Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoq konsepsiyası

Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoq konsepsiyası

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu yanaşmanın əsasında azərbaycançılıq, milli kimlik və ideoloji təhlükəsizlik dayanır

Prezident İlham Əliyevin 27 oktyabr 2026-cı il tarixində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı Azərbaycanın müasir dövrdə mədəniyyətlərarası münasibətlərə, qloballaşan dünyada milli kimliyin qorunmasına, dövlət suverenliyinə və ideoloji təhlükəsizliyə dair mövqeyinin bəyanı və strateji hədəflərinin ifadəsidir. Çıxışın əhəmiyyəti yalnız beynəlxalq dialoq platformasında səsləndirilən siyasi mesajlarla məhdudlaşmır, burada müasir Azərbaycan dövlətinin siyasi-iqtisadi və milli-mədəni inkişaf modelinin əsas prinsipləri, tarixi təcrübəsi və strateji baxışları da ifadə olunur.

Prezidentin çıxışında diqqətçəkən əsas məqamlardan biri mədəniyyətlərarası dialoqun Azərbaycanın tarixi və ictimai təcrübəsi ilə əlaqələndirilməsidir. Dövlət başçısı ölkəmizin əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğunu, multikulturalizm ənənələrinin, dini və etnik dözümlülüyün xalqımızın həyat tərzində mühüm yer tutduğunu vurğulayır. Bununla yanaşı, Azərbaycan cəmiyyətinin həmrəyliyinin və milli ideyalar ətrafında birliyinin dövlətin sabit inkişafının əsas şərtlərindən biri olduğunu qeyd edir. Bu yanaşmada multikulturalizm müxtəlif etnik və dini qrupların yanaşı mövcudluğu deyil, qarşılıqlı hörmətə, ortaq vətəndaşlıq məsuliyyətinə və azərbaycançılıq ideyasına əsaslanan ictimai münasibətlər sistemi kimi təqdim olunur.

Bu yanaşmanın konseptual əhəmiyyəti milli kimliyin qorunması ilə mədəni müxtəlifliyin yaşadılmasının bir-birinə zidd proseslər olmadığı fikrində üzə çıxır. Əksinə, sağlam milli birlik fərqli etnik və mədəni mənsubiyyətlərin ümumi dövlətçilik və vətəndaşlıq müstəvisində birləşməsini nəzərdə tutur. Azərbaycançılıq ideyası bu baxımdan ölkəmizdə yaşayan bütün xalqları və etnik qrupları ortaq tarixi-mədəni məkan, dövlətçilik ənənəsi və gələcək hədəflər ətrafında birləşdirən mühüm ideoloji əsasdır.

Azərbaycançılığın birləşdirici mahiyyəti ölkə daxilindəki ictimai həmrəyliklə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ortaq milli mənsubiyyət, dil, tarixi yaddaş və Vətənlə mənəvi bağlılıq müstəvisində birliyini də ehtiva edir. Beləliklə, azərbaycançılıq həm ölkə daxilində müxtəlif etnik və dini qrupların vahid dövlətçilik məkanı ətrafında inteqrasiyasını, həm də dünya azərbaycanlılarının milli-mədəni bağlılığının qorunmasını və möhkəmlənməsini ehtiva edir. Bu baxımdan, onun mahiyyətində vətəndaş həmrəyliyi ilə ümummilli identiklik bir-birini tamamlayan iki mühüm istiqamət kimi birləşir.

Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq təşəbbüsləri də təsadüfi xarakter daşımır. 2011-ci ildən etibarən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi, bu platformanın beynəlxalq miqyasda genişlənməsi və müxtəlif təşkilatlarla əməkdaşlığın inkişafı ölkəmizin mədəniyyətlərarası münasibətlərə verdiyi əhəmiyyətin göstəricisidir. Prezidentin çıxışında Azərbaycanın dialoq və qarşılıqlı anlaşma platforması kimi təqdim olunması bu siyasətin mahiyyətini ifadə edir. Belə bir siyasət yalnız beynəlxalq münasibətlərdə deyil, ölkə daxilində ictimai həmrəyliyin, qarşılıqlı etimadın və mədəni müxtəlifliyə hörmətin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.

