QAŞ DÜZƏLDƏRKƏN GÖZ ÇIXARMAQ... Vergi güzəştlərinin ləğvi özəl sektoru ixtisarlara və “qara mühasibatlığa” aparır
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gələn ildən Azərbaycanda özəl sektorda əməkhaqqı gəlirlərinin vergiyə cəlb olunması planlaşdırılır. Hökumət elan edib ki, bu dəyişiklik ölkədə əmək bazarının “kölgədən çıxarılması”, sosial ədalətin gücləndirilməsi və dövlət gəlirlərinin artırılması məqsədi daşıyır.
Xatırladaq ki, ölkədə 1 yanvar 2019-cu il tarixindən etibarən qeyri-neft-qaz və dövlət sektorundan kənar fəaliyyət göstərən əməkçilərin maaşları üzrə gəlir vergisinə güzəştlər tətbiq edilmişdi. Həmin dövrdə bu sektor üzrə maaşı aylıq 8 000 manata qədər olan işçilər üçün gəlir vergisi tutulmurdu.
Eyni zamanda, neft-qaz sektoru və dövlət sektorunda əmək fəaliyyəti göstərən işçilər üçün isə fərqli vergi məzənnələri mövcuddur: aylıq 2 500 manata qədər olan maaşlarda 14 %, 2 500 manatdan yuxarı hissədə isə 25 % gəlir vergisi tətbiq edilir. Hökumət elan etmişdi ki, bu güzəştli rejim qeyri-neft sektorunda əmək bazarının stimullaşdırılması, rəsmi maaşların qeydiyyatının artırılması və vergi bazasının genişləndirilməsi məqsədilə tətbiq edilir.
Maliyyə Nazirliyinin gələn ilin dövlət büdcəsi layihəsi ilə bağlı açıqlamasından məlum olur ki, vergi güzəştlərinin 7 illik müddəti 31 dekabr 2025-ci il tarixində bitir. Nəticədə, 1 yanvar 2026-cı il tarixindən qeyri-neft-qaz və dövlət sektorundan kənar fəaliyyət göstərən işçilərin maaşları üzrə gəlir vergisi tətbiq olunacaq.
Vergi məzənnələri aşağıdakı kimi planlaşdırılır:
Aylıq maaşı 2 500 manata qədər olanlar üçün: 3% vergi.
Aylıq maaşı 2 500–8 000 manat olanlar üçün: 75 AZN + həmin 2 500 manatdan yuxarı hissənin 10%-i.
Aylıq maaşı 8 000 manatdan çox olanlar üçün: 625 AZN + 14% yuxarı hissədən.
Gələcək illərdə də mərhələli artımlar planlaşdırılır; məsələn, 2027-ci ildə 2 500 manata qədər gəlir üçün vergi 5%-ə qalxa bilər.
Hökumət elan edib ki, bu addımı ilə qeyri-neft sektorunda vergi bazasını genişləndirməyi, büdcə gəlirlərini artırmağı, əmək bazarında şəffaflığı təmin etməyi hədəfləyir.
Beləliklə, güzəştin sona çatması ilə gəlir vergisinin tətbiq sahəsi genişlənəcək, dövlət büdcəsinə əlavə daxilolmalar təmin ediləcək.
Şübhəsiz ki, 2026-cı ildən özəl sektorda maaşların vergiyə cəlb olunması, həm işçilər, həm də işəgötürənlər üçün önəmli dəyişikliklər deməkdir. İşçilərin xalis maaşı azalacaq, işəgötürənlərin büdcəsi isə əlavə xərclərlə üzləşəcək.
Yeni qaydalar özəl şirkətlərin maliyyə yükünü əhəmiyyətli dərəcədə artıracaq. Ekspertlərin hesablamalarına görə, 2026-cı ildən sonra özəl sektorun maaş fondu üzrə xərcləri orta hesabla 4–14% arasında artacaq. Bu artımın miqdarı şirkətin hansı ssenarini seçəcəyindən - yəni vergiləri yalnız əməkdaşın maaşından çıxması, yoxsa işəgötürən tərəfindən kompensasiya olunmasından asılı olacaq.

“AzPolitika”-ya daxil olan məlumata görə, topdan, pərakəndə satışla məşğul olan bəzi iri vergi ödəyiciləri üçüncü yolu - ixtisarları seçə bilər. Bu barədə bir sıra şirkətlərdə müzakirələr gedir.
Xatırladaq ki, hazırda özəl sektorda işəgötürənlərin sosial sığorta ödənişlərinin bir hissəsi dövlət tərəfindən subsidiyalaşdırılır. 2026-cı ildən bu subsidiyanın azaldılması nəzərdə tutulur.
Qanunvericiliyə əsasən, işəgötürənlər əməkhaqqı fondunun 22%-i həcmində sosial sığorta haqqı ödəməlidirlər. Dövlətin subsidiyası azaldıqca, şirkətlər bu öhdəliyin daha böyük hissəsini öz büdcələrindən qarşılamaq məcburiyyətində qalacaqlar. 2026-cı il üçün ilkin proqnozlara görə, işəgötürənlər bu məbləğin 20%-ni artıq öz vəsaiti hesabına ödəyəcək. Bu isə maaş fondu üzrə təxminən 4,4% əlavə maliyyə yükü deməkdir.
Güzəştlərin ləğvinin şirkətlərə konkret təsirlərinə gəlincə, əgər şirkət yalnız sosial sığorta subsidiyasının azalmasını nəzərə alarsa, əməkhaqqı fondu üzrə xərclər 4,4% artacaq. İxtisara getməyən şirkətlərin işçilərin xalis maaşını dəyişməzsə, əlavə vergi yükünü daha da artıracaq.
Məsələn:
2,000 manat maaş alan işçiyə görə şirkətin əlavə aylıq ödənişi təxminən 148 manat olacaq (artım 7,4%).
5,000 manat maaş üçün bu göstərici 545 manat təşkil edəcək (artım 10,9%).
10,000 manat maaş alan əməkdaş üçün isə əlavə xərc 1,345 manat olacaq (artım 13,4%).
Beləliklə, özəl şirkətlər üçün ümumi əməkhaqqı fondunda iki rəqəmli artım qaçılmaz görünür.
Bundan başqa vergi sistemindəki dəyişikliklər yalnız maliyyə baxımından deyil, həm də inzibati proseslərdə çətinliklər yaradacaq. Ekspertlərə görə, şirkətlər yeni qaydalara uyğun olaraq, mühasibat və HR proqram təminatını yeniləməli, vergi bəyannamələri və hesabat formalarını dəyişdirməli, əməkdaşlara izahat və təlimlər keçirməli, yeni audit və məsləhət xidmətlərinə müraciət etməli olacaqlar.
Ekspertlər hesab edir ki, bu texniki və məsləhət xərcləri illik əməkhaqqı fondunun 0,5%-dək hissəsini təşkil edə bilər.
İşçilərin xalis gəlirinin azalması əmək bazarında yeni gərginlik yarada bilər. Xüsusən yüksək ixtisaslı kadrlar “xalis maaş” əsasında müqayisə aparacaq və bəzi şirkətlər onları saxlamaq üçün maaş artımına gedə bilər. Bu da öz növbəsində əmək bazarında qiymətlərin qalxmasına səbəb olacaq.
Eyni zamanda, bəzi işəgötürənlər vergi yükündən yayınmaq üçün əmək müqavilələrini azaldılmış göstəricilərlə rəsmiləşdirə, ya da qeyri-rəsmi ödənişlərə üstünlük verə bilər. Bu isə kölgə iqtisadiyyatına dönüş riskini artırır.
Yekun olaraq qeyd edək ki, gələn ildən özəl sektorda maaşların vergiyə cəlb edilməsi, şirkətlərin rentabelliyinə, qiymət siyasətinə və investisiya qərarlarına birbaşa təsir göstərəcək.
İqtisadçılar hesab edirlər ki, hökumət bu keçidi mərhələli şəkildə və subsidiyaların tədrici azaldılması ilə həyata keçirməlidir. Əks halda, xərclərin kəskin artması bir çox kiçik və orta müəssisələrin fəaliyyətini çətinləşdirə bilər.
Rasim Əliyev
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 30 Oktyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















