Qlobal çağırışlara cavab verən konsepsiya
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
(əvvəli 24 və 25 iyun tarixli saylarımızda)
Regionlararası fərqlər də diqqət tələb edən əhəmiyyətli məsələlərdəndir. Paytaxt və regionlar arasında mədəni infrastruktur səviyyəsində mövcud fərqlərin azaldılması dövlət siyasətinin əsas vəzifələrindən biri olmalıdır.
Bundan başqa, qloballaşmanın yaratdığı mədəni təsirlər milli mədəniyyətin qorunması baxımından müəyyən çətinliklər ortaya çıxarır. Xarici informasiya axınının artması şəraitində milli mədəni dəyərlərin təbliği və qorunması daha sistemli fəaliyyət tələb edir.
Beləliklə, qeyd edə bilərik ki, “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkənin gələcək mədəni inkişaf strategiyasını müəyyən edən mühüm dövlət sənədidir. Konsepsiya milli-mənəvi dəyərlərin qorunması, mədəni irsin inkişafı və Azərbaycan mədəniyyətinin beynəlxalq nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır.
Sənəd müasir dövrün çağırışlarını nəzərə alaraq mədəniyyətin rəqəmsallaşdırılması, yaradıcı sənayelərin inkişafı, mədəni iqtisadiyyatın formalaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi kimi mühüm istiqamətləri özündə birləşdirir. Burada mədəniyyət yalnız humanitar sahə deyil, həm də iqtisadi, sosial və siyasi inkişafın mühüm amili kimi təqdim olunur
Ümumilikdə, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası milli-mədəni inkişaf modelinin formalaşdırılması, dövlətçilik ideologiyasının möhkəmləndirilməsi və milli identikliyin qorunması baxımından mühüm strateji əhəmiyyətə malikdir.
Sənəddə mədəniyyətin cəmiyyətin inkişafında aparıcı rolunun xüsusi vurğulanması, yaradıcı potensialın üzə çıxarılması, innovativ yanaşmaların təşviqi və mədəni təhsilin gücləndirilməsi məsələlərinin ön plana çəkilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası gələcək nəsillərin mədəni düşüncə və estetik zövqünün formalaşmasını da hədəfləyən uzaqgörən baxışın ifadəsidir. Bu mühüm strateji sənəd mədəniyyət və incəsənət təhsilinin keyfiyyətinin yüksəldilməsinə, yaradıcı gənclərin yetişdirilməsinə, milli mədəniyyətimizin beynəlxalq miqyasda daha geniş təbliğinə ciddi töhfələr verəcək. “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi ölkəmizin mədəni həyatında yeni bir inkişaf mərhələsinin başlanğıcı olacaq .
Məlum olduğu kimi, 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Bu qərar ölkədə şəhərsalma siyasətinin müasir tələblərə uyğun şəkildə yenilənməsi, dayanıqlı inkişaf prinsiplərinin tətbiqi və tarixi-mədəni irsin qorunmasının daha sistemli şəkildə həyata keçirilməsi məqsədi daşıyır .
Ulu öndər Heydər Əliyevin müdrik siyasəti bütün sahələrdə öz bəhrəsini verir. Bu gün Azərbaycan artıq dünya birliyinin, beynəlxalq aləmin nüfuzlu ölkələrindən olmaqla, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, düşünülmüş və balanslı xarici siyasət yeridir. Məhz uğurla gerçəkləşdirilən xarici siyasətin və ölkə daxilində bərqərar olan möhkəm ictimai-siyasi sabitliyin nəticəsidir ki, Azərbaycanda müxtəlif sahələri əhatə edən çox nüfuzlu beynəlxalq tədbirlər, konfranslar, forumlar, idman yarışları, sərgilər və s. keçirilir.
Ölkəmiz bugünlərdə daha mötəbər bir beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etmişdir. Dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Dünyanın 182 ölkəsinin 45 min nümayəndəsi 17-22 may tarixlərində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etmişdir. Prezident İlham Əliyev tədbirin açılış mərasimində çıxış edərək bildirdi ki, bu, Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik.
Ümumdünya Şəhərsalma Forumu müasir dünyanın üzləşdiyi ən aktual məsələlərdən birini – sürətli şəhərsalmanı və onun icmalar, şəhərlər, ölkələr, iqlim dəyişməsi və siyasi kurslara təsirini araşdırmaq məqsədilə 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilib.
BMT-nin Məskunlaşma Proqramının təşkil etdiyi forum dayanıqlı şəhərsalma problemlərinin həllinə həsr olunmuş yüksək səviyyəli, açıq və inklüziv platformadır. Forumun məqsədi maraqlı tərəflər və həmfikir qruplar, o cümlədən geniş ictimaiyyət arasında davamlı şəhərsalma ilə bağlı məlumatlılığı artırmaq; açıq və inklüziv müzakirələrlə yanaşı, qabaqcıl təcrübə və siyasətlərin, eləcə də qazanılmış təcrübələrin mübadiləsi sayəsində dayanıqlı şəhər inkişafı üzrə kollektiv biliyi təkmilləşdirmək; dayanıqlı şəhərsalmanın inkişafı və həyata keçirilməsində iştirak edən müxtəlif maraqlı tərəflər və həmfikir qruplar arasında əməkdaşlığı və birgə fəaliyyəti təşviq etməkdir. Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı – UN-Habitat tərəfindən təşkil edilən forum həm də şəhər mədəniyyətinin, tarixi irsin, milli kimliyin və müasir urbanistik yanaşmaların qarşılıqlı əlaqəsini gündəmə gətirdi.
Müasir urbanistika nəzəriyyəsində şəhərlər təkcə iqtisadi və inzibati mərkəzlər deyil, həm də mədəniyyətin formalaşdığı əsas məkanlardır. Şəhərin siması onun memarlığında, küçələrinin ritmində, ictimai yerlərdə, muzeylərdə, parklarda və tarixi abidələrində öz əksini tapır. WUF13 çərçivəsində aparılan müzakirələrdə də şəhərsalma ilə mədəniyyət arasındakı bu əlaqə xüsusi vurğulandı.
Forum zamanı çıxış edən beynəlxalq ekspertlər qeyd etdilər ki, dayanıqlı şəhər modeli yalnız texnoloji yeniliklər və “ağıllı şəhər” konsepsiyaları üzərində qurula bilməz. Şəhərlər eyni zamanda, insanların mənəvi bağlılığını, kollektiv yaddaşını və mədəni identikliyini qoruyub saxlamalıdır. Bu baxımdan Bakının seçilməsi təsadüfi deyildi. Çünki Bakı həm qədim Şərq şəhərinin xüsusiyyətlərini, həm Avropa memarlıq ənənələrini, həm də müasir urbanistik inkişaf modelini özündə birləşdirən nadir şəhərlərdəndir.
Forumun rəsmi materiallarında Azərbaycanın urbanistik tarixinin “canlı icmaların, mədəni mübadilənin və memarlıq yaradıcılığının tarixi” kimi təqdim edilməsi də diqqət çəkirdi. İçərişəhər, Qobustan və Heydər Əliyev Mərkəzi kimi məkanların WUF13 çərçivəsində xüsusi vurğulanması Azərbaycanın mədəni irsinin beynəlxalq auditoriyaya təqdim etdi. Şəhərin tarixi hissəsi olan İçərişəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məkan kimi forum iştirakçılarının xüsusi marağına səbəb oldu. Qız qalası, Şirvanşahlar Sarayı kompleksi, qədim karvansaralar və dar küçələr Bakının əsrlər boyu formalaşmış şəhər mədəniyyətinin canlı nümunəsi kimi qiymətləndirildi.
Müasir Bakının simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzi də forum iştirakçılarının diqqət mərkəzində idi. Məşhur memar Zaha Hadidin layihələndirdiyi bu bina müasir memarlığın Azərbaycandakı ən uğurlu nümunələrindən hesab olunur. Mərkəzin futuristik memarlığı şəhərsalma ilə incəsənətin birləşməsinin parlaq nümunəsidir.
WUF13 zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri də beynəlxalq diqqət mərkəzində idi. Xüsusilə Füzuli, Ağdam və Zəngilan şəhərlərinin “ağıllı şəhər” konsepsiyası əsasında yenidən qurulmasını tədbir iştirakçıları maraqla qarşıladılar. Bu layihələr yalnız dağıdılmış infrastrukturun bərpası deyil, həm də yeni mədəni mühitin formalaşdırılması kimi qiymətləndirilirdi.
Qarabağın yenidən qurulması zamanı milli memarlıq elementlərinin qorunmasına xüsusi diqqət yetirilməsi Azərbaycanın mədəni irsə münasibətini nümayiş etdirir. Yeni salınan yaşayış massivlərində, ictimai məkanlarda və inzibati binalarda milli memarlıq üslubunun müasir yanaşmalarla uzlaşdırılması diqqətçəkən məqamlardan idi.
Forum çərçivəsində təqdim olunan materiallarda qeyd edilirdi ki, şəhərlərin yenidən qurulması yalnız fiziki məkanın bərpası deyil, həm də insanların öz doğma yurdlarına mədəni və mənəvi bağlılığının formalaşdırılması prosesidir. Müzakirələrdə mədəniyyətin dayanıqlı şəhərlərin formalaşmasında oynadığı rol xüsusi vurğulanırdı. Çünki şəhər yalnız yaşayış məkanı deyil, həm də insanların sosial münasibətlər qurduğu, yaradıcı fəaliyyət göstərdiyi və yaşadığı mühitdir.
Panel müzakirələrdə ictimai məkanların əhəmiyyəti xüsusi qeyd olunurdu. Parklar, bulvarlar, kitabxanalar, muzeylər, mədəniyyət mərkəzləri və sərgi salonları şəhərin sosial həyatının əsas elementləri hesab edilir. Bakı Bulvarı, İçərişəhər küçələri və şəhərin müxtəlif ictimai məkanları forum iştirakçılarına urbanistik mədəniyyət nümunəsi kimi təqdim olundu. Mədəniyyət həm də sosial inteqrasiyanın mühüm vasitəsi kimi qiymətləndirilirdi.
Forum günlərində dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlər və media nümayəndələri Bakının urbanistik və mədəni simasını geniş şəkildə işıqlandırırdılar. Forum ərəfəsində təşkil olunan “Dayanıqlı şəhər inkişafı və medianın rolu” mövzusunda tədbirdə medianın şəhərsalma məsələlərinin ictimaiyyətə düzgün çatdırılmasındakı rolu xüsusi qeyd olundu.
Bu tədbirlər göstərdi ki, müasir dövrdə şəhərin beynəlxalq imici yalnız infrastruktur layihələri ilə deyil, həm də onun mədəni təqdimatı ilə formalaşır. Bakı WUF13 vasitəsilə özünü həm müasir urbanistik mərkəz, həm də zəngin mədəni irsə malik şəhər kimi təqdim etdi.
Forum çərçivəsində şəhərin müxtəlif məkanlarında təşkil olunan sərgilər, təqdimatlar və mədəni proqramlar da diqqət çəkirdi. Xarici qonaqlar Azərbaycan musiqisi, milli mətbəxi, xalçaçılıq sənəti və memarlıq ənənələri ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Beləliklə, WUF13 Azərbaycanın “yumşaq güc” siyasətinin mühüm elementlərindən birinə çevrildi.
Forumda irəli sürülən əsas ideyalardan biri də şəhərsalmanın humanitar mahiyyət daşıması idi. Müasir şəhərlər yalnız iqtisadi inkişafın deyil, insan rifahının və sosial ədalətin təmin olunmasına xidmət etməlidir. Şəhərlərdə təhlükəsiz yaşayış, ekoloji tarazlıq, əlçatan nəqliyyat, sosial bərabərlik və mədəni müxtəliflik məsələləri forumun əsas müzakirə mövzulardan idi.
Bu yanaşma göstərir ki, gələcəyin şəhərləri yalnız texnologiya üzərində qurulmayacaq. İnsan amili, mədəni irs, sosial münasibətlər və ictimai həmrəylik şəhərsalmanın əsas prinsiplərindən biri olaraq qalacaq.
Bakıda keçirilən WUF13 forumu Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərən mühüm hadisələrdən biri oldu. Forum yalnız şəhərsalma problemlərinin müzakirəsi üçün platforma yaratmadı, eyni zamanda şəhər və mədəniyyət münasibətlərinə yeni baxış formalaşdırdı. Tədbir göstərdi ki, dayanıqlı şəhər modeli yalnız texniki və iqtisadi göstəricilər üzərində qurula bilməz. Şəhərin ruhunu yaşadan əsas amillər onun tarixi yaddaşı, mədəni irsi, ictimai həyatı və insan amilidir.
İradə HÜSEYNOVA,
Bakı Dövlət Universiteti Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 30 İyun 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















