“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...” EKSPERT
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
“Sİ inandırıcı görünən, lakin yanlış məlumatlar da yarada bilər. Buna görə onun təqdim etdiyi cavabı yoxlamadan qəbul etmək intellektual müstəqilliyin zəifləməsinə gətirib çıxara bilər...”
“Təhsilin uğuru yalnız insanın nə bildiyi ilə deyil, necə düşündüyü və bildiklərindən necə istifadə etdiyi ilə ölçülməlidir..."
"Səmərəli təhsil modeli üç komponentin qarşılıqlı əlaqəsinə əsaslanmalıdır: insanın müstəqil düşünməsi, süni intellektin imkanlarından istifadə və insanlar arasında intellektual əməkdaşlıq..."
"Ən mühüm məsələ budur ki, Sİ qərar qəbul etməyə kömək edə bilər, lakin insanın etik və sosial məsuliyyətini öz üzərinə götürmür..."
“...Gələcəyin müəllimi texnologiya ilə rəqabət aparan deyil, onun imkanlarından məqsədyönlü istifadə edən pedaqoq olmalıdır..."
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Süni intllekt dövründə təhsilin yeni fəlsəfəsi” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Süni intellektin inkişafı təhsil sisteminin nəzəri və metodoloji əsaslarına yenidən baxmağı zəruri edir. Əvvəllər təhsilalanın uğuru əsasən bilikləri mənimsəməsi, yadda saxlaması və onları standart tapşırıqlarda tətbiq etməsi ilə əlaqələndirilirdisə, müasir texnoloji şəraitdə bu meyarların təhsil nəticələrini qiymətləndirmək üçün kifayət etmədiyi aydın görünür. Sİ mətn hazırlamaq, suallara cavab vermək, məsələləri həll etmək və alternativ ideyalar irəli sürmək imkanlarına malikdir. Buna görə təhsil yalnız məlumatın ötürülməsi və mənimsənilməsi üzərində qurula bilməz.
Problemin mahiyyəti texnologiyanın təhsilə daxil edilməsindən daha dərindir. Əsas məsələ insanın biliklə münasibətinin, düşünmə fəaliyyətinin və məsuliyyət anlayışının dəyişməsidir. Süni intellektin təqdim etdiyi cavabın düzgünlüyünü müəyyənləşdirmək, məlumatın mənbəyini yoxlamaq, arqumentləri təhlil etmək, əsaslandırılmış qərar qəbul etmək insanın intellektual fəaliyyətinin tərkib hissəsinə çevrilir. Bu baxımdan təhsil fəlsəfəsi yalnız nəyi və necə öyrətmək suallarına deyil, həm də hansı insanın formalaşdırılmalı olduğu məsələsinə cavab verməlidir.
Mövzunun aktuallığı ondan irəli gəlir ki, Sİ təhsildə həm yeni imkanlar yaradır, həm də pedaqoji, metodoloji və etik problemləri kəskinləşdirir. Fərdi öyrənmə, operativ əks-əlaqə və mürəkkəb məsələlərin araşdırılması üçün yeni vasitələr meydana çıxsa da, hazır cavablardan asılılıq, yanlış məlumatların qəbulu, akademik dürüstlük və şəxsi məlumatların qorunması kimi məsələlər də xüsusi əhəmiyyət daşıyır. UNESCO-nun generativ Sİ üzrə tövsiyələrində də texnologiyanın insan mərkəzli, təhlükəsiz, ədalətli və pedaqoji baxımdan əsaslandırılmış şəkildə tətbiqinin vacibliyi vurğulanır.
Məqalənin məqsədi Sİ dövründə təhsil fəlsəfəsinin əsas dəyişikliklərini konseptual baxımdan təhlil etmək və onların Azərbaycan təhsil sisteminin inkişafı üçün əhəmiyyətini müəyyənləşdirməkdir. Bu məqsədə uyğun olaraq müəllimin dəyişən rolu, qiymətləndirmənin yenilənməsi, insan–Sİ əməkdaşlığı, müstəqil düşünmə və etik məsuliyyət məsələləri nəzərdən keçirilir.
Sİ dövründə təhsilin keyfiyyəti yalnız mənimsənilmiş biliklərin həcmi və texnologiyadan istifadə bacarığı ilə deyil, həm də insanın müstəqil düşünmək, məlumatı tənqidi qiymətləndirmək, yeni həllər yaratmaq, öz qərarlarına görə məsuliyyət daşımaq qabiliyyəti ilə müəyyən edilməlidir.
Bu gün məlumat əldə etmək əvvəlki dövrlərlə müqayisədə xeyli asanlaşıb. Sİ mürəkkəb suallara cavab verir, mətnlər hazırlayır, məsələləri həll edir və müxtəlif problemlərin mümkün həll yollarını təklif edir. Belə şəraitdə təhsilin əsas vəzifəsi yalnız məlumat vermək ola bilməz. Əsas məsələ insanın düşünmək, təhlil etmək, qərar vermək və öz qərarlarına görə məsuliyyət daşımaq qabiliyyətini inkişaf etdirməkdir. Bütün bunlar təhsil fəlsəfəsinə yeni baxış tələb edir.
Təhsil fəlsəfəsi uzun müddət ərzində nəyi və necə öyrətmək məsələsi ilə məşğul olub. Bu gün isə təhsil fəlsəfəsi nəyi və necə öyrətmək məsələsi ilə məhdudlaşa bilməz. Sİ dövründə əsas məsələ insanın nəyi bilməsi deyil, onun bu biliklə necə işləməsi, necə düşünməsi və hansı qərarlara görə məsuliyyət daşımasıdır.
Təhsil fəlsəfəsi nədir?..
Təhsil fəlsəfəsi təhsilin məqsədini, mahiyyətini, dəyərlərini və insan inkişafındakı rolunu araşdıran fəlsəfi düşüncə sahəsidir. O, təhsilin yalnız texnologiyalarını və metodlarını deyil, bütövlükdə insanın necə formalaşmalı olduğunu müəyyənləşdirir.
Təhsil fəlsəfəsinin əsas məsələləri:
• Nə üçün öyrədirik? Təhsilin məqsədi nədir: bilik vermək, peşəyə hazırlamaq, şəxsiyyət formalaşdırmaq, yoxsa müstəqil düşünən vətəndaş yetişdirmək?
• Nəyi öyrətməliyik? İnsanın gələcəyi üçün hansı biliklər, bacarıq və dəyərlər vacibdir?
• İnsan necə öyrənir: öyrənmə yadda saxlamaqdır, təcrübə qazanmaqdır, yoxsa düşüncənin və dünyagörüşünün dəyişməsidir?
• Biliyin həqiqiliyini necə müəyyən edirik: məlumatı necə yoxlayır, yanlış təsəvvürləri necə aşkar edirik?
• Təhsil necə bir insanı formalaşdırmalıdır: icraçı, bilik istehlakçısı, yoxsa müstəqil düşünən, yaradıcı və məsuliyyətli şəxsiyyət?
Deməli, əgər pedaqogika təlim-tərbiyənin qanunauyğunluqlarını, metodlarını və təşkili yollarını araşdırırsa, təhsil fəlsəfəsi bu fəaliyyətlərin hansı məqsəd və dəyərlərə xidmət etdiyini araşdırır.
Sİ təhsilin fəlsəfi əsaslarını niyə dəyişdirir?
Əvvəllər müəllim biliyin əsas mənbələrindən biri idi, dərslik isə bu biliyin sistemləşdirilmiş daşıyıcısı idi. Şagirdin uğuru çox vaxt öyrəndiyi məlumatları nə dərəcədə mənimsəməsi və yadda saxlaması ilə qiymətləndirilirdi.
Generativ Sİ bu modeli dəyişdirir. O, suallara cavab verir, mətn yazır, məsələləri həll edir, ideyalar təklif edir və fərdi öyrənməyə kömək edir. Beləliklə, əvvəllər müəyyən bilik və bacarıq tələb edən bir çox tapşırıqlar artıq texnologiyanın köməyi ilə yerinə yetirilə bilir. Bu dəyişiklik təhsilin məqsədini yenidən düşünməyi tələb edir.
Ənənəvi modeldən yeni təhsil fəlsəfəsinə…
Ənənəvi yanaşmada məqsəd bilik əldə etmək, məlumatı öyrənmək, yadda saxlamaq və reproduktiv şəkildə tətbiq etmək idi. Sİ dövründə isə məqsəd biliklə işləmək, sual qoymaq, mənbələri yoxlamaq, müqayisə etmək, nəticə çıxarmaq və məsuliyyətli qərar verməkdir. Bu, yaddaş və faktoloji biliklərdən imtina deyil, əksinə, çünki, dərin bilik və möhkəm təməl olmadan süni intellektin cavablarını tənqidi qiymətləndirmək çətinləşir.
Sİ dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik:
Sİ dövründə təhsil fəlsəfəsinin yenilənməsi 5 əsas istiqamətdə özünü göstərir.
Məlumatdan düşüncəyə keçid:
Ənənəvi təhsildə biliklərin həcmi və onların mənimsənilməsi çox vaxt təlimin uğurunu müəyyən edən əsas göstəricilər hesab olunur. Lakin məlumatın böyük hissəsini saniyələr ərzində təqdim edə bilən texnologiyalar qarşısında bu yanaşmanın yenidən nəzərdən keçirilməsi vacibdir.
Müasir təhsil şagird və tələbəyə yalnız hazır bilikləri öyrətməməli, həm də həmin biliklərin necə əldə edildiyini, nə dərəcədə əsaslandırıldığını və hansı şəraitdə tətbiq oluna biləcəyini anlamağı öyrətməlidir. Problemi düzgün müəyyənləşdirmək, məntiqli suallar vermək, sübutları müqayisə etmək və müstəqil nəticə çıxarmaq əsas təlim nəticələrinə çevrilməlidir.
Sİ inandırıcı görünən, lakin yanlış məlumatlar da yarada bilər. Buna görə onun təqdim etdiyi cavabı yoxlamadan qəbul etmək intellektual müstəqilliyin zəifləməsinə gətirib çıxara bilər. Yeni təhsil fəlsəfəsi şagirdin cavabı sadəcə qəbul etməsini deyil, onu sorğulamasını və əsaslandırmasını tələb edir…
Beləliklə, təhsilin uğuru yalnız insanın nə bildiyi ilə deyil, necə düşündüyü və bildiklərindən necə istifadə etdiyi ilə ölçülməlidir...
Müəllimin rolunun dəyişməsi...
Sİ-nin inkişafı müəllim peşəsinin məzmununu dəyişdirir. Müəllimin əsas funksiyası artıq yalnız məlumatı izah etmək və şagirdə çatdırmaqla məhdudlaşmır. O, öyrənmə prosesini layihələndirən, intellektual inkişafı istiqamətləndirən və şagirdin müstəqil düşünməsinə şərait yaradan mütəxəssis olmalıdır.
Sİ müəllimə fərqli səviyyələrə uyğun tapşırıqlar hazırlamaqda, mürəkkəb anlayışları müxtəlif üsullarla izah etməkdə və şagirdlərin çətinliklərini müəyyənləşdirməkdə kömək edə bilər. Bununla belə, texnologiyanın imkanları müəllimin pedaqoji mühakiməsini əvəz etmir.
Müəllim şagirdin yalnız akademik nəticəsini deyil, onun motivasiyasını, emosional vəziyyətini, sosial münasibətlərini və fərdi inkişafını da nəzərə almalıdır. Bu məsələlər insani münasibət, empatiya və peşəkar məsuliyyət tələb edir.
Deməli, gələcəyin müəllimi texnologiya ilə rəqabət aparan deyil, onun imkanlarından məqsədyönlü istifadə edən pedaqoq olmalıdır. Müəllimin nüfuzu verdiyi məlumatların həcmindən daha çox, öyrənməni təşkil etmək və düşüncəni inkişaf etdirmək bacarığı ilə müəyyənləşəcək…
Qiymətləndirmənin yenidən qurulması…
Generativ Sİ ənənəvi qiymətləndirmə üsullarının etibarlılığına yeni suallar yaradır. Tələbə yazılı tapşırığı və ya standart məsələni süni intellektin köməyi ilə yerinə yetirə bilər. Belə olduqda təqdim edilən nəticənin onun real biliyini və müstəqil işləmək qabiliyyətini nə dərəcədə əks etdirdiyini müəyyənləşdirmək çətinləşir.
Bu səbəbdən qiymətləndirmə yalnız hazır məhsula deyil, onun yaradılması prosesinə də əsaslanmalıdır. Şifahi müdafiə, layihə işi, praktik tapşırıqlar, elektron portfolio, eksperimentlər və real problemlərin həlli daha böyük əhəmiyyət qazanır.
Məsələn, tələbədən yalnız riyazi məsələnin cavabını təqdim etmək deyil, həll üsulunu izah etmək, alternativ yanaşmaları müqayisə etmək və buraxılmış səhvləri əsaslandırmaq tələb oluna bilər. Bu zaman müəllim tələbənin düşünmə prosesini daha aydın qiymətləndirir.
Burada məqsəd süni intellektdən istifadəni tamamilə qadağan etmək deyil. Əsas məqsəd tələbənin hansı işi müstəqil gördüyünü, texnologiyadan necə istifadə etdiyini və əldə etdiyi nəticəni nə dərəcədə başa düşdüyünü müəyyənləşdirməkdir…
Fərdi öyrənmədən insan–Sİ əməkdaşlığına keçid..
Hər bir şagirdin öyrənmə sürəti, maraqları, hazırlıq səviyyəsi və çətinlikləri fərqlidir. Ənənəvi sinif şəraitində bu fərqlərin hamısını nəzərə almaq müəllim üçün çətin ola bilər. Sİ fərdiləşdirilmiş izahlar, əlavə məşqlər və operativ əks-əlaqə təqdim etməklə bu prosesə dəstək verir.
Lakin fərdiləşdirilmiş öyrənmə yalnız insanın texnologiya ilə təklikdə işləməsi demək deyil. Təhsil həm də ünsiyyət, əməkdaşlıq, mübahisə və birgə problem həlli prosesidir. İnsan başqalarının mövqeyini dinləməyi, fərqli fikirlərə hörmət etməyi və kollektiv qərarlar qəbul etməyi öyrənməlidir. Buna görə səmərəli təhsil modeli üç komponentin qarşılıqlı əlaqəsinə əsaslanmalıdır: insanın müstəqil düşünməsi, süni intellektin imkanlarından istifadə və insanlar arasında intellektual əməkdaşlıq.
Sİ öyrənməni fərdiləşdirməli, lakin insanı sosial münasibətlərdən təcrid etməməlidir. Texnologiyanın təhsildəki dəyəri onun insanın inkişafına verdiyi töhfə ilə ölçülməlidir...
Bilikdən məsuliyyətə keçid…
Sİ dövründə bilik əldə etmək və ondan düzgün istifadə etmək eyni məsələ deyil. İnsan texnologiyanın yaratdığı məlumat əsasında qərar verə, lakin həmin qərarın nəticələrini düzgün qiymətləndirməyə bilər. Buna görə müasir təhsil biliklə yanaşı, etik məsuliyyəti də inkişaf etdirməlidir…
Akademik dürüstlük, müəllifliyə hörmət, şəxsi məlumatların qorunması, alqoritmik qərəzlərin müəyyənləşdirilməsi və süni intellektin məhdudiyyətlərinin anlaşılması yeni təhsil fəlsəfəsinin mühüm tərkib hissələridir...
Şagird və tələbə süni intellektdən istifadə edərkən hansı məlumatları paylaşmağın təhlükəli olduğunu, təqdim edilən nəticələrin necə yoxlanıldığını və texnologiyanın köməyi ilə görülən işin necə bəyan edilməli olduğunu bilməlidir.
Ən mühüm məsələ budur ki, Sİ qərar qəbul etməyə kömək edə bilər, lakin insanın etik və sosial məsuliyyətini öz üzərinə götürmür. Texnologiyanın imkanları genişləndikcə insanın məsuliyyətli seçim etmək qabiliyyətinə olan ehtiyac da artır...
Sİ dövründə təhsil fəlsəfəsinin yenilənməsi ayrı-ayrı rəqəmsal alətlərin tədrisə daxil edilməsindən daha geniş prosesdir. Bu, təhsilin məqsədlərinə, müəllimin roluna, qiymətləndirmə metodlarına, öyrənmənin təşkilinə və insanın məsuliyyət anlayışına yenidən baxılmasını tələb edir.
5 əsas dəyişiklik — məlumatdan düşüncəyə, məlumat ötürən müəllimdən intellektual mentora, nəticəyönümlü qiymətləndirmədən düşünmə prosesinin qiymətləndirilməsinə, fərdi öyrənmədən insan–Sİ əməkdaşlığına və bilikdən məsuliyyətə keçid — qarşılıqlı əlaqədə olan vahid konseptual çərçivə yaradır.
Bu dəyişikliklərin həyata keçirilməsi üçün məktəblərdə və universitetlərdə tədris proqramları, müəllim hazırlığı, qiymətləndirmə sistemi və akademik dürüstlük qaydaları yenilənməlidir. Sİ savadlılığı təkcə texnologiyadan istifadə bacarığı kimi deyil, həm də tənqidi düşünmə, məlumatı yoxlama, etik qərarvermə və müstəqil öyrənmə səriştələri ilə birlikdə inkişaf etdirilməlidir.
Gələcəyin təhsili süni intellektdən daha çox məlumat əldə edən insan yetişdirməklə kifayətlənməməlidir. Onun əsas məqsədi texnologiyanın imkanlarından istifadə edərək daha dərindən düşünən, yaradıcı qərarlar verən, müstəqil öyrənən və öz fəaliyyətinə görə
Yeni təhsil fəlsəfəsinin mərkəzində düşünən insan dayanmalıdır
Sİ dövründə təhsilin əsas vəzifəsi texnologiyadan daha sürətli cavab verən insan yetişdirmək deyil. Məqsəd texnologiyanın imkanlarından istifadə etməklə daha dərin düşünən, yaradıcı, müstəqil və məsuliyyətli insan formalaşdırmaqdır.
Bunun üçün 4 intellektual keyfiyyət xüsusi əhəmiyyət daşıyır:
• Koqnitiv müstəqillik — insanın öz düşüncəsini süni intellektə təhvil verməməsi.
• Epistemik məsuliyyət — nəyə və hansı sübutlara əsasən inandığını bilməsi.
• Yaradıcı təfəkkür — mövcud cavabları təkrarlamaqla kifayətlənməyib yeni problemlər və həllər yaratması.
• Etik mühakimə — texnoloji cəhətdən mümkün olanla mənəvi cəhətdən məqbul olanı fərqləndirməsi.
Bu yanaşma insanı süni intellektlə rəqabət aparan tərəf kimi deyil, onu şüurlu şəkildə istifadə edən və onun imkanlarını tənqidi qiymətləndirən subyekt kimi nəzərdən keçirir.
Milli təhsilimizdə nə dəyişməlidir?..
Azərbaycan təhsilinin qarşısında duran məsələ yalnız məktəblərə kompüter vermək, elektron dərsliklər hazırlamaq və müəllimlərə Sİalətlərindən istifadəni öyrətmək deyil. Əsas məsələ təhsilin məqsədlərini, məzmununu, qiymətləndirmə sistemini və müəllimin peşə fəaliyyətini bir-biri ilə əlaqəli şəkildə yenidən qurmaqdır.
Bu məqsədlə 5 istiqamətdə fəaliyyət vacibdir:
1. Təhsil standartlarının yenilənməsi: faktoloji biliklərlə yanaşı, tənqidi düşüncə, problem həlli, rəqəmsal və Sİ savadlılığına daha sistemli yer verilməlidir.
2. Müəllim hazırlığının dəyişdirilməsi: müəllimlər yalnız alətlərdən istifadəni deyil, Sİ ilə öyrənmənin pedaqoji əsaslarını, məhdudiyyətlərini və etik risklərini də mənimsəməlidirlər.
3. Qiymətləndirmə islahatı: şagirdin həqiqi anlayışını müəyyənləşdirən şifahi izah, tətbiqi tapşırıqlar, layihələr və mərhələli qiymətləndirmə genişləndirilməlidir.
4. Universitetin missiyasının yenidən müəyyənləşdirilməsi: ali təhsil müəssisəsi hazır bilikləri ötürən qurum olmamalı, yeni bilik yaradan, problemləri araşdıran və innovasiyaları inkişaf etdirən təşkilata çevrilməlidir.
5. Elmi monitorinq və pilot tətbiqlər: yeni yanaşmalar əvvəlcə müxtəlif yaş qruplarında və məktəb şəraitlərində sınaqdan keçirilməli, nəticələr müstəqil qiymətləndirilməli, uğurlu modellər mərhələli şəkildə genişləndirilməlidir.
Bu islahatlar nəticə göstəriciləri ilə müşayiət olunmalıdır. Şagirdin yalnız imtahan balı deyil, oxuyub-anlama, arqument qurma, mənbəni yoxlama, problemi müstəqil həll etmə və Sİ -dən məsuliyyətli istifadə bacarıqları da ölçülməlidir...
Təhsilin yeni fəlsəfi formulu...
Sİ dövründə təhsil fəlsəfəsinin dəyişməsi texnologiyanın dərs prosesinə əlavə edilməsindən daha dərin məsələdir. Bu, insan, bilik, müəllim, öyrənmə və məsuliyyət haqqında təsəvvürlərin yenidən nəzərdən keçirilməsidir.
Təhsilin yeni fəlsəfəsi aşağıdakı ardıcıllıq üzərində qurula bilər: sual → problem → süni intellektlə dialoq → faktların yoxlanması → tənqidi düşüncə → qərar → məsuliyyət.
Bu ardıcıllıqda Sİ düşüncənin sahibi deyil, onun imkanlarını genişləndirən vasitədir. İnsan isə sualın müəllifi, nəticələrin tənqidçisi və qərarın məsuliyyət daşıyan subyekti olaraq qalır.
Sİ dövründə təhsil fəlsəfəsinin əsas prinsipi budur ki, Sİ insanın düşünmək ehtiyacını azaltmamalı, əksinə, onun düşünmək qabiliyyətini gücləndirməlidir. Əgər təhsil sistemi bunu təmin edə bilmirsə, texnologiya nə qədər müasir olsa da, onun pedaqoji mahiyyəti dəyişməyəcək.
Aparılan konseptual təhlil göstərir ki, süni intellektin inkişafı təhsil fəlsəfəsinin məqsəd və prinsiplərinə yenidən baxılmasını tələb edir. Əsas dəyişiklik təhsilin məlumatı mənimsətməkdən insanın düşünmə qabiliyyətini inkişaf etdirməyə istiqamətlənməsidir. Bu dəyişiklik müəllimin rolunun yenilənməsini, qiymətləndirmənin düşünmə prosesini əhatə etməsini, fərdiləşdirilmiş öyrənmə ilə sosial əməkdaşlığın uzlaşdırılmasını və etik məsuliyyətin təlim nəticələrinə daxil edilməsini zəruri edir.
Müəllim süni intellektlə rəqabət aparan məlumat mənbəyi deyil, öyrənməni təşkil edən, şagirdin intellektual inkişafına istiqamət verən və onun müstəqil mühakiməsini formalaşdıran pedaqoq kimi fəaliyyət göstərməlidir.
Qiymətləndirmə isə yalnız hazır cavabın düzgünlüyünü deyil, cavabın necə əldə edildiyini, hansı sübutlarla əsaslandırıldığını və təhsilalanın nəticəni nə dərəcədə anladığını müəyyənləşdirməlidir.
Azərbaycan təhsil sistemində bu yanaşmanın reallaşdırılması bir-biri ilə əlaqəli islahatlar tələb edir. Təhsil standartlarında tənqidi düşünmə, problem həlli və Sİsavadlılığına yer verilməli, müəllimlərin peşəkar hazırlığı yeni pedaqoji tələblərə uyğunlaşdırılmalı, qiymətləndirmə metodları təkmilləşdirilməli və universitetlərdə tədqiqatla innovasiyanın rolu gücləndirilməlidir. Yeni yanaşmaların səmərəliliyi pilot tətbiqlər və etibarlı nəticə göstəriciləri əsasında qiymətləndirilməlidir.
Beləliklə, Sİ dövrünün təhsil fəlsəfəsi insanı texnologiyanın passiv istifadəçisi kimi deyil, bilik yaradan, məlumatı tənqidi qiymətləndirən və məsuliyyətli qərarlar qəbul edən müstəqil subyekt kimi nəzərdən keçirməlidir. Təhsilin əsas uğuru süni intellektdən istifadə etməklə daha çox iş görmək deyil, onun imkanlarından yararlanaraq daha dərindən düşünmək, daha əsaslandırılmış qərarlar qəbul etmək və insan potensialını inkişaf etdirməkdir.
Müəllif:
Dosent İlham Əhmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 29 Oktyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















