Qeyri müsəlman ölkələrindən gələn əti yemək olarmı? İLAHİYYATÇI
Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar–avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib.
Hesabat dövründə ölkəmizə Monqolustan, Rusiya, Yeni Zelandiya, Avstraliya və hətta Braziliya kimi müxtəlif ölkələrdən ət gətirilib.
Məsələn, təkcə Monqolustandan 349,72 min dollar dəyərində 87,43 ton qoyun əti alınıb. Rusiya üzrə göstəricilər 18,65 min dollar və 18,92 ton olub. Yeni Zelandiya və Avstraliyadan isə nisbətən az miqdarda idxal qeydə alınıb.
Diqqət çəkən məqam ondan ibarətdir ki, bu ölkələr müsəlman ölkələri deyil və buna görə də kəsim prosesinin İslam qaydalarına uyğun aparılıb-aparılmaması ilə bağlı suallar yaranır.
İslam dinində “halal kəsim” qaydalarına uyğun olmayan heyvanın əti “leş” hesab edilir və yeyilməsi qadağandır. Dini baxımdan bu, təkcə mənəvi məsələ deyil, həm də tibbi baxımdan qan laxtasının ətdən tam çıxarılması sağlamlıq üçün mühüm amil sayılır.
İslam dininə görə, qeyri-müsəlman ölkəsində kəsilən heyvanın ətinin yeyilməsi hansı hallarda halal sayılır?
“Halal sertifikatı”nın olmaması bu ətlərin dini baxımdan istifadəsini avtomatik olaraq qadağan edirmi?
Dini baxımdan belə ətlərin bazara çıxarılması günah sayılırmı, və məsuliyyət kimlərin üzərinə düşür?
Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov suallarımızı cavablayıb.
Ə. Həsənovun sözlərinə görə, biz bilirik ki, islam dininə görə heyvanın ətinin halal sayılması üçün iki əsas şərt mövcuddur: birincisi, kəsilən heyvan halal növdən olmalıdır; ikincisi isə kəsim İslam qaydalarına uyğun aparılmalıdır.
İlahiyyatçı Qurani-Kərimdən sitat gətirərək deyib:
“”Sizə ölü heyvan, qan, donuz əti və Allahdan başqasının adı ilə kəsilənlər haram edildi”. (əl-Maidə, 3)
Bu ayədən açıq şəkildə görünür ki, Allahın adı çəkilmədən və ya başqa bir ilahın adı ilə kəsilən heyvanın əti haram sayılır. Bu səbəbdən kəsimin forması və niyyəti əsas meyarlardır.
Quranda eyni surənin 5-ci ayəsində isə belə buyurulur: “Bu gün sizə təmiz və halal olan nemətlər halal edildi. Kitab verilənlərin yeməkləri (yəni onların kəsdiyi heyvanlar) sizə halaldır, sizin yeməkləriniz də onlara halaldır”. (əl-Maidə, 5)
Bu ayəyə əsasən müsəlman olmayan, amma “Əhli-Kitab” – yəni yəhudi və xristian olanların kəsdiyi heyvanın əti halal sayılır. Lakin bu hökm o zaman keçərlidir ki, kəsim İslam prinsiplərinə uyğun şəkildə – yəni bıçaqla boğazdan qan axıdılmaqla aparılsın, heyvan diri halda kəsilsin və Allahdan başqasının adı çəkilməsin”.
Ə. Həsənov əlavə edib:
“Əgər bu şərtlər pozularsa, həmin ət leş hökmündədir və haramdır. Buna baxmayaraq bəzi səhih hesab edilən hədislərdə nəql olunur ki, Allah Rəsulunun dövründə onun evinə ət gətirilir və Peyğəmbərin sonuncu həyat yoldaşı Ayişə (r.a) deyir ki, biz həmin ətin hökmünü peyğəmbərdən soruşanda o bildirdi ki, əgər kimin kəsdiyini bilmirsinizsə bismilləh (Allahın adı ilə) deyib həmin ətdən yeyə bilərsiniz. Bu hədisə əsasən alimlər icma ediblər ki, əgər sizə gətirilən ətin kim tərəfindən kəsildiyini bilməsəniz belə “bismilləh” deyib həmin ətdən yemək sizə halal sayılır. Bəzi rəvayətlərdə həmin ətin yəhudilər tərəfindən verildiyi nəql olunmuşdur”.
Bugünkü dövrə toxunan ilahiyyatçı vurğulayıb:
“Bugünkü dövrdə isə bir çox qeyri-müsəlman ölkələrində kəsim prosesi avtomatik sistemlərlə, bəzən isə elektrik şokları və ya boğulma üsulu ilə aparılır. Bu halda heyvan kəsilərkən diri olmaya bilər, yaxud Allahın adı çəkilmir. Bu kimi hallarda fiqh alimlərinin əksəriyyətinə görə bu ət “meytə” (ölü heyvan) sayılır və yeyilməsi haramdır. Hətta Əhli-Kitab ölkələrində belə, əgər kəsim qaydası İslami prinsiplərə uyğun deyilsə, bu hökm dəyişmir.
Mərhum alim İbn Bazz və Şeyx Useymin kimi müasir dövrün böyük alimləri də bu məsələdə açıq mövqe bildirmişlər: “Əgər bizə gələn ətin kəsim üsulu bilinmirsə və onun İslam qaydasına uyğun aparılıb-aparılmadığına dair şübhə varsa, həmin ətin yeyilməsi məkruh, bəzən isə haram sayılır. Yalnız halal olduğuna dair aydın məlumat və etibarlı sübut varsa, o zaman icazəlidir”.
“Halal sertifikatına gəlincə, bu sənədin mövcudluğu dinin özündə deyil, müasir dövrün tənzimləmə vasitələrindəndir. Lakin sertifikatın olmaması halallığın qəti sübutunun da olmaması deməkdir. Əgər ətin haradan gətirildiyi, kimin tərəfindən və necə kəsildiyi bəlli deyilsə, bu halda “halal sertifikatı” bir zərurət kimi qəbul olunur. Çünki bu sənəd məsuliyyətin kimə aid olduğunu göstərir və istehlakçı üçün dini təminat yaradır. Ona görə də, belə sertifikatın yoxluğu ətin haram olduğuna dəlil deyil, lakin şübhə doğurduğu üçün ondan çəkinmək daha doğru və təqvaya uyğundur. Peyğəmbər (s) buyurub:
“Halal bəllidir, haram da bəllidir. Bu ikisinin arasında şübhəli şeylər vardır. Kim şübhəli şeylərdən uzaq durar, dinini və şərəfini qorumuş olar”. (Buxari, Müslim)
Bu hədisdən aydın olur ki, halal və haram arasında şübhə yaranarsa, müsəlman üçün ən gözəl yol ehtiyatla davranmaqdır”.
“Dini baxımdan belə ətlərin bazara çıxarılması məsələsinə gəlincə, bu, iki tərəfli məsuliyyətdir. Birincisi, idxal və satışla məşğul olan sahibkarların üzərinə düşür. Onlar halal kəsimə dair rəsmi və dini təminat almadan bu ətləri bazara çıxararlarsa, günaha düşürlər, çünki bu, həm insanların etimadını pozur, həm də haram qazanca səbəb olur. Quranda bu barədə buyurulur: “Bir-birinizin malını nahaq yerə yeməyin…” (əl-Bəqərə, 188)
İkincisi, dövlət orqanları, xüsusilə Qida Təhlükəsizliyi Agentliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kimi qurumlar halallıq məsələsində ciddi nəzarət mexanizmi yaratmalıdırlar. Bu məsuliyyəti üzərilərinə götürmədikdə, nəticədə xalqın halal-haram inancına zərbə dəyir və bu da mənəvi pozulmanın başlanğıcı olur.
Belə deyə bilərik ki, qeyri-müsəlman ölkələrindən gətirilən ətlərin halal sayılması üçün üç əsas meyar vardır, birincisi, heyvan halal növdən olmalıdır, ikincisi kəsim zamanı Allahın adı çəkilməli və heyvan diri ikən qanı axıdılmalıdır, üçüncüsü isə etibarlı mənbədən halal kəsimə dair təminat olmalıdır.
Bu şərtlərdən biri pozularsa, həmin ətin yeyilməsi islam dininə görə icazəli deyil. Halal sertifikatının olmaması özü haram hökmü verməsə də, ciddi şübhə doğurduğu üçün ondan uzaq durmaq ən doğru yoldur. Allah Rəsulu (s) buyurub: “Bir qurtum haramla qidalanan bədəndə, o bədənə cənnət haram olar”. (Tabərani)
Bu səbəbdən məsələ təkcə iqtisadi deyil, həm də mənəvi və dini məsuliyyət daşıyır. İslamda halal ruzi insanın imanının bir parçasıdır, ona görə də idxal və satış zamanı bu məsələyə ən yüksək səviyyədə diqqət göstərmək hər bir müsəlmanın vəzifəsidir.
Bu gün insanların çoxu belə məsələlərə fikir vermir, kəsimin dinə uyğun və dinə zidd olması ilə maraqlanmırlar. Ancaq əhalinin böyük orta təbəqəli əhalisi hazır yerli heyvan ətlərindən istifadə edirlər. Şəhərlərdə və kəndlərdə heyvan kəsimləri olur və əhali əsasən təmiz yerli heyvan kəsimlərindən ət alıb istifadə edirlər. Bu məsələdə mənim mövqeyim budur ki, ətin haradan gətirilməsindən asılı olmayaraq həmin ət islamın yeməyə icazə verdiyi heyvan növlərindən olarsa, Allahın adını çəkərək, yəni “bismilləh” deyərək yemək olar ki, bu da hədislərdə icazəli hesab olunan rəvayətlər və alimlərin sözlərinə görə doğrudur. Çünki, islamda belə bir qayda var ki, əşyanın əsli halal hesab edilir. Yəni, mal əti hansı ölkədən gəlməsindən asılı olmayaraq onu yemək icazəlidir. Əsas olan odur ki, kəsim zamanı Allahın adı çəkilməlidir. Əgər bunu araşdırıb müəyyən eləmək mümkün deyilsə, bismilləh deyərək yemək icazəlidir”.
Dəniz Pənahova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 06 Noyabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















