Qiyməti artan təhlükəsizlik
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son dövrlərdə dünya bazarında qızılın qiymətində ciddi artım müşahidə olunur. Bu yüksəlişin arxasında bir sıra iqtisadi və geosiyasi amillər dayanır. Qlobal iqtisadi qeyri-müəyyənliyin artması, inflyasiya gözləntiləri, geosiyasi risklər, mərkəzi bankların qızıl ehtiyatlarını artırması və investorların qiymətli metala daha təhlükəsiz aktiv kimi yanaşması onun qiymətini dəstəkləyən əsas amillər sırasındadır. Xüsusilə mərkəzi bankların ehtiyatlarını diversifikasiya etmək məqsədilə qızıla yönəlməsi bazarda əlavə tələb formalaşdırır. İnvestorlar isə qeyri-sabitlik dövrlərində qızılı uzunmüddətli dəyər qoruyucusu kimi qiymətləndirirlər.
Qızılın qiymətindəki artım onun investisiya cəlbediciliyini yüksəltsə də, digər tərəfdən zərgərlik sektoruna müəyyən təzyiq göstərir. Qiymətlərin bahalaşması istehlakçıların zinət əşyalarına olan tələbinə təsir etməklə yanaşı, bazarda daha münasib qiymətli alternativlərə marağı da artıra bilər. Bununla belə, qızılın iqtisadi sistemdəki rolu yalnız zərgərlik və investisiya ilə məhdudlaşmır.
Millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, qızıl iqtisadiyyatda sadəcə qiymətli metal deyil. O, eyni zamanda ehtiyat, investisiya, riskdən qorunma və etimad alətidir. Qızılın məhdud olması onun etibarlı yatırım və təhlükəsiz liman kimi daim yüksək tələbat görməsinin əsas səbəblərindən biridir: "2025-ci ildə dünya iqtisadiyyatındakı qeyri-müəyyənliyə investorların reaksiyası nəticəsində qızıl son illərin ən güclü yüksəlişini göstərərək 50 faizdən çox bahalaşıb. İndiyə qədər təxminən 216 min ton qızıl hasil edilib, yerin altında isə təqribən 64 min ton qızıl ehtiyatı qalıb".
Millət vəkili deyir ki, əgər indiyədək hasil edilmiş bütün qızıl - təxminən 216 min tonu əridilərək bir yerə toplansaydı, hündürlüyü cəmi 22 metr, yəni təxminən dördmərtəbəli bina qədər olan bir kub yaranardı: "Dünyada iqtisadi cəhətdən səmərəli şəkildə hasil edilə bilən, geriyə qalmış təsdiqlənmiş qızıl ehtiyatlarının ümumi həcmi isə təxminən 64 min tondur. Bu miqdar hündürlüyü 15 metr olan daha kiçik kub təşkil edərdi. İndiyədək hasil edilmiş qızılın təxminən 45 faizi zərgərlik məmulatları, 22 faizi isə külçə və sikkələr formasındadır. Qızılın təxminən 17 faizi mərkəzi bankların sərəncamındadır. Onlar qızıldan inflyasiya və geosiyasi qeyri-sabitliyə qarşı strateji qorunma vasitəsi kimi istifadə edirlər. Qızıl, həmçinin texnologiya və digər sənaye sahələrində, xüsusilə elektronika və aerokosmik avadanlıqların istehsalında tətbiq olunur".
Qızılın bu xüsusiyyətləri onun maliyyə sistemindəki xüsusi mövqeyini qorumasına imkan verir. Kağız pullardan fərqli olaraq, qızılın dəyəri konkret bir ölkənin iqtisadi siyasəti və ya valyutasının sabitliyi ilə birbaşa bağlı deyil. Bu səbəbdən iqtisadi və siyasi risklərin yüksəldiyi dövrlərdə həm dövlətlərin, həm də investorların diqqəti yenidən qiymətli metala yönəlir.
Mərkəzi bankların qızıl alışlarını artırması da bu tendensiyanın mühüm göstəricilərindən biridir. Ehtiyatların bir hissəsinin qızılda saxlanılması valyuta risklərinin şaxələndirilməsinə və maliyyə dayanıqlığının qorunmasına xidmət edən vasitələrdən biri hesab olunur. Digər tərəfdən, qızıl hasilatının məhdud resurs olması uzunmüddətli perspektivdə onun bazar dəyərinə təsir edən əsas amillərdən biri olaraq qalır.
Beləliklə, qızılın bahalaşması təkcə qiymətli metal bazarındakı dəyişiklik deyil, həm də qlobal iqtisadi mühitdə baş verən proseslərin göstəricisi kimi qiymətləndirilə bilər. İnflyasiya, geosiyasi gərginlik, faiz dərəcələri, mərkəzi bankların siyasəti və investor davranışları bundan sonra da qızıl bazarının əsas istiqamətləndirici amilləri olaraq qalacaq.
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 25 Sentyabr 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















