Icma.az
close
up
RU
QƏLƏMƏ BAGLI ÖMÜR

QƏLƏMƏ BAGLI ÖMÜR

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Filologiya elmləri doktoru, professor  İmaməddin Zəkiyevin 85 iliyinə 

İmaməddin Şahverdi oğlu Zəkiyev 10-illik təhsi­li­ni keçmiş Qo­naqkənd rayonunun Cimi kəndində uşaq evində yaşayarkən, alı təh­si­li­ni Bakı Dövlət Universitetində, aspi­rantura və dokto­rantura təh­silini AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda almışdır. Ədəbi ya­­radıçılığa şeirlə başlamışdır. Onun ilk mətbu şeiri orta məktəbdə oxuyarkən Azərbaycan Yazıcılar İttifaqının katibi, xalq yazıçısı Hüseyn Abbas­zadənin xeyir duası ilə “Azərbaycan pioneri” qəzetində cap edilmişdir.

Bir il rayon qəzeti redaksiyasında çapçı işləyəndən sonra BDU-ya qə­bul olan İ.Zəkiyev Universitet qəzetində, Azərbaycanın mət­­bu orqanlarında, ədəbi almanaxlarda  vaxtaşırı maraqlı poeziya nümunələri ilə çıxış etmişdir. O, yazır:

Tanrı bu dünyanı qurandan bəri

Bu günü sabaha təkan yaradıb.

Uğursuz, bəhərsiz keçən günləri

Əl-ayaq dalayan tikan yaradıb.

  Daha başqa bir poetik nümunə:

Kitabı günəşə bənzədib ellər,

Onsuz nə baş işlər, nə də ki, ürək.

Günəşi kitaba sığdıran əllər

Qızıla tutulsun, qızıla gərək!

  İ.Zəkiyevin mətbu şeir və poemalarında yadda galan belə poetik nümunələrdən də aydın görünür ki, onun qələmindən nə çıxıbsa, yonulub  çıxıb. Buna gö­rə “Heyrət doğuran qeyrət” poeziya çələngində, “Qonaq­kənd­dən başla­nan yol”, “Ömürdən səhifələr” kitablarından və digər irili-xırdalı yazıla­rın­da yad cizgilər əksini tapmamışdır. O, yaxşı bilir ki, şeirin mayasını bulan­dı­ran mətləblər müəllifin fikir enerjisinin nüvəsinə zərbə vurduğuna görə oxu­cu qəlbini isindirməkdən acizdir. Həyatın, ədəbiyyatın, elmin nəbzini tu­ta bilənlər bunun dаnılmaz həqiqət olduğunu daha yaxşı bilirlər. İ.Zəkiyev də ilk  qələm təcrübəsindən üzü bəri sözü ilə əməli düz olan çoxsaylı müəl­lif­lərdən biri kimi özünü də, sözünü də yad təsirlərdən qoruya bildiyinə görə şeir­lərində həyatın nəbzi duyulur. Bu fikrin məntiqi nəticəsi olaraq müəllif ya­zır:

Düz sözlə milyonlar ayıla bilər,

Həqiqət yerinə qoyula bilər.

Saf sözün səhv sözə zəfər çalması

Bölgədən bölgəyə yayıla bilər.

Calaq üsulu ilə yazılan əsər

Qələmdən keçsə də yaşaya bilməz.

Düşüncə sığalı görməyən əsər

Milli qeyrət yükü daşıya bilməz!

Sağ­lam milli düşüncə adamı olan İ.Zəkiyev 50 il bundan əvvəl qələmə aldığı “Zor - ağıl kürsüsündə” adlı ədəbi-tənqidi məqaləsində yazmış­dır ki, “Yazıçı da xalqa xidmət edən müəllimdir. Onun sinfi - oxucu audi­toriyası, dərs­­liyi - yazdığı əsərlər, lövhəsi - sağlam beyinlərdir. Müəllim işlədiyi mək­­təbin, müəllif mənsub olduğu xalqın tarixinə yeni səhifələr yazır:

Əqidə mövqeyi ilə indiki qənaətinin üst-üstə düşdüyünü onun öz söz­lə­ri də təsdiq edir:

Qələm fayda verməz heç vaxt heç kəsə -

Şam kimi başından şölələnməsə.

Kağız da itirər öz dəyərini -

Qələmin ucundan dür ələnməsə.

Müəllif fikrini belə süsləndirməkdə haqlıdır. O, poeziyanın işıqlı yolları ilə ədəbiyyata gələn qələm sahibi kimi ildən-ilə püxtələşmiş, sözünün mən­ti­qinə və fəlsəfi məna tutumunun cəkisinə diqqətini artıran söz adamı kimi doğ­ru yazmışdır ki:

Sözün cilovunu boş buraxan kəs

Oxucu sevgisi qazana bilməz!

Müasirliyə, vətənpərvərliyə və s. heyrət doğuran həyat həqiqətlərinə güc­lü meyli olan qələm sahibi kimi İ.Zəkiyev gördüklərinə, eşitdiklə­rinə, duy­duqlarına seyirici nəzərlə baxmır. Söz çayının burulğanına düşmək təhlü­­kə­sindən özünü qoruyan müəllif fikirlərini düşüncə süzgə­cin­dən keçi­rəndən son­ra əldə etdiyi səmərəli nəticə üzərində dayanmağı daha məqbul sayır. Hə­yat kredosunun məziyyətlərini əks etdirən şeir və poemalarında sülhə, əmin-amanlığa, quruculuğa məhəbbət, düşmənə nifrət hissi onu daha çox dü­şündürən məsələlərdəndir. Qalib Prezidenti­mizə, Qalib Ordumuza, 44 gün­lük möhtəşəm Zəfərimizə, Qəhrəman Şəhid­lərimi­zə həsr etdiyi əsər­lə­rin­də yadda qalan misralar, ütülənmiş fikirlər könül açır və bir oxunuşda yad­da qalır. Məsələn:

Hayları lap zəlil eləyib Ordum,

Üstünə od-alov ələyib Ordum.

Düşmən lampasına neft tökənlərin

Kefini kəfənə bələyib Ordum!

Qarabağ ağ günə çıxandan bəri

Ağrılar çəkilib ürəyimizdən...

Müəllifin şeirlərində forma və məzmun vəhdətinə, ümumxalq dilinin in­cəliklərinə hörmət etməyə çalışması daha qabarıq görünür. Bir çox döyüş böl­gələrində, xüsusilə Cəbrayılın düşmən tapdağından azad edilməsində mi­sil­siz qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvə­sinə ucalmış Polkov­nik-leytenant Rəşad Rəşid oğlu Quliyevin igidliyinə həsr etdiyi “Şə­hid ömrü” poemasında Rəşadın hərbi təhsil illəri ilə qəhrəmanlıq illəri çox sa­də bir dildə vəsf edilmişdir:

Jurnalda bir sətirə

Sığardı bir vaxt adı,

İndi kitaba sığmır

Məna dolu həyatı.

Daşnakların kürkünə

Birə saldığı gündən,

Bir addım da geriyə

Çəkilməmişdir öndən.

Çətin anda baxmayıb

Qara, qışa, yağışa,

Səylərini görənlər

Layiq görüb alqışa.

Şəhid olana qədər

Düşmənə qan uddurub.

Düşmənə qan tökməyin

Acısını daddırıb.

Eyni məntiqin davamını İ.Zəkiyevin yeni çapdan çıxmış və mütərəqqi ça­larları özündə ehtiva edən “Ləyaqət” kitabında da görürük:

Qansızlar nə üçün haqq yola girmir?

Sülhdən danışana hay niyə vermir?

Erməni xalqına silah verənlər

Ağlından bir zərrə pay niyə vermir?

Adı çəkilən kitabda yer almış digər poetik lövhələr kimi Qarabağ möv­zu­sunun da Azərbaycan Prezidentinin Dəmir Yumruğuna, Polad İra­dəsinə və Dönməz Siyasətinə layiq səviyyədə oxucuların mühaki­məsinə verilməsi təq­dirəlayiq haldır. Kitabın “Dünyanı heyrətə salan möcüzə” adlı ikinci his­sə­si yaxşı cilalanması baxımından birinci hissədən heç də geri qalmır:

Qırx dörd gün ərzində əsgərlərimiz

Xalqı dərd-bəladan qurtara bilib,

Bir çoxu evinə qayıtmasa da

Bizi Qarabağa qaytara bilib!

Döyüşün ən çətin məqamında da

Atəşi Zəfərə döndərib onlar.

Torpağın üstünə göz dikənlərə

Torpağın altında yer verib onlar!

Bu kimi səmimi misralardan sonra Qarabağın ildırım sürətli tərəq­qi­si­nin əbə­diliyinə müəllifin sonsuz inamının milyonların tükənməz ümidləri ilə üst-üstə düş­məsi fərəh doğurmaya bilərmi?!

Azərbaycan anadır, Qarabağ bala,

Ana bala ilə girib qol-qola,

Şərəflə, qürurla sabaha doğru

İri addımlarla çıxıblar yola...

İ.Zəkiyevin yaradıcılığında iki qoşa qanad mühüm yer tutur: poeziya və elm. Hər iki sahədə müəllifin dili sadə, fikri aydın, məqsədi - tərəqqiyə xid­mətdir. Qələminin sığalını görmüş mövzular arasında axta­rış, tapıntı, mü­­lahizə və polemika yönümlü mövzularla yanaşı ədəbi, elmi, tənqidi mə­qa­lələr də çoxluq təşkil edir. Onun yazdığı əhatəli əsər­ləri AYB-nın nəşr­lə­rin­də, AMEA-nın, Mədəniyyət Nazir­liyinin, Təhsil Na­zir­li­yinin elmi məc­muə­lərində, habelə Azərbay­can, Türkiyə, Qazaxıstan, Uk­ray­­na universitetlərinin “Elmi əsərləri”ndə və digər nüfuzlu dərgilərində dərc olunmuşdur.

Alimin elmi tədqiqat işinə obyektivlik prizmasından yanaşmasını şərt­lən­dirən amillər sırasında düşüncə şəffaflığı və məsuliyyət hissi əsas yer tu­tur. Onun ürək qanı, alın təri və istedad şirəsi ilə yazılmış hər bir ədəbi, el­mi, tənqidi məqaləsində tarixi həqiqətin üzünü ağardan dəlillərlə yanaşı, ya­ra­dıcılıq meyarlarının tələblərinə biganəlik göstərənlərə qarşı bir ittiham ki­mi səslənən məqamlar da çoxdur. Məsələn, AMEA-nın nəşr etdiyi (1963) “Ki­tabxana-biblioqrafiya terminləri lüğəti”nin tənqidi­nə həsr edilmiş “Təşəbbüs yaxşıdır, amma...” məqaləsi sensasiya doğu­randa İ.Zəkiyev Universiteti yenicə bitirmişdi... Onun sonrakı yazıla­rı da öyrənən, öyrədən və islah  edən alim qələminin uğurlu nəticələrindən soraq verir.

İ.Zəkiyevin yenilikçi alim olduğu saysız-hesabsız məqalələrinin adla­rın­­dan da aydın görünür: “Bir avtoqrafın taleyi”, “Yeni fikir: ilk Azər­bay­can kitabı Avesta”, “Nizami – öyrənilməmiş səhifələr”,“Qədim yazı mate­rial­ları, kitablar və kitabxanalar”, “Klassik irsin tədqiqi”, “Durğu işarələri haq­qında nə bilirik”, “IV-VII əsrlərin mənəvi mənzərəsinə bir baxış”, “VII-VIII əsrlərdə Azərbaycan kitabına doğma və yad münasibət”, “Azərbaycan ki­tabı IX-X əsrlərdə”, “Qədim Bərdə və Gəncə kitabxanalarının açılmamış sə­hifələrı” (X-XI əsrlər), “Unu­dulmaz şairin unudulmuş irsi” (Məsud ibn Nam­dar haqqında), “Orta əsrlərin naməlum Xınalıqlı alimləri”, “İki əsrin üc par­laq siması” (N.Tusi, F.Rəşidəddin və Q.Rəşidi haqqında”, “70 il qələm və fırça ustaları arasında” (Cəfər Təbrizi haqqında), “Kitab sandıqlarının açıl­­ma­mış sirləri”, “Azərbaycanda kağız istehsalı tarixindən”, “Beş əsr ya­rım­dan sonra tanınan alim” (Mahmud Xınaluqi haqqında), “Kitablar ara­sın­da keçən ömür” (K.Behzad haqqında), “Sultan Məhəmmədin ömür ki­ta­bın­dan səhifələr”, “Seyfəlmülük” dastanı haqqında bilinməyən həqiqət”, “Na­mə­­­lum “Hesabat”ın məlum mətni”, XIX əsrin naməlum şairi, mətn­şünası, folk­lorçusu, tərcüməçisi, xəttatı və kitab tərtibçisi “Rizvan Əlikli kimdir?”, M.F.Axundzadənin naməlum ərizəsinin məlum şərhi”, “M.F.Axund­zadənin mil­li mətbəə açmaq səyləri”, “M.F.Axund­za­dənin naməlum avtoqrafları”, N.Nərimanovun Bakıda açdığı zəngin kitabxanadan sonra Şərqdə böyük əks-səda doğurmuş Quba kütləvi kitabxanasının fədakar təsisçisi “Mirzə Mə­həmmədəli Qasımov kim­dir?”, “S.Ə.Şirvaniyə aid edilən bir imza haq­qın­da”, “Bir cümlənin açımı”, “XIX əsrin kitablarını vərəqlərkən”, “İlk azər­baycanlı ensik­lopediyaçı və nəşri dayandırılmış ilk Azərbaycan En­sik­lo­pediyası” (17 cildlik nəşrə ermənilərin və Moskvadakı havadarlarının xə­ya­nəti haq­qında), “Azərbaycan teatrının yaddaş kitabı”, Azərbaycanın poçt-ra­bitə tarixi haqqında “Analoqu olmayan kitab” və s. məqalələr unudul­muş və unutdurulmuş Azərbaycan-türk həqiqətlərini təs­diq­ləyən və müəllifə ha­lal­lıq haqqı qazandıran alim möhürüdür.

Mübaliğəsiz demək olar ki, İ.Zəkiyev təkzibolunmaz axtarışları, ta­pın­tı­ları və işıqlı elmi mülahizələri ilə Azərbaycan kitabşünaslığının  əhatə dairə­sini xeyli genişləndirmiş, özündən sonrakı mütəxəssislər, tədqi­qatçılar, oxu­cular və maraqlananlar üçün etibarlı zəmin hazırlan­mışdır. Onun qə­lə­min­dən çıxmış və elmi ictimaiyyətin marağına səbəb olmuş “Yazıçı və ki­tab”, “M.F.Axundov və kitab mədəniyyəti”, “M.F.Axun­­dov kitab, ki­tab­xa­na və mütaliə haqqında”, “Əsrlərin əks-sədası”, “Azərbaycan kitabının in­ki­şaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)”, “Azər­baycanda nəş­riy­yat işi (Əlyazma kitabından çap kitabına qədər, müştərək)” və s. kitabları da mü­taliyə həvəskarlarına yeni impuls vermişdir. Bu həqiqəti nəzərə alan Azər­baycanın nüfuzlu dövri nəşrləri alimin “Azər­baycan Ensiklopediyası” Nəşriyyat-Polig­rafiya Bir­li­yin­də həyata vəsiqə almış “Azərbaycan kitabının inkişaf yolu. (Qədim dövr­dən XIX əsrin sonuna qədər” monoqrafiyasını “Azərbaycan kitab tarixi haq­qında ilk iri həcmli kitab”, “Kitabşünaslıq elminə töhfə”, “Üç min illik ta­rixin açıl­mamış səhifələrinə güzgü tutan əsər”, “sensasiya do­ğu­ran çox fay­dalı monografiya” kimi “öz aktuallığını hə­mişə sax­la­yacağını” əminliklə ifa­də etməsi və “Təəssüf ki, bu zəngin tarix uzun illər bizə öyrədil­məyib” qə­naətini diqqətə çatdırması əslində həqiqətin etirafıdır.

SSRİ-nin süqutuna qədər düşmən ünsürlərin üfürdüyü və ha­va­dar­ları­nın dəstəklədiyi rüsvayçı yalanlara aldananlarımız da az olma­mış­dır. Bu məsələ ilə əlaqədar “Qobustan” jurnalının re­daktoru ilə bir maraqlı müsahibəsində İ.Zəkiyevin verdiyi la­konik cavabı qürur doğurmaya bilərmi?! “Bir sıra məqalə və kitablarda ya­zılmışdır ki, 1920-ci ilə qədər Azərbaycan xalqı­nın 98 faizi (?) savadsız ol­muşdur. Bu rəqəmin qara rəngini tündləşdirib 99 yazanlar da vardır. Ha­kim imperiyanın yalanlarına uyan 1930-cu illərin qurbanlarından biri isə yaz­mışdır ki, qədim dövrdən sovet dövrünə qədər “müstəqil, zəngin və də­rin bir mədəniyyətimiz heç bir zaman olmamışdır”. Halbuki Azərbay­can keç­miş əsrlərdə, xüsusilə IV-VII əsrlərdə tərəqqi dövrü keçirmişdir. Sonrakı beş əsrlik mərhələni isə “qızıl əsrlər”, “parlak əsrlər”, “altun dövrü” kimi ba­şa vurmuşdur. Bu həqiqəti nəzərə alan M.F.Axund­zadə, M.Ka­zım bəy və baş­qa müdrik qələm sahibləri əsərlərində göstərmişdilər ki, Azər­baycan xalqı heç bir əsrdə ədəbiyyat, elm, mədə­niy­yət, incəsənət, ka­ğız istehsalı, parça istehsalı, rəng istehsalı, kitab, kitab­xana, kitab bazarı, mək­təb və s. sahələrdə “Avropa ölkələrinin heç birindən geri qalmamış, hət­ta çox sahədə Avropanı qabaqlamışdır”.

Lomonosov Universetetinin professoru Şeydabəy Məmmədovun İ.Zə­ki­­yevin “M.F.Axundov və Azərbaycan kitab mədəniyyəti” nami­zədlik dis­ser­­tassiyasını “Axundovşünaslığa töhfə” adlandırmasından, “VAK”ın əmək­­­­da­şı E.N.Kuznetsovanın “İzdatelskoye delo. Kniqove­deni­ye” jurna­lın­da dərc etdirdiyi məqaləsində əsəri “sensasiya doğuran dissertasiya” kimi qiy­­­mətləndirməsindən (Moskva, 1971, №10, s.33-34) sonrakı illərdə Ə.Mirəh­mədov, X.Məmmədov, A.Nəbiyev, İ.Həbibbəyli, T.Kərimli,  M.Na­ğı­­soy­lu, A.Xələfov, Q.Paşayev, M.Qasımlı və b. ustad alimlərin İ.Zə­ki­­yevin qələminə dəyər verməsi, kitablarından bir neçə kollec və univer­si­tet­də dərs vəsaiti kimi istifadə edilməsi, tədqiqatları əsasında məqa­lə ya­zıl­ma­sı və ADPU-nun “Xəbərləri”ndə işıq üzü görməsi, əsər­lərindən seçmələr əsasında “Qobus­tan” jurnalının nömrəsində yeddi mə­qaləsinə yer verilməsi, yaradıcılıq yoluna dair ADMİU-da uğurlu magistr dissertasiyası mü­da­fiə edilməsi və s. fərəh doğuran göstəricilər də tanınmış ədə­biy­yat­şü­nas-ki­tabşünas alimin ömür kitabının yeni səhifələrlə zənginli­yindən soraq ve­rir.

“Kitab – yazıçı ürəyinin qəliblənmiş formasıdır” - deyən İ.Zəkiye­vin əsər­­lərində çat yeri tapmaq çətindir. Az öyrənilmiş və öyrənilməmiş çox­sa­hə­li, çoxşaxəli mövzuların boşluqlarını doldurmağa, yeni əlavələr­lə tək­mil­ləş­dirməyə çalışması onu məhsuldar və yenilikçi alim kimi tanıt­dıran və sev­dirən önəmli amillərdəndir.

İmaməddin Zəkiyev Azərbaycanın və bir cox xarici ölkələrin ədəbi mükafatlarına layiq görülmüşdür. 

Fikrimi Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor Ni­zaməddin Şəmsizadənin yaz­dı­ğı “Kitab mədəniyyətimizin fədakar tədqiqat­çısı” məqaləsindən sitat gə­tir­di­yim sözlərlə bitirmək istəyirəm. “İmaməddin Zəkiyev unikal bir alim, hər­tərəfli ziyalıdır. O, nəcib, xeyirxah, olduqca mütəvazi bir insan, zəh­mət­keş və məsuliyyətli tədqiqatçı alim, fundamental əsərlər müəllifidir. Onun Azər­baycan ədəbi-mədəni mühitində heç kimə bən­zə­mə­yən bir yeri var. Bu ye­ri o, öz əsərləri və xalqına təmənnasız xid­məti ilə əldə edib”. Bu yük­sək dəyərə görə ustad qələm sahibi N.Şəm­si­zadəyə Allahdan rəhmət diləyirəm, 85 yasını yenicə yola salmış 67 illik qə­ləm qardaşım İmaməddin Zəkiyevə isə möhkəm can sağlığı, elm və poeziya yol­la­rın­da yeni-yeni uğurlar arzulayıram.

Geriyə baxma Qoca!

YASİF NƏSİRLİ,

Əməkdar incəsənət xadimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see183

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see156

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see140

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see138

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see133

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see125

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see114

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri