Icma.az
close
up
RU
“Qara qızıl” bazarında dalğalanma

“Qara qızıl” bazarında dalğalanma

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Neftin ucuzlaşması, geosiyasi təşviş və milli büdcənin immuniteti

Dünya iqtisadiyyatı növbəti dəfə turbulentlik zonasına daxil olur. Enerji resurslarının əsas hərəkətverici qüvvəsi sayılan “qara qızıl”ın qiymətində müşahidə olunan kəskin dalğalanmalar və son azalma meyilləri qlobal bazarlarda təşviş yaradıb. Neft gəlirlərinin ölkə iqtisadiyyatında mühüm paya sahib olduğu Azərbaycan üçün bu dinamika nə vəd edir? Qlobal bazarlardakı fırtına milli büdcəmizə və makroiqtisadi sabitliyimizə necə təsir göstərəcək?

Qlobal neft bazarında qiymət dinamikası

Dünya Bankının əmtəə qiymətləri üzrə son aylıq hesabatı qlobal neft bazarında dəyişən konyunkturu aydın şəkildə nümayiş etdirir. Rəqəmlər göstərir ki, cari ilin iyul ayında dünya bazarlarında “Brent” etalon markalı neftin 1 barelinin orta qiyməti 83,4 ABŞ dolları səviyyəsində qərarlaşıb. Bu göstərici öncəki ayın (85,4 dollar) nəticəsi ilə müqayisədə 2,34 faiz azalma deməkdir.

Dünya birjalarında qiymət enişini sürətləndirən əsas amillərdən biri məhz geopolitik səhnədə yaşanan ani dəyişikliklər oldu. Yeni həftənin başlaması ilə qlobal əmtəə bazarında neft qiymətləri 5 faizdən çox aşağı düşdü. “Qara qızıl”ın ucuzlaşmasına səbəblərdən biri də ABŞ Prezidenti Donald Trampın İranla yeni danışıqlar barədə bəyanatı oldu. Nəticədə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti əvvəlki bağlanışa nisbətən 5,17 faiz aşağı düşərək 1 barel üçün 83,38 ABŞ dolları, WTI isə 5,92 faiz ucuzlaşaraq 79,66 ABŞ dolları oldu.

FES-in “uçot dərəcəsi” qərarı

Neft qiymətlərinə digər böyük təzyiq maliyyə cəbhəsindən – ABŞ Federal Ehtiyat Sistemindən (FES) gəldi. Londonun ICE birjasında Brent markalı neft 1,11 dollar dəyər itirməklə 89,63 dollara, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti isə 0,8 dollar ucuzlaşmaqla 83,6 dollara ticarət olunur. Bu azalmanın ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini dəyişməyərək 3,5–3,75 faiz səviyyəsində saxlaması ilə bağlı olduğu bildirilir. FES-in yeni rəhbəri inflyasiya proseslərinin sürətlənməsini təhdid kimi qeyd edərək, ona qarşı kəskin mübarizə aparılacağını bəyan edib. Bu isə ilin sonunadək FES-in yenidən əsas uçot dərəcəsini artırmaq xəttinə keçməsi ehtimalını artırır ki, bu da dolların mövqeyini gücləndirərək xammal bazarlarına təzyiq göstərir.

Mərkəzi Bankın mövqeyi

Neft qiymətlərinin dünya bazarlarındakı bu tərəddüdləri, təbii olaraq, Azərbaycanın gəlirləri baxımından diqqətlə izlənilir. Lakin milli iqtisadiyyatımızın bu cür qiymət şoklarına qarşı buferləri və strateji dayanıqlığı mövcuddur. Mərkəzi Bankın sədri Taleh Kazımovun qeyd etdiyi kimi, hazırda büdcədə neftin orta illik qiyməti 65 ABŞ dolları səviyyəsində təsdiq edilib: “Burada da hesablamalarımız onu göstərir ki, 10 dolların dəyişimi icmal büdcəyə 1.4 milyard manat təsir edir. Azərbaycanın bugünkü büdcə həcmi üçün bu böyük rəqəm deyil. Yəni hansısa xərclərimizi azaldaraq və ya hansısa investisiya layihələrimizi, əsaslı xərclərimizi növbəti ilə keçirməklə biz rahatlıqla potensial yarana biləcək təsirlərin, mənfi təsirlərin qarşısını ala bilərik”.

Arzuolunmaz gözləntilər

İstər-istəməz neft qiymətlərinin enişi neft-qaz sektorunda fəaliyyət göstərən dövlət və özəl şirkətlərin xalis mənfəətini, dolayısı ilə də dövlətə və investorlara ödənilən dividendlərin həcminə təsir edəcəkdir. Neftin hər bir barelinin qiymətinin aşağı düşməsi SOCAR kimi dövlət şirkətlərinin və beynəlxalq konsorsium tərəfdaşlarının mənfəət marjasını sıxır.

Nəticədə, dövlət büdcəsinə və ya Dövlət Neft Fonduna (ARDNF) ödənilən dividend daxilolmaları həcmcə azalır. Xarici gəlirlərin azalması Azərbaycanın xarici ticarət və cari əməliyyatlar balansındakı artıq profisitə də təsir göstərəcəkdir. Bu da ölkəyə valyuta daxilolmasının tempini səngidə bilər. Dividendlərin və mənfəət vergilərinin azalması fonunda dövlət büdcəsinin irimiqyaslı infrastruktura və əsaslı investisiya layihələrinə ayıra biləcəyi sərbəst maliyyə manevr imkanlarına mənfi təsir göstərə bilər.

Bütün bu risklərə və dividend daxilolmalarındakı mümkün geriləmələrə baxmayaraq, Mərkəzi Bankın da vurğuladığı kimi, dövlət büdcəsində baza neft qiymətinin 65 ABŞ dolları kimi mühafizəkar həddə götürülməsi, ölkənin zəngin valyuta ehtiyatları və əsaslı xərclərin zamana yayılması imkanı bu potensial itkilərin makroiqtisadi sabitliyə mənfi təsir göstərməsinin qarşısını etibarlı şəkildə alır.

Digər tərəfdən, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımlar, çevik fiskal siyasət və güclü valyuta ehtiyatları neft bazarlarındakı dalğalanmaları kiçik itki ilə adlamağı təmin edir. Dünya bazarında 80 dollar civarında ticarət olunan “qara qızıl” hələ də Azərbaycanın 65 dollarlıq büdcə çərçivəsindən yuxarıda qalmaqla, ölkəmizə əlavə maliyyə yastığı qazandırmağa davam edəcəkdir.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Son günlərdə Vaşinqton və Tehran arasında gərginliyin müəyyən qədər yumşalacağı, Hörmüz boğazından neft tankerlərinin hərəkətinin təhlükə altında qalmayacağı ilə bağlı gözləntilər formalaşdı. Nəticədə “Brent” markalı neftin qiyməti 80 dolların altına qədər ucuzlaşdı.

Amma neft bazarında baş verən son enişi yalnız ABŞ-ın İrana planlaşdırılan hərbi əməliyyatını təxirə salması ilə izah etmək düzgün olmaz.

Bununla belə, hesab edirəm ki, qiymətlərin indiki enişi uzunmüddətli tendensiyanın başlanğıcı kimi qiymətləndirilməməlidir. Hazırda bazarda fundamental amillərlə yanaşı, geosiyasi faktorlar həlledici rol oynayır. Hörmüz boğazı dünya üzrə daşınan neftin təxminən beşdə birinin keçdiyi ən mühüm enerji arteriyası olaraq qalır. Bu marşrutla bağlı istənilən yeni risk və ya hərbi gərginlik qiymətlərin çox qısa müddətdə yenidən 85-90 dollar diapazonuna yüksəlməsinə səbəb ola bilər. Digər tərəfdən, əgər diplomatik proseslər davam etsə və bazara əlavə neft həcmlərinin çıxacağına dair inam artsa, qiymətlər müəyyən müddət 75-80 dollar intervalında qala bilər.

Azərbaycan iqtisadiyyatı baxımından indiki qiymət enişi səviyyəsini kritik hesab etmirəm. Əksinə, 80 dollar ətrafında olan qiymət hələ də ölkə üçün kifayət qədər komfortlu səviyyədir. Dövlət büdcəsi hazırlanarkən daha konservativ neft qiyməti əsas götürülüb (65 dollar/barel) və hazırkı bazar qiyməti həmin göstəricidən yüksəkdir. Bu səbəbdən Dövlət Neft Fonduna daxilolmalar, ixracdan əldə edilən gəlirlər və tədiyə balansı baxımından yaxın perspektivdə hansısa problem gözlənilmir.

Bununla yanaşı, müəyyən risklər də mövcuddur. Əgər neft qiymətləri uzun müddət 70 dolların altına düşərsə, Azərbaycanın ixrac gəlirləri azalacaq, büdcə gəlirlərinə təzyiq artacaq, Dövlət Neft Fonduna transfer imkanları məhdudlaşacaq və iri investisiya layihələrinin maliyyələşdirilməsi daha ehtiyatlı həyata keçirilə bilər. Bundan başqa, enerji sektorundan daxil olan valyuta axınının zəifləməsi qeyri-neft sektorunun inkişafı istiqamətində islahatların daha da sürətləndirilməsini zəruri edəcək.

Yekun olaraq demək olar ki, hazırkı eniş daha çox geosiyasi risklərin müvəqqəti azalmasının nəticəsidir. Neft bazarında əsas istiqaməti yenə də Yaxın Şərqdəki hadisələrin inkişafı, Hörmüz boğazında təhlükəsizlik vəziyyəti, OPEC+ ölkələrinin hasilat siyasəti və dünya iqtisadiyyatının artım tempi müəyyən edəcək. Bu amillər dəyişmədiyi müddətdə neftinin cari il üzrə orta qiymətinin 80-85 dollar dəhlizində formalaşması ən real ssenari kimi görünür.

Nurlan ABDALOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Avqust 2026 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see514

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see475

Təhsil kreditində böhran siqnalı: “İflasa uğrayıb”

04 Avqust 2026 11:52see318

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see255

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see254

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see254

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see247

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see236

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see218

“Nizami” və “28 May” arasında fəaliyyət göstərəcək avtobuslar pullu olacaq

04 Avqust 2026 15:41see212

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see203

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see202

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see196

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see194

Qarabağda minalar belə təmizlənir VİDEO

04 Avqust 2026 17:10see193

Qvardiolanın gözü MLS in gənc ulduzundadır

04 Avqust 2026 19:33see192

Hindistan Rusiyanın bu təyyarələrini almaqdan imtina etdi

05 Avqust 2026 01:22see182

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see173

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see172

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri