Qanlı Yanvardan müstəqilliyə: xalqımızın azadlıq salnaməsinin şərəfli səhifəsi
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı öz müasir tarixinin ən qanlı, eyni zamanda ən şərəfli səhifələrindən birini yaşadı. Sovet-rus ordusunun Bakıda törətdiyi kütləvi qırğın bir xalqın azadlıq səsini boğmağa yönəlmiş hərbi təcavüz olsa da, bu hadisə Azərbaycanın dövlət müstəqilliyinə gedən yolun dönüş nöqtəsinə çevrildi. 20 yanvar hadisəsi Azərbaycanın müasir tarixinə təkcə böyük bir faciə kimi deyil, həm də milli iradənin sarsılmazlığını sübut edən qəhrəmanlıq səhifəsi kimi daxil oldu. SSRİ-nin süqutu ərəfəsində dinc əhaliyə qarşı törədilən bu hərbi təcavüz, əslində can verməkdə olan bir imperiyanın azadlıq istəyən bir xalqı qorxu ilə ram etmək cəhdi idi. Lakin tökülən qanlar xalqı qorxutmadı, əksinə, onu öz dövlət müstəqilliyi uğrunda daha sıx birləşdirdi.
Sovet rəhbərliyi Bakıda qırğın törətməyə başlamazdan əvvəl şəhəri xarici aləmdən və daxili informasiya mənbələrindən təcrid etdi. Yanvarın 19-da axşam saat 19:27-də Azərbaycan Televiziyasının enerji bloku xüsusi təyinatlılar tərəfindən partladıldı. Məqsəd aydın idi: xalqın xəbər almaq imkanını kəsmək və törədiləcək cinayətin miqyasını genişləndirmək və gizlətmək.
Şəhərə daxil olan sovet əsgərləri ağır hərbi texnikadan da istifadə etməklə dinc insanları atəşə tutduqdan, yüzlərlə yaralı və onlarla şəhid olduğu andan xeyli sonra – yanvarın 20-si səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərinin komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi. Bu fakt bir tərəfdən artıq yüzlərlə insanın qanının axıdıldığı, şəhərin viran qoyulduğu bir vaxtda atılan riyakar addım idi, digər tərəfdən sovet rəhbərliyinin öz vətəndaşlarına qarşı çox amansız, məkrli və qəddar bir plan qurdmaq iqtidarında olduğunu sübut edirdi. Məhz insanların fövqəladə vəziyyətin elan olunduğundan xəbərsiz olduqları üçün küçələrə axışması itkilərin sayının daha da artmasına səbəb olmuşdu.
Nəticədə 36 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozularaq, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı kimi tarixə düşdü. Bu faciədə 150 dinc Azərbaycan vətəndaşı şəhid oldu, 744 nəfər ağır yaralandı, 841 nəfər qanunsuz olaraq həbs edildi, 4 nəfər itkin düşdü.
Azərbaycanın həmin ağır günlərində xalqın səsinə çevrilən ilk rəsmi şəxs Ümummilli Lider Heydər Əliyev oldu. Yanvarın 21-də, hələ sovet xüsusi xidmət orqanlarının Moskvada at oynatdığı bir dövrdə, o, həyatını böyük təhlükəyə ataraq ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər orada çıxış edərək SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etdi və bu cinayətin siyasi məsuliyyətini birbaşa mərkəzi hakimiyyətin üzərinə qoydu. O, 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları və Daxili İçlər Nazirliyinin daxili qoşun birləşmələrinin Azərbaycanda dislokasiya olunduğu halda Azərbaycana xüsusi olaraq böyük hərbi kontingentin yeridilməsinə heç bir zərurət olmadığını bildirdi: “Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.
Ümummilli Lider bəyanatda, həmçinin, rəsmi Moskva tərəfindən Azərbaycanda yürüdülən kadr siyasətinin kökündən yanlış olduğunu bildirərək deyirdi: “…dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan, əslində, qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə, sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi”. Bəyanatın sonunda Heydər Əliyev qırğın törədənlərin hamısının layiqincə cəzalandırılmalı olduğunu bildirirdi. O faciəli günlərdə dünya şöhrətli dövlət və siyasi xadimin dilindən səslənən bu tarixi bəyanat həm xalqın milli ruhunu yüksəltdi, özünə inamını möhkəmləndirdi, həm də dünya ictimaiyyətinə Bakıda baş verənlərin əsl mahiyyətini çatdırdı.
Azərbaycandan 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində baş verən ictimai-siyasi proseslər yalnız Ulu Öndər Heydər Əliyevin 1990-cı ilin iyulunda Azərbaycana, 1993-cü ilin iyununda isə ölkəmizin rəhbərliyinə qayıdışından sonra xalqın iradəsinin yönəldiyi istiqamətə – müstəqil dövlətçiliyin yaradılmasına və möhkəmləndirilməsinə yönəldi. 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasının növbəti iclasına sədrlik edərkən Ümummilli Liderimizin təşəbbüsü ilə muxtar respublika parlamenti 20 yanvar faciəsinə ilk dəfə siyasi qiymət verdi. 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra, 1994-cü il yanvarın 5-də Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə 20 Yanvar hadisələrinə siyasi qiymət verən sənəd təqdim edildi. 1994-cü il mart ayının 29-da Milli Məclisdə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı qərar qəbul edildi. Bununla da 20 Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 20 Yanvar Azərbaycan xalqına qarşı işlədilmiş cinayət kimi qiymətləndirildi və günahkarların cəzasını alması tələbi qoyuldu. Faciənin baş verdiyi gün Ümumxalq Hüzn Günü elan edildi.
Ümumiyyətlə, 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində bütün mühüm tədbirlər Ümummilli Liderimiz tərəfindən həyata keçirilmişdi. Belə ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər xiyabanını ziyarət edən Heydər Əliyev qısa müddətdə bütün şəhid məzarlarının üstünün götürülməsi, burada memorial kompleksin ucaldılması ilə bağlı tapşırıq vermişdi. Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi. Şəhid ailələri dövlət qayğısı ilə əhatə olundu. 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsini və müavinət təminatını da daim diqqət mərkəzində saxladı. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 20 Yanvar təcavüzü zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verildi, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli Sərəncama əsasən əlil olmuş şəxslərə verilən aylıq müavinət artırıldı və bu iş davamlı olaraq həyata keçirilir.
Müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində işlər bu gün Prezident İlham Əliyev tərəfindən yüksək həssaslıq və qayğı ilə ardıcıl şəkildə davam etdirilir, bu yöndə əsaslı tədbirlər görülür. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb. 2006-cı il yanvarın 19-da dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdü təsis edilib.
20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə yalnız kədərli bir hadisə kimi deyil, həm də müəyyən mənada milli həmrəyliyin möhkəmlənməsinə xidmət edən gün kimi də daxil oldu. Bu hadisə dünya azərbaycanlılarının təşkilatlanmasına güclü təkan verdi. Xaricdə yaşayan soydaşlarımız imperiyanın cinayətlərini ifşa etmək üçün müxtəlif ölkələrdə etiraz aksiyaları keçirdilər, Azərbaycanın haqq səsini beynəlxalq təşkilatlara çatdırdılar.
Bu birlik və həmrəylik, illər sonra II Qarabağ müharibəsində də özünü göstərdi. 20 Yanvar ruhu xalqımızı vahid məqsəd ətrafında birləşdirdi və sübut etdi ki, azadlıq naminə tökülən qanlar heç vaxt hədər getmir. Bu hadisə milli kimliyimizin formalaşmasında və müstəqillik arzumuzun gerçəkləşməsində vacib rol oynadı. Xalqımıza qarşı törədilən dəhşətli cinayətlərə, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı qəsdlərə, torpaqlarımızın Ermənistan tərəfindən 30 ilə yaxın hərbi işğala məruz qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzün, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində aparılan lokal antiterror əməliyyatları suverenliyimizin tam bərpası ilə nəticələndi. Milli azadlıq hərəkatının zirvəsinə çevrilməklə, imperializmin qanlı məqsədlərinə rəğmən, əks nəticə verən 20 Yanvar faciəsinin 36-cı ildönümü üçüncü ildir ki, oğul və qızlarımızın uğrunda canlarından keçdiyi suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edir.
Bu gün müstəqil, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş Azərbaycan dövlətinin bayrağı altında yaşayan hər bir kəs bu müqəddəs amal naminə canlarından keçmiş şəhidlərin ruhuna borcludur. Biz onları xatırlayaraq həm kədərlənir, həm də onların qanını yerdə qoymadığımız üçün böyük qürur hissi keçiririk. 20 Yanvar indiki və gələcək nəsillər üçün sadəcə bir faciə deyil, həm də bir xalqın əyilməzlik dərsi və müstəqillik pasportudur. Əminik ki, bütün şəhidlərimizin ruhu bu gün azad və suveren Azərbaycanda rahatlıq tapıb.
Nə ermənilərin fitvası ilə sovet ordusu tərəfindən törədilmiş 20 Yanvar faciəsi, nə də onların başqa qanlı cinayətləri Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız öz qanı bahasına da olsa, ən ülvi istəyinə – azadlığına, müstəqilliyinə və ərazi bütövlüyünə qovuşdu və bu tarixi nailiyyəti bir daha heç vaxt əlindən verməyəcəkdir.
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Yanvar 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















