Icma.az
close
up
RU
Pulun var, gələrəm... Pulun var, alaram...

Pulun var, gələrəm... Pulun var, alaram...

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nə bilərdik ki, bir vaxtlar məşhur musiqili komediya filmimizdə-“O olmasın, bu olsun”da maraqla baxıb güldüyümüz “Pulun var, gələrəm” səhnəsi illər sonra həyat səhnəmizə çevrilib əvvəlki qəhqəhəmizi acı gülüşlə əvəzləyəcək... Belə isə buyurun, oxuyun. Müasir dövrümüzün utandırıcı nuanslarından biri haqqında- əksər qızların pullu, evi, maşını, vəzifəsi olan oğlan axtarmasından, beləsini tapmazsa, ailə qurmaq fikrində olmamasından danışmaq istəyirəm. Bəli, həqiqətən də bu, günümüzün həm utandırıcı, həm də düşündürücü məsələsidir. Haradan qaynaqlanır bu istək və arzular? Bunları gənclərin beyninə kim yükləyir? Onlar nəyə əsasən belə qənaətə gəlirlər?..

Hansı ki, vaxt vardı, bu kimi gülünc fikirlər əsla ağıla gəlmirdi. İki insan bir-birini bəyənirdisə, anlayırdısa, aralarında məhəbbət yaranırdısa, burada oğlanın nə evinin, maşının olub-olmaması, nə də hansısa bir vəzifədə çalışıb-çalışmaması heç bir rol oynamırdı. Gənclər bu məsələləri həyatın axarına buraxırdılar. Bu barədə düşünməyə belə ehtiyac qalmırdı. Çünki təhsil alan hər bir gənc təbii ki, hansısa bir vəzifədə çalışacaq, qarşıda evi də, maşını da olacaq.

Lakin indi həyatımızda hər şey kimi, ailə qurmaq məsələsində də saymaqla bitməyən dəyişikliklər meydana çıxıb ki, bunların heç biri bizim ailə və milli mənəvi dəyərlərimizə uyğun deyil. Bu kimi arzu və istəklərlə biz əsrlərdən bəri qoruyub günümüzədək gətirib çıxara bildiyimiz ailə institutunu “müasir” şəklə salırıq. Lakin bu “müasirlik” əslində elə bir zərbədir ki, bunun acı nəticələrini illər sonra hiss edəcəyik.

Kirayə evlərdə başlanan həyat...

Orta yaş qrupunda olan nəslin nümayəndələri demək olar ki, ailə həyatına kirayə evlərdə başlayıblar. Ya işlə, ya yaşayış yeri ilə bağlı, ya da müəyyən səbəblərdən ata-anasının yanında yaşaya bilməyən gənclər olub ki, ailə qurandan 2-3 gün sonra kirayələdikləri evlərə köçüblər. Lakin bunu problem edən olmayıb ki, bizim nə üçün evimiz yoxdur.

Bu gün çoxları kirayələrdə başlanan ailə həyatından gözəl, həm də unudulmaz xatirələrlə danışa bilər. Kirayələrdə dünyaya gələn övladlarından, bu evlərdəki səadət dolu günlərdən, xoşbəxtlikdən söhbət aça bilər. Çünki iki gəncin təmənnasız sevgisi, məhəbbəti ilə dolurdu bu evlər. Divarlara hopan bu ülvi hisslər o evin kirayəmi, yoxsa özünün olduğunu ağıla belə gətirmirdi. Ailə həyatına kirayə evdə başlayan biri kimi deyə bilərəm ki, həmin evlərdə heç də bu gün kirayələrdə yaşayanlardan fərqli həyat sürmürdük. Bəzən kirayə pulunu düzəldib ev sahibinə verə bilmirdik, bəzən gündəlik təlabatımızı ödəyə bilmirdik, süfrəmizə istədiyimiz nemətləri düzə bilmirdik. Bəzən əşyalarımızı yerləşdirməyə bir dolab tapa bilmirdik. Bu ayın maaşından növbəti ayın maaşınadək xeyli problemlərimiz olurdu. Bəzən ev sahibi evdən çıxmağı barədə xəbərdarlıq edirdi. Günlərlə yeni kirayə ev axtarırdıq. Çox əziyyətlə yeni kirayə mənzilimizə daşınırdıq. Lakin bunların heç biri “nə üçün evimiz yoxdur?” problemini yaratmırdı. Evimizin bir gün olacağı arzusu ilə həyatla mübarizə aparırdıq.

Daha sonralar isə gənclər evlərini də alırdılar. Kirayədən öz yuvalarına köçürdülər. Hər ikisi əl-ələ verib həyatla mübarizə apararaq, işləyib-çalışaraq bunu bacara bilir, istədikləri hər şeyə nail olurdular.

Həyatla mübarizə də maraqlı məsələdir axı. Mübarizə həyatı rəngarəng, mənalı edəndir. Düşünəndə ki, ailə qurduğun andan etibarən həm evin, maşının, evinin hər təminatı var, bəs sonra nə ilə mübarizə edib həyatı maraqlandıra bilərsən? Bunları söyləməkdə məqsədim heç də əvvəldən evin, maşının olmasına qarşı çıxmaq deyil. Əlbəttə, olarsa, rahatlıq da olar, əmək haqqı da ailənin digər ehtiyaclarına, istirahətinə sərf olunar. Lakin məqsədim bunlarsız da ailə həyatına başlamağın mümkün olduğunu izah etməkdir. Belə isə nə üçün əksər qızlar pullu, vəzifəli, evi, maşını olan oğlan axtarırlar?

İlk tanışlıq, yoxsa ilkin axtarış?..

Ətrafımızdakı müşahidələrimizə, gördüklərimizə və şahidi olduqlarımıza əsasən deyə bilərik ki, hazırda qızlar var, onların məqsədi ailə quracağı oğlanla ilk tanışlıq deyil, onunla bağlı ilkin axtarışdır. Yəni qızlarımız var ki, ilk olaraq ailə quracağı adamın xasiyyəti, keyfiyyəti əvəzinə, ilkin axtarışlara çıxaraq onun evi, maşını, vəzifəsi, pulunun olub-olmaması ilə bağlı araşdırmalar aparır. Və yaxud da ailə qurmaqdan söhbət düşəndə açıq şəkildə bildirir ki, pulu, evi, maşını olmayan oğlanla evlənməyəcək.

Hələ qızlarımız var ki, tanış olduğu oğlanın qarşısına belə bir şərt də qoyur ki, biz ailəndən ayrı yaşamalıyıq. Çox halda isə onların tanışlığı elə bu təklifin oğlan tərəfindən rədd olunması ilə də sonlanır.

Bəs qızlarımızı bu cür düşünməyə vadar edən səbəblər nələrdir? Əlbəttə ki, bəzi anaların səhv tərbiyəsi, bir də sosial şəbəkələrdir. Bu gün istənilən sosial şəbəkələrdə qızlara düzgün yol göstərməyən qruplar mövcuddur. Məsələn, “qadınlar qrupu” kimi. Bu qruplarda adlarını bildirməyən gənc qadınlar ailələrində olan problemləri bölüşürlər. Qayınana-gəlin, ər-arvad münasibətləri, oğlanın maddi vəziyyəti, qızların cehizi, ailə münasibətlərindəki nüanslar burada müzakirə olunur. Vurğulayım ki, gənc qızlarımızın əksəriyyəti də bu söhbətlərin iştirakçısıdır.

Bu yaxınlarda həmin söhbətlərə mən də bir nəzər saldım. Bir gənc xanım qayınanasından yamanca gileylənir və gənc qızlara çağırış edirdi ki, nəbadə qayınana yanında qalasınız, evlənəcəyiniz oğlanla şərtiniz ayrı yaşamaq olsun. Əks halda mənim başıma qayınanamın açdığı oyunlarla qarşılaşa bilərsiniz. Başqa bir gənc qadın isə yoldaşından gileylənir, qazancının az olmasından, bunun da maddi vəziyyətlərinə təsir etdiyindən danışırdı.

Ümumiyyətlə, belə qruplarda saysız bu cür söhbətlər gedir ki, bütün bunlar da qızlarımızda pullu, evi, maşını olan oğlan axtarmaq kimi istəklər formalaşdırır.

Qayınana ilə birlikdə yaşamaqdan qorxudulan qızlar bu problemin qarşısını əvvəldən almağa çalışır, ailə quracağı adamın qarşısına şərt qoyur ki, bəs evimiz ayrı olmalıdır. Qruplarda müzakirə mövzusu olan digər söhbətlər isə əksər qızlarımızı pullu, evi, maşını, vəzifəsi olan oğlanlar axtarmağa sövq edir.

Xoşbəxtlik pul, ev, maşın, vəzifə deyil

Lakin şüurlu şəkildə anlamaq lazımdır ki, pul, ev, maşın, vəzifə heç də xoşbəxtlik deyil. Bunların hamısı maddiyyatdır ki, bunu daha sonra da əldə etmək mümkündür. Lakin ailə qurmaq məsələsində ilkin olan iki gəncin bir-birilərini anlamaları, sevmələri, bir-birinə təmannasız hisslərlə bağlanmalarıdır. Bu gün kimlərsə ev, maşın, vəzifə axtarışına çıxıb ailə qurmasını ləngidirsə, bəs sabah ölkəmizdə bu, yeni ailələrin qurulmasına, uşaqların artımına mənfi təsir göstərəcək axı.

Yuxarıda qayınana-gəlin, ər-arvad münasibətlərinə toxunduq. Birincisi, anlamalıyıq ki, bu söylənənlər hər bir ailəyə məxsus deyil. Minlərlə ailə var ki, qayınana-gəlin bir evdə illərdir, yaşayır, heç bir problem olmadan. İllərdir ki, ailələr qurulur, ər-arvad arasında maddi imkanla bağlı heç bir söhbət olmur. Kimlərinsə sosial şəbəkələrdə başına gələnləri danışması o demək deyil ki, bunu oxuyan qızların hamısının taleyi belə olacaq. İkincisi, bəli, bu, bir faktdır, qayınanalar var ki, gəlini ilə münasibətlərində günahkar tərəfdır. Övladı yaşda olan gəlininə öz uşaqlarına əsla etmədiyini edir. Hansı ki, o da onun bir övladıdır. Saysiz faktlar var ki, bu faktlara əsasən dağılan ailələrdə günahkar qayınanalardır.

Nə üçün hazırda qızlar ayrı yaşamaq istəyirlər? Buna səbəb olan qayınanaların düşünməyə ehtiyacı var. Bu problemin yaradıcısı çox halda onlardır. Bir böyük kimi düşünsələr ki, oğlumuzun sevdiyi qadın bizə oğlumuz qədər doğmadır, düşünürəm ki, belə problemlər də yaranmaz. Həm də bütün cəmiyyətə sirayət etməz ki, qayınana yanında yaşamaq məşəqqətdir.

Qızlarımızın həyat yoldaşlarının qazancının azlığına dözümsüzlüyünə, “rəfiqəmin ərinin maşını var, mənim niyə olmasın?”, “qonşu gəlin gündə bir paltar geyinir, mən də istəyirəm”, “qayınanam mənə bu sözü nə üçün dedi?” təfəkkürünə gəlincə isə, bunlar yanlışdır, əziz gənc qadınlar. Həyat yoldaşının qazancı az da olar, çox da. Maşını tez də ola bilər, gec də, vəzifəsi ola da bilər, olmaya da. Əsas məsələ bütün bunlara tablaşıb ailəni qorumaq, onun dağılmasına bu kimi cılız məsələlərlə rəvac verməməkdir.

Pulun var, “gələrəm”...

Bəli, pulun var, gələrəm söyləməyin özü qürursuzluğu göstərən bir amildir. Gənc bir qız həyat yoluna başlayacağı adamın qarşısına necə şərt qoya bilər ki, pulun, evin, maşının var? Bunları öz qüruruna sığışdırıb necə soruşmaq, öyrənmək olar ki, sonra qərar verəsən ki, onunla evlənmək olar, ya olmaz...

Elə buna görə də qürur insanın yaraşığı, ən gözəl keyfiyyətidir, unutmayaq. Qürur insanın özünün özünə olan hörmət hissidir. Onlarla ailə tanıyırıq ki, həyat yolçuluğuna bir nikah haqqında şəhadətnamə ilə çıxıb, indi təminatlı ailələrdir. Evləri də, maşınları da, pulları da var.

Lakin onlarla ailələrin də şahidi olmuşuq ki, pulu da yetərli olub, evləri, maşınları, hələ üstəlik vəzifəsi də olub, ancaq hazırda ən kasıb vəziyyətdə yaşan ailələr sırasındadır.

Deməli, əziz qızlarımız, evi, maşını, pulu, vəzifəni başlanğıcdan fikirləşmək, bunun axtarışına çıxmaq sadəcə gülüncdür. Gəlin beyinlərimizdə kök salmaqda olan “pulun var, gələrəm” istəyindən vaz keçib, həyat quracağımız insanda mənəvi dəyərləri axtaraq. Əgər bu, varsa, deməli, yeni həyata başlamaq olar. Sonra Yaradan bu ailənin ruzisini yetirəcək, gələcək üçün hər bir təminat olacaq. Səbir, dözüm, dəyanət Ulu Tanrının sevdiyi dəyərlərdir ki, bu xüsusiyyətlərə malik olanlara zaman-zaman hər şeyi bəxş edir. Gəlin, böyük səbirlə, təmkinlə gələcəyə baxaq. Ailələrimizi ülvi, saf hisslər üzərində quraq ki, onu heç kəs bizdən satın ala bilməsin. “Pulun var, “gələrəm” ifadəsi qoy həmişə hər bir azərbaycanlı ailəsinin elə filmdə baxıb güləcəyi bir səhnə olsun. Bu səhnə əsla düşüncələrimizə təmas etməsin. Yoxsa, itirəcəklərimiz çox olar...

Pulun var, alaram...

Müasir dövrümüzdə həm də bəzi oğlanların varlı-pullu kişilərin qızlarını axtarması, onlarla ailə qurmağa cəhd etməsi məsələsi var. Deməli, ortaya qoyduğumuz məsələ tək qızlarımıza deyil, həm də oğlanlara aiddir.

Axı bütün bunlar bizim xalqa məxsus olmayan fikirlərdir. Bəs biz hazırda kimə oxşayırıq? Hanı o ailə dəyərlərimiz ki, təməlində ülvi hisslər dayanırdı. Hanı o gənclər ki, bir-birini böyük məhəbbətlə sevirdi, onları heç bir qüvvə bir-birindən ayıra bilməzdi. Hanı o illər ki, ailə quran cütlüyün ağlına harada yaşayacaqları, nə yeyib-içəcəkləri belə gəlmirdi. Onlar yalnız bir-birilərinə olan sevgini düşünürdülər.

İndi eşidirsən ki, bəzi oğlanlar da maddi imkanı yaxşı olan ailənin qızı ilə evlənmək istəyir ki, necə deyərlər, yağ-bal içərisində yaşasın. Həm də bunu gizli şəkildə, ürəklərində düşünmürlər, sosial şəbəkələrdə elan edirlər ki, biz belə qız axtarırıq.

***

Bu yaxınlarda avtobusla uzaq bir yol gedirdim. Arxada iki gənc oğlanın söhbətində də elə bu məsələdən bəhs olunurdu. Deməli, bunların bir dostu dediyimiz kimi, imkanlı qız axtarırmış özünə. Bu fikrə gəlməzdən əvvəl isə anası xalası qızı ilə bunlara söz kəsibmiş. Oğlan da anasının sözündən çıxmayıb, razılıq verib. Lakin ürəyində maddi vəziyyəti yaxşı olan bir qızla evlənmək arzusu varmış. Günlərin bir günü belə bir qız çıxır qarşısına. İşlədiyi yerdə müdirinin qızı ilə rastlaşır. Və deyir ki, axtardığım elə bu imiş. Sonra tanış olurlar. Qız onu sevməyə başlayır. Atası əvvəl razı olmasa da, sonra qızının istəyinə qarşı çıxmaq istəmir. Beləliklə, razılaşırlar və oğlan öz xalası qızı ilə kəsilən sözü pozur və həmin qızla nişanlanır. Oğlanların söhbətinə görə dostları hələ evlənməyib. Lakin artıq orada çalışmır. Qayınatası olacaq adam onun iş yerini dəyişdirib. Hazırda oğlan yaxşı bir yerdə işləyir.

Anası ilə xalası isə bir-birinə düşmən kəsiliblər. Çünki hamının gözü qarşısında bacısı və oğlu onun qızının hissləri ilə oynayıb.

Təəssüf ediləcək hal ondan ibarətdir ki, tək qızlar, oğlanlar deyil, bəzi ailələr də var ki, oğlanlarına və qızlarına yetkinlik yaşına çatar-çatmaz elan edirlər ki, bax, bilməzsən kasıb-kusuba ürək verərsən ha. Biz səni imkanı olmayan adama verməyəcəyik və ya biz sənə imkanı olmayan ailədən qız almayacağıq, deyirlər. Beləliklə də övladlarının hissləri ilə oynayır, onları öz seçimləri qarşısında tərəddüdlə üz-üzə qoyurlar. Belə ailələr oğlan və ya qızlarından biri onların sözünün əksinə çıxıb istədiyi, sevdiyi adamla ailə qurmağa cəhd edirsə, onu bir dəfəlik silir, nə qapısını açır, nə də evlərinə gedir, maraqlanırlar.

Lakin onların sözü ilə oturub-duran övladları olur gözlərinin işığı. Onun üçün hər şey edirlər. Lakin onlar anlamırlar ki, pul da, var-dövlət də gəldi-gedərdir. Sevgi, sayğı və hörmət isə milyonlara bərabərdir.

Dünya malı dünyada qalır

Bu misalı tam mənası ilə anlamayanlar yüzlərlədir. Hələ bəzən “bu dünyada bir gün görməyək ki, dünya malı dünyada qalacaq”,- deyənlərə də rast gəlirik. Lakin dərindən düşünəndə, bu, belədir. Adamlar var ki, neçə-neçə evi, maşını var. Pulu xərcləməyə yer tapa bilmir. Lakin iç dünyası boşdur. Heç bir maddi gəlir bu mənəvi dünyanın zənginləşməsinə xidmət edə bilmir. O evlərin heç biri bu sağalmaz yaranın əlacı ola bilmir. O maşınların heç biri onu maddi dünyadan mənəvi dünyaya çatdıra bilmir. Xərclədiyi pulla hər şey alır, sevgidən, səadətdən, xoşbəxtlikdən savayı...

Bəlkə onlarla belə adamlar var ətrafımızda. Hər birimiz onlara şahid olmuşuq. Lakin bu adamların tam əksi olanlar da var aramızda. Bir evi, bir maşını, bir işi var. Eyni zamanda gözəl ailəsi, övladları, sevdiyi qadın, kişi var yanında. Hara baxırsa, səadət yağır, sevinc əhatə edir onu. İşdən çıxan kimi 50-60 kvadratmetrlik evi onu maqnit kimi çəkir özünə. Çünki onu bu evdə sevdiyi, sayğı duyduğu insan gözləyir. Qazancı da ailəsinin tələbatını ödəyir. Çünki bu qazanca evdəki düzgün həyat tərzi yoldaşlıq edir. Bu qazanca ailədəki hörmət hissi bərəkət gətirir.

Belə ailələrin maşınlarının də içərisi səadətlə doludur. Çünki o maşın bu sevgi dolu ailəyə xidmət edir. Onları istədikləri yerə aparır, gətirir: səmimi, birgə, firavan şəkildə.

Deməli, “dünya malı dünyada qalır” deyənlər, heç də yanılmayıblar. Həqiqətən də insana qalan sevgi, hörmət və sayğıdır.

Aldatmayaq, aldanmayaq...

Nə kimisə aldatmağa çalışaq, nə də kiməsə aldanmağa, əziz oxucular. Yüzlərlə aldanmışlar var aramızda, yüzlərlə də aldadan. Nə üçün bəzi oğlanlar imkanlı ailələrin qızları ilə evlənmək istəyirlər. Bunu dərindən düşünmüşükmü? Bunun arxasında hansı planların olduğunu anlamışıqmı? Axı kişi Koroğlu, Babək kimi əli qılınclı olar. Axı kişi Fərhad kimi əli külünglü olar. Kişi ata-babalarımız kimi əli dırmıqlı, belli, kərəntili olar. Bəs belə isə kiminsə kölgəsinə sığınanların adı nədir? Belələrini tanımaq üçün çox əziyyət çəkmək lazım deyil, sadəcə bir qədər düşünmək yetər. Onların bu istəyinin arxasında nəyin olduğu gün kimi aydındır. Qayınata hesabına arzularını həyata keçirmək, vəzifəyə getmək, ev, maşın sahibi olmaq və yaxud da çirkin həyat tərzi yaşamaq. Bütün bunlara görə də aldanmayaq.

Və aldatmayaq. Qoy kimsə kimsəni şəxsi istəklərinə görə aldatmasın. Onsuz da tez, gec, hər şey ortaya çıxacaq. Bu zaman isə ortada qalan gənc qızlar və onların övladları olur. Bu məsələlərə valideynlər daha həssaslıqla yanaşmalıdır. Qızlarının həyat quracağı insanın insanlığını axtarmalıdır. Əgər bu, varsa, inanın ki, bütün maddiyyat onun kölgəsində qalacaqdır. Biz insan olduğumuz üçün bizə insani dəyərlər daha çox gərəkdir, nəinki maddi dəyərlər...

“Pulun var”, alaram. Nə qədər utandırıcıdır, deyilmi?..

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:30
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət rüsumlarını ödəmək daha da asanlaşdı Video

01 Aprel 2025 10:32see166

NTD nin prezidenti: “Mövsümdə heç kim bizi ciddi qəbul etmirdi”

01 Aprel 2025 10:33see133

Həkim daimi şirniyyata olan həvəsin səbəblərini açıqladı

01 Aprel 2025 10:35see130

Çinlilər qədim insanın üzünü bərpa ediblər…

02 Aprel 2025 00:57see129

“İsrail bayramda Qəzzaya hücumları qəsdən artırıb” HƏMAS

01 Aprel 2025 09:40see129

Bəşər tarixinin ən qanlı cinayəti

01 Aprel 2025 07:27see125

Qadınlar səyahətə niyə tək gedirlər? Heyrətləndirən səbəb

02 Aprel 2025 01:13see125

Valeh Məhərrəmli vəfat etdi

02 Aprel 2025 00:50see124

Bu, bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətdir Deputat

01 Aprel 2025 10:32see124

AZAL ın qəzaya uğrayan təyyarəsi haqqında sənədli film hazırlanıb VİDEO

01 Aprel 2025 10:31see122

Şəhid anası vəfat etdi FOTOLAR

01 Aprel 2025 10:34see114

Almaniya Kuboku: 2 ci Bundesliqa klubu Bayer Leverkuzen i finala buraxmadı

02 Aprel 2025 02:26see112

ÜmumRusiya Yəhudi Konqresi Azərbaycan xalqını təbrik edib

01 Aprel 2025 09:50see110

Çar “zombi ordusu” hazırlayır Qonşular, ayılın!

01 Aprel 2025 10:20see110

Adil Əliyevin məhkəməyə verdiyi qazi saxlanıldı KONKRET

01 Aprel 2025 16:32see109

Ermənistanda jurnalistlərlə qalmaqal yaradan deputat mandatından imtina etdiyini deyib

01 Aprel 2025 10:31see109

ABŞ nin tariflərinə cavab olaraq Aİ daxili bazarı gücləndirmək niyyətindədir

02 Aprel 2025 02:49see108

Alimlərdən YENİLİK: İflic olan insanların fikirlərini oxuyan neyrointerfeys yaradıldı

01 Aprel 2025 07:32see108

PKK bu ay ləğv edilə bilər

01 Aprel 2025 09:50see107

Günün qoroskopu: Enerjiniz yüksək olacaq

02 Aprel 2025 00:02see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri