Professor Məqsəd Səttarovun 100 illik yubileyinə və unudulmaz xatirəsinə ithaf olunur
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çətin ki, fəlsəfənin düşüncələr və kəşflərin yalnız bir-birini qarşılıqlı surətdə əlaqələndirdiyi, şərtləndirdiyi deyil, həm də insanın xasiyyəti, başqaları ilə münasibətləri və onun taleyi ilə bağlılıqda bulunduğu xüsusi bir elm sahəsi olduğu ilə kimsə mübahisə edər.
Görkəmli Azərbaycan müəllimi, fəlsəfə elmləri doktoru, professor, Elmlər Akademiyasının müxbir üzvü Məqsəd Məhəmmədəli oğlu Səttarovun həyat və yaradıcılığı bu fikrimizi təsdiq edir. O, uzun illər boyu Elmlər Akademiyası sistemində çalışmış, Fəlsəfə Kafedrasına rəhbərlik etmiş, o zamanlar peşə seçimindən asılı olmayaraq fəlsəfədən imtahan verən və bunun, onların fikrincə, alim karyeralarına əsla mane olmadığını, əksinə, təfəkkürlərinin daha məntiqli olmasına kömək etdiyini, dünyagörüşlərini genişləndirdiyini etiraf edən bütün alimlər arasında xüsusi nüfuz sahibi olmuşdur.
Məqsəd müəllim 1925-ci il mayın 13-də ovaxtkı Qazax qəzasının (9 dekabr 1867-1929) Poylu kəndində ziyalı ailəsində anadan olub, II Dünya müharibəsində iştirak edib, ağır yaralandıqdan sonra Vətənə qayıdaraq müəllimliyini davam etdirib. Qeyd etmək lazımdır ki, biz azərbaycanlılar dünyaya göz açdığımız yurda həmişə xüsusi hüsn-rəğbət bəsləyirik, Qazax bölgəsi isə bir çox məşhur Azərbaycan maarifçi və şairlərinin doğulduğu yerdir. Görünür, elə buna görə də o, sonralar, elmi karyerası illərində Azərbaycan təhsili və mədəniyyətinin xüsusiyyətlərinin dərkinə müraciət edərək, kiçik Vətənini, onun gözəlliyini, məktəblərini, xüsusi ab-havasını və orada müəllimliyə, təhsilə göstərilən ehtiramı həmişə qeyri-adi mehribanlıqla xatırlayırdı.
Məqsəd Səttarov yüksəkkeyfiyyətli fəlsəfə olmadan fundamental tarix elmi yaratmağın çətin olduğunu yaxşı başa düşərək, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) tarix fakültəsinin nəzdindəki fəlsəfə şöbəsinə daxil olur. 1950-ci ildə ADU-da təhsilini müvəffəqiyyətlə, fərqlənmə diplomu ilə başa çatdırır və elə həmin il Universitetin aspiranturasına qəbul olunur və onu bitirən kimi fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edir. O dövrdə ölkədə alim az idi və alimlik dərəcəsi layiqli ehtiram doğururdu, çünki bu, onun sahibinin xüsusi elmi statusundan xəbər verirdi. Məqsəd Səttarovun aspiranturada oxuduğu illər ərzində nüfuz qazandığını, zəhmətkeş və istedadlı, uğurlu tədqiqatçı olduğunu sonralar onun tələbə yoldaşları olmuş akademik Firidun Köçərli, müxbir üzv Ziyəddin Göyüşov və o dövrün bir çox başqa filosof və tarixçiləri xatırlayırdılar. Tezliklə Məqsəd Səttarov fəlsəfə kafedrasında baş müəllim, sonra isə dosent vəzifələrində çalışmağa başlayır. Bununla belə, düşünürük ki, onu elmi fəaliyyət, filosof alim karyerası daha çox cəlb edirdi və bu səbəbdən artıq 1950-ci illərin sonlarından etibarən o, taleyini ömürlük olaraq Fəlsəfə İnstitutu ilə bağlayır. Demək lazımdır ki, Fəlsəfə İnstitutunun özünəməxsus aurası var idi və indi də vardır. Düşünürük ki, vaxtilə burada işləyən və indi də çalışanların arasında onu sözdə sevən də, bəyənməyən də ola bilər, lakin karyerasını onunla əlaqələndirənlər, göründüyü kimi, həyatlarını onunla möhkəm bağlamış olurlar. Bu İnstitutun profili və adı bir neçə dəfə dəyişib. Lakin o, həmişə ölkədə fəlsəfi araşdırmaların mərkəzində olub; onun filosofları ondan kənarda da tanınıb və tanınır, onların vəzifə və dərəcələrinə, ən əsası isə biliklərinə hörmət edilib və göstərilir. Xatırladaq ki, ötən əsrin 60-80-ci illərində ovaxtkı Orta Asiya respublikalarında Müdafiə Şuraları