Qlobal dünya və Azərbaycan: Aktorluğun bəşəri fayda məqsədi
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Prezident qətiyyəti, sülh vasitəçiliyi və ədalət naminə mübarizə
Azərbaycan artıq qlobal səviyyəli məsələlərin həllində fəal iştirakçıdır. Bu il aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusundakı beynəlxalq forumda dövlətimizin başçısına ünvanlanmış sualların areal genişliyi də bunu söyləməyə əsas verir. Toplantı iştirakçılarının dünyanın böyük beyin mərkəzlərini təmsil etmələri də həmçinin. Nəzərə alaq ki, həmin mərkəzlər qlobal siyasətin formalaşmasında, kifayət qədər, aktiv rol oynayırlar və onların nümayəndələrinin Prezident Əliyevin fikir və düşüncələri ilə maraqlanmaları adi məsələ sayıla bilməz.
Bəli, Azərbaycan regional aktor, Cənubi Qafqazın söz sahibi kimi dünya miqyasında qəbul edilir, ölkəmizlə hesablaşılır. Əslində, dövlətimizin başçısının sözügedən forumda beynəlxalq ictimaiyyəti düşündürən ayrı-ayrı məsələlərlə bağlı mövqeyi və fikirlərini ölkəmizin tutduğu prinsipial kursun izahı üzərində cəmləşdirməsi, Azərbaycanın beynəlxalq aləmdə nə üçün qəbul edildiyinə və hansı səbəbdən onunla hesablaşıldığına dolğun cavabdır.
Prezident İlham Əliyev real siyasi paradiqmaları açıqlayır, onun bildirdikləri qlobal siyasətin soyuq təbiətinin tam açıqlığı ilə vurğulanmasıdır. Məsələn, dövlətimizin başçısının Rusiya–Ukrayna müharibəsinə yanaşmasını götürək. O yanaşma ki, ona dünyanın müxtəlif ölkələrinin sosial şəbəkə seqmenti tərəfindən ciddi önəm verildi. Prezident Əliyevin bildirdikləri ətraflı təhlil olundu. Dövlətimizin başçısının sözügedən mövzuda vurğuladığı başlıca məqam isə bu idi: Hazırkı durumda Rusiya ilə Ukrayna arasında sülh mümkün görünmür, atəşkəs mühiti barış demək deyil. Həm də ona görə barış demək deyil ki, Azərbaycan özü bu təcrübəni yaşayıb. 1994-cü ildə Ermənistanla əldə olunmuş atəşkəs mühiti ədalət gətirmədi. Ədalət atəşkəsdən 29 il sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə bərqərar oldu. İndi isə növbə ədalətli sülhündür.
Hər zaman özünün balanslı siyasət kursuna sadiq qalan dövlətimiz dünyanın ən müxtəlif coğrafi məkanlarında yerləşən ölkələrlə dinamik, bərabərtərəfli münasibətlər saxlayır. Bu məqamı Prezident Əliyev mötəbər forumda da vurğuladı. Nəinki vurğuladı, eyni zamanda, buna dair mükəmməl izah verdi: “Əlbəttə ki, coğrafiya hər bir ölkə üçün mühüm amildir. Lakin o, siyasətimizdə dominantlıq edən yeganə amil deyil. Beləliklə, biz siyasətimizi həmin coğrafiya əsasında qurmuşuq. Hesab edirəm ki, Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşuq. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib. Beləliklə, artıq qurulmuş bu platforma bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər”.
Qeyd edək ki, Azərbaycanın balanslı siyasəti dünyada da qəbul edilir. Yəni ayırıcı xətlərin olmasına baxmayaq, beynəlxalq aləm, böyük əksəriyyət etibarilə, yaxşı dərk edir ki, ölkəmiz sırf milli maraq və mənafelərindən, habelə daim önəm verdiyi və sadiq qaldığı əməkdaşlıq parametrlərindən çıxış edir, ən başlıcası isə səmimi mövqe tutaraq, hadisə və proseslərə proqmatik yanaşmaları ilə seçilir. Ölkəmiz yerləşdiyi Cənubi Qafqaz regionunun spesifliyini nəzərə alır və bunu düzgün dəyərləndirərək unikal tərəfdaşlıq ab-havası formalaşdırır. Dövlətimizin başçısı bu ab-havanın genişlik trayektoriyasına özünəxas tərzdə aydınlıq gətirir: “Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkədir, lakin, eyni zamanda, biz Mərkəzi Asiyaya yaxınıq. Yalnız Xəzər dənizi bizi ayırır. Beləliklə, praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərdən biz körpülər qurmaq və yükdaşımaların həcmini artırmaq məqsədilə çoxlu işlər görmüşük. Çünki Azərbaycanın nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu müəssisələrinə və bu gün yaratdığımız digər logistik infrastrukturumuza yatırılan böyük investisiyalar önəmlidir və ildən-ilə biz təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən gedən və Avropadan Çinə gedən yüklərin həcminin artdığını görürük. Hesab edirəm ki, bu, vacib bir aktivdir və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yaxından qurmaq istəyən istənilən beynəlxalq aktor üçün yenə də xəritəyə və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri liderləri arasında siyasi müstəvidə qarşılıqlı əlaqələrə nəzər salmaq kifayətdir”.
***
Nəzərə alaq ki, dövlətimizin tutduğu yol həm də ölkəmizin qlobal ziddiyyətlərin kiçik qızışdırıcı elementi qiyafəsində qarşılana biləcək təzahürlərdən məharətlə sığortalanmasıdır. Bu qabiliyyət Azərbaycanı beynəlxalq güclər arasında etibarlı vasitəçi statusuna yüksəldir. Zamanında ölkəmizin NATO-Rusiya danışıqlarında vasitəçilik missiyanı daşıdığını bilirik. Hər iki tərəfin təmsilçilərinin Bakıda təmaslar gerçəkləşdirdiyini də. Təsadüfi deyil ki, Rusiya–Ukrayna müharibəsinə son qoyulması ilə bağlı Prezident Donald Trampın şəxsində ABŞ-ın hazırkı administrasiyasının təşəbbüsü və Trampın dövlət başçısı səlahiyyətlərinin icrasına başlaması ilə Vaşinqtonla Moskva arasındakı buzların ərimə ehtimalı meydana çıxanda düşüncələrdə ikitərəfli təmas yeri kimi canlanan məkan məhz Bakı oldu. Bu barədə müxtəlif fikirlər səsləndi. “Yeni dünya nizamına doğru” beynəlxalq forumunda sualları cavablandıran Prezident İlham Əliyev isə Azərbaycanın Türkiyə ilə İsrail arasındakı vasitəçiliyindən söz açdı.
Türkiyənin və İsrailin önəmini vurğulayan Azərbaycan Prezidenti hər iki ölkə ilə bağlılıq tellərimizin müfəssəl təsvir və izahını verməklə ölkəmizin onlar arasındakı vasitəçilik xəttinin dejavü yaşantısı barədə söz açdı. “Artıq məlum olduğu kimi, – baxmayaraq ki, biz özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, – Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi. Yenə də bu, bağlı qapılar arxasında baş verdi. Biz bunu heç vaxt ictimailəşdirmədik. Biz buna görə heç vaxt özümüzü tərifləməyə çalışmadıq. Biz, sadəcə olaraq, müttəfiqimiz və qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədik. Bəlkə də bilirsiniz ki, bu normallaşmanın nəzərəçarpan əlamətləri də var idi, məsələn, İsrail Prezidenti cənab Hersoqun Türkiyəyə səfəri və Prezident Ərdoğanla görüşü, Prezident Ərdoğanla Baş nazir Netanyahu arasında Nyu-Yorkda görüş. Bu, iki il bundan əvvəl baş vermişdi. İndi biz bir növ dejavü yaşayırıq. Biz addımlarımızın alqoritmini bilirik. Mən sizi əmin edə bilərəm ki, yardım etməyə çalışmaq üçün səy göstəririk. Ola bilsin ki, hazırkı mərhələdə bundan daha çox söz demək doğru olmaz, çünki yenə də bu, iki ölkə arasındakı münasibətlərdir. Aramızdakı hər hansı prosesi, – əgər, ümumiyyətlə, belə bir proses varsa, – nə dərəcədə ictimailəşdirmək istəmələrinə onlar özləri qərar verməlidirlər. Normallaşmanın birinci raundu zamanı biz tamamilə sakit idik. Biz bağlı qapılar arxasında işləyirdik. Təsəvvür edə bilərsiniz ki, biz indi eyni işi görürük. Ümidvarıq ki, bu proses normallaşmaya aparacaq”, – deyən cənab İlham Əliyev vurğulayır ki, Azərbaycanın dostları arasında pis münasibətlərin olmasının ölkəmiz üçün xoşagəlməzlik parametri var. Bununla belə, dövlətimizin başçısı Türkiyə–İsrail münasibətlərinin normallaşacağına inanır və bu, nikbinlik doğurur.
***
Nəzərə alaq ki, Azərbaycanın aktorluq missiyasını şərtləndirən yalnız qlobal siyasi proseslərdəki aktiv iştirakçılıq deyil. Dövlətimizin başçısının qətiyyət və prinsipiallıqla ardıcıl şəkildə həyata keçirdiyi kurs nəticəsində respublikamız beynəlxalq aləmə, belə demək mümkünsə, ədalətlə yanaşı, həm də mərhəmət ixracatçısıdır. Başqa sözlə desək, prinsipiallığımız və qətiyyətimizdə bəşəri motivlər, dünya naminə təəssübkeşlik seqmenti də var. Hesab edirik ki, xarici aləmə yanaşmamızdakı, daha doğrusu, ölkəmizin aktorluq missiyasındakı tamlığı şərtləndirən də elə budur. Fikrimizin təsdiqi baxımdan Azərbaycan dövlətinin “COVID-19” pandemiyası dövründəki fəaliyyətinin üzərində dayanmağa ciddi ehtiyac var.
Yada salaq ki, həmin dönəmdə formalaşmış aşırı isterik durumun təsiri ilə dünya birliyinin zaman-zaman açıqladığı bütün mütərəqqi dəyərlərin sıradan çıxacağına, bir andaca yox olacağına dair təsəvvür yaranmışdı. Ayrı-ayrı dövlətlər qapanmış, sanki özünü düşünürmüş kimi davranırdı. Sanki hər kəs öz hayında idi. Azərbaycan isə obrazlı desək, yüksək səslə bəyan etdi ki, geridə qalan atlar güllələnməməlidir. Bu çağırış tərs şapalaq effekti yaratdı. Deyimin praktik əhəmiyyəti özünü ölkəmizin liderinin bəzi dövlətlərin virus əleyhinə peyvənd möhtəkirliyinə qarşı cəsarətli çıxışlarında göstərdi. Dövlətimizin başçısı peyvənd bölgüsündə ədalətin təmin edilməsi kimi mühüm məsələni qaldırdı, kasıb ölkələrə yardımların olunmasının vacibliyini vurğuladı, ölkəmiz tərəfindən də çoxsaylı yardımlar edildi.
Onu da ayrıca bildirək ki, Azərbaycanın aktorluğu təmsil olunduğu bütün platformalarda parlaq təzahür formalarına malikdir. Bu mənada uğurlu sədrlik həyata keçirdiyimiz Qoşulmama Hərəkatındakı təmsilçilik üzərində də dayanmağa ehtiyac var. Bu təşkilatın xətti ilə bəyan etdiyimiz prinsiplər, düzənlədiyimiz çoxsaylı tədbirlər Vətənimizi bir çox dövlətlərə yenidən tanıtdı. Dünyanın ayrı-ayrı qitələrinin məmləkətləri ilə təmaslarımız genişləndi.
Sonda onu da bildirək ki, ümumən, ölkəmizin regional aktor kimi inam və etimad qazandığını, beynəlxalq miqyasda söz sahibinə çevrildiyini təsdiqləyən faktlar yetərincə çoxdur. Hesab edirik ki, indiyədək gedilmiş yol mövcud yüksək siyasi ampluanın qorunacağına etibarlı təminatdır. Tam qətiyyətlə demək olar ki, təminatın müəllifi isə Prezident İlham Əliyevdir.
Ə.CAHANGİROĞLU
XQ


