Qırmızı xətt , yoxsa qırmızı işıq? İran Ermənistan dostluğunun sonuncu dayanacağı
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın İrəvandakı səfiri Xəlil Şirqulami Ermənistanın İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrildiyi barədə ciddi narahatlıq ifadə edib. Şirqulami bildirib ki, İranın təhlükəsizliyinə qarşı fəaliyyət göstərən və ya İrana qarşı düşmən münasibət sərgiləyən qüvvələr İrəvan vasitəsilə öz hərəkətlərini həyata keçirməyə çalışır və bu, Tehran üçün ciddi bir təhlükə yaradır.
İran səfiri, xüsusən İrandakı etiraz aksiyalarının Ermənistandakı fəaliyyətlərlə əlaqədar ola biləcəyini vurğulayıb və deyib ki, bu etirazlar uğurla nəticələnəcəyi təqdirdə Ermənistan da məğlub tərəf olacaq. O bu cür aksiyaların İran xalqının yaddaşında dərin izlər buraxacağını və İranla Ermənistan arasındakı dostluq əlaqələrini zədələyə biləcəyini qeyd edib. Diplomat Ermənistanın çətin dövrlərdə İranın dəstəyini unutmamalı olduğunu vurğulayaraq, Tehranın hər zaman İrəvanın yanında olduğunu xatırladıb.
Bu iki ölkənin qardaşlıq münasibətlərini və Ermənistanın İranın "qırmızı xətti" olduğunu nəzərə alsaq, mövcud diplomatik gərginlik nədən xəbər verir? Həmçinin bu narazılığın gələcək aqibəti necə ola bilər?
Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Zaur İbrahimlinin sözlərinə görə, İranın İrəvandakı səfirinin açıqlamaları rəsmi Tehranın Ermənistanla bağlı siyasətində ciddi dəyişiklik etdiyini göstərir:
"Bu günə qədər Ermənistanın Qərb dövlətləri ilə əlaqələrini və əməkdaşlığını intensivləşdirməsi, xüsusilə də Amerika Birləşmiş Ştatları ilə həm hərbi sahədə, həm təhlükəsizlik məsələlərində əməkdaşlığı dərinləşdirməsi rəsmi Tehran tərəfindən sərt qarşılanmır, ermənilərə hər zaman dözümlü münasibət göstərilirdi.
Lakin artıq TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı çərçivə sənədinin imzalanmasından sonra dərhal bu açıqlamanın verilməsi rəsmi Tehranın səbir kasasının daşdığını göstərir. Çünki bu sənəd Zəngəzur dəhlizinin Ermənistan ərazisindəki hissəsinə nəzarəti tamamilə amerikalılara verir və belə bir strateji məsələdə Ermənistanın amerikalılara etibar etməsi, faktiki olaraq onların himayəsinə sığınması Tehran üçün artıq "qırmızı xət"dir".
"Nəzərə alsaq ki, ABŞ-İran münasibətləri faktiki olaraq elan olunmamış müharibə vəziyyətindədir və belə bir şəraitdə Ermənistan ərazisində, xüsusən də Zəngəzur dəhlizinin keçdiyi hissədə amerikalıların iştirakının genişləndirilməsi İran üçün ciddi narahatlıq yaradır. Çünki sözügedən çərçivə sənədində Ermənistanın təhlükəsizliyinin təmin olunması, iqtisadi inkişafı, digər məsələlərlə bağlı ABŞ ilə əməkdaşlığın dərinləşdirilməsi niyyəti və iradə ifadə olunub. Bu çərçivə sənədi bir daha göstərdi ki, Birləşmiş Ştatlar regionda, xüsusən də Ermənistanda qalıcı maraqlara malikdir. Təsadüfi deyil ki, bütün postsovet məkanında ən böyük ABŞ səfirliyi də məhz Ermənistandadır. Bu ölkə Pentaqonla da çox ciddi əməkdaşlıq edir. Bundan sonra amerikalıların Ermənistanın hərbi və təhlükəsizlik sahələrinə nüfuz etməsi də genişləndiriləcək. Bu isə İranı narahat etməyə bilməz", - deyə analitik vurğulayıb.
O, səfirin açıqlamasında İrandan yönələn hədələrdən də danışıb:
"İran bununla münasibətlərin zədələnə biləcəyini xatırladır. Lakin hazırda Tehranın İrəvanda təsir rıçaqları çox zəifdir. Xüsusən də Ermənistan Azərbaycanla sülh sazişini paraflayandan sonra regional bağlantıları güclənib və xarici oyunçuların bölgəyə təsirləri azalıb. Əvvəl işğalçı Ermənistana İranın dəstəyi bu işğalı sürdürmək üçün lazım idisə, indi buna ehtiyac yoxdur və İranın dəstəyi strateji resurs kimi dəyərləndirilmir. İrəvanda hesab edirlər ki, ABŞ ilə strateji tərəfdaşlığın inkişaf etdirilməsi də Tehrandan gələn riskləri minimuma endirməyə imkan verəcək".
"İndiki mərhələdə İranın Ermənistana qarşı hər hansı addım atacağı gözlənilmir. Əlbəttə, bəyanatlar səviyyəsində İranın təhdidləri davam edəcək, lakin hazırda Ermənistana qarşı hər hansı praktiki addım atacağı ağlabatan görünmür və İran özü də mürəkkəb vəziyyətdədir. İrandakı proseslərin sonunun nə ilə bitəcəyi də qeyri-müəyyəndir. Ölkənin beynəlxalq təcridi daha da güclənib, sanksiyalar sərtləşdirilir. Belə olan halda, İranın Ermənistana qarşı hansısa real addımlar atmaq üçün həm potensialı yoxdur, həm də gücü xaricindədir. Buna görə də diplomatik kanallar və informasiya kanalları vasitəsilə təsir etməyə çalışacaq. Lakin təsirlər bundan o tərəfə getməyəcək", - Z.İbrahimli əlavə edib.
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 15 Yanvar 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















