Qəlblərdə əbədi yaşayacaq LİDER TƏHLİL
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol, əsasını qoyduğu siyasət daim Azərbaycana böyük uğurlar, möhtəşəm qələbələr gətirəcək
Azərbaycan xalqı dünyada ən sayılan, seçilən və hörmət sahibi olan xalqlardandır. Bu hörməti və dəyəri isə qətiyyəti, mübarizliyi və ədalətli mövqeyi ilə qazanıb. Məhz qətiyyət və cəsarət nəticəsində 30 avqust 1991-ci ildə Azərbaycan parlamentinin - Ali Sovetin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul etdi. Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Təəssüflər olsun ki, bəzi qüvvələr çətinliklə qurulan müstəqilliyi hakimiyyət uğrunda savaşa qurban verməyə çalışdılar. Ötən əsrin 90-cı illərin əvvələrində Azərbaycanda bütün sahələrdə hərc-mərclik, özbaşınalıq, xaos hökm sürürdü. Hakimiyyətdə olan AXC- Müsavat cütlüyü mövcud vəziyyəti aradan qaldırmaqdansa haqq uğrunda səsini qaldıran xalqın səsini batırmağa çalışırdı. Hətta küçələrə çıxan insanlara atəş açmaqdan, həbs edib, türmələrə atmaqdan çəkinmirdilər. Vəziyyətin idarəolunmaz dərəcədə kritik olmasından istifadə edən Ermənistan ardıcıl olaraq Azərbaycanın torpaqlarını işğal edirdi. Artıq vəziyyət o qədər çətin və ağır həddə çatmışdır ki, ölkəmiz müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanı belə çətin vəziyyətdən xilas etmək üçün yeni bir siyasi təşkilatın yaradılması mütləq tarixi zərurətə çevrilmişdi. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqının ümid yeri Ümummilli Liderimiz, Xalqımızın xilaskarı Heydər Əliyev idi. Məhz bu məqsədlə 1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısı yeni bir siyasi partiyanın yaradılması təşəbbüsü ilə Heydər Əliyev dühasına xüsusi müraciət ünvanladı. Həmin ilin oktyabrın 24-də Ulu Öndərimiz Heydər Əliyev ziyalıların müraciətinə müsbət cavab verdi. Beləliklə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsisi konfransı keçirildi və Dahi Öndərimiz partiyanın Sədri seçildi.
Xalqa bağışlanan ömür
Tarixi çıxışlarının birində Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin ilk illərində ölkəmizdə cəriyan edən çətin, ağır dövrü barədə demişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı” “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, - deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Xalqın çağırışı ilə ikinci dəfə hakiyyətə gələn Ulu Öndərimiz ölkəni və xalqı üzləşdiyi bəlalardan xilas edə bildi. Bu baxımdan 1993-cü ilin 15 İyun Milli Qurtuluş Günü - Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan tarixi gündür. Xilaskarlıq missiyasını öz üzərinə götürən Dahi Öndər Heydər Əliyev daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğradaraq, 1993-cü il iyunun 9-da Bakıya gəldi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) institutu yaradıldı. Bütün bunlar isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini və gücləndirilməsi istiqamətində əhəmiyyətli faktorladan biri idi. Ulu öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. Bununla yanaşı, 1993-cü ildən Ulu Öndərin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsi genişləndirildi. Bu isə demokratikləşmə prosesini olduqca sürətləndirdi.
Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb
2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən, onun ən dəyərli, siyasi varisi olan İlham Əliyevin timsalında bir daha onun dahiliyinin şahidi olduq. Azərbaycan xalqı həmişə o irsdən faydalanacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyevin -100” illiyinin keçirlməsi barədə qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq. Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir. Onun fəaliyyətinin hər bir mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət nəticəsində xalqın istək və arzusu olduğu bütün hədəflərə nail olunub. 2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Cənab İlham Əliyev andiçmə mərasimində demişdi: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm". 2003-cü il də deyilən tarixi fikirlər yüksək səviyyədə həyata keçirilib. Böyük nailiyyətlərə, qələbələrə imza atan Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, qüdrətli, lider dövlətinə çevrildi. 44 günlük Vətən Müharibəsində 30 illik erməni işğalına son qoyuldu, tarixi Azərbaycan torpaqlarında suverenliyimiz bərpa olundu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Bu fikirləri ilə Prezident İlham Əliev bir daha Ulu Öndərimizin siyasətini inamla və qətiyyətlə davam etdirdiyini və Dahi Öndərin “torpaqlarımızın işağldan azad edilməsi” vəsiyyətini böyük fəxarət və qürurla yerinə yetirdiyini göstərir. 2023-cü ilin aprelin 23 -də isə Xankəndi-Laçın yolunun başlanğıcında, Həkəri çayının üzərində sərhəd- keçid məntəqəsi quruldu. Bunlada suverenliyimiz təmin olundu. 2023-cü il sentyabrın 19-başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Qarabağdakı bütün terorçular hərbi birləşmələr, o cümlədən onlara rəhbərlik edənlərin bir qismi məhv edildi, əsas başçıları isə ədalət mühakiməsinə verildi. Hazırda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi keçirlir. Təbii ki, cinayətkar dəstə üzvlərinin hər biri məhkəmənin qərarı ilə layiq olduqları cəzanı alacaqlar.
Son 22 ildə həyata keçirilən uğurlu inkişaf strategiyası
2020-ci ilin sentyabrın 27-də başlayan və parlaq hərbi, siyasi, diplomatik qələbədən sonra işğaldan azad edilən ərazilərdə böyük quruculuq abadlıq işləri həyata keçirilir. Bütün azad edilən ərazilərə quruculuq, abadlıq, bərpa işlərindən sonra öz doğma yurdlarına köçürülürlər. Bu günədək işğaldan azad edilmiş ərazilərə 5 şəhər, 5 kənd olmaqla, 10 yaşayış mənətəqəsi üzrə köçürülmə olub, ümumilikdə 10 mindən çox keçmiş məcburi köçkün doğma yurduna qayıdıb.Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, ötən il doğma yurda qayıdanların sayı 5 mindən çox olub: “Hazırda Qarabağda və Şərqi Zəngəzurda, 2023-2024-cü illərdə ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyənlərin sayı 34 min nəfərdən çoxdur. 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı əhatə olunan şəhid ailələrinin, qazilərin maddi və mənəvi qayğıları ilə yanaşı, mənzil, məişət məsələləri ilə də öz həllim tapır. Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Rəsmi məlumata istinadən demək olar ki, parlaq hərbi qələbədən sonra şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 348 min xidmət göstərilib. Belə ki, şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş, 23,1 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 050 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib.Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 64,3 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.Müharibə ilə əlaqədar əlilliyi olan 2 151 şəxs 57,4 min reabilitasiya vasitəsi, o cümlədən 473 şəxs 566 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 21,9 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,6 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Son 22 ildə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail olub, əhalinin sosial-iqtisadi vəziyyəti daha da yaxşılaşıb, beynəlxalq aləmdə nüfuzu daha da artıb, dövlətimiz Cənubi Qafqazın siyasi, iqtisadi mərkəzinə çevrilib. Bu uğurların davamlı olacağı şübhəsizdir. Çünki Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət yalınız və yalnız xalqın rifahının daha da yaxşılaşmasına, dövlətin tərəqqisinin daha möhtəşəm şəkildə inkişaf etdirilməsinə hesablanıb.
İLHAM ƏLİYEV