Bu məqamda mədəniyyətlərarası dialoqun mühüm bir tərəfinə – kollektiv yaddaşa və folklora nəzər salmaq zərurəti yaranır. Çünki mədəniyyətlərarası münasibətlər yalnız rəsmi siyasi bəyanatlar, hüquqi normalar və institusional mexanizmlərlə formalaşmır. Bu münasibətlərin dərin qatında xalqların tarixi təcrübəsi, yaddaş formaları, inancları, gündəlik davranış modelləri və bir-biri haqqında təsəvvürləri dayanır. Folklor məhz həmin təcrübənin qorunduğu, ötürüldüyü və hər yeni tarixi şəraitdə yenidən mənalandırıldığı mədəni sistemdir.

Folkloru yalnız keçmişdən miras qalmış mətnlər və ənənələr toplusu kimi qiymətləndirmək onun ictimai funksiyasını məhdudlaşdırardı. Nağıllar, dastanlar, əfsanələr, inanclar, atalar sözləri və digər folklor nümunələri xalqın dünyanı necə dərk etdiyini, özünü hansı tarixi və mədəni müstəvidə təsəvvür etdiyini, başqa toplumlarla münasibətlərini necə qurduğunu öyrənmək üçün mühüm mənbələrdir. Beləliklə, folklor kollektiv yaddaşın ifadəsi olmaqla yanaşı, milli kimliyin formalaşmasında, davamlılığında və başqa mədəniyyətlərlə münasibətlərin mənalandırılmasında iştirak edən canlı mədəni mexanizmdir.

Mədəniyyətlərarası dialoq baxımından folklorun funksiyası birmənalı xarakter daşımır. O, ortaq dəyərləri, qarşılıqlı anlaşmanı və mədəni yaxınlığı ifadə edə bildiyi kimi, müəyyən stereotiplərin, “biz” və “başqaları” arasındakı fərqləndirmələrin yaranmasına və ötürülməsinə də təsir göstərə bilər. Buna görə folklorun elmi tədqiqi yalnız milli irsin təsviri və qorunması deyil, həm də cəmiyyətdə mədəni münasibətlərin, kollektiv təsəvvürlərin və sosial davranış modellərinin anlaşılması baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, bu istiqamətdə AMEA Folklor İnstitutunda həyata keçirilən “Azsaylı xalqların folkloru” çoxcildlik nəşr layihəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda yaşayan müxtəlif etnik qrupların folklor nümunələrinin toplanması və nəşri ölkəmizin mədəni müxtəlifliyinin öyrənilməsi baxımından mühüm addımdır. Layihənin əhəmiyyəti ayrı-ayrı folklor mətnlərinin qorunması ilə yanaşı, onların arxasında dayanan dünyagörüşünün, sosial münasibətlərin, mərasim təcrübələrinin və mədəni özünəməxsusluğun öyrənilməsindən ibarətdir. Bu baxımdan nəşr layihəsi ölkəmizin mədəni müxtəlifliyinin elmi şəkildə sənədləşdirilməsinə və öyrənilməsinə xidmət edir.

Milli kimliyin formalaşmasında və davamlılığında mədəni yaddaşın digər mühüm tərəfi onun məkanla bağlılığıdır. Xalqın tarixi həm də nəsillərin yaşadığı, mərasimlərini keçirdiyi, mif və rəvayətlərini yaratdığı məkanlar vasitəsilə yadda qalır. Coğrafi məkan folklorda sadəcə hadisələrin baş verdiyi yer deyil: o, kollektiv təcrübənin, mənəvi bağlılığın, sosial münasibətlərin və tarixi mənsubiyyətin daşıyıcısıdır. Bu səbəbdən məkan yaddaşının folklor materialları əsasında öyrənilməsi milli kimliyin tarixi-mədəni əsaslarının üzə çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır.

