Icma.az
close
up
RU
“Qəlbimi Məchulluq qorxusu diddi...”

“Qəlbimi Məchulluq qorxusu diddi...”

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

EMİLİ DİKİNSON
(1830 –1886)

19-cu əsr Amerika poeziyasının ən görkəmli simalarından biridir. Onun məşhur ifadəsi var: "Bir yazını oxuyanda bütün vücudum elə üşüyürsə ki, bir od da məni qızındıra bilməz, bilirəm, bu oxuduğum poeziyadır".

ÇAYIM SƏNƏ AXIR

Çayım sənə axır, göy dəniz, sənə.
Qəbul edərsənmi məni, desənə.
Çayım cavab gözlər, səslər adını,
Ah, dəniz, di göstər iltifatını.

Yetirrəm arxları sənə yox yerdən,
xal-xal səpələnmiş zaviyələrdən.
Ah, səni...
Al məni!

VİLYAM ERNEST HENLİ
(1849-1903)

Britaniya şairi, nasiri, ədəbiyyatçısıdır. Bir neçə poetik toplunun müəllifidir.  Nelson Mandellanın sevimli şeiri kimi daha çox “Invictus” (“Yenilməz”) şeirinə görə məşhurluq qazanmışdır.

YENİLMƏZ

Cəhənnəm gecəsi, aləm qapqara,
Sarmış vücudumu ağrılar içrə.
Şükranlıq edirəm mən ilahlara
Bax bu ram olmamış ruhuma görə.

Tənimdə işgəncə döyənəkləri, 
Çığırtım-bağırtım eşidilməmiş.
Taleyin ən ağır dəyənəkləri
Yarsa da başımı əyə bilməmiş.

Qəzəb, göz yaşları… yollar dumanlı,
Məchulluq kabusu atılmış önə.
Gələcək illərin gözləri qanlı
Olsa da qorxmuram, qorxmaram yenə.

Keçidlər, cığırlar dar olsun, nə qəm,
Ard-arda cəzalar olsun, nə sözüm.
Mənəm taleyimin ağası, mənəm,
Özüməm ruhumun öndəri, özüm.

ROBERT FROST
(1874 - 1963)

Əyalət həyatının realist təsvirləri fonunda mürəkkəb sosial, fəlsəfi mövzuları incələyən əsərləri, sıravi Amerikalının danışıq tərzini şeirləşdirən bədii məziyyətləri onu 20-ci əsr Amerikasının ən şöhrətli şairlərindən etmişdir. Sağlığında dəfələrlə ABŞ-ın ən yüksək mükafatlarına layiq görülmüşdür. 

GEDILMƏMIŞ YOL

Payızdı, meşədə yol haçalandı,
Qəlbimi məchulluq qorxusu diddi.
Mənə bu cüt yoldan hansı həyandı? 
Zillənib birinə xeyli dayandım – 
Gördüm kolluqlara əyilib itdi...

Sonra da zilləndim ikinci yola.
Çox güman, daha çox bu yol yarıdar,
Düşündüm, qoy gedim, nə ola, ola.
Bəlkə də getmişlər izləri qala
Vaxtilə o yolu başqaları da.

O səhər hər iki yolun xəzanı
Tapdaq görməmişdi, qaraltısızdı.
Birinci qoy dursun, gələr zamanı,
Onsuz da öndədir qovuşan anı
Yolların. Nə bilim, bəlkə də azdım...

İllər arxadadır... Rahat nəfəslə
Qoy deyim, qurtaran məni o yoldu
Meşədə... seçmişdim qəribə şəstlə 
Mən az gediləni məchul həvəslə.
Hər şeyi dəyişən, şəksiz, bu oldu.

QARLI MEŞƏLİYİN AXŞAM ÇAĞINDA 

Kimindir bu meşə? Əlbət, bilirəm.
Hərçəndi burda yox, bir kənd içində
Yurd salmış yiyəsi. Hey zillənirəm
Qarlı meşəsinə bir zənd içində.

Ürgəmsə döyükür, durmuşuq nədən,
Yox axı yaxında bir ev damı da. 
Gözünü donmuş bir göldür göynədən
Ilin ən qaranlıq bir axşamında.

Titrədir yüyənin zınqırovunu,
San sorur bəlkə səhv salmışıq yeri.
Almaqmı istəyir atın hovunu
Əsən meh, uçuşan qar dənələri.

Azır baxışlarım dərin meşədə,
Varmı yol çıxasan böylə nəşədən.
Vədli-vədəlisən, gözü yol çəkən
Var, tərpət atını bayılmamışkən.

EZRA POUND
(1885 –1972) 

Amerikalı şair, tənqidçi, erkən modernist poeziya hərəkatının aparıcı simalarından biri olmuşdur. Ziddiyyətli, təlatümlü həyat yaşayan, 2-ci dünya savaşında İtaliyada faşistlərlə əməkdaşlıq və onları mədh edən E.Pound müharibədən sonra xain kimi həbsxanaya salınmış, psixi durumu nəzərə alınaraq mühakimə edilməmiş, 12 ilini Vaşinqtonda psixiatriya xəstəxanasında keçirmişdir. Şeirləri 1947-ci ildə Amerikada keçirilən poeziya müsabiqəsinin qalibi seçilmişdir. 1958-ci ildə Amerika yazıçıları onun təbliğatını apararaq xəstəxanadan azad edilməsinə nail olduqdan sonra İtaliyaya qayıtmış, həyatını orada başa vurmuşdur. 

Tərcüməsini təqdim etdiyim iki misralıq şeir feilsiz şeir növünə aid ilk nümunələrdəndir. Təhlillərin birində vurğulanır ki, şair 1912-ci ildə Paris metrosunda qarşılaşdığı bir anı təsvir edir və obrazlılığı bənzətmə ilə deyil, “bərabərləşdirmə” ilə yaratmağa çalışır. 

BİR METRO STANSİYASINDA

Bu üzlərin izdihamda kabusanə görüntüsü: 
Nəm, qara şax budaqda ləçəklər.


ANAİS NİN
(1907-1977)

Fransa doğumlusu, əslən Kubalıdır. Gündəlikləri, qısa hekayələri, avanqard şeirləri, siyasi mövzuda yazıları, erotika janrında bədii əsərləri ilə ABŞ-da məşhurdur. 

RİSK

Və gün o gün oldu ki,
bir tumurcuq içində
möhkəmcə qəfəslənib
sabahı bəkləyəsən
fikri daha ağrılı
oldu, nəinki riskə
gedib çiçəkləyəsən.

COY HARJO
(1951)

Bir sıra poetik topluların, o cümlədən, "Amerikavari gün doğuşu", "Göydən düşmüş qadın", "Dəli sevgi və müharibə", "Günəşin qürubu al ilmələrdə" kitablarının müəllifidir. 2019-cu ildə ABŞ-ın  laureat şairi fəxri adına layıq görülmüşdür. Amerika Şairlər Akademiyasının kansleridir. Harjo musiqiçi, dramaturq kimi də tanınır.

BU SƏHƏR DÜŞMƏNLƏRM ÜÇÜN DUA EDRƏM

Hə, deməli, düşmən kimə deyirəm?
Düşmən gərək səndən kənar olmaya.
Üz tutub günəşə gedir, gedirəm
Açıla ürəyim, bağlı qalmaya.

O sualı darıxan ürəkdən gəlir,
Qəzəblə dillənən ağıldan deyil.
Ürəyin günəşlə qan qohumluğu
Gördürür, bildirir ona hər şeyi.
Ona söz-söz çatır dinləyən zaman
Ağla əzab verən bir taqqıltını.
Qanıyla duruldur, hüzrlə duyur
Duatək eşidir hər cırıltını.

Səndən həzər etsin zavallı düşmən,
Ürəkdən açmalı ağla qapını.
Dostluq təhlükəsi alar üstünü.
Açarsa böylə bir alaqapını.

KAROL ANN DAF
(1955)

Şotland şairi və dramaturqudur. Tərcüməsini təqdim etdiyim 7 beytlik şeir mobil telefon vasitəsilə yazılı ünsiyyətdən bəhs edir. Fikrin yığcam ifadəsi üçün sözlər minimum saydadır: məqsəd ismarış yazarkən istifadə edilən dilin təqlididir. Şair təəssüf keçirir ki, sevdiyi şəxslə bu ünsiyyətdə səs itkisi var.

4-cü beytdə qoşa iks xx ingiliscə qısa yazışmalarda öpüşləri rəmzləndirir. 6-cı beytdə "arpeccio" kimi tərcüməsi gedən söz (ingiliscə "broken chord", hərfən "qırıq akkord") musiqi terminidir, akkordun notları yüksələn, yaxud azalan ardıcıllıqla tək-tək səslənir. Bu metafora münasibətlərin zədələnməsinə, yaxud duyğuların pərakəndəliyinə, yaxud da ola bilsin, sevgililər arasında hansısa incə bir məqama işarə üçündür.

İSMARIŞ MƏTNİ

Bu mobil san yaralı quş,
barmağımla, sığallanan...

Ard-arda vacib sözləri
yollayırıq becit, an-an.

Təkrar-təkrar oxuyuram
səni gözə ala-ala,

kiçik, qoşa iks rəmzlərin
salır məni mübhəm hala.

Arpeccioya dönüb dinən
kodlarımız hərf-hərf nalan.

Görmək dilərəm əlini,
gözlərimi alır duman.

Nəyi bassa baş barmağım
eşidilməz olur haman.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Mart 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see226

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see214

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see212

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see209

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see204

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see200

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see196

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see194

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see193

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see188

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see186

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see183

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see182

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see182

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see181

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see180

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see179

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see173

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri