəl – XQ-nin 25 iyul tarixli nömrəsində gedən “Zəfər yolçuları” səhifəsində Nəriman müəllimin hərbçi-şair Zəminə Xınalının kitabına yazdığı Ön sözdən iqtibasların geniş yer aldığı “Vətən uğrunda” söz savaşı” adlı məqalə vermiş və yazının linkini ona göndərmişdik. Amma, ağır xəstəliyi üzündən klinikaya yerləşdirildiyi üçün, yəqin ki, oxuya bilməmişdi. Çünki o, belə təqdimatlara daim həssaslıq göstərirdi. Hər yazısı gedəndə zəng edib təşəkkürünü bildirirdi.

Nəriman Həsənzadə poeziyasının gücü sadəliyində, saf xalq dilində olmasında idi. Şeirlərini oxuyanda da elə idi – sanki adamla söhbət edirdi. Söz-söhbəti isə, dahi Şəhriyar demişkən, ağızlar ləzzəti idi. Bax, bu misralarında olduğu kimi:

Yaş gәlib yetişir әlliyә, yüzә,
Ürәk hәssas olur әyriyә, düzә.
Qulağın bir sәsә, gözün bir üzә,
Ağızın bir dada ehtiyacı var.

Onun vəfat etdiyi gün (1 avqust 2026) qəzetimizdə gedən “Xaqanidən üzü bəri, şeirimiz dillər əzbəri” poeziya guşəsində Nəriman Həsənzadənin “And” şeirini vermişik. İlk bəndi belədir:

Kaş sənə bənzəyəydi oğullar da hər zaman,
Ürəklər bir-birinə belə məhrəm olaydı.
Nigaran getməyəydi, atalar da dünyadan,
Kaş nə belə ayrılıq, nə belə qəm olaydı.

Təəssüf ki, şair bu şeirinin çapından xəbərsiz dünyasını dəyişdi və bizi öz ayrılığına, qəminə düçar elədi. Ancaq nə etməli, özü demişkən: “Bu dünya nərdivandır, qalxanda mehribandır, enəndə nə yamandır...”.

Təkcə buna tam əminik ki, xalqın sevilən və unudulmayacaq şairi olduğuna görə Nəriman müəllimin ruhu şaddır. Bir də ona görə ruhu şaddır ki, onu itirəndən sonra haqqında daha çox şeir yazdığı sevimli ömür-gün dostu Sarasının yanına getdi...

Nəriman müəllim dillər əzbəri olan “Nərdivan” şeirində dünyanı, həyatı nərdivana bənzətmişdi. Özü isə poeziya nərdivanının zirvəsinə yüksəlmişdi. Onun zəngin irsi, bəşəri şeiriyyəti həımişə bu zirvədən səslənib, ürəklərdə əks-səda verəcək.

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Avqust 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri