Qaranlıq gecələrdə düşmənin kabusuna çevrildik Şuşa əməliyyatının iştirakçısı olmuş Vətən Müharibəsi Qəhrəmanı AZƏRTAC a danışıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 8 noyabr, Göyçək Mahmudlu, AZƏRTAC
Beş il bundan əvvəl sentyabrın 27-də Vətən müharibəsi Azərbaycan Ordusunun bütün istiqamətlərdən düşmənə cavab vermək üçün əks-hücum əməliyyatları keçirməsi ilə başladı. Xüsusi Təyinatlı Qüvvələr (XTQ) də cəbhənin müxtəlif yerlərində, ən çətin, yüksək ərazilərində - Murovdağ və Ömər aşırımı istiqamətlərində döyüş əməliyyatları icra edərək oradakı hakim yüksəklikləri azad etdi. Düşməndən təmizlənən əraziləri Quru Qoşun bölmələrinə təhvil verən XTQ mənsubları cəbhənin cənub istiqamətində yolları açmaq üçün döyüş əməliyyatlarına qatıldılar. Lələtəpə yükəkliyinin bir neçə kilometrliyindən başlayan döyüş əməliyyatları Cəbrayılın, Xocavəndin Hadrut qəsəbəsinin və kəndlərinin, Füzulinin, Xocalının Çanaqçı, Sığnaq kəndlərinin və nəhayət, Şuşanın işğaldan azad olunması ilə nəticələndi.
Bunu AZƏRTAC-a müsahibəsində Vətən Müharibəsi Qəhrəmanı, XTQ-nin ehtiyatda olan mayoru Zaur Hüseynov deyib.
Əməliyyat noyabrın 2-də başladı
Şuşanın azad olunması əməliyyatından bəhs edən Z.Hüseynov noyabrın 2-də Qarabağın incisinin düşmən tapdağından xilas edilməsi barədə döyüş tapşırığı əmrinin gəldiyini diqqətə çatdırıb: "Mən də digər bölmə komandirləri kimi döyüş tapşırığını aldım. Heç vaxt görmədiyimiz ərazilərə yollanır, ilk dəfə ayaq basacağımız şəhərin daxilində döyüş əməliyyatları icra edəcəkdik. Əməliyyatın keçiriləcəyi yer Şuşa olduğundan bu, daha böyük məsuliyyət yaradırdı, həm də qürurverici idi. Bizə şəhərin küçələrinin planları və yeni xəritələr verildi. Hansı istiqamətdən şəhərə yaxınlaşacağımızı və fəaliyyətlərimizi öyrəndik. Mən də digər bölmə komandirləri kimi öz bölməmlə Şuşa istiqamətində hərəkətə başladım. Noyabrın 2-dən gizli şəkildə Çanaqçının cənubundan yüksək dağlıq və meşəlik ərazilərdən keçərək Şuşa şəhərinə yaxınlaşdıq. Noyabrın 3-də biz Daşaltı kəndinin 1 kilometrə qədər cənubuna yaxınlaşaraq Şuşa-Laçın yolunu artıq nəzarətdə saxlayırdıq və düşmənin oradakı fəaliyyətlərini izləyirdik.. XTQ-nin bir bölməsi düşmənin Zarıslı istiqamətində, yəni Ermənistan ərazisindən Laçına keçməklə Şuşaya gələn yollarını bağladı. Düşmən həmin istiqamətdən Şuşaya öz dəstəyini və köməyini göndərə bilmirdi. Artıq Şuşa şəhərinin Laçın istiqamətindən Ermənistanla əlaqəsi kəsilmişdi. Düşmənin dəstək və köməyi yalnız Xankəndi istiqamətindən qalmışdı. Artıq Laçın yoluna yaxınlaşmışdıq. Lakin düşmən Laçın yolu üzərində, Daşaltı kəndində və digər qayalıq ərazilərdə, yüksəkliklərdə bizi gözləyirdi. Biz artıq açıq döyüşə girməyə məcbur idik. Çünki həmin yerə gizli şəkildə yaxınlaşa bilmişdik, bundan sonrası artıq döyüşlə həll olunmalı idi. Biz düşmənlə açıq təmasa girdik. Onlar bütün istiqamətlərdən atəş açaraq bizi dayandırmağa və geri çəkilməyə məcbur etmək istəyirdilər. Lakin məqsədimiz, amalımız bu yoldan dönməmək idi. Təxminən 15-20 dəqiqə çəkən döyüşdən sonra hamı eyni vaxtda ayağa qalxdı. Buna heç kim komanda verməmişdi. Düşmənin göstərdiyi müqavimətdən Azərbaycan oğulları, xüsusi təyinatlılar təngə gəlmişdilər. Hər kəs eyni vaxtda düşmən üzərinə irəilədi, onları öz mövqelərində məhv etdik. Laçın yolu üzərindəki və Daşaltı kəndinin ətrafındakı ərazilərdəki mövqelərə nəzarəti ələ keçirdik. Artıq Laçın yolunun üzərində idik. İllərdir “Şuşa-Laçın yolu” və ya “Laçın dəhlizi” deyə eşitdiyimiz bir ərazinin üzərinə ayaq basmaq bizim üçün böyük motivasiya idi. Həmin əraziləri geri almağımız hamıya xoş təəssürat bağışlamışdı. Lakin düşmənin artilleriya atəşləri dayanmırdı. Biz həmin yolun üzərindəki yüksəklikləri azad edərək orada yerləşdik. Düşmən bizim yaxınlaşdığımızı başa düşmüşdü və bütün qüvvələrini yerləşdiyimiz ərazilərə doğru cəmləmişdi. Eyni zamanda, düşməni aldatmaq üçün planlar, döyüş əməliyyatları var idi. Bu, bizim digər bölmələrin birbaşa Daşaltı və Şuşakəndə olan hücumları idi. Onlar həmin kəndlərə hücum edərək, düşmənin fikrini o istiqamətə yönləndirirdilər. Biz isə düşməni aldatmaq üçün bir qədər də İsa bulağı istiqamətindəki meşəlik ərazilərə enərək, şəxsi heyəti orada yerləşdirdik. Düşmən 1 gün boyunca həmin meşəlik əraziləri dayanmadan artilleriya atəşinə məruz qoydu. Meşəlik ərazilərə dördlüləli, zirehli texnika üzərində olan hava hədəfləri üçün nəzərdə tutulmuş ZSU-23-4 silahından dayanmadan atəş açırdılar ki, bizi məhv etsinlər və ya geri çəkilməyə məcbur olaq. Lakin bu, alınmadı. Bir gün sonra biz orada sakit mövqelərdə gözlədiyimizə görə düşmən haradasa inandı, yəni onları aldada bildik ki, biz istiqamətimizi dəyişmişik və Daşaltı və Şuşakənd istiqamətində hücumları davam etdiririk. Şuşa şəhərinin arxası istiqamətindən şəhərin ətrafına dolanaraq Şuşa-Xankəndi arasında olan ərazilərdən şəhərə sızmaq üçün bu vəziyyəti noyabrın 4-ü gecə davam etdirdik. Noyabrın 5-də meşəlik ərazilərdən istifadə edərək şəhərin yaxınlığına gəldik. Həmin gün axşam Şuşaya Xankəndi istiqamətindən yaxınlaşmışdıq. Sonra oradakı yola qalxıb, düşmən bölmələrini və ehtiyatlarını məhv etdik. Beləliklə, Laçın yolunun Şuşanın arxa tərəfindən dolanaraq Xankəndinə gedən hissəsinə qalxdıq. Həmin ərazilərə qalxmaq o qədər də asan deyildi. Ərazi çox sərt relyefə malik idi - qayalıq və tikanlı, torpaq isə çox sürüşkən idi. Hərbi qulluqçular bir-birindən tutaraq, koldan, daşdan, qayadan yapışaraq həmin ərazilərə qalxmağa müvəffəq oldular. Relyef çətin olduğu üçün yola çatanda çox yorulmuşduq. Bir neçə dəqiqə istirahət etdikdən sonra yenidən hədəfə doğru addımladıq".
Şəhərə daxil olduqdan sonra iki hissəyə ayrıldıq
Onun sözlərinə görə, bundan sonra şəhərə daxil olmaq üçün qala divarlarının qarşısından şamlıq əraziyə doğru irəliləyib, şəxsi heyəti şəhərə doğru istiqamətləndiriblər: "Şuşanı təmizləmək üçün şəhərə daxil olmalı idik. Burada iki bölmə şəhərin girişində sol istiqamətdə təmizləmə işləri aparmalı idi. Mən və polkovnik-leytenant Gündüz Səfərli isə şəxsi heyəti şəhərə girişi sağ istiqamətdən təmin etmək üçün istiqamətləndirmişdik. Bu zaman Xankəndi istiqamətindən düşmən hücumları başladı. Onlar tanklarla və çoxsaylı piyadalarla üzərimizə hücuma keçdilər. Tanklar gecəgörmə cihazlarından istifadə edərək bizi dayanmadan 15-20 dəqiqə atəş altında saxladı. Orada şəhid və yaralılarımız oldu. Atəşin kəsilməsindən istifadə edərək yaralı və şəhidlərimizi oradan götürdük və qala divarlarını aşıb, şəhərə daxil olduq. Qala divarlarını keçəndən sonra yaralı və şəhidlərimizi bir binaya yerləşdirdik. Biz həmin ərazilərə gizli şəkildə düşmən dərinliyinə 15 kilometr məsafədə sızıb gəlmişdik. Şəhərə daxil olduqdan sonra iki hissəyə ayrıldıq. Digər bölməmiz şəhərin daxilini təmizləmək üçün mövqe seçərkən, mən Xankəndi istiqamətindən gələn bölmələrin qarşısını almaq və onları şəhərin daxilinə buraxmamaq üçün şəxsi heyətimi mövqeləndirdim. Burada tank mərmilərindən qorunmaq üçün ən əlverişli mövqelər qala divarları idi, şəxsi heyəti orada yerləşdirdim. Noyabrın 6-sı səhər düşmən tanklar və piyadalarla növbəti hücumunu etdi. Tank mərmilərindən bütün mövqelərimizə atəş açırdılar ki, piyadalarını Şuşanın daxilinə yeridib, bizi məhv etsinlər və şəhəri yenidən ələ keçirsinlər. Lakin qala divarları bizim üçün, həqiqətən, çox əlverişli mövqe idi. Bu divarlar sanki Azərbaycan oğullarını ağuşuna almışdı və düşməndən qoruyurdu. Təbiət də bizimlə idi - dumanlı hava şəraiti, yağışın yağmaması... Noyabrın 6-sı biz şəhərə daxil olana qədər bir dəfə də olsun yağış yağmamışdı. Lakin şəhərə daxil olandan sonra yağış da yağmağa başladı.
Düşmən tanklarından üstümüzə atəş açılsa da, qala divarları elə tikilmişdi ki, heç bir mərmi silahdaşlarımıza, döyüşçülərimizə ziyan vura bilmirdi. Əksinə biz onların canlı qüvvəsini məhv edirdik və geri çəkilməyə məcbur qoyurduq. Tankların arxasında gələn şəxsi heyət irəliləyə bilmirdi. Tanklar da sursat bitəndən sonra geri qayıdırdı. Noyabrın 6-da və 7-də düşmən 4 dəfə Xankəndi istiqamətindən Şuşaya daxil olmağa və şəhəri yenidən geri qaytarmağa çalışsa da, hücumlar nəticəsiz qaldı. Noyabrın 7-si günün ikinci yarısına qədər tank əleyhinə raketlər olduğumuz mövqelərə gəlib çatdı. "Üç yol" adlanan hissədə, yanacaqdoldurma məntəqəsi tərəfdən bizə atəş açılan iki tankı məhv etdik. Bundan sonra düşmən geri çəkildi və Xankəndi istiqamətindən hücumlarını dayandırdı. Beləcə, biz artıq Xankəndi istiqamətindən gələn hücumların qarşısını aldıq. Həmin müddət ərzində XTQ-nin digər bölməsi Daşaltı istiqamətindən Şuşaya daxil olmaq üçün döyüşlər aparırdılar. Onlar da həmin istiqamətdəki qüvvələri məhv etdilər. Düşmənin bir hissəsi Laçın və Xankəndidən köməyin gələ bilmədiyi xəbərini aldıqdan sonra şəhərdən qaçmaq istəyirdi. Lakin bizim qrup həmin heyəti də məhv etdi. Beləliklə, artıq Şuşa şəhəri işğaldan azad olunmuşdu. Noyabrın 8-də Bayrağımızı Şuşa şəhərində dalğalandırdıq və bununla bağlı Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə etdik. 28 il sonra Prezident İlham Əliyev həmin müjdəli xəbəri xalqa şəxsən özü çatdırdı.".
Şuşaya "İsgəndər" raketi də atdılar
Vətən Müharibəsi Qəhrəmanı bildirib ki, Şuşadan çıxarılan ermənilər son çıxış yolunu şəhəri darmadağın etməkdə görüblər: "Noyabrın 8-də düşmən artilleriya vasitəsilə şəhəri atəş altında saxladı. Onlar hər cür silahlardan istifadə edirdilər. Hətta "İsgəndər" raketi də atmışdılar. Bəlkə də düşünürdülər ki, Şuşa əldən çıxdığı üçün şəhərin altını üstünə çevirsinlər. Xoşbəxtlikdən bir nəfərin belə, burnu qanamadı. Beləliklə, noyabrın 8-i və 9-u düşmən artilleriya vasitələrindən istifadə edərək şəhəri atəş altında saxladı. Biz də şəhərin müdafiəsini davam etdirirdik. Noyabrın 9-dan 10-na keçən gecə isə düşmən kapitulyasiya aktı imzaladı və məğlubiyyəti ilə barışdı...
Biz - Azərbaycan oğulları o qayalıqları qalxanda təkcə yüksəklikləri fəth etmədik, Azərbaycanın qürurunu oraya öz çiyinlərimizdə daşıdıq. Şükürlər olsun ki, bütün ərazilərimizi Azərbaycan xalqının və dövlətinin dəstəyi ilə düşməndən azad etdik. Bu, böyük qürurverici hissdir. Şuşa şəhərini Xankəndi istiqamətindən üç gün boyunca öz bölməmlə düşmən hücumlarından müdafiə etdiyimə görə Ali Baş Komandan tərəfindən Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldüm. Bu, mənim üçün qürurverici hissdir, daha çox isə böyük bir məsuliyyətdir. Bizim səsimizdə səngərlərin, qayalıqların, qardaş itkisinə şahidlik edən qaranlıq gecələrin əks-sədası var. Mən bu adı üzərimdə XTQ-nin imzası kimi qəbul edirəm. Hansı ki, biz o imzanı Cəbrayılda, Xocavəndin kəndlərində və Hadrut qəsəbəsində, Füzulidə və nəhayət, Şuşada atdıq. Şuşanın daşına, qayasına, qala divarlarına, küçəsinə qeyd etdik. Şuşaya gedənlərin orada ilk qarşılaşdıqlarından biri "XTQ 052 Yaşma" yazılarıdır. Bizim yolumuz, şöhrət yolu deyil, Vətənə, xalqa, dövlətə sədaqət yoludur. XTQ-nin də elə şüarı budur. Biz "Mənim sədaqətim mənim şərəfimdir" şüarı ilə o qayalıqları qalxdıq və qaranlıq gecələrdə düşmənin kabusuna çevrildik. Qarabağın azad edilməsi birmənalı olaraq Azərbaycan oğullarının, bütün qoşun növlərinin hərtərəfli döyüş fəaliyyətinin qəhrəmanlıq salnaməsidir. Təsadüfi deyil ki, Vətən müharibəsindən sonra yeni xüsusi təyinatlı birləşmələr və briqadalar yaradıldı. 2022-ci ildə "Qisas" əməliyyatında və 2023-cü ildə lokal antiterror əməliyyatlarında Azərbaycan oğulları düşməni öz mövqelərində tam təslim olmağa məcbur etdilər. Beləliklə, suveren Azərbaycanımızın hər qarış torpağında üçrəngli Bayrağımız dalğalandı".
Şuşaya gedəndə rahatlıq tapdım
Müsahibimiz Vətən müharibəsindən sonra Şuşaya ayaq basarkən keçirdiyi hissləri də bölüşüb: “Antiterror əməliyyatlarından sonra bütün ərazilərimiz nəzarətimizə keçdi və torpaqlarımıza doğma sakinlərin - Azərbaycan vətəndaşlarının ayağı dəydi. Bundan sonra mən Şuşaya gedəndə rahatlıq tapdım. Hər dəfə Şuşaya gedərkən orada aparılan yenidənqurma işlərinə nəzər salanda, o muzeyləri, tarixi abidələri görəndə həyata keçirdiyimiz işin mahiyyətini daha dərindən başa düşməyə başlayırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 08 Noyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