olmadığından onların alimləri dissertasiyalarını bu cür şuraların olduğu bizim Fəlsəfə və Hüquq İnstitutunda müdafiə edirdilər. İnstitutun aparıcı mütəxəssislərindən biri kimi Məqsəd Səttarov isə ənənəvi olaraq həmin şuraların tərkibinə daxil edilirdi və onun sözü geniş Sovet İttifaqı məkanında olduqca keçərli idi. Həmin dövrdə o, Dialektik və Tarixi Materializm Şöbəsinin müdiri vəzifəsində çalışırdı. İndi, əlbəttə, bütün bunlar fəlsəfənin mühüm inkişaf təmayülü deyil, amma o zaman bu, əsas fəlsəfi fənn sayılırdı və təbii ki, belə bir şöbəyə ölkənin ən nüfuzlu filosoflarından biri rəhbərlik etməli idi. Məqsəd müəllimin Elmlər Akademiyasının Fəlsəfə Kafedrasının müdiri təyin edilməsi, Akademiyanın müxbir üzvü seçilməsi yəni o vaxt ölkədəki bütün filosofların biliklərini yoxlamaq üçün bir növ kart-blanş, tam sərbəstlik alması bu nüfuzun varlığına şəhadət edirdi. Fəlsəfədən imtahan vermək isə asan iş deyildi: bunun üçün sən çox şey bilməli, belə demək caizsə, biliklərinin mötəbərliyi sınağından keçməli idin. Bunları sonralar 1970-1990-cı illərdə İnstitutun filosofu olmuş indiki tanınmış əməkdaşlarından bəziləri, o cümlədən Eynulla Mədətli (direktor müavini), Rəna Mirzəzadə və Sakit Hüseynov (şöbə müdirləri) xatırlayırlar. Hazırda onların hamısı artıq elmlər doktoru və görkəmli alimlərdir. Bununla belə, Məqsəd müəllimin tələbkarlığını və bilik zənginliyini, eyni zamanda, gənc və perspektivli alimlərə göstərdiyi qayğıkeş münasibəti unutmayıblar.
Alimlərdən söz düşəndə onların seçib keçdikləri yol, kitabları, məqalələri yada düşür. Məqsəd Səttarov təxminən otuz ildən çox Fəlsəfə Kafedrasına rəhbərlik etmiş və fəlsəfə, din, ontologiya, qnoseologiya və etikanın bir çox aktual problemlərinə həsr olunmuş otuz kitab, monoqrafiya və çoxsaylı məqalələr yazmışdır. Onun tələbələrindən biri hesablamışdır ki, həcm etibarilə bu, 200-dən çox çap vərəqinə bərabərdir. Bəli, o illərdə əsər dərc etdirmək çətin idi, bunun üçün bir çox maneələri keçməli, hər bir sətir üçün narahat olmalı idin. Buna görə də bu, son dərəcə yüksək kəmiyyət və müvafiq keyfiyyət göstəricisidir. Əlbəttə, bu, sovet dövrünün fəlsəfəsi idi, amma həmin elm Məqsəd müəllimə əməli olaraq, marksist ideologiyasının süqutundan dərhal sonra fəlsəfə, ideologiya və ilahiyyat problemləri ilə məşğul olmağa imkan verdi. O yaxşı anlayırdı ki, dindarlıq və ilahiyyat həmişə fəlsəfi refleksiya obyektidir. Onu həm də o zamanlar yalnız marksist-leninist adlandırıla bilən etika cəlb edirdi. Lakin o dövrün filosofları, məsələn, Məqsəd Səttarov və ya onun dostu və həmkarı Ziyəddin Göyüşov bilirdilər ki, etika sadə insanların səadət, ədalət və vicdan haqqında düşüncələrini, onların bəslədikləri arzu və ümidləri ehtiva edir. Məqsəd Səttarov, onun dost və həmkarları olan alimlər bunu başqalarının sözündən deyil, Azərbaycanın kənd və şəhərlərindən onlardan məsləhət istəyən, tövsiyə gözləyən insanların onlara yazdıqları məktublardan bilirdilər. Hazırda bunu çox vaxt elmdən uzaq adamlar edir, bu isə, bizcə, təəssüf doğurmaya bilməz. Məqsəd müəllimin nəsihətlərini bir çoxları bu gün də xatırlayır. Görünür, bu, həm də onun elmi əsərlərin çox gözəl redaktoru olması ilə də bağlıdır. Bu gün İnstitutda XX əsrin sonlarında hazırlanmış fəlsəfi əsərləri gözdən keçirəndə görə bilərik ki, Məqsəd Səttarov onlardan bir çoxunun redaktoru, əksər hallarda kollektiv nəşrlərin redaksiya heyətinin üzvü olub. Bu məqalənin müəllifi onu da xatırlayır ki, Məqsəd müəllimin fövqəladə hafizəsi var idi, o, dünya siyasətini yaxşı başa düşür, ədəbiyyatı əla bilir, musiqi sənətinin qədir-qiymətini dərindən anlayırdı.
Onun əsərləri çoxaspektlidir, fəlsəfə və ictimai elmlərin bir çox aktual məsələlərinə həsr olunub. Ömrünün son illərində ərsəyə gətirdiyi "Fəlsəfə və ideologiya", yaxud Məqsəd müəllim həyatdan gedəndən sonra işıq üzü görmüş "İnsan və cəmiyyət haqqında düşüncələr" adlı əsərlərini xatırlayıram. Filosof bu kitablarında o dövr üçün yeni olan problemlərə toxunur və onları mənalandırır. Onun cəmiyyət və ideologiya haqqında düşüncələri o illərin filosoflarının fikir və ideyalarının təsdiqi kimi müəyyən maraq kəsb etməklə bərabər, həm də misilsiz əhəmiyyət daşıyır. Gənc filosoflar bəzən belə hesab edirlər ki, keçmiş artıq arxada qalıb, amma onun bu gün yaşayanların fikir və düşüncələrində varlığını nəzərə almırlar. Odur ki, Məqsəd Səttarovun ideya və düşüncələri alimlər tərəfindən müzakirə edilir, məsləhətləri yada salınır. Bu isə o deməkdir ki, yaddaş mürəkkəb və polifonik fenomendir, onu bəsitləşdirmək olmaz, ona ciddi yanaşmaq lazımdır. Hafizə bizim özümüzdə çox şeyi anlamağa kömək edir.
Nəhayət, bu məqalənin müəllifinin özü də Məqsəd müəllimi yaxşı tanıyır, onunla ünsiyyətdə olur, məsləhətləşir, bəzən cavabında ona nəsə deyirdi. Onun 1990-cı illərin əvvəllərində ölkədə yaranmış vəziyyətlə, Azərbaycanın gələcək taleyi ilə bağlı keçirdiyi böyük narahatlığını xatırlayıram. O, Ümummilli Lider Heydər Əliyev haqqında dərin ehtiramla danışır, Ulu Öndər əvvəlcə ölkəyə qayıdanda və sonra ona rəhbərlik etməyə başlayanda isə Məqsəd müəllim xatircəm oldu ki, indi təlaş etməmək olar: Azərbaycan tərəqqi edəcək, sabit, çiçəklənən dövlətə çevriləcək.
Onun elmlərin ən əhəmiyyətlisi, onların şahı hesab edərək çox sevdiyi fəlsəfə haqqında dediyi söz və fikirlər yaddaşımda qalıb. O həm də əmin idi ki, əski və müasir fəlsəfi məktəblər haqqında hər şeyi bilmək, metodologiya və metodikalarla maraqlanmaq gərəkdir, amma bu, doğma Azərbaycan fəlsəfəsinə, mədəniyyətinə xidmət göstərməlidir. Onsuz keyfiyyətli pedaqogika, psixologiya, sosiologiya və s. ola bilməz. Əfsuslar ki, çoxları bunu unudub və bu huşsuzluğun bəhrəsini görür.
Biz bilirik ki, Məqsəd müəllimin ailəsi fəlsəfəyə yad deyil, onun surətini, yaradıcılığını parlaq xatirələrdə yaşadır və biz filosoflar da onlara qoşuluruq...
İlham MƏMMƏDZADƏ
AMEA Fəlsəfə və Sosiologiya
İnstitutunun direktoru, professor