AMEA Folklor İnstitutunda həyata keçirilən “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin nəşri, Qarabağ və Şərqi Zəngəzur folklorunun öyrənilməsi də milli-mədəni yaddaşın məkanla bağlılığının başqa bir müstəvisini təşkil edir. Bu ərazilərin folklor irsi xalqımızın tarixi təcrübəsini, yerli mədəni ənənələrini, məkan təsəvvürlərini, mərasimlərini, inanclarını və sosial həyatını əks etdirir. İşğaldan azad edilmiş ərazilərdə folklor irsinin toplanması və sənədləşdirilməsi həmin torpaqların mədəni-mənəvi tarixinin öyrənilməsinə, yerli ənənələrin araşdırılmasına və kollektiv yaddaşın müasir ictimai-mədəni həyatda aktuallaşdırılmasına xidmət edir.

Böyük Qayıdışın mədəni ölçüsü də məhz bu kontekstdə anlaşılmalıdır. İnsanların doğma torpaqlarına qayıtması ilə yanaşı, həmin məkanlara bağlı sosial münasibətlərin, ailə və sosiumla bağlı xatirələrinin, mərasim təcrübələrinin, yerli folklor ənənələrinin bərpası və yeni şəraitdə davam etdirilməsi də mühüm əhəmiyyət daşıyır. Bu proses yaddaşda qorunan məkanla real yaşayış məkanı arasındakı əlaqənin yenidən qurulmasını nəzərdə tutur. Ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpasından sonra yaranmış yeni tarixi şəraitdə mədəni yaddaşın reaktuallaşdırılması, yerli folklor ənənələrinin öyrənilməsi və yaşadılması Böyük Qayıdışın humanitar məzmununu zənginləşdirən amillərdəndir.

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında ideoloji risklərin fiziki təhlükələr qədər ciddi xarakter daşıdığının vurğulanması müasir dövrün təhlükəsizlik anlayışına daha geniş kontekstdən yanaşmağı zəruri edir. Dövlət başçısının bu mövqeyi 2026-cı il oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqində də aydın şəkildə ifadə olunmuşdu. Həmin çıxışında Prezident ideoloji təxribatların sərhəd tanımadığını, xüsusilə internet, kiberhücumlar və süni intellekt mühitində yeni risklərin meydana çıxdığını bildirmiş, bu təhlükələrin qarşısının alınmasında təhsil, bilik, vətənpərvərlik və müasir ideoloji işin əhəmiyyətini vurğulamışdı.

Bəlli olduğu kimi, müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsal platformaların ictimai münasibətlərə təsirinin artması, süni intellekt sistemlərinin informasiya istehsalı və yayımında geniş tətbiqi ideoloji təhlükəsizliyin məzmununu və sərhədlərini dəyişdirir. Alqoritmik texnologiyalar artıq yalnız informasiyanın ötürülməsini təmin etmir. Onlar informasiyanın seçilməsinə, sıralanmasına, yayılma sürətinə və müxtəlif auditoriyalara təsir imkanlarına da müdaxilə edir. Sosial şəbəkələr vasitəsilə yayılan manipulyativ məzmun, saxta informasiya, kontekstdən çıxarılmış tarixi faktlar və cəmiyyətə yad ideoloji təsirlər bu yeni kommunikasiya mühitində daha mürəkkəb xarakter alır.

Bu baxımdan informasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm komponentlərindən biri kimi həm texnoloji-rəqəmsal, həm də ideoloji məzmun müstəvisində nəzərdən keçirilə bilər. Bu istiqamətlər bir-biri ilə sıx əlaqəli olsa da, fərqli mahiyyət və təminat mexanizmlərinə malikdir. Texnoloji-rəqəmsal təhlükəsizlik informasiya resurslarının, kommunikasiya sistemlərinin, rəqəmsal infrastrukturun və texnoloji platformaların qorunmasını, idarə olunmasını və dayanıqlılığını əhatə edir. İdeoloji təhlükəsizlik isə informasiya mühitində yayılan məzmunun cəmiyyətin milli kimliyinə, tarixi yaddaşına, dəyərlər sisteminə, dövlətçilik təsəvvürlərinə və ictimai həmrəyliyinə təsirlərini nəzərə alır.

İnformasiya təhlükəsizliyinin birinci istiqaməti texnoloji-rəqəmsal təhlükəsizlik və suverenliklə bağlıdır. Texnoloji suverenlik anlayışı dövlətin rəqəmsal infrastrukturunu, informasiya resurslarını, kommunikasiya sistemlərini və texnoloji platformalarını milli maraqlara uyğun şəkildə idarə etmək, qorumaq və inkişaf etdirmək imkanlarını əhatə edir. Buraya kibertəhdidlərin aşkarlanması və qarşısının alınması, məlumatların təhlükəsizliyinin təmin edilməsi, kritik informasiya infrastrukturunun dayanıqlılığı, süni intellekt texnologiyalarının mənimsənilməsi, yerli texnoloji və elmi potensialın inkişafı, eləcə də rəqəmsal mühitdə yaranan risklərə operativ reaksiya vermək qabiliyyəti daxildir.

Texnoloji suverenlik rəqəmsal müstəqillik və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Belə şəraitdə texnoloji bilik, peşəkar kadr potensialı, rəqəmsal bacarıq və səriştələr, elmi tədqiqat imkanları, müasir təhlükəsizlik həlləri milli təhlükəsizliyin mühüm şərtlərinə çevrilir. Texnoloji suverenlik xarici texnoloji mühitdən təcrid olunmaq deyil, qlobal texnoloji sistemlərdə iştirak edərkən milli maraqları qorumaq, asılılıq risklərini idarə etmək və zəruri texnoloji imkanlara sahib olmaqdır.

Azərbaycan dövlətinin son illərdə rəqəmsal inkişaf, süni intellekt, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrində həyata keçirdiyi siyasət bu baxımdan xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” və “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” bu istiqamətdə dövlət siyasətinin əsas strateji sənədlərindəndir. 2026-cı il fevralın 27-də yaradılmış və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrlik etdiyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası isə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində dövlət siyasətinin əlaqələndirilməsi baxımından mühüm institusional mexanizmdir.

Bu siyasətin uğurla həyata keçirilməsi üçün texnoloji infrastrukturun inkişafı ilə yanaşı, cəmiyyətin rəqəmsal savadlılığının artırılması, vətəndaşların informasiya mənbələrini tənqidi qiymətləndirmək, saxta və manipulyativ məzmunu tanımaq, şəxsi məlumatlarını qorumaq və rəqəmsal mühitdə təhlükəsiz davranmaq bacarıqlarının inkişaf etdirilməsi də vacibdir.

İnformasiya təhlükəsizliyinin ikinci istiqaməti ideoloji təhlükəsizliklə bağlıdır. Bu istiqamət texnoloji platformalarda yayılan məzmunun mahiyyətini, semantik xüsusiyyətlərini və cəmiyyətə mümkün təsirlərini əhatə edir.

Bu kontekstdə azərbaycançılıq ideyası milli ideoloji təhlükəsizliyin mühüm məzmun dayaqlarından biri kimi dəyərləndirilməlidir. Çünki milli kimliyin, tarixi yaddaşın, dövlətçilik ənənələrinin və ortaq milli maraqların qorunması cəmiyyətin müxtəlif ideoloji təsirləri dəyərləndirməsi üçün zəruri mənəvi-intellektual meyarlar formalaşdırır. Azərbaycançılıq bu baxımdan milli özünüdərkin, ictimai həmrəyliyin və dövlətçilik düşüncəsinin möhkəmlənməsinə xidmət edən ideoloji əsasdır. Rəqəmsal kommunikasiya mühitində bu ideyanın müasir məzmun və ifadə formaları ilə təqdim olunması, xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərlə əlaqəsinin möhkəmləndirilməsi ideoloji təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır.

Beləliklə, informasiya təhlükəsizliyinin texnoloji-rəqəmsal və ideoloji istiqamətləri bir-birini tamamlayır. Texnoloji müdafiə informasiya sistemlərinə müdaxilənin qarşısını ala bilər, lakin cəmiyyətin şüuruna və dəyərlər sisteminə yönələn manipulyativ təsirləri təkbaşına aradan qaldıra bilməz. Bunun üçün insanın informasiya məzmununu dərk etmək, onun mənşəyini və məqsədini müəyyənləşdirmək, tarixi və mədəni kontekstini qiymətləndirmək qabiliyyəti formalaşdırılmalıdır.

Məhz bu məqamda humanitar və sosial elmlərin, xüsusilə folklorşünaslığın ideoloji təhlükəsizlik sistemindəki potensialı üzə çıxır. Çünki ideoloji dayanıqlılıq yalnız texnoloji müdafiə vasitələri ilə deyil, həm də cəmiyyətin dəyərlər sistemi, tarixi yaddaşı, kollektiv kimliyi və mənəvi özünüdərki əsasında formalaşır. Bu dəyərlər sistemi nəsillərin tarixi təcrübəsindən, ictimai münasibətlərindən, mənəvi seçimlərindən və kollektiv mühakiməsindən süzülərək yaranır. Onların mühüm bir qismi folklor mətnlərində və ənənələrində qorunur.

Xalqın dastanlarında, nağıllarında, atalar sözlərində və digər folklor formalarında yalnız bədii təxəyyül deyil, həm də uzunmüddətli ictimai təcrübənin nəticələri, davranış modelləri ifadə olunur. Bu mətnlərdə və ənənələrdə xalqın ədalət, mərdlik, vətənə bağlılıq, ailə, qarşılıqlı məsuliyyət və insan münasibətləri haqqında təsəvvürləri müxtəlif obrazlar, süjetlər və semantik modellər vasitəsilə sabitləşmişdir. Folklorun əhəmiyyəti də məhz ondadır ki, bu dəyərlər mücərrəd ideyalar şəklində deyil, konkret həyat situasiyaları, obrazlar, konfliktlər və davranış nümunələri vasitəsilə kollektiv yaddaşa daxil olur.

Bu baxımdan folkloru milli-mənəvi dəyərlərin qorunduğu və nəsillər arasında ötürüldüyü canlı mədəni yaddaş sistemi kimi səciyyələndirmək mümkündür. Folklorik mətnlərdə kristallaşmış mənəvi təcrübə cəmiyyətin özünü dərk etməsinə, tarixi-mədəni mənsubiyyətini anlamasına və müasir hadisələri öz dəyərlər sistemi daxilində qiymətləndirməsinə kömək edə bilər. Lakin yad ideoloji təsirlərə qarşı müqavimətin hazır və avtomatik mexanizmi deyil. Daha dəqiq desək, folklor milli özünüdərkin və mədəni dayanıqlılığın formalaşması üçün mühüm intellektual və mənəvi resursdur. Onun bu potensialı elmi tədqiqat, təhsil, maarifləndirmə və müasir kommunikasiya vasitələri ilə əlaqələndirildikdə daha səmərəli şəkildə reallaşa bilər. Bu mənada, folkloru milli-mədəni immunitet sisteminin formalaşmasında iştirak edən mühüm mexanizmlərdən biri kimi də dəyərləndirmək olar. Çünki folklorda qorunan kollektiv təcrübə cəmiyyətə yalnız öz tarixi-mədəni mənsubiyyətini dərk etmək imkanı vermir, həm də müxtəlif ideoloji təsirləri milli-mənəvi dəyərlər kontekstində tanımaq, müqayisə etmək və qiymətləndirmək üçün mənəvi-intellektual meyarlar təqdim edir. Xalqın epik təfəkküründə, inanc və davranış modellərində, atalar sözləri və məsəllərində, tarixi yaddaşında əks olunan bu təcrübə mürəkkəb və böhranlı şəraitlərdə mövqe seçmək, qərar vermək və özünümüdafiə strategiyası müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır. Beləliklə, folklorun milli immunitet sistemindəki rolu yad təsirləri mexaniki şəkildə rədd etməkdən deyil, onları milli kimlik və dəyərlər müstəvisində mənalandırmaq, təhlil etmək və onlara münasibətdə şüurlu mövqe formalaşdırmaq potensialından irəli gəlir.

Burada mühüm bir məqamı da nəzərə almaq lazımdır: ideoloji təhlükəsizlik milli kimliyin dəyişməz və qapalı modelini yaratmaq, yaxud xarici mədəniyyətlərə münasibətdə təcridçilik mövqeyi tutmaq demək deyil. Mədəniyyətlərarası dialoqun mahiyyəti də fərqli mədəni təcrübələrlə qarşılıqlı əlaqəni nəzərdə tutur. Əsas məsələ yad olan hər şeyi təhlükə kimi qəbul etmək deyil, milli-mədəni yaddaşın təhrif olunmasına, tarixi faktların manipulyasiyasına, kollektiv kimliyin qarşıdurma və parçalanma vasitəsinə çevrilməsinə yönəlmiş təsirləri elmi və tənqidi şəkildə müəyyənləşdirməkdir. Folklorşünaslıq bu baxımdan yalnız ənənəvi mətnlərin məzmununu deyil, onların rəqəmsal mühitdə necə təqdim olunduğunu, hansı kontekstlərdə yenidən mənalandırıldığını və ictimai diskursda hansı məqsədlərlə istifadə edildiyini də araşdırmalıdır.

Bu istiqamətdə humanitar və sosial elmlərin qarşısında iki mühüm vəzifə dayanır. Birincisi, milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və kollektiv kimliyin elmi əsaslarla öyrənilməsi, onların müasir cəmiyyət üçün əhəmiyyətinin müəyyənləşdirilməsidir. İkincisi, əldə edilən elmi biliklərin təhsil, media, rəqəmsal platformalar və ictimai maarifləndirmə vasitəsilə cəmiyyətə çatdırılmasıdır.

Prezident İlham Əliyevin forumun açılış mərasimindəki çıxışında xalqımızın son iki əsrdə müstəqil dövlətçilikdən məhrum olmasına baxmayaraq, milli dəyərlərini, dilini, ənənələrini və həyat tərzini qoruyub saxlaması xüsusi vurğulanır. Bu fikir milli kimliyin yalnız dövlətçilik institutları ilə deyil, həm də tarixi yaddaş, dil və mənəvi-mədəni ənənələr vasitəsilə qorunaraq nəsillər arasında ötürüldüyünü göstərir. Xüsusilə dil bu davamlılığın əsas daşıyıcılarından biri, kollektiv özünüdərkin və milli mənsubiyyətin mühüm ifadə vasitəsidir. Müasir rəqəmsal transformasiyalar şəraitində isə dilin qorunması və inkişafı məsələsi yeni məzmun qazanaraq ideoloji təhlükəsizliyin mühüm istiqamətlərindən biri kimi linqvistik təhlükəsizlik problemini aktuallaşdırır.

Bu məsələdə Azərbaycan dilinin mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dilinin qorunması yalnız orfoqrafik və qrammatik normalara əməl edilməsi ilə məhdudlaşmır. Bu, dilin ictimai həyatın bütün sahələrində, təhsildə, elmdə, mediada, rəqəmsal platformalarda və süni intellekt texnologiyalarında işlək və funksional mövqeyinin təmin olunmasını da nəzərdə tutur.

Müasir dövrdə ana dilinin qorunması məsələsinə yalnız ənənəvi dil mühafizəsi çərçivəsindən yanaşmaq kifayət deyil. Dilin rəqəmsal gələcəyi onun yeni kommunikasiya mühitində iştirakından, texnoloji imkanlardan istifadə səviyyəsindən və milli dil şüurunun davamlı inkişafından asılıdır. İnternet və sosial şəbəkələrdə yaranan yeni ifadə formalarını, kollektiv yaradıcılıq nümunələrini, memləri və digər folklorik məzmunları yalnız dilin pozulması və ya normadan kənara çıxma kimi qiymətləndirmək doğru olmazdı. Bu hadisələrin arxasında yeni sosial-mədəni və kommunikativ proseslər dayanır. Onların elmi şəkildə öyrənilməsi dilimizin dəyişən mühitdəki funksional imkanlarını daha düzgün anlamağa kömək edir.

Folklor təfəkkürü bu prosesdə də mühüm rol oynayır. Xalqın tarixi təcrübəsi əsasında formalaşmış kollektiv düşüncə modeli yeni dil elementlərini və mədəni təsirləri öz daxili dəyərlər sistemi ilə əlaqələndirərək mənalandırır. Bu baxımdan folklor təfəkkürü milli-mədəni yaddaşın davamlılığını təmin edən və yeni təsirlərin cəmiyyət tərəfindən mənimsənilməsində iştirak edən mühüm mexanizmdir. Lakin bu mexanizm öz-özünə və avtomatik işləmir. Onun davamlılığı milli dil şüurunun, təhsilin, elmi tədqiqatların və keyfiyyətli mədəni məzmun istehsalının inkişafı ilə bağlıdır.

Süni intellekt texnologiyalarının sürətli inkişafı bu vəzifələri daha da aktuallaşdırır. Azərbaycan dilinin rəqəmsal mühitdə mövqeyinin möhkəmləndirilməsi üçün yalnız texniki vasitələrin mövcudluğu kifayət etmir. Dilimizin zəngin folklor materialları, tarixi mətnləri, dialektoloji xüsusiyyətləri, şifahi nitq nümunələri və müasir rəqəmsal yaradıcılıq materialları sistemli şəkildə toplanmalı, rəqəmsallaşdırılmalı və elmi dövriyyəyə daxil edilməlidir. Bu, həm dilin texnoloji imkanlarının genişlənməsi, həm də milli mədəni yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır.

Bütün bunlar folklorşünaslığın qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Folklorşünaslıq yalnız ənənəvi mətnlərin toplanması və təhlili ilə kifayətlənməməli, rəqəmsal mühitdə yaranan folklorik məna və kommunikasiya formalarını da araşdırmalıdır. İnternet folkloru, alqoritmik kommunikasiya, süni intellektin mədəni məzmun istehsalına təsiri və virtual icmaların kollektiv yaradıcılıq təcrübəsi müasir folklorşünaslığın aktual tədqiqat istiqamətlərinə çevrilir. Bu istiqamətdə aparılan araşdırmalar milli mədəniyyətin dəyişən texnoloji mühitdə necə təmsil olunduğunu, hansı məzmunların yayıldığını və kollektiv yaddaşın hansı yeni formalarda ifadə edildiyini anlamağa imkan verir.

Beləliklə, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında səsləndirdiyi fikirlər mədəniyyətlərarası münasibətləri, milli birliyi, tarixi yaddaşı və ideoloji təhlükəsizliyi vahid strateji müstəvidə dəyərləndirmək üçün mühüm əsas yaradır. Bu çıxışda ifadə olunan yanaşma Azərbaycanın dövlətçilik təcrübəsinə, milli-mədəni özünəməxsusluğuna və müasir dünyada müstəqil mövqeyinə söykənir. Prezidentin bu siyasətini ölkəmizin milli maraqlarının, milli-mənəvi dəyərlərinin və dövlət suverenliyinin qorunması baxımından ardıcıl və strateji əhəmiyyət daşıyan siyasi kurs kimi qiymətləndirilməlidir.

Bu kursun davamlılığı isə yalnız dövlət siyasəti və institusional fəaliyyətlə deyil, cəmiyyətin hər bir üzvünün, xüsusilə ziyalıların, alimlərin, müəllimlərin və mədəniyyət xadimlərinin məsuliyyətli mövqeyi ilə bağlıdır. Milli kimlik, dil, tarixi yaddaş və mədəni irs məsələləri yalnız müəyyən sahələrin və ya qurumların vəzifəsi deyil. Bunlar ümummilli məsuliyyət tələb edən məsələlərdir.

Hikmət QULİYEV,
AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2026 00:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri