Icma.az
close
up
RU
Diplomatiyamızın şərəfli səhifəsi

Diplomatiyamızın şərəfli səhifəsi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın müasir xarici siyasətinin prioritetləri haqqında dəyərli əsər

1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli maraqlarının qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Ümummilli Lider Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Həmin vəzifələrdən biri Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq informasiya blokadasını yarmaqdan ibarət idi.

30 ildən çoxdur ki, beynəlxalq birliyin bərabərhüquqlu üzvünə çevrilən Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin öyrənilməsi çox zəruridir. Bu baxımdan, Kamal Adıgözəlovun 2025-ci ildə nəşr olunmuş “Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri: politoloji təhlil” (Bakı, Mütərcim, 264 s.) adlı monoqrafiyası mühüm elmi-siyasi, həmçinin nəzəri-praktiki əhəmiyyət kəsb edir.

Monoqrafiyada müasir dövrdə Azərbaycanın milli maraqlara və beynəlxalq hüquqa əsaslanan xarici siyasətinin prioritetləri sistemli şəkildə təhlil və tədqiq edilmişdir.

Milli maraqlara əsaslanan müstəqil xarici siyasət və Cənubi Qafqazda sülhün perspektivləri

Azərbaycanın suverenliyinin təmin edilməsində və ərazi bütövlüyünün bərpa olunmasında böyük dövlətlər maraqlı deyildilər, beynəlxalq hüquq isə demək olar ki, işləmirdi. Lakin Azərbaycan İkinci Qarabağ müharibəsində beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə, Azərbaycan həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda yeni geosiyasi şəraitlə yanaşı, sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı.

Kitabda milli, regional və beynəlxalq təhlükəsizliyin xarici siyasətlə əlaqəsi politoloji kontekstdə təhlil edilir. Azərbaycan Prezidentinin xarici siyasət xəttinin mahiyyəti açıqlanır. Xüsusilə, Prezident İlham Əliyevin dövlətçilik konsepsiyasında milli maraqlar və xarici siyasət paradiqması öyrənilir. Bununla yanaşı, Azərbaycan tərəfindən irəli sürülmüş baza prinsiplərinə dair təklifin məzmunu açıqlanır və beynəlxalq hüquq normaları əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas 5 prinsipin mahiyyəti və hədəfləri göstərilir.

Monoqrafiyada bu hədəflər sırasında yeni mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetlərindən olan Qərbi Azərbaycan məsələsi xüsusi yer tutur. Qərbi Azərbaycan strategiyasını İkinci Qarabağ müharibəsindən sonrakı daha yeni mərhələdə sülhün və təhlükəsizliyin təminatı kimi xarakterizə edən müəllif politoloji təhlillərə əsaslanaraq məsələnin, həmçinin, geosiyasi və siyasi cəhətdən dövlətçiliklə sıx bağlı olduğunu açıqlayır.

Müəllif Cənubi Qafqazda yeni mərhələdə regional təhlükəsizlik konseptinin məzmununu açıqlayır. Dayanıqlı regional inkişaf və əməkdaşlığı sabitlik və təhlükəsizlik üçün əsas amillər kimi təqdim edir.

Multivektoral xarici siyasət kursu və beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılması

Kitabın bu bölməsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsində, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılmasında və qlobal problemlərin həllində ölkəmizin rolunun artırılması məsələləri tədqiq edilir. Müəllif əsərdə COP29 konfransına ev sahibliyini təkcə beynəlxalq tədbir deyil, regional güc olan Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirir.

Kitabda Azərbaycanın qeyri-münaqişə gündəliyinin formalaşdırılması üçün fəaliyyət istiqamətləri, xüsusilə, qonşu ölkələrlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələləri təhlil edilir. Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlət kimi araşdırılarkən həm də birləşdirici gücə malik regional lider kimi xarakterizə edilir. Azərbaycanın üç bölgəni, yəni Cənubi Qafqaz-Xəzər hövzəsi-Mərkəzi Asiya regionlarını vahid geosiyasi inteqrasiya məkanında birləşdirmək mexanizmi açıqlanır. Azərbaycanın “3+3” platforması, regional əməkdaşlıq imkanları və yeni perspektivlər ayrıca tədqiq edilir.

Multiregionalizm kontekstində regional təşkilatlanma və strateji tərəfdaşlıq

Müəllif kitabın bu bölməsində Türk dövlətləri ilə əlaqələr və Türk Dövlətləri Təşkilatının (TDT) daha da gücləndirilməsində Azərbaycanın rolunu təhlil edir. Regional inteqrasiyanın perspektivləri baxımından əhəmiyyətli olan Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında Azərbaycanın, xüsusilə, Prezident İlham Əliyevin böyük rolu olmuşdur. Yeni mərhələdə Türk dünyasının birliyi tədqiq edilərkən Şuşada keçirilən Zirvə görüşü çərçivəsində “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”nin imzalanması mühüm hadisə kimi təhlil edilir. Bu mühüm sənəddə Türk dünyasının regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərə söykənən ailə olduğu bildirilir.

Kitabda Azərbaycanın yeni dördtərəfli əməkdaşlıq təşəbbüsü olan Ankara-Bakı-İslamabad-Pekin xəttinin strateji tərəfdaşlıq və müttəfiqlik baxımından əhəmiyyəti politoloji təhlil edilir.

Enerji diplomatiyası, iqlim dəyişikliyi, nəqliyyat-logistika layihələri və multilateralizm

Əsərdə Azərbaycanın iqtisadi və enerji diplomatiyasının inkişaf etdirilməsi məsələləri politoloji təhlil edilir. XX əsrin son onilliyindən başlayaraq dünyada gedən ictimai-siyasi və beynəlxalq əhəmiyyətli hadisələr nəticəsində Xəzər hövzəsi, Mərkəzi Asiya və Qafqaz regionu yenidən öz geostrateji əhəmiyyətinə görə dünyada mühüm yerlərdən birini tutdu.

Müəllif qeyd edir ki, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. Hazırda Azərbaycan Avropa ölkələrinin enerji təchizatının təmin olunmasında da çox mühüm rol oynamaqdadır.

Təhlillərə əsasən, göstərilir ki, BMT-nin iqlim dəyişikliyi ilə bağlı çağırışları və Avropa İttifaqının “Yaşıl razılaşma” proqramı “yaşıl enerji”yə keçidi geosiyasi prioritetlər sırasına çıxarmış və bu transformasiya prosesində Azərbaycan yalnız karbohidrogen ixracatçısı kimi deyil, həm də bərpaolunan enerji mənbələrinin strateji tədarükçüsü kimi çıxış edir.

Kitabda Azərbaycanın nəqliyyat və logistika mərkəzi kimi rolunun daha da gücləndirilməsi məsələləri təhlil edilir, yeni tarixi mərhələdə Zəngəzur dəhlizinin geosiyasi və coğrafi-iqtisadi funksiyaları açıqlanır. Müəllif qeyd edir ki, Zəngəzur dəhlizi həm Cənubi Qafqazı Avropa və Asiya ilə birləşdirən daha geniş regional nəqliyyat şəbəkələrinin bir hissəsi olmaqla yanaşı, həm də, məhz İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-diplomatik qələbəsindən sonra regionda sülh prosesinin əsas faktorları sırasında geosiyasi əhəmiyyət daşımağa başlamışdır.

Multikultural dəyərlər əsasında beynəlxalq təşkilatlarda fəaliyyətin ksenofobiya və neokolonializmlə mübarizə aspekti

Kitabda yeni tarixi mərhələdə Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakının təmin edilməsi məsələləri də araşdırılan prioritetlər sırasındadır. Müəllif qeyd edir ki, Ümummilli ?ider Heydər Əliyevin Azərbaycan Prezidenti kimi BMT Baş Məclisinin sessiyalarında və digər yüksək səviyyədə keçirilən müxtəlif iclaslarda və çoxsaylı görüşlərdə iştirakı beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı üçün geniş imkanlar açdı.

Monoqrafiyada Azərbaycanın multikulturalizm və tolerantlıq kimi dəyərlərə sadiq qalaraq, dünyada hökm sürən islamofobiya və neokolonializm meyillərinə qarşı mübarizə siyasəti geniş təhlil edilir. Bu baxımdan, dövlət siyasəti kimi, multikulturalizmin siyasi-nəzəri və elmi əsaslara malik olduğunu göstərən müəllif bu kimi dəyərləri regional və qlobal maraqların kəsişməsində birgəyaşayışın demokratik formasını ifadə etdiyini açıqlayır.

Müəllif islamofobiya və neokolonializm, müxtəlifliyin qorunmasından müstəmləkəçiliklə mübarizənin Azərbaycan modelini, həmçinin yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətində “yumşaq güc” amilinin rolunu politoloji təhlil edir. Müəllif xüsusi qeyd edir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Müəllif bu fəaliyyəti ölkənin “yumşaq güc” siyasətinin təcəssümü kimi göstərir. Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Heydər Əliyev Fondunun xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir və bu istiqamətdə Mehriban xanım Əliyevanın mühüm xidmətləri vardır.

Bütövlükdə, müəllifin məsələləri məntiqi və sistemli şəkildə qoyması, onlara yanaşması, şərh və siyasi təhlilləri, gəldiyi elmi nəticələr, baş verən prosesləri düzgün qiymətləndirməsi olduqca təqdirəlayiqdir. Bundan əlavə, monoqrafiyanın mühüm praktik əhəmiyyəti vardır. Əsərin politoloji təhlil və nəticələrinin Azərbaycan Respublikasında dövlət siyasətinin elmi-nəzəri bazasının genişləndirilməsində faydalı olacağına inanırıq.

Elçin Əhmədov,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının“Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru, siyasi elmlər doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyul 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see245

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see161

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see159

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see155

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri