Icma.az
close
up
RU
Qənaət bərəkətin mənbəyidir

Qənaət bərəkətin mənbəyidir

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Çox şeyə sahib olmaq əsas deyil. Əsas olan az şeylə keçinmək, çox şeyə ehtiyac hiss etməməkdir.
“Qənaət tükənməz xəzinədir” buyurur Allah Rəsulu (s.ə.s.). İsrafın haram olduğunu, ardınca ehtiyacı, qıtlığı doğurduğunu da buyurur Sevimli Peyğəmbərimiz. Bu gün ən çox ehtiyac duyduğumuz məsələ bəlkə də elə budur: İsrafdan qurtara bilmək.
Həyatımızın hər səhifəsində israf və ehtiyac yan-yana gəlir. Allah (c.c.) Qurani-Kərimdə israfla bağlı belə buyurur: - Yeyin, için, ancaq israf etməyin! Allah israf edənləri, əlbəttə, sevməz. (Əraf, 7/31) - İsraf etmə! İsraf edənlər şeytanların qardaşlarıdır. (İsra, 17/26-27) - Mallarınızı səfehlərə verməyin! (Nisa, 4/5) - Xəsis olma, israf da etmə! (İsra, 17/29) Allah (c.c.) səxavətli, ağıllı insanları nişan verərkən belə buyurur: - Onlar sərf etdikləri zaman nə israf edərlər, nə də xəsislik. İkisi arasında orta bir yol tutarlar. (Furqan, 25/67)
Başımıza gələnlər yoxluqdan gəlmir, toxluqdan gəlir. Peyğəmbərimizdən (s.ə.s.) soruşurlar: “Neçə çeşid xəstəlik var?” Cavabında: “Yediklərinizin çeşidlərinə baxın”, - buyurur. Yəni, xəstəliklərin sayı elə yediklərimizin sayı qədərdir. Həyatını israf etmək ömrünü boş şeylərə həsr etməkdir. Canını israf etmək enerjisini əhəmiyyətsiz işlərlə tükətməkdir. Çox yemək bir tərəfdən neməti israf etmək olduğu kimi, o biri tərəfdən də bədən əmanətinə qəsd etməkdir.
Rəsulullah (s.ə.s.) buyurur: “Qiyamətdə hər kəs bu dörd suala cavab vermədən hesabdan qurtula bilməyəcək: - Ömrünü necə keçirdi; - Öyrəndiyi elm üzrə yaşaya bildimi; - Malını haradan, necə qazandı və haralara xərclədi; - Bədənini hansı işlərdə yordu, əldən saldı”.
“Az yemək, az yatmaq, az danışmaq” - Peyğəmbərimizin (s.ə.s.) bizə qızıl tövsiyələrindən biri də budur. Hər şey qarşılığı ilə müqayisədə görünür. Qənaətin bir tərəfində israf var, o biri tərəfində xəsislik. İsraf Allahın (c.c.) verdiyi nemətlərin dəyərini bilməməkdir, xəsislik Allaha (c.c.) güvənməməkdir. Qənaət isə bütün nemətlərin Allahdan gəldiyini bilmək və onları Allahı (c.c.) razı edəcək şəkildə sərf etməkdir. Qənaət dünyaya olan ehtiyacı zərurət səviyyəsində minimuma endirməkdir. Qənaət dünyaya sahib olsan da, ona gözünün ucu ilə baxmamaqdır. Qənaət könlünü dünyaya deyil, Allaha (c.c.) verməkdir.
Qənaət əxlaqdır, xüsusi mənəvi kateqoriyadır. Sən malın-mülkün Sahibini tanısan, mal-mülkün bir əmanət olduğunu bilsən və təyinatına uyğun sərf etsən, Sahibi də o malın, mülkün bərəkətini artırar. Dünyaya könül verməyəni Allah sevər, başqalarının əlindəkinə göz dikməyəni insanlar. Qənaət layiq olanı sevməkdir, layiq olmayana arxa çevirməkdir. Möminin gözü də, könlü də Allaha (c.c.) yönələr, dünyaya baxmaz.
Qənaət azadlığın birinci mərhələsidir. Qənaət insanı azadlıq yoluna çıxarır. Qənaət bəzən ən ucuz, ən sadə bir şeyi itirməmək üçün mübarizə aparmaq, bəzən də hər şeyini gözünü qırpmadan Allah rizası üçün fəda etməkdir.
Allah (c.c.) bizə verdiyi hər şeylə bizi imtahan edir. Udduğumuz sayı bəlli nəfəsin də bir gün hesab-kitabı varsa, gör indi qolundakı gücün, gözündəki nurun, ağzındakı dilin, cibindəki pulun, evindəki oğul-uşağın sorğu-sualı necə olacaq.
“Ya Rəbb, verdiyin ruziyə qarşı məni qənaətkar, ruzini də mənim üçün bərəkətli et!” - Bu da Könüllər Sultanının (s.ə.s.) bir duası. Qənaət Allahın təqdirinə müqavimətsiz təslimiyyətdir. Yəni, sən bir nəticəni əldə etmək üçün lazım olan nə varsa, hamısını yerinə yetirəcək və əvəzində Allahın (c.c.) sənə verdiyi qismətə qane olacaqsan.
Qənaət - Allahın təqdirinə qane olmaqdır. Qəni - Allahın (c.c.) Əsmaül-Hüsnasından biridir. Yəni, könüldən qənaətkar olan həqiqi mömindir. Allah insanlara varlı və ya kasıb olduqlarına görə yox, həmin şərtlər daxilində gördükləri xeyir və ya şər işlərə görə dəyər verir. Sədəqənin də azı-çoxu olmaz. Allah qatında sədəqənin dəyəri onu verənin ixlası ilə bərəkətlənər.
Bir sultan məscid tikdirmək istəyir. Memarları, işçiləri yığır, məqsədini bildirir, lazım olan hər şeyi verir və tapşırır ki, onun icazəsi olmadan heç kimdən bir şey almasınlar. Onlar da “Baş üstə!” deyib işə başlayırlar. Günlər keçdikcə məscidin divarları yüksəlir. O ətrafda yaşayan bir qarı onların işinə baxıb fərəhlənir və çox istəyir ki, bu xeyir işə yardım etsin. Amma nə edəcək ki? Cibində pulu yox, daş qaldırmağa heyi yox. Bir günlük dolanışığı bir bardaq ayran idi, o da qonşudan gəlirdi.
Bir gün dişini dişinə sıxır, o ayranı içmir və məscid tikənlərin yanına aparıb deyir:
- Balalarım, mən günlərdən bəri düşünürəm ki, sizə bu xeyir işinizdə kömək edim. Amma nə gücüm var, nə də var-dövlətim, amma bir bardaq ayranım var. Onu da sizə gətirdim. Siz bu ayranı için, mənim də könlüm rahat olsun ki, heç olmasa bu yolla əlimdən gələni etdim.
Gənclər əvvəlcə qəbul etmək istəmirlər, ancaq fikirləşirlər ki, bu xeyirxah nənənin qəlbini qırmaq da doğru olmaz. Ayranı alıb içirlər.
Aradan bir müddət keçir və məscid hazır olur. Sultan sabah məscidi təhvil almağa gedəndə, gecə qəribə bir yuxu görür. Görür ki, böyük bir tərəzi var, bu tərəzinin bir gözünə gözəl bir məscid, o biri gözünə isə bir bardaq ayran qoyulub, ayran məsciddən ağır gəlir. Yuxudan təlaşla ayılır və səhərə qədər yata bilmir. Səhər olan kimi məscidi tikənləri sarayına yığır, yuxusunu danışır və izah istəyir. Onlar təəccüblə bir-birinin üzünə baxırlar və o ayran məsələsini sultana danışırlar. Sultan fikrə gedir və sakitcə deyir:
- Mən bir məscid tikdirdim, o qarı isə bir bardaq ayran verdi. İndi başa düşürəm ki, o qarı o bir bardaq ayranı ilə Allah qatında məndən daha çox savab qazandı.
Allah (c.c.) mala-pula baxmaz, ürəyə baxar, niyyətə baxar. İstanbulda “Sanki yedim” adında məscid var. Məhəllə sakinləri bir müddət üçün nahar yeməyindən imtina edir və pulunu bir yerə yığırlar. Həmin yeyilməyən naharlardan bir məscidi inşa etmək üçün lazım olan məbləği toplayırlar. Məscidə ad verməkdə də çətinlik çəkmirlər: “Sanki yedim” məscidi.
Qənaət həm də bərəkətin qapısıdır. Qənaət olan yerdə ehtiyac olmaz. Əslində, ehtiyaclarını düzgün sıralaya bilmək böyük istedad tələb edir və günümüzün ən mühüm, ən aktual məsələlərindən biridir. Qənaət orta yoldur, dinimizin bizdən istəyi də elə orta yolu tutmaqdır.
Qənaət insanı təmənnasızlığa öyrədir. Qənaətin nə olduğunu bilən və onu həyatına tətbiq edən insan başqalarına dünyanı hədiyyə etsə də, bir qarşılıq ummaz. Qənaət yemək üçün yaşamaq deyil, yaşamaq üçün yeməkdir.
Bir nəfər Musa Peyğəmbərin (ə.s.) yanına gəlir və deyir:
- Ya Musa, mənim var-dövlətim o qədər çoxalıb ki, qorxuram başım qarışa və ibadətimdə axsayam. Dua elə, Allah mənə verdiyi var-dövlətin bərəkətini azaltsın.
Həzrəti Musa (ə.s.) ona belə deyir:
- Hər gün bir parça quru çörək götür və gəzə-gəzə ye.
Aradan bir müddət keçəndən sonra onlar yenə rast gəlirlər və həmin şəxs yenə şikayət edir:
- Ya Musa, sən deyəni elədim, amma var-dövlətim daha çox artdı.
Musa Peyğəmbər deyir:
- Bir göstər görüm, sən o dediyimi necə elədin?
Adam da əvvəlcə yaxasına bir önlük bağlayır, sonra gəzə-gəzə quru çörəyi yeyir, axırda da önlüyün üstünə tökülmüş qırıntıları toplayıb ağzına atır.
Musa Peyğəmbər gülümsünür və:
- Bu önlük məsələsi heç mənim ağlıma gəlməmişdi. Düşünmüşdüm ki, sən çörəyi yedikcə qırıntıları yerə tökülər, sənin də evinin bərəkəti çəkilər, - deyir.
Qənaət sədəqədir, sədəqə Allahın (c.c.) əmanət verdiyi sərvəti yenə Onun xəzinəsinə qoymaqdır. Allahın (c.c.) xəzinəsinə qoyulan sərmayə yüz qat, min qat artığı ilə qarşıya çıxar və bu dünyada əmanət daşıyanı o dünyada sərmayə sahibi edər.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 15 Dekabr 2024 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri