Icma.az
close
up
RU
Praqadan Dublinə uzanan yol 2028 ci ildə Bakıya çatacaq

Praqadan Dublinə uzanan yol 2028 ci ildə Bakıya çatacaq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycanın Avrasiyanın siyasi dialoq xəritəsində mövqeyi genişlənir

Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublin şəhərində işinə başlayan IX Avropa Siyasi Birliyi (ASB) Sammiti Avrasiyanın təhlükəsizlik arxitekturasında Azərbaycan Respublikasının qlobal diplomatik çəkisini nümayiş etdirən növbəti strateji mərhələdir.

“Güclü, təhlükəsiz və əlaqəli Avropa” devizi altında keçirilən toplantı qitə miqyasında dərinləşən geosiyasi ziddiyyətlərin, təhlükəsizlik böhranlarının və çoxtərəfli münasibətlər sistemindəki qeyri-müəyyənliklərin aradan qaldırılması və ortaq yanaşmaların müəyyənləşdirilməsi üçün mühüm platformadır. Rəsmi Bakının təsis olunduğu ilk andan etibarən fəal şəkildə təmsil olunduğu beynəlxalq platforma Cənubi Qafqazın lider dövlətinin Avropa məkanında proseslərin istiqamətini müəyyənləşdirən aparıcı dövlət olduğunu qətiyyətlə sübut edir. Dublin danışıqları rəsmi Bakının Avropa Siyasi Birliyinin növbəti sammitinə ev sahibliyi edəcək paytaxt statusu qazanması baxımından da xüsusi siyasi əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın rəsmi dəvəti ilə IX Avropa Siyasi Birliyi Zirvə toplantısında iştirak etmək üçün Dublinə səfər edib. Dövlət başçısı Konqres Mərkəzində keçirilən açılış plenar sessiyasına qatılıb. Səfər çərçivəsində Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli görüşü keçirilib. Ukrayna Prezidenti Azərbaycan liderini Zəfər Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Görüşdə Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri, eləcə də həmin təmaslar zamanı aparılmış məhsuldar fikir mübadiləsi məmnunluqla xatırlanıb.

Dövlətimizin başçısı, həmçinin Dublində Moldova Prezidenti Maya Sandu ilə də görüşüb. Söhbət zamanı Azərbaycan-Moldova münasibətlərinin inkişaf perspektivləri, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Maya Sandu Azərbaycanın enerji sahəsində Moldova ilə əməkdaşlığına toxunaraq, bu istiqamətdə tərəfdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

***

2022-ci ildə Avropa məkanında siyasi dialoqu, strateji məsləhətləşmələri genişləndirmək məqsədilə təsis edilən ASB platforması qitə dövlətlərinin təhlükəsizlik çağırışlarına ortaq cavab mexanizmləri axtardığı tarixi dönəmdə meydana çıxdı. Avropa İttifaqı hüdudlarını aşan, qitənin şərqi ilə qərbi arasında yeni ünsiyyət kanalları yaratmağı hədəfləyən mexanizmə Azərbaycanın ilkin mərhələdən dəvət alması rəsmi Bakının beynəlxalq münasibətlər sistemindəki strateji yerindən qaynaqlandı. Azərbaycan dövləti qısa müddət ərzində suverenliyin toxunulmazlığı, regional təhlükəsizlik və Ermənistan ilə münasibətlərin beynəlxalq hüquq normaları əsasında normallaşdırılması kimi fundamental məsələləri məhz həmin platformanın gündəliyinə gətirdi.

2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən 1-ci ASB sammiti Azərbaycan-Ermənistan münasibətlərinin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi baxımından tarixi dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi dərin strateji təhlilə söykənən diplomatik gedişlər nəticəsində dördtərəfli formatda aparılan danışıqlar mühüm siyasi bəyannamə ilə yekunlaşdı. Ermənistan tərəfi 1991-ci il tarixli Alma-Ata Bəyannaməsinə istinad edərək Azərbaycanın ərazi bütövlüyünü, habelə Qarabağı ölkəmizin ayrılmaz parçası qismində tanımaq məcburiyyətində qaldı. Dövlət başçısının nümayiş etdirdiyi qətiyyətli mövqe Avropanın aparıcı siyasi institutlarının rəhbərlərinin iştirakı ilə sənədləşdirildi. Həmin razılaşma Qarabağ məsələsini beynəlxalq hüququn aliliyi müstəvisinə gətirərək, separatizmin hər hansı qondarma status iddialarını hüquqi baxımdan tamamilə heçə endirdi.

Praqa görüşünün siyasi nəticələri göstərdi ki, rəsmi Bakı Avropa platformalarından milli maraqların ən yüksək səviyyədə müdafiəsi üçün məharətlə istifadə edir. Bəzi Qərb dairələrinin, xüsusilə Fransanın Cənubi Qafqazda manipulyativ vasitəçilik cəhdləri, qərəzli yanaşmaları məhz Azərbaycan diplomatiyasının prinsipial duruşu qarşısında təsirsiz qaldı. Prezident İlham Əliyev beynəlxalq hüququn selektiv tətbiqi cəhdlərini rədd edərək dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipini müzakirələrin mərkəzinə qoydu. Ermənistanın kapitulyasiya reallıqlarını qitə miqyasında qəbul etməsi sonradan 2023-cü ilin sentyabrında həyata keçirilən 24 saatlıq lokal antiterror əməliyyatı ilə suverenliyin tam bərpasına hüquqi dayaq yaratdı.

Azərbaycanın xarici siyasətində son illər müşahidə olunan dinamika ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolunun lokal çərçivələrlə məhdudlaşmadığını sübuta yetirir. Rəsmi Bakı artıq müxtəlif qütblərdə yerləşən geosiyasi məkanlarda qlobal təşəbbüslər irəli sürür, dövlətlər arasında dialoq platformaları təsis edir, çoxtərəfli əməkdaşlıq mexanizmlərini idarə edən mərkəz kimi çıxış edir. Cənubi Qafqazın hüdudlarını aşan qeyd olunan diplomatik fəallıq qlobal güc balansının formalaşmasında Azərbaycan amilini zəruri elementə çevirdi. Respublikamız Şərq ilə Qərb, Şimal ilə Cənub qütbləri arasında etibarlı təmas körpüsü yaratmaqla beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasına mühüm töhfələr verir.

Gələn il ölkəmiz İslam Əməkdaşlıq Təşkilatına və Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü formatına rəhbərlik edəcək. 2027-ci il Azərbaycan diplomatiyasının coğrafi əhatəliliyi baxımından presedentsiz zirvə mərhələsi olacaq. Müsəlman dünyasının 57 dövlətini sıralarında toplayan ali təşkilata sədrliyin həyata keçirilməsi rəsmi Bakının İslam həmrəyliyinin möhkəmləndirilməsindəki liderlik statusunu təsdiqləyir. Eyni zamanda, Mərkəzi Asiya respublikalarının ali məşvərət mexanizminə rəhbərlik Cənubi Qafqaz ilə Türkistan coğrafiyasının vahid geostrateji məkana inteqrasiyasını təmin edir. Əlavə olaraq, 2027-ci ildə Azərbaycan MDB-nin həmsədri statusunu daşıyaraq postsovet məkanında sabitliyin təmin olunmasında aparıcı söz sahibinə çevriləcək.

Qeyd olunan diplomatik hadisələr sadəcə təqvim ardıcıllığı və ya təşkilati uğurlar kimi qiymətləndirilmir, həmin nailiyyətlərin siyasi mənası qat-qat dərindir. Azərbaycan Avropa və Asiya, Şərq və Qərb, İslam dünyası kimi fərqli geosiyasi məkanlar arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verən universal qüvvəyə çevrilir. Qlobal miqyasda dərinləşən qütbləşmə, beynəlxalq təşkilatların iflic vəziyyətinə düşməsi fonunda rəsmi Bakının nümayiş etdirdiyi balanslaşdırılmış xarici siyasət dünya birliyi tərəfindən alternativsiz inkişaf yolu kimi qəbul olunur. Heç bir kənar diktəyə boyun əyməyən, yalnız milli maraqlara söykənən idarəetmə fəlsəfəsi ölkəmizə ən mürəkkəb siyasi ziddiyyətləri neytrallaşdırmaq imkanı bəxş edir.

Hazırda İrlandiyanın paytaxtı Dublin şəhərində "Güclü, təhlükəsiz və əlaqəli Avropa" mövzusu altında keçirilən ASB-nin IX sammiti qitənin qarşısında duran ən mürəkkəb təhdidləri müzakirəyə çıxarır. Təhlükəsizlik riskləri, qlobal kiberhücumlar, enerji marşrutlarının toxunulmazlığı və geosiyasi rəqabət amilləri toplantının gündəliyində xüsusi yer tutur. Azərbaycan nümayəndə heyətinin Dublində fəal iştirakı ölkəmizin qitə təhlükəsizliyində oynadığı rolu bir daha təsdiqləyir. Qafqazda sabitliyin təmin olunması bütöv Avropanın təhlükəsizliyinə xidmət edir. Dublin danışıqları zamanı Azərbaycanın 2028-ci il sammitinin ev sahibi kimi təqdim olunması paytaxtımızın gələcək qitə arxitekturasının müzakirə ediləcəyi mərkəz olacağını indidən təsbit edir.

***

Avropa İttifaqı daxilindəki bəzi imperialist dairələrin, ermənipərəst lobbi qruplarının illər boyu yürütdüyü qərəzli siyasət Azərbaycanın ASB formatındakı ardıcıl qələbələri ilə tam iflasa uğradı. Fransanın rəhbərliyi altında Avropa Parlamentində qəbul edilən əsassız qətnamələr, sanksiya hədələri rəsmi Bakının qitə miqyasındakı strateji mövqelərini sarsıda bilmədi. Əksinə, Avropa liderlərinin 2028-ci il sammitinin Bakıda keçirilməsinə yekdilliklə səs verməsi Qərbdəki qərəzli mərkəzlərin diplomatik təcrid vəziyyətinə düşdüyünü göstərdi. Avropa dövlətləri anlayırlar ki, Cənubi Qafqazda Azərbaycanın iştirakı olmadan sabitlik yaratmaq, nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyini təmin etmək xülyadır. Real siyasət prinsipləri ideoloji qərəzlərə qalib gəldi.

2022-ci ildə Praqa sammitində əsası qoyulan hüquqi təməllər, Dublin görüşü və 2027–2028-ci illər üçün nəzərdə tutulan sədrlik Azərbaycanın beynəlxalq siyasətdə mövqeyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. İslam dünyasından Avropaya, postsovet məkanından Mərkəzi Asiyayadək geniş coğrafiyanı əhatə edən çoxtərəfli əməkdaşlıq platformalarında rəhbər mövqelərin tutulması Azərbaycanın artan beynəlxalq nüfuzunun, siyasi çəkisinin və suveren dövlət kimi gücünün bariz təzahürüdür.

Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycan gələcək onilliklərdə də Avrasiya məkanında sülhün, ədalətin və beynəlxalq hüququn müdafiəsində mühüm rol oynamağa davam edəcək.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri