Qarabağ qalib xalqa yaraşan formada yenidən qurulur, abadlaşır
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pərvanə SULTANOVA
[email protected]
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa quruculuq işləri sürətlə davam etdirilir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan erməni işğalçılarının tamamilə darmadağın edib, misilsiz vəhşiliklər törətdikləri əraziləri öz gücünə qurur, yeni nəfəs verir. İşğal dövründə ən böyük dağıntılara məruz qalmış rayonlarımızdan biri də Ağdam idi. Bu gün artıq Ağdama da yeni həyat qayıdır.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Ağdama səfər zamanı bir sıra layihələrin, o cümlədən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Kəngərli kəndinin birinci mərhələsinin, Kəngərli kənd tam orta məktəbinin binasının, körpələr evi-uşaq bağçasının açılışını edib, kəndə köçən sakinlərlə görüşərək onlara evlərin açarlarını təqdim edib.
Ağdamda həyata keçirilən ilk və mühüm layihələrdən biri də Muğam Mərkəzinin tikintisidir. Dövlət başçısının bildirdiyi kimi, Muğam Mərkəzini Ağdamda ilk layihələrdən biri kimi inşa etməyimiz mənəvi köklərə bağlı olduğumuzu göstərir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılış mərasimində iştirak ediblər. Təməli 2023-cü ilin mayında qoyulan mərkəzdə 474 yerlik konsert zalı, 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Eyni zamanda, burda kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb.
Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri" siyahısına salınıb.
Prezident İlham Əliyev mərasimdə çıxışı zamanı bildirib ki, dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür: "Bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir. Məhz onun 1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu".
Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu görmək mümkündür. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. Prezident vurğulayıb ki, işğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan edib, soyqırımı, urbisid, ekosid törədilib.
Dövlət başçısı Azərbaycan xalqının mütləq və tam qələbə qazanmaq əzminə diqqət çəkərək, zəfəri şərtləndirən amillərə toxunub: "Artıq biz "öldü var, döndü yoxdur" şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Qələbəmizi bir çox amillər şərtləndirdi. Biz son dörd il yarım ərzində bu barədə dəfələrlə danışmışıq, fikirlərimizi bölüşmüşük. Bütün bunlar cəmiyyətdə birmənalı qəbul edilir: siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü Ordu, vətənpərvərlik və gənc nəsil - milli ruhda tərbiyə olunan, bu torpaqları heç vaxt görməyən gənc nəsil. Bu torpaqları heç vaxt görməyənlərin, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi. Onları doğma torpağa çəkən o tarixi bağlar - bütün bu və digər amillər bizim Qələbəmizi şərtləndirdi və biz mütləq və tam Qələbə qazandıq. Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq. Bunu mən müqayisə üçün demirəm. Amma dünyada hər şey müqayisə ilə ölçülür".
Yada salaq ki, bundan 7 il əvvəl Quzanlı qəsəbəsində Muğam Mərkəzinin açılışı olub. Mərkəz Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. Dövlət başçısı o zaman açılış mərasimindəki çıxışında mərkəzin yaradılmasının Heydər Əliyev Fondunun təşəbbüsü ilə mümkün olduğunu və bu təşəbbüsü yüksək qiymətləndirdiyini deyərək, əlavə edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir: "Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Muğam bizim milli sənətimizdir, milli sərvətimizdir. Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir".
Prezident yeddi il əvvəl Quzanlıda bəyan etdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq: "Aprel döyüşləri onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi, onu göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir, buna hazırdır və biz bunu sübut etdik. Biz bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik... Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir. Bizim iradəmiz də, gücümüz də var".
Həmin tarixi çıxışdan iki il sonra, 2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, altı ildən bir qədər artıq vaxtda isə Ağdamda Muğam Mərkəzi istifadəyə verildi və muğamlarımız səsləndi.
Prezident çıxışında deyib ki, buraya gələrkən yeddi il əvvəl Quzanlı qəsəbəsində Muğam Mərkəzinin açılışını xatırlayıb: "O vaxt Ağdam şəhəri və rayonun böyük hissəsi işğal altında olduğu üçün biz Quzanlı qəsəbəsini Ağdam rayonunun mərkəzi elan etdik, orada mənim iştirakımla Muğam Mərkəzinin təməli qoyuldu və 2018-ci ilin noyabr ayında açılışı oldu. Mən orada incəsənət xadimləri ilə görüş əsnasında demişdim ki, biz ədalət tələb edirik. Demişdim ki, əgər Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmasa, biz istənilən varianta hazırıq. Ermənistan rəhbərliyi buna məhəl qoymadı. Onlara dəstək olan dairələr onlara pis məsləhət verdilər və Azərbaycan xalqı haqqında yanlış təsəvvür yaradılmışdı. İndi onlar peşmandırlar. O gündən iki il sonra Vətən müharibəsi başladı və cəmi 44 gün ərzində biz tarixi Zəfər çaldıq, Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur oldu və Qarabağın əsas hissəsi, böyük hissəsi işğaldan azad edildi. Ancaq biz bilirdik ki, bu, tarixi Qələbə olsa da, ölkə suverenliyi hələ tam bərpa edilməyib. Hələ ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinə biz nəzarət etmirdik, bəlli olan səbəblərə görə. Əlbəttə ki, biz 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 20-nə qədər yenə də hər gün, hər saat siyasi, diplomatik, hərbi və digər alətləri işə salaraq bax bu günü - 20 sentyabr gününü yaxınlaşdırırdıq. Nəhayət 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi və 30 il ərzində qanunsuz fəaliyyət göstərən dırnaqarası "Dağlıq Qarabağ Respublikası" artıq tarixin zibilxanasına göndərildi.
Bu gün biz azad Qarabağda azad yaşayırıq. Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir".
Prezident ictimaiyyətə ilk dəfə bir məsələni də açıqlayıb - Şuşanı Xankəndi ilə birləşdirən "Kanat yolu" layihəsi üzərində iş aparılır. Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq.
Milli Məclisin deputatı Ceyhun Məmmədov "525"ə deyib ki, Prezident növbəti dəfə işğaldan azad edilmiş ərazilərdə, Qarabağda yeni infrastruktur layihələrinin açılışında iştirak etdi. Dövlət başçısı Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam Muğam Mərkəzinin və digər mühüm layihələrinin açılışını etdi: "Həqiqətən də bu gün Azərbaycan xalqı ölkə liderinin rəhbərliyi ilə qürurlu, şərəfli günlərini yaşayır. Qarabağ qalib xalqa yaraşan bir formada yenidən qurulur, tikilir, abadlaşır. Bərpa-quruculuq, abadlıq işləri sürətli şəkildə həyata keçirilir. Deyə bilərik ki, həqiqətən də tarixi hadisədir ki, bu gün biz işğaldan deyil, bu ərazilərin tikilməsindən, yenidən qurulmasından, inşa olunmasından danışırıq. Ərazilərimizin yenidən qurulmasına inşa edilməsinə şahidlik edirik. Tarixi bir mərhələdəyik. Cənab Prezident ötən həftə Ağdamda ağdamlılarla, ziyalılarla, sənət adamları ilə görüşdü. Möhtəşəm musiqimiz səsləndi. Ümumiyyətlə, Qarabağ bizim üçün olduqca strateji önəm daşıyan yerdir. Həmişə ən böyük arzumuz, istəyimiz o olub ki, bu ərazilər qurulsun, yenidən inşa edilsin, insanlarımız doğma yurdlarına qayıtsınlar. Biz bilirik ki, Ağdam Azərbaycanın muğam beşiyi, muğam məkanıdır. Ağdamda Muğam Mərkəzinin açılması burada yenidən muğamın inkişafına, muğam sənətinin dirçəlməsinə, daha da irəli getməsinə öz önəmli və mühüm töhfəsini verəcək. Bu ərazilərimiz yenidən öz inkişaf dövrünü yaşayacaq və biz daha yeni nailiyyətlərə şahidlik edəcəyik".


